Ölkə Prezidentinin insan amilinə
söykənən inkişaf
strategiyası və vətəndaşların müraciətlərinə
baxılması
"Bizim
vəzifəmiz xalqa xidmət etməkdir. Biz - dövlət
işində işləyən insanlar Prezidentdən tutmuş,
ən aşağı səviyyəli məmura qədər
insanların xidmətində olmalıyıq."
İlham ƏLİYEV
Azərbaycanın inkişaf tarixinə
yeni nailiyyətlər, yeni qələbələr və
uğurlarla yazılan daha bir il yekunlaşdı. Əvvəlki
illərdə olduğu kimi, ötən ildə də Azərbaycan
xalqının taleyində dərin izlər buraxan böyük
hadisələr baş vermiş, dünyanı bürüyən
iqtisadi böhran fonunda ardıcıl və dinamik inkişaf edən
Azərbaycan dövləti öz vətəndaşlarının
həyat səviyyəsini yüksəltmək
üçün gördüyü davamlı işlərlə
yenə də hamının diqqət mərkəzində
olmuş, ölkəmizdə keçirilən çoxsaylı
beynəlxalq tədbirlərdə iştirak edən
tanınmış siyasətçilər, ziyalılar, mədəniyyət
xadimləri tərəfindən Azərbaycanın nailiyyətləri yüksək qiymətləndirilmiş
və beynəlxalq nüfuzu daha da artmışdır. Ölkə
həyatının bütün sahələrində sürətli
inkişaf və tərəqqi vətəndaşların
güzəranında öz əksini tapmış, respublika
Prezidentinin əsas siyasi xəttini "hər şey insan
üçün" prinsipi üzərində qurması
öz bəhrəsini vermişdir.
Dövlət
başçısının hələ ilin əvvəlində
bütün dövlət orqanlarına və dövlət
qulluqçularına tövsiyə və tələbi kimi qəbul
olunan "xalq razı qalarsa, mən də razı
qalacağam" fikri əsas fəaliyyət istiqamətinə
çevrilmiş, hər bir insanın aparılan dövlət
siyasətindən razı qalması, əldə olunan iqtisadi
nailiyyətləri öz gündəlik həyatında hiss etməsi
üçün kifayət qədər iş görülmüşdür.
Prezident Administrasiyasında, eləcə də respublikanın
mərkəzi və yerli icra hakimiyyəti orqanlarında
ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə
uyğun olaraq hər bir vətəndaşın probleminə
diqqətlə yanaşılmış, ilk növbədə
müraciətlərin yaranması səbəblərinin aradan
qaldırılması üçün ciddi tədbirlər həyata
keçirilmişdir.
Vətəndaş
müraciətləri ilə əlaqədar həyata
keçirilən tədbirlər, bu sahədə tətbiq
olunan yeniliklər, ümumiyyətlə, vətəndaşların
hansı qayğı, arzu və istəklərlə
yaşadığı, onları narahat edən hansı problemlərin
mövcud olduğu barədə hər il Prezident
Administrasiyasına daxil olan müraciətlərin geniş təhlili
oxucularımız tərəfindən maraqla
qarşılanır. Bunu nəzərə alaraq ötən
ilin yekunlarına həsr olunmuş təhlili materialı
oxucularımızın diqqətinə
çatdırırıq.
Müasirliyə, yeniliyə və
insan amilinə əsaslanan inkişaf strategiyasının
yaratdığı geniş imkanlar
Azərbaycanın sürətli
inkişaf tendensiyası artıq 10 ildir ki, mütəmadi davam
edir və bu inkişafı əks etdirən göstəricilər
ildən-ilə yüksəlir. Dövlətimizin
başçısının müəyyən etdiyi və
uğurla həyata keçirdiyi siyasət nəticəsində
respublikanın güclü sosial-iqtisadi potensialı
formalaşmış, aparılan genişmiqyaslı islahatlar
dayanıqlı inkişaf üçün möhkəm zəmin
yaratmışdır. Azərbaycan dünyada iqtisadi cəhətdən
ən sürətlə inkişaf edən, siyasi baxımdan isə
ən sabit ölkələrdən biridir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi
kimi, son 7-8 il ərzində iqtisadiyyatımız 3 dəfə
artmış, yoxsulluq səviyyəsində yaşayanların
sayı 49 faizdən 6 faizə düşmüş, Azərbaycan
əhalisinin güzəranı əvvəlki illərə nisbətən
xeyli yaxşılaşmış, 2008-ci ildən indiyədək
430 mindən çox, təkcə 2012-ci ildə 117 min yeni, o cümlədən 93 min daimi
iş yeri açılmış, işsizliyin səviyyəsi
5,2 faizə enmiş, əhalinin həyat səviyyəsinə
müsbət təsir edən sosial məsələlərə
daha çox diqqət yetirilmiş, əməkhaqları,
pensiyalar və müavinətlər xeyli artmışdır.
Dünyanı
bürüyən iqtisadi böhran nəticəsində ən
inkişaf etmiş Avropa ölkələrində işsizlik
faizinin gündən-günə yüksəlməsinə, əhalinin
həyat səviyyəsinin aşağı düşməsinə
baxmayaraq Azərbaycanda bunun əksini görürük.
Hazırda
ölkəmizin dövlət borcu ümumi daxili məhsulun cəmi
8 faizini təşkil edir, valyuta ehtiyatlarımız isə
xarici dövlət borcunu 9 dəfə üstələyir.
Ölkənin valyuta ehtiyatlarının həcmi 46 milyard
ABŞ dolları səviyyəsindədir və bu artım
fasiləsiz davam edir. Qeyri-neft sektorunun sürətli
inkişafı sayəsində keçən il regionlarda 284
yeni müəssisə yaradılmış və 450-dən
çox müəssisə isə yaradılmaqdadır.
Son
illərdə kosmik sənayesini və informasiya
texnologiyalarını sürətlə inkişaf etdirən Azərbaycanın
ilk telekommunikasiya peykinin istehsalı başa çatmış
və bu günlərdə orbitə
çıxarılacaqdır. Bu peykin resurslarının 20
faizi ölkəmizin tələbatı üçün istifadə
ediləcək, 80 faizi isə dünya bazarına ixrac
olunacaqdır. Gələcəkdə belə peyklərin
sayının artırılması nəzərdə tutulur.
Bununla respublikamız bu sahədə də böyük nailiyyətlərə
imza atacaq və dünyada ön sıralara
çıxacaqdır. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı ilə
2013-cü ilin Azərbaycan Respublikasında
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi
respublika rəhbərliyinin bu məsələyə nə qədər
böyük əhəmiyyət verdiyini bir daha təsdiq edir.
Ölkənin
enerji təhlükəsizliyi tam təmin edilmiş, son illərdə
1500 meqavat yeni enerji gücü
yaradılmışdır.
Artıq Azərbaycan qonşu Türkiyə, İran,
Rusiya və Gürcüstan kimi ölkələrə elektrik
enerjisi ixrac edir.
Hər
bir ölkənin iqtisadi inkişafı dünyanın
nüfuzlu beynəlxalq təşkilatları tərəfindən
təhlil olunur və obyektiv faktlara əsaslanan bu təhlillər
sübut edir ki, Azərbaycan iqtisadiyyatı yalnız yüksələn
xətlə inkişaf edir. Bu baxımdan Dünya
Bankının və Beynəlxalq Maliyyə
Korporasiyasının elan etdiyi "Doing Business 2013"
hesabatı böyük maraq doğurur. Həmin hesabatda ölkəmiz
185 ölkə arasında 67-ci yeri tutmuş, 118 ölkəni
qabaqlamışdır. Bu hesabatda bir çox göstəricilər
üzrə isə Azərbaycanın mövqeyi daha yüksəkdir.
"Standart
and Poors", "Fitch Ratings", "Moody`s" kimi
nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən
regionda investisiya reytinqi artırılmış ilk və yeganə
ölkə Azərbaycandır. Qlobal Rəqabət Qabiliyyətlilik
İndeksinə əsasən, Azərbaycan artıq 3 ildir ki,
MDB ölkələri arasında birinciliyini qoruyub saxlayır,
dünya ölkələri arasında isə 55-ci yerdən
46-cı yerə yüksəlmişdir.
Azərbaycan
iqtisadiyyatının əldə etdiyi uğurların son nəticədə
sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə
xidmət etdiyini qeyd edən dövlət
başçısı İlham Əliyev 2012-ci ilin
oktyabrında Bakıda keçirilən İkinci Bakı Beynəlxalq
Humanitar Forumunda sosial sahədə həyata keçirilən
ciddi proqramların mahiyyətini izah edərək deyir: "Əlbəttə,
bizim bütün işlərimizin təməlində və mərkəzində
insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət
üçün ən vacib yanaşmadır. Çünki hər
şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi,
sağlamlığı, işlə təmin edilməsi, rahat
yaşaması dövlətin başlıca
qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə
də böyük addımlar atılmış, uğurlar əldə
edilmişdir. Azərbaycan vətəndaşları azad cəmiyyətdə
yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və
öz dövlətinin gücünü artırmaq
üçün çalışırlar".
2011-ci
ilin sonunda dünyanın 155 ölkəsinin dəstəyi ilə
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına
üzv seçilməsi, 2012-ci ilin may ayında dünyanın
bir nömrəli bu qurumuna sədrlik etməsi digər regional
beynəlxalq təşkilatlarda da onun mövqeyini möhkəmləndirmiş,
siyasi baxımdan ona geniş imkanlar yaratmışdır. Azərbaycanın
hazırda dünya miqyasında qazandığı nüfuz sayəsində
respublikamızın paytaxtı Bakı şəhəri ən
böyük forumların keçirildiyi beynəlxalq mərkəzə
çevrilmişdir. İqtisadi Əməkdaşlıq Təşkilatının
Bakıda keçirilən XII zirvə toplantısında Azərbaycan
bu təşkilatın sədri seçilmişdir və
növbəti iki ildə bu missiyasını uğurla yerinə
yetirəcəyinə heç kəs şübhə etmir.
Bu
qurum Azərbaycanın yüksək səviyyədə təmsil
olunduğu ilk və sonuncu qurum deyil. Keçən ilin
yekunları istər siyasi, istərsə də iqtisadi cəhətdən
Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə
artdığını bir daha təsdiq etdi. Daim müstəqil
siyasət yeridən Azərbaycan dövlətinin
başçısı İlham Əliyevin "Rossiya-24"
telekanalına verdiyi müsahibədə qeyd etdiyi kimi,
respublikamız mümkün qədər çox sayda ölkə
ilə fəal əlaqə yaratmaq əzmini nümayiş etdirərək
Qoşulmama Hərəkatı təşkilatına daxil olmuş,
bununla da dünya üçün açıq ölkə
olduğunu bir daha təsdiq etmişdir.
Azərbaycan
sözün əsl mənasında Avropanın, eləcə də
dünyanın aparıcı mədəniyyət, elm, idman,
turizm mərkəzlərindən birinə çevrilməkdədir.
Son illərdə bir sıra idman növləri üzrə
dünya və Avropa çempionatlarının,
"Eurovision" kimi mahnı müsabiqəsinin ardınca
2012-ci ilin sonunda respublikamıza daha böyük bir etimad
göstərildi. Avropa Olimpiya Komitəsinin Baş
Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda
keçirilməsi barədə qərar qəbul etdi. Bu qərarın
qəbul edilməsində ölkə Prezidentinin səyləri
ilə son illərdə yaradılmış zəngin idman
infrastrukturunun, Azərbaycan idmançılarının beynəlxalq
yarışlarda qazandıqları misilsiz qələbələrin
rolu az deyildir. Dövlət başçısı İlham Əliyevin
qeyd etdiyi kimi, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi
"böyük tarixi hadisədir və ölkəmizin
böyük uğurudur", eyni zamanda "Azərbaycanı
Avropanın bir hissəsi kimi tanımaq deməkdir".
Artıq Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sərəncamı ilə I Avropa Oyunlarının
keçirilməsi üzrə Təşkilat Komitəsi
yaradılmış, komitəyə sədrlik Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin deputatı, respublikanın
birinci xanımı Mehriban Əliyevaya həvalə
edilmişdir. Şübhə yoxdur ki, "Eurovision" musiqi
müsabiqəsi kimi bu tədbir də çox yüksək səviyyədə
keçiriləcəkdir.
Azərbaycanda
aparılan böyük abadlıq və quruculuq işləri
hamını heyran qoymaqdadır. Azərbaycan Prezidenti İlham
Əliyev ölkəmizin uğurlarından danışarkən
ilk növbədə ölkə rəhbərinin xalqla birliyini
ön plana çəkir, güclü sosial siyasətin
aparılmasını, Azərbaycan vətəndaşının
rahat yaşamasını dövlətin əsas borcu hesab edərək
deyir: "Mən həmişə xalqla birlikdəyəm,
birlikdə də olacağam. Yaxşı günlərdə də,
ağır günlərdə də. Bir daha demək istəyirəm
ki, bugünkü Azərbaycan dövləti çox
böyük potensiala malikdir. Həm dünya miqyasında, həm
bölgədə, regionda mövqelərimiz möhkəmdir.
Ölkə daxilində də vəziyyət
yaxşıdır. İqtisadi imkanlarımız, güclü
iradəmiz var və bizim siyasətimizin mərkəzində
insan dayanır, Azərbaycan vətəndaşı, adi vətəndaş,
bax, sizin kimi."
Ölkə
Prezidenti respublikanın əldə
etdiyi iqtisadi uğurlardan ilk növbədə xalqın həyat
səviyyəsini yüksəltmək, onun güzəranını
yaxşılaşdırmaq üçün istifadə etməyə,
bir sözlə, sosial məsələlərin həllinə
böyük əhəmiyyət verir və qeyd edir: "Sosial ədalət
prinsipləri mütləq möhkəmləndirilməlidir.
Dünyada gedən xoşagəlməz halların əsas səbəbi
əslində sosial ədalətsizlikdir. İqtisadi islahatlar,
eyni zamanda, güclü sosial siyasətlə
tamamlanmalıdır. Əgər bu olmasa, köklü iqtisadi
islahatlar insanlara əziyyət gətirə bilər. Biz ona
nail ola bilmişik ki, sosial sahədə də çox ciddi
proqramlarımız vardır və bu proqramlar icra edilir.
İnsanların rifah halının
yaxşılaşdırılması onu göstərir ki, bu
sahədə də addımlar uğurlu istiqamətdə
atılmışdır". Bu baxımdan 2012-ci ildə də
ölkə qarşısında duran bütün əsas vəzifələrin
icra olunduğunu, iqtisadiyyatımızın davamlı
inkişaf etdiyini qeyd edən ölkə Prezidenti sosial sahədə
işlərin bundan sonra da uğurla aparılacağını
bildirmişdir.
Azərbaycanın
gələcəyini şaxələndirilmiş və
dayanıqlı iqtisadiyyatda görən, müasirlik və
yenilik strategiyasını rəhbər tutan Azərbaycan
Prezidenti ölkənin güclü intellektual
resurslarını formalaşdırmaq, ən yeni
texnologiyaları ölkəyə gətirmək, ən
müasir idarəetmə sistemini yaratmaq yolu ilə
güclü dövlət qurulması ideyasını
ümummilli məqsədə, ümummilli ideyaya
çevirmişdir. Ölkə Prezidenti keçən ilin əvvəlində
Gəncə Alüminium zavodu kompleksinin
açılışında demişdir: "...biz gələcəyimizi
şaxələndirilmiş iqtisadiyyatda görürük. Biz
gələcəyimizi dayanıqlı iqtisadiyyatda
görürük. Təbii resurslarımız bizim
üçün sadəcə olaraq bir vasitədir ki, ölkəmizi
hərtərəfli şəkildə inkişaf etdirək və
qeyri-neft iqtisadiyyatı yaradaq".
Dövlətimizin
başçısı sosial ədalətə əsaslanan,
ölkə vətəndaşlarının yüksək həyat
tərzini təmin edən demokratik dövlətin qurulması
və gündən-günə möhkəmləndirilməsi
üçün böyük səylər göstərir, Azərbaycanın
gələcək inkişaf yollarını aydın
görür və xalqı inamla öz arxasınca apara bilir.
Azərbaycan
bölgədə bütün böyük layihələrin təşəbbüskarı
kimi çıxış etmiş və etməkdədir.
Keçən il dünya ictimaiyyəti Azərbaycan Prezidentinin
daha bir cəsarətli təşəbbüsünün,
xalqımız isə daha bir tarixi hadisənin şahidi oldu,
TANAP layihəsinin əsası qoyuldu. 2017-2018-ci illərdə
həyata keçirilməsi nəzərdə tutulan və xərclərinin
80 faizi Azərbaycanın payına düşən bu layihənin
əhəmiyyəti vaxtilə ulu öndər Heydər Əliyevin
təşəbbüsü və rəhbərliyi ilə həyata
keçirilən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əhəmiyyəti
ilə müqayisə oluna bilər. Avropanın enerji təhlükəsizliyində
böyük rol oynayacaq bu layihə ölkə Prezidentinin qeyd
etdiyi kimi, "bundan sonra onilliklər ərzində Azərbaycanın
iqtisadi və digər maraqlarını eyni dərəcədə
təmin etmək üçün çox ciddi bir vasitə
olacaqdır".
Ölkə
rəhbəri gördüyü və görəcəyi
işləri ən yüksək tribunalardan cəsarət və
qətiyyətlə ifadə etməkdən çəkinmir.
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının
Bakıda keçirilən XII zirvə toplantısında rəqabət
qabiliyyətinə görə Azərbaycanın dünya
miqyasında layiqli yerlərdə olduğunu,
iqtisadiyyatımızın şaxələndirilərək
bütün sahələrin inkişaf etdirildiyini, insanların
daha yaxşı yaşaması üçün səy
göstərildiyini xüsusi vurğulamış, hazırda Azərbaycanın
ölkənin hüdudlarından kənarda milyardlarla dollar
investisiya qoymağa başladığını qeyd
etmişdir. Azərbaycan Prezidenti toplantıda iştirak edən
dövlətlərin başçılarına müraciətlə
bildirmişdir: "Biz güclü iqtisadiyyat olmadan real
müstəqilliyə nail ola bilməyəcəyik. Möhkəm
iqtisadi bünövrə, ciddi iqtisadi islahatlar olmadan XXI əsrdə
insanlarımız üçün yaxşı
yaşayış şəraiti yarada bilməyimiz çox
çətin olar".
Bu
baxımdan Azərbaycanın gündən-günə artan
iqtisadi qüdrətini bir daha vurğulamaq lazım gəlir.
Bunu son 20 ildə ümumi daxili məhsulun artımında əldə
olunan nailiyyətlər daha aydın göstərir. Əgər
1992-ci ildə ümumi daxili məhsul 4,82 milyon manat idisə,
2012-ci ildə bu rəqəm artıq 54 milyard manata
çatmışdır.
Azərbaycanın
bu uğurlarının kökündə ulu öndər Heydər
Əliyevin müdrik siyasətinin durduğunu, ümummilli
liderin yaratdığı və Azərbaycanın ən
aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan
Partiyası tərəfindən həmin siyasətin uğurla
həyata keçirildiyini 2012-ci ilin noyabrında partiyanın
20 illik yubileyinə həsr olunmuş təntənəli
yığıncaqda dövlətimizin başçısı
və partiyanın sədri İlham Əliyev bir daha
vurğulamış və son 20 ildə bu partiyanın rəhbərliyi
altında Azərbaycanın əldə etdiyi nailiyyətləri
yüksək qiymətləndirmişdir.
Bu
gün hamımız yaxşı bilir və dərk edirik ki,
Azərbaycanın ötən 20 ildə keçdiyi inkişaf
yolu xalqımıza böyük töhfələr vermiş,
ölkəmiz öz iqtisadi inkişaf tempinə, eyni zamanda əhalisinin
sosial vəziyyətinin və güzəranının səviyyəsinə
görə onunla bir vaxtda müstəqillik əldə edən
bütün MDB dövlətlərini xeyli geridə qoymuşdur.
Keçən
il ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası
hazırlanmış və təsdiq edilmişdir. Bu konsepsiya
ulu öndər Heydər Əliyevin yaratdığı
inkişaf modelinə uyğundur və Azərbaycanın daha
sürətli inkişafını təmin edəcək, həm
ümumi daxili məhsulun, həm də əhalinin həyat səviyyəsinin
ən azı 2 dəfə yüksəldilməsinə şərait
yaradacaqdır.
Təbiidir
ki, yaranmış iqtisadi potensial və bunun əsasında
qurulmuş müasir infrastruktur əhalinin bütün təbəqələrinin
daha yaxşı yaşamasına imkan vermiş, son nəticədə
vətəndaşların dövlət orqanlarına
ünvanladıqları ərizə və şikayətlərin
sayı aşağı düşmüş, dövlət
başçısına minnətdarlıq və təşəkkür
məktubları isə xeyli artmışdır.
Vətəndaşa qayğı
dövlətə və dövlətçiliyə xidmət deməkdir
Vətəndaş müraciətlərini
cəmiyyətin nəbzi adlandıranlar heç də səhvə
yol vermirlər. Çünki hər bir müraciətin
arxasında canlı insan, onun sevinci, qayğısı,
problemi, onu düşündürən məsələ, cəmiyyətdə
baş verən hadisələrə münasibəti
dayanır. Müraciətlərin bir qismi vətəndaşların
gündəlik problemlərinin həllində iştirak edən
dövlət qulluqçularının bəzən yol verdikləri
diqqətsizlikdən irəli gəlirsə, bir qismi də vətəndaşın
öz hüquq və vəzifələrini, tələb və
xahişinin nə dərəcədə əsaslı
olub-olmadığını bilməməsindən irəli gəlir.
Əlbəttə,
müraciətlərin yaranma səbəblərini təkcə
bununla izah etmək olmaz. Bir həqiqətlə
barışmalıyıq ki, insan və cəmiyyət olduqca
problemlər, qayğılar və müraciətlər də
olacaqdır. Lakin ən vacibi odur ki, insanların yüksələn
həyat və yaşayış meyarları və artan tələbləri
dövlətin iqtisadi inkişafından, maddi imkanlarından
asılı olaraq təmin edilir, başlıcası isə, hər
bir vətəndaş, hər bir insan dövlətin
qayğısını hiss edir, vətəndaşların
qaldırdıqları məsələlərin həlli
yolları tapılır.
Bu
baxımdan dövlət başçısı İlham Əliyevin
mövqeyi aydındır və 2012-ci ilin oktyabrında
Külmüllü-Zərdab magistral su kəmərinin
açılışında dediyi sözlər bunu bir daha təsdiq
edir. "... ölkəmiz inkişaf edir, ölkəmizin
bütün bölgələri inkişaf edir və biz
çalışırıq, çalışmalıyıq
ki, Azərbaycan vətəndaşları üçün daha
da yaxşı şərait yaradaq. Hər bir vətəndaş
üçün yaşadığı yerdən asılı
olmayaraq, gözəl şərait yaradılmalıdır.
İnsanlar işlə təmin olunmalıdır, təhlükəsizlik
təmin edilməlidir, səhiyyə, təhsil ocaqları
tikilməlidir."
Prezident
Administrasiyası bütün sahələrdə olduğu
kimi, vətəndaş müraciətlərinə
baxılması sahəsində də Azərbaycan
Respublikası Prezidentinin qarşıya qoyduğu vəzifələrin
yerinə yetirilməsi üçün ciddi səy göstərir,
hər bir vətəndaşın ərizəsində və
şikayətində qaldırdığı məsələnin
qanun çərçivəsində həllinə
çalışır. Bu məqsədlə
Administrasiyanın şöbə və xidmətləri, o
cümlədən Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsi tərəfindən
mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, digər
dövlət qurumlarında vətəndaş müraciətlərinə
obyektiv baxılmasına və vətəndaşlara bu barədə
vaxtında məlumat verilməsinə, eyni zamanda müraciətlərin
yaranma səbəblərinin aradan qaldırılmasına ciddi
nəzarət edilir. Vətəndaşların müraciətlərinə
baxılmasını yaxşılaşdırmaq
üçün müntəzəm təhlillər və
araşdırmalar aparılır.
Bu
gün inamla demək olar ki, ölkə vətəndaşlarının
Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində
təsbit olunmuş müraciət etmək hüququ tam təmin
olunur. Bu hüquq "Vətəndaşların müraciətlərinə
baxılması qaydası haqqında" Azərbaycan
Respublikasının Qanunu və digər normativ hüquqi
aktlarla tənzimlənir.
Bununla
yanaşı, respublikanın iqtisadi və ictimai-siyasi sistemində
yaranmış yeniliklər, yerli özünüidarəetmə
orqanlarının fəaliyyətinin genişlənməsi,
yeni iqtisadi münasibətlər zəminində özəl
sektorun artıq respublika iqtisadiyyatında aparıcı
qüvvə təşkil etməsi, bu müəssisələrdə
çalışan yüzlərlə insanın hüquq və
azadlıqlarının qorunması, onların üzləşdikləri
sosial problemlərin həll edilməsinin vacibliyi və digər
məsələlər nəzərə alınmaqla vətəndaş
müraciətlərinə dair qanunvericilik bazası daha da təkmilləşdiriləcəkdir.
Hazırda
respublikada bir çox nazirliklərin və digər
qurumların rəsmi internet saytlarında xüsusi
"Müraciətlər" bölməsi
yaradılmış, vətəndaşların elektron
müraciətlər göndərmək və öz
yaşayış yerindən bilavasitə mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbər şəxsləri
ilə videoqəbul vasitəsilə əlaqə saxlamaq, öz
problemlərini bildirmək və cavab almaq imkanı vardır.
Vətəndaşların
müraciətlərinə baxılmasını
yaxşılaşdırmaq üçün Prezident
Administrasiyasında, o cümlədən Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsində aparılan ciddi və geniş təhlillər
bu sahədə vəziyyətin daha ətraflı öyrənilməsinə
və müvafiq tədbirlər görülməsinə
kömək edir. Bununla yanaşı, vətəndaşların
müraciətlərinə baxılması, ən
başlıcası, onların yaranma səbəblərinin
aradan qaldırılması üçün hələ
çox iş görülməlidir.
Bu
materialda oxuculara vətəndaşların müraciətlərinin
artım və azalma dinamikası, coğrafiyası, onların
mövzuları, növləri, təhlil və nəzarət
işinin təşkili, bu sahədə işin
yaxşılaşdırılması üçün
görülən və görüləcək tədbirlər
barədə məlumat veriləcəkdir.
Minnətdarlıq məktubları
ölkə Prezidentinə inam və etimadın ifadəsidir
Hər gün Azərbaycan
Respublikası Prezidentinin rəsmi internet saytı, Prezident
Administrasiyasının elektron poçtu və digər vasitələrlə
onlarla vətəndaş müraciəti daxil olur ki, onların
da böyük bir hissəsini məhz minnətdarlıq və
təşəkkür məktubları təşkil edir. Bu müraciətlərdə
respublika vətəndaşları, xaricdə yaşayan
soydaşlarımız, həmçinin xarici ölkələrin
Vətənimizlə maraqlanan, burada olan vətəndaşları
Azərbaycanda aparılan böyük quruculuq işlərinə,
respublikamızda ən mötəbər beynəlxalq tədbirlərin
yüksək səviyyədə təşkilinə, Azərbaycanın
dünyada gündən-günə artan nüfuzuna, xarici siyasət
sahəsində əldə edilmiş uğurlarına, ölkədə
sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara
göstərilən qayğıya, Qarabağ müharibəsi əlilləri
və veteranlarının mənzil şəraitinin
yaxşılaşdırılmasına, Azərbaycan ordusunun
daha da möhkəmləndirilməsinə və ölkənin
müdafiə qüdrətinin artırılmasına, Azərbaycan
zabiti Ramil Səfərovun respublikaya ekstradisiya edilərək
azadlığa çıxarılmasına, elm, mədəniyyət,
təhsil, səhiyyə və idmanın inkişafına,
ekologiyanın qorunmasına, ölkə Prezidentinin
gördüyü digər vacib işlərə görə
duyduqları sevinc hisslərini səmimi etiraf edirlər.
Artıq
Azərbaycan regionda və dünyada elə bir mövqe
qazanmışdır ki, onun rəhbəri Prezident İlham Əliyevin
gördüyü böyük quruculuq işləri heç kəsin
diqqətindən yayınmır. Ölkənin müsbət
imicinin daha da yüksəlməsinə, xüsusilə ölkədə
demokratiya, insan və söz azadlıqlarının daha
geniş vüsət almasına, vətəndaşların həyat
səviyyəsinin ilbəil yüksəlməsinə, Azərbaycanın
özündə, habelə yaxın və uzaq ölkələrdə
təbii fəlakətlərdən zərər çəkən
insanlara həmişə ilk yardım göstərənlər
sırasında olmasına görə ölkə Prezidentinin
ünvanına göndərilən minnətdarlıq məktublarını
oxuduqca qürur hissi keçirirsən.
Ölkə
Prezidentinin müntəzəm olaraq bölgələrə getməsi,
xalqla sıx ünsiyyət saxlaması ruh yüksəkliyi ilə
qarşılanır və bununla bağlı yazılan
müraciətlər, demək olar ki, əhalinin böyük əksəriyyətinin
fikrini ifadə edir. Məsələn, Suraxanı rayonu Yeni
Günəşli qəsəbəsinin sakini Zaur Həmidov
yazır: "Həyatımızın elə bir sahəsi
yoxdur ki, orada İlham Əliyevin əməyinin izi olmasın.
Hətta cənab Prezident öz doğum gününü
bölgələrə səfər edərək ölkə vətəndaşları
ilə bir yerdə keçirir. Bu əməyin, bu zəhmətin
qədrini bilmək, onu qorumaq hər birimizin vətəndaşlıq
və vicdan borcumuzdur".
Ümumiyyətlə,
minnətdarlıq məktublarının mövzuları o qədər
geniş və müxtəlifdir ki, onların
hamısını bir yazıda əhatə etmək
mümkün deyildir. Buna görə də onların bəzilərini
qeyd etmək istərdik.
Ölkə
Prezidentinin rəhbərliyi ilə respublikada həyata
keçirilən böyük abadlıq işləri, tikilən
məktəb və xəstəxanalar, əksər bölgələrə
qaz və su xətlərinin çəkilməsi, xüsusilə
kənd yollarının bərpasına böyük diqqət
yetirilməsi, bununla əlaqədar Prezidentin Ehtiyat Fondundan vəsait
ayrılması olduqca müsbət qarşılanır. Təkcə
2012-ci ildə ölkə Prezidentinin bu barədə verdiyi 78 sərəncamla
müxtəlif şəhər və rayonların sosial-iqtisadi
inkişafının sürətləndirilməsi,
ayrı-ayrı tarix və mədəniyyət abidələrinin
bərpası, təmiri və digər məqsədlər
üçün xeyli vəsait ayrılmışdır. Buna
görə həmin şəhər və rayon sakinlərindən,
digər şəxslərdən yüzlərlə minnətdarlıq
məktubu daxil olmuşdur.
Hazırda
respublikada böyük diqqət göstərilən sahələrdən
biri də kəndarası yolların tikintisi və yenidən
qurulmasıdır. 2011-2012-ci illərdə ölkə
başçısının 50-dən çox sərəncamı
ilə ümumilikdə 1 milyon 21 min nəfər əhalinin
yaşadığı 597 yaşayış məntəqəsini
və 10 məcburi köçkün qəsəbəsini birləşdirən
kəndarası yolların tikintisi və yenidən qurulması
üçün dövlət büdcəsindən lazımi qədər
vəsait ayrılmışdır.
Keçən
il Azərbaycan Prezidenti İlham Əliyev özü bu
yolların bir çoxunun açılış mərasimində
şəxsən iştirak etmiş, Beyləqan-Kəbirli-Baharabad
avtomobil yolunun açılışı zamanı kənd
sakinləri ilə görüşündə demişdir:
"Əminəm ki, yaxın gələcəkdə ölkəmizin
bütün kənd yolları abadlaşdırılacaqdır.
Əlbəttə, ilkin mərhələdə biz magistral
yollara üstünlük verirdik. Çünki bu da təbiidir.
Paytaxtımızı şəhərlərlə birləşdirən
yolların tikintisi əlbəttə ki, ön planda idi. Amma
indi kənd yollarının tikintisinə də vaxt
çatıb və biz bunu edirik".
Kəndarası
yolların çəkilməsi və təmiri ilə əlaqədar
respublikanın müxtəlif bölgələrindən daxil
olan minnətdarlıq məktubları keçən il daha
çox olmuşdur. Məsələn, Lənkəran şəhərində
yaşayan ziyalılar professor Asəf İsgəndərov,
Prezident təqaüdçüləri Mirhaşım
Talışlı, Sədrəddin Ağabalayev və
başqaları Vilvan-Türkəncil yolunun, Abşeron rayonunun
Mehdiabad, Görədil, Novxanı və digər kəndlərinin
sakinləri adından Bayram Qayıbov, Zərbəli Quliyev,
Taliyə Paşayeva və başqaları (72 imza)
Saray-Novxanı-Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun
çəkilməsi barədə verdiyi sərəncamlara
görə dövlət başçısına səmimi
ürək sözlərini bildirmişlər.
Dövlət
başçısı Azərbaycanın hər bir qəsəbə
və kəndinin işıq, qaz, su və həyat
üçün digər zəruri vasitələrlə təmin
edilməsinə böyük diqqət yetirir və bu sahədə
ciddi işlər görülür. Təkcə 2012-ci ildə
respublikanın 184 yaşayış məntəqəsi
qazlaşdırılmışdır. Bununla əlaqədar həmin
yaşayış məntəqələri sakinlərinin bir
qismi, məsələn, Ağcabədi rayonunun Nəcəfqulubəyli
və Şənlik kəndlərinin sakinləri Nailə Səfərəliyeva,
Elçin Qurbanov, Dəyanət Behbudov, Aidə Həsənova
və başqaları (46 nəfər), Ucar rayonunun
Qazıqumlaq və Məlikobalı kənd sakinləri
adından Mehman Məmmədov, Xalac kənd sakinləri
adından Əvəz Ağayev, Sabirabad rayonunun Ulacalı kənd
sakinləri İbadulla Əliyev, Sevda Şükürova,
Qobustan rayonunun Xilmilli kənd sakinləri, Qaradağ rayonunun
Müşfiqabad qəsəbəsindən Sənəm
Qurbanova, Hacıqabul rayonunun Udullu, Paşalı,
Şorbaçı, Tağılı, Tava və Qubalı kəndlərinin
sakinləri (642 imza), Tərtər rayonunun Evoğlu, Qazyan,
Qapanlı, Qaradağlı kəndlərinin sakinləri
Yaşar Məhərrəmov, Yusif Əliyev, Yaqub Balacayev, Həsən
İsgəndərov, Balakən rayonunun Talalar kəndindən Pərvanə
Həsənova, Lerik rayonunun ucqar Miskan kəndinin sakinləri Əlişa
Muradov, Ənvər Ağayev, Xanəli Əliyev və
başqaları, həmçinin digər rayonların sakinləri
təbii qazın verilməsinə görə öz
razılıqlarını bildirirlər.
Müharibə
veteranlarına, Qarabağ əlillərinə, şəhid ailələrinə,
məcburi köçkünlərə göstərilən
diqqət və qayğıya görə daxil olmuş minnətdarlıq
məktubları da çoxdur. Dövlət qayğısı
ilə əhatə olunmuş belə insanlardan biri, ötən
il yeni mənzil sevincini yaşayan Sumqayıt şəhər
sakini, II qrup Qarabağ əlili Arzu Maniyev yazır: "Sizin
Qarabağ müharibəsi əlillərinə diqqət və
qayğınızı biz həmişə hiss etmişik...
Bunların hamısı biz müharibə
iştirakçılarına, xüsusən Qarabağ
müharibəsi əlillərinə və şəhid ailələrinə
Sizin diqqət və qayğınızın nəticəsidir".
Şəki,
Abşeron, Ağcabədi, Bərdə, Goranboy, Qaradağ
şəhər və rayonlarında salınmış qəsəbələrdə
mənzillə təmin olunan məcburi köçkünlər
onlara göstərilən diqqət və qayğıya görə
minnətdarlıqlarını öz məktub və
teleqramlarında sevinclə qeyd edirlər. İndiyədək
bu kateqoriyadan olan insanlar üçün 79, o cümlədən
2012-ci ildə 6 qəsəbə salınmış, minlərlə
yaşayış evi ilə yanaşı, hər cür
infrastruktur yaradılmış bu qəsəbələrə
və məhəllələrə 31 min ailə, daha
doğrusu 140 min nəfərdən artıq insan
köçürülmüşdür. İndi Azərbaycanda
nə çadır şəhərciyi, nə də fin qəsəbələri
qalmamışdır, artıq Bakı şəhərində
yataqxanalarda yaşayan məcburi köçkünlər yeni qəsəbələrdə
yerləşdirilir.
2012-ci
il dekabrın 22-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində
1440 köçkün ailəsi üçün
salınmış yeni məhəllənin
açılışında iştirak edən Azərbaycan
Prezidenti İlham Əliyevin dediyi bu sözlər
köçkünlərin problemlərinin həllinə əminlik
yaradır: "Bu il 20 min köçkün yeni evlərə
köçürülür. Gələn il 20 min
köçkün yeni mənzillərlə, evlərlə təmin
ediləcəkdir. Bu il Dövlət Neft Fondundan bu məqsədlər
üçün tarixdə ən böyük vəsait
ayrılmışdır - 300 milyon manat. Gələn il də
300 milyon manatdan az olmayan məbləğ nəzərdə
tutulur. Yəni biz bu məsələni ardıcıllıqla həll
edirik...".
Artıq
bu işlərin görülməsinə
başlanmışdır və 2013-cü ildə
respublikanın müxtəlif bölgələrində 3941 ailənin
köçürülməsi üçün 260 min
kvadratmetr mənzil sahəsi olan və bütün sosial obyektlərlə
təchiz edilən 8 qəsəbə və məhəllə
salınacaqdır.
Əlillərin
müalicəsi və onların xüsusi tibbi vasitələrlə
təmin edilməsi dövlətin sosial siyasətinin tərkib
hissələrindən biridir. Müxtəlif kateqoriyadan olan əlillər
hər il xaricdə və ölkə daxilində dövlət
hesabına müalicə alırlar. Həmin insanların
çoxu ölkə başçısına məktub və
teleqram ünvanlayaraq minnətdarlıqlarını
çatdırırlar.
Kürdəmir
rayonu Mollakənd kənd sakini, II qrup əlil Fərman Rüstəmov
yazır: "Səhhətimdə yaranan problemlərlə
bağlı artıq 7 ildir Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin pansionatında müalicə
alıram. Pansionatda I, II, III qrup əlillər, o cümlədən
Əfqanıstan, Çernobıl, Böyük Vətən
müharibəsi və Qarabağ əlilləri də yerləşmişdir.
Müalicədən çox razıyıq və gözəl
effekt verir. Biz əlillərə göstərilən diqqət
və qayğıya görə Sizə öz dərin minnətdarlığımızı
bildiririk".
Böyük
Vətən və Qarabağ müharibəsi iştirakçılarından
və onların ailə üzvlərindən daxil olmuş məktubların
bir qismində 9 may - Qələbə Günü münasibətilə
Böyük Vətən müharibəsi veteranları
üçün yerlərdə tədbirlərin təşkilinə,
bu insanlara birdəfəlik maddi yardım verilməsinə,
şəhid ailələri üçün Azərbaycan
Respublikası Prezidenti təqaüdünün təsis edilməsinə,
müharibə əlillərinə minik avtomobillərinin hədiyyə
olunmasına və digər məsələlərin həllinə
görə minnətdarlıq bildirilir. Masallı rayonundan olan
bir qrup veteran öz məktubunda yazır: "Siz ölkəmizin
bütün vətəndaşlarına, xüsusilə də
yaşlı insanlara daim diqqət və qayğı göstərirsiniz.
Bizə birdəfəlik maddi yardım verilməsi barədə
sərəncamınıza görə bütün veteranlar
adından Sizə dərin minnətdarlığımızı
bildiririk. Siz müdrik xalqımız tərəfindən sevilən,
qəbul edilən, sözü, vədi, əməli vəhdət
təşkil edən rəhbərsiniz. Allah Sizi qorusun!".
Dövlətimizin
başçısı tarixi qəhrəmanların, görkəmli
şəxslərin xatirələrini həmişə uca tutur
və onun sərəncamlarında bu öz əksini tapır.
Məsələn, Bakı şəhərindən vokalçı
Ramil Qasımov Bakıda Koroğlunun abidəsinin
ucaldılmasına, Salyan rayonu Ağsaqqallar
Şurasının sədri Hacı Beydulla İmanov,
Ziyalılar İctimai Birliyinin sədri Qulam Sadıqov və
başqaları Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya
abidə qoyulmasına, Zərdab rayonundan Hüseyn Həsənov
Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi,
Qazax rayonundan Barat Vüsal, Mustafa Bilal Qoca, Ələddin
İncəli, Səhlədar Qaratorpaq və başqaları
Qazax rayonunda Ədəbiyyat muzeyinin tikintisi barədə sərəncamlara
görə minnətdarlıq edirlər.
Bakı
şəhərindən dahi bəstəkarımız Qara
Qarayevin qızı Züleyxa Bağırova (Qarayeva)
atasının mədəni irsinə göstərilən diqqətə,
həm də Q.Qarayevin adını daşıyan musiqi məktəbinin
təmir və bərpa edilməsinə görə cənab
Prezidentə minnətdarlığını bildirir.
Xalqımızın böyük şairi Səməd
Vurğunun nəvəsi, S.Vurğunun ev-muzeyinin direktoru
Aygün Vəkilova da babasının ev-muzeyinin təmiri barədə
göstəriş verdiyinə görə ölkə
Prezidentinə təşəkkür edir və bununla nənəsi
Xavər xanımın, anası Aybəniz xanımın
ruhlarını sevindirdiyini bildirir.
Ötən
il qış mövsümünün sərt və
şaxtalı keçməsi, havaların gözlənilmədən
kəskin soyuması nəqliyyat, energetika, mənzil-kommunal təsərrüfatlarında
bəzi problemlərin yaranmasına gətirib
çıxarmışdı. Ölkə rəhbərliyinin birbaşa
nəzarəti və tapşırıqları sayəsində
bütün çatışmazlıqlar qısa müddətdə
aradan qaldırılmış, həyat yenidən öz
axarına düşmüşdü. Ölkə vətəndaşlarından
bununla bağlı minnətdarlıq məktubları daxil
olmuşdur. Bu münasibətlə Qadın QHT-ləri Forumunun
kollektiv məktubunda bildirilir: "Havaların kəskin
soyuması ilə bağlı Sizin təşəbbüsünüzlə
paytaxtın müxtəlif yerlərində
sığınacaqlar təşkil edilməsi xəbəri
bizi çox mütəəssir etdi. Bu addım bir daha göstərdi
ki, dövlətimiz öz vətəndaşlarının
qayğısına necə qalır və hər zaman
onları qorumağa hazırdır. Allah hər zaman
yardımçınız olsun!".
Azərbaycan
dövləti və xalqı ümummilli məsələlərdə
həmişə vahid mövqedən çıxış
etmişlər. 2012-ci ilin fevralın 26-da - Xocalı
soyqırımının 20-ci ildönümündə ölkə
Prezidentinin xüsusi sərəncamı əsasında
çox yüksək səviyyədə təşkil olunan və
minlərlə insanın iştirak etdiyi möhtəşəm
ümumxalq yürüşü bunu bir daha təsdiq etdi və
dünya ictimaiyyətini heyrətə gətirdi.
Xalqımız bütün məsələlərdə öz
Prezidenti ilə birgə olduğunu əyani şəkildə
sübut etdi. Şəki şəhər sakini Anar Əliməmmədov
isə bu barədə fikirlərini belə ifadə edir:
"Fevralın 26-da mən kədər və
üzüntü hissləri ilə yanaşı, qürur hissi
də keçirdim. Buna səbəb Xocalı
soyqırımının 20 illiyi ilə əlaqədar Sizin rəhbərliyinizlə
həyata keçirilmiş ümumxalq yürüşü
idi. İnanın, hisslərimi ifadə etməyə söz
tapa bilmirəm. Zənnimcə, fevralın 26-da keçirilən
ümumxalq yürüşü nəinki Azərbaycan tarixində,
hətta dünya tarixində çox az rast gəlinən bənzərsiz
bir hadisədir. Allah xalqımıza Sizin rəhbərliyinizlə
qələbə yürüşünü də nəsib
etsin! Var olun!".
Bu
fikirlər Xocalı rayonundan olan şəhid ailələrinin,
Zərdab rayonunun Məmmədqasımlı kənd sakini,
Böyük Vətən müharibəsinin veteranı,
"Şöhrət" ordenli, Prezident təqaüdçüsü
Muradalı Heydərovun, Estoniyanın Kohtla-Yarve şəhərindən
Tural Şirinovun, Lerik rayonu Təbrizli kəndinin sakini Dilqəm
Şahbazovun və bir çox başqalarının minnətdarlıq
məktublarında da öz əksini tapmışdır.
Bu qəbildən
olan minnətdarlıq məktublarında vətəndaşlar
Azərbaycan həqiqətlərinin, o cümlədən
Xocalı soyqırımının dünyaya
tanıdılmasında Heydər Əliyev Fondunun, onun prezidenti
Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti, Moskva
Nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın
gördüyü işləri xüsusi qeyd edir,
"Xocalıya ədalət" devizi altında
dünyanın bir çox ölkəsində davamlı silsilə
tədbirlərin həyata keçirilməsinin, xüsusi təbliğat
materiallarının dünya ictimaiyyətinə
çatdırılmasının əhəmiyyətini
vurğulayırlar. Dünyanın bəzi ölkələrində,
habelə ABŞ-ın bir neçə ştatında
Xocalı soyqırımının rəsmən
tanınması ölkə rəhbərliyi tərəfindən
həyata keçirilən uğurlu xarici siyasətin nəticəsi
kimi qiymətləndirilir.
Azərbaycanın
şərəfini qoruyaraq erməni zabitini cəzalandırdığına
görə Macarıstanda ömürlük həbs olunmuş
Ramil Səfərovla bağlı ölkə Prezidentinin qəbul
etdiyi qərar xalqımızı son dərəcə
sevindirmişdir.
Xalqımızın
igid oğlu Ramil Səfərovun Bakıya gətirilməsi və
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 31 avqust tarixli sərəncamı
ilə əfv olunması ötən ilin ən mühüm
hadisələrindən birinə çevrildi və
bütün dünyada böyük rezonans doğurdu.
Düşmənlərimizə ağır zərbə olan bu
sərəncamla əlaqədar ölkə
başçısının ünvanına respublikanın
bütün bölgələrinin sakinlərindən və
xarici ölkələrdə yaşayan
soydaşlarımızdan, Azərbaycanı sevənlərdən
yüzlərlə təşəkkür məktubları daxil
olmuşdur. Həmin məktubların müəllifləri
sırasında əhalinin, demək olar ki, bütün
kateqoriyalarının nümayəndələri təmsil
olunmuş, şagirddən tutmuş ahıl vətəndaşa
kimi hər kəs bu hadisəyə qəlbən sevinmişdir.
Belə
müraciətlərin əksəriyyəti ölkə
Prezidentinin rəsmi saytında əksini tapmış və
dünya ictimaiyyəti xalqımızın bu məsələdə
yekdil fikri ilə tanış olmuşdur. Təbiidir ki, bundan ən
çox sevinən biz, üzülən isə düşmənlərimiz
olub.
Azərbaycanın
beynəlxalq aləmdə artan nüfuzu və uğurları
da vətəndaşlarımızın gözündən
qaçmamışdır. 2012-ci il may ayının 4-də
Nyu-Yorkda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə
BMT Təhlükəsizlik Şurasının iclası
keçirilmişdir. Ölkə vətəndaşları Azərbaycanın
BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməsindən
qürur duyduqlarını bildirir, bunu dövlətimizin
başçısı tərəfindən həyata
keçirilən məqsədyönlü, ardıcıl xarici
siyasətin məntiqi nəticəsi kimi dəyərləndirirlər.
Azərbaycanın
regionda, eləcə də dünyada beynəlxalq humanitar
forumlar və idman oyunları mərkəzinə çevrilməsində
ölkəmizdə mövcud olan zəngin tolerantlıq ənənələri
də az rol oynamır. Hazırda respublikamızda rəsmi
şəkildə 500-dən çox müsəlman icması,
34 qeyri-islam təmayüllü icma, eyni zamanda 11 kilsə və
6 sinaqoq fəaliyyət göstərir. Ölkə Prezidenti
İlham Əliyevin göstərişi ilə Bakı şəhərində
katolik kilsəsinin tikilməsi, habelə pravoslav kilsəsinin təmir
və bərpa olunması münasibətilə daxil olan məktublarda
ölkə rəhbərliyinin bütün dinlərə və
icmalara göstərdiyi qayğıya görə minnətdarlıq
ifadə olunmuşdur.
Yola
saldığımız il respublikamızda bir sıra beynəlxalq
səviyyəli tədbirlərin təşkili ilə də əlamətdar
olmuşdur. 2012-ci ildə YAP-ın 20 illik yubileyində cənab
Prezidentin qeyd etdiyi kimi, "Bakıda demək olar ki, hər həftə
keçirilən beynəlxalq tədbirlər, beynəlxalq
forumlar, Humanitar Forum, İnternet İdarəçilik Forumu,
digər mədəni tədbirlər ölkəmizi və
paytaxtımızı nəinki regional mərkəzə
çeviribdir, bu artıq keçmişdə qalıbdır,
- ölkəmizi qlobal dünya xəritəsində ciddi mərkəzə
çeviribdir".
Sözsüz
ki, Azərbaycanda keçirilən böyük tədbirlər
içərisində "Eurovision 2012" mahnı
yarışması xüsusi yer tutur. Münsiflər heyəti,
iştirakçılar, tamaşaçılar regionda ilk dəfə
olaraq Azərbaycanda - əzəmətli və füsunkar
"Baku Crystall Hall"da keçirilən tədbirin yüksək
səviyyədə təşkil edildiyini, öz möhtəşəmliyi
ilə yaddaşlara əbədi hopduğunu bildirirlər.
Ölkə vətəndaşları isə öz minnətdarlıq
məktublarında tədbirin bu cür təşkilindən fərəhləndiklərini,
Azərbaycanın bütün Avropaya layiqincə
tanıdıldığını, tarixi və mədəni
irsimizin ən gözəl şəkildə təbliğ
olunduğunu yazırlar. Belə gözəl sarayın qısa
müddətdə və yüksək keyfiyyətlə tikilib
başa çatdırılmasının yalnız Azərbaycan
Prezidentinin möhkəm iradəsi və yüksək təşkilatçılıq
bacarığı sayəsində mümkün olduğu qeyd
edilir.
Bununla
bağlı Bakı şəhərindən Fidan Rüstəmova,
Sevda Xanməmmədova, Budaq Quliyev, Qurban Aşurov, Sara Qədimova,
Toğrul Məmmədov, Azadi Quliyev, Kənan Rəhimov,
İdris İsayev, Rəşad Hüseynov, V.Mustafazadə
adına Mədəniyyət-Xeyriyyə Fondunun və
ev-muzeyinin direktoru Afaq Əliyeva, incəsənət xadimləri,
idarə və təşkilatların kollektivləri, Gəncə
şəhərindən Səbinə Səfərova, Qurban
Qurbanov, Füzuli rayonunun Horadiz şəhərindən Vəfa
Hüseynova, Tovuz rayonu Bozalqanlı kəndindən Ceyhun Əsədov,
həmçinin Türkiyənin İstanbul şəhərindən
Səyahət Agentliyinin sədri Ulusoy Başaran, Rusiyadan
Canpolad Qəmbərov, İranın Urmiya şəhərindən
Məhəmməd Xəlil Qasemi Rad və bir çox
başqaları cənab Prezidentə çoxsaylı minnətdarlıq
məktubları ünvanlamışlar.
Paytaxtımız
Bakı şəhəri gündən-günə
abadlaşır, ötən əsrdə tikilmiş, birmərtəbəli
və arxitektura əhəmiyyəti kəsb etməyən evlərin
yerində yeni binalar tikilir, parklar salınır, şəhərin
qədim siması qorunub saxlanılmaqla o, müasir tələblər
səviyyəsində yenidən qurulur. Bu tikinti, abadlıq
işləri nəticəsində sökülmüş evlərin
sakinləri yeni mənzillərlə təmin edilir, vətəndaşlara
yüksək miqdarda kompensasiya verilir. Bununla əlaqədar
Bakı şəhərinin Səbail, Nəsimi, Nərimanov,
Binəqədi, Xətai, Yasamal rayonlarından daxil olan
müraciətlərdə vətəndaşlar öz
razılıqlarını ifadə edirlər. Onlardan biri, Nəsimi
rayonunun Mirzə Ağa Əliyev küçəsində
yaşamış, 20 Yanvar şəhidi Mübariz Hacıyevin
həyat yoldaşı Natella Hacıyeva yazır: "Sizin
müvafiq sərəncamınızla köhnə,
yaraşıqsız evlərin sökülməsinə
başlandı. Bizim ərazidə yaşayan mülk sahiblərinə,
o cümlədən bizə öz istəyimizə uyğun
olaraq yeni tikilmiş tam təmirli binalarda daha geniş mənzillər
və yaxud pul kompensasiyası verildi. Mən aldığım
pul kompensasiyası ilə həm iki oğlum, həm də
özüm üçün ev aldım. Artıq rahat,
bütün kommunal şəraiti olan mənzillərdə
yaşayırıq. Buna görə övladlarım, nəvələrim
və özüm Sizə dərin təşəkkürümüzü
bildiririk".
Azərbaycanın
və Bakının bənzərsiz gözəlliyi ölkəmizə
gələn qonaqları valeh edir. Belarusun Brest şəhərindən
Olqa Prilutskaya yazır: "Sentyabrda Sizin qonaqpərvər
ölkənizdə olmuşam. Gözəl yollara, yollar boyunca
valehedici yaşıllıqlara, qayda-qanuna, küçə və
binaların işıqlandırılmasına və bir
çox başqa işlərə görə Sizə təşəkkür
etmək istərdim. Ölkənizdə olarkən
keçirdiyim xoş hissləri heç bir duyğu ilə
müqayisə etmək mümkün deyildir. Mən belə
gözəlliyi heç bir yerdə görməmişəm".
2012-ci
il həmçinin XXX London Yay Olimpiya Oyunlarında
idmançılarımızın yüksək nailiyyətləri
ilə yadda qaldı. Azərbaycan idmançıları 10
medal qazanmaqla 200-dən çox ölkənin iştirak etdiyi
bu mötəbər yarışda dünya üzrə 30-cu,
Avropada 15-ci, İslam ölkələri arasında isə
3-cü yeri tutdu. Bu, Olimpiya Oyunlarında ölkəmizin indiyədək
qazandığı ən yüksək nəticə idi. Azərbaycan
paralimpiyaçılarının uğuru daha yüksək
olmuş, onlar Londonda 12 medal qazanmışlar.
Bu
uğurun təməlində dövlətimizin
başçısının idmana olan diqqət və
qayğısı dayanır. İnfrastrukturun
yaxşılaşdırılması, çoxlu sayda idman mərkəzlərinin
və olimpiya komplekslərinin tikintisi, idmançılara və
məşqçilərə yaradılan gözəl şərait
bunu deməyə əsas verir. Ölkə Prezidentinin
müvafiq sərəncamı ilə 2012-ci il ölkəmizdə
"İdman ili" elan edilmiş, bununla bağlı tədbirlər
planı təsdiq olunmuşdur. Ötən il dekabrın 18-də
Milli Olimpiya Komitəsində il ərzində
qazanılmış idman nailiyyətlərinə yekun vurularkən
dövlət başçısı və Milli Olimpiya Komitəsinin
prezidenti İlham Əliyev 2012-ci ildə
idmançılarımızın müxtəlif beynəlxalq
yarışlarda 700-dən çox medal, o cümlədən
255 qızıl medal qazandığını, bölgələrdə
olimpiya idman komplekslərinin sayının 35-ə
çatdırıldığını, daha 8 kompleksin isə
tikilməkdə olduğunu fəxrlə qeyd etmişdir.
Bir
sıra minnətdarlıq məktublarında bütün bunlar
fərəh və qürur hissi ilə qeyd olunur. Gəncə
şəhərindən Olimpiya çempionumuz Toğrul Əsgərovun
məşqçisi Elçin Zeynalov yazır: "Yetirməm
Toğrul Əsgərovun London Olimpiadasında əldə
etdiyi yüksək nəticə mənə və
xalqımıza bəxş edilən ən böyük hədiyyədir.
Bu qələbənin əldə olunmasında bizimlə bərabər
çəkdiyiniz əziyyətin yerdə qalmadığı
üçün Allaha şükürlər olsun".
Azərbaycan
Respublikasının Prezidenti ölkənin intellektual
potensialından istifadəni həmişə ön plana
çəkir, onun əsas devizi Azərbaycanda təbii
resursları intellektual potensiala çevirməkdir.
Özünün dediyi kimi, "qara qızılı insan
kapitalına çevirmək" prinsipi bu gün artıq
işləyir, Azərbaycanda gənc, istedadlı intellektual təbəqə
formalaşır.
Gənclərin
xaricdə təhsili üzrə Dövlət Proqramı
çərçivəsində dünyanın bir çox
aparıcı ölkələrində təhsil almağa gedən
tələbələr və onların valideynləri bu
münasibətlə cənab Prezidentə öz ürək
sözlərini çatdırmağı vacib hesab edirlər.
Böyük Britaniyada magistr təhsili alan Ceyhun Cəlilov cənab
Prezidentə yazdığı müraciətdə onun
atdığı addımların gənclərdə daim ruh
yüksəkliyi yaratdığını, bu proqramın
uğurla icra edildiyini, xaricdə təhsil alacaq gənclərin
seçimində əsas amilin şəffaflıq və
obyektivlik olduğunu bildirir və yazır: "Azərbaycan gənclərinin
inkişafında misilsiz xidmətlərinizə görə Sizə
dərin təşəkkür və minnətdarlığımı
bildirirəm. Sizi əmin etmək istəyirəm ki, bir azərbaycanlı
gənci olaraq mənə göstərilən etimadı
doğruldacaq, ölkəmizə təkmilləşmiş kadr
kimi dönəcək, habelə təhsil aldığım
müddət ərzində azərbaycançılıq
ideyalarının təbliğində bütün
gücümü səfərbər edəcəyəm".
Ceyhun
Cəlilovun bu fikirlərini Bakı şəhərindən II
qrup Qarabağ müharibəsi əlili Nazim Məmmədov
davam etdirərək Bakı Dövlət Universitetinin Riyaziyyat
və kibernetika fakültəsini bitirmiş oğlunun dövlət
proqramı çərçivəsində Böyük
Britaniyanın Edinburq Universitetində təhsil almasına
şərait yaradıldığına görə dərin
minnətdarlığını bildirir, onun kimi sadə ailələrin
bu proqramdan bəhrələnə bilməsinə görə
ölkə Prezidentinə təşəkkürlərini
yetirir.
Təbii
fəlakətlər nəticəsində ziyan çəkmiş
rayonların sakinləri evlərinin bərpası və yeni
evlərin tikilməsi, kompensasiyaların verilməsi ilə əlaqədar
minnətdarlıqlarını bildirməkdə davam edirlər.
2010-cu ildə Kür və Araz çaylarında baş verən
daşqınların fəsadlarını aradan qaldırmaq
üçün çox ciddi işlər görüldüyünü,
bu işlərin hələ də davam etdirildiyini hamı
bilir. Sabirabad rayonu Azadkənd kəndinin sakinləri Ağayar Əliyev,
Gəray Kazımov, Samir Soltanov, Sahibə Həsənova, Həsrət
Ağayev, Mehman Hacıyev və Arzu Əsgərov yazırlar:
"Möhtərəm Prezident! Sizin Sabirabad rayonuna gəlişiniz
bizə yeni həyat bəxş etdi. Təbii fəlakət nəticəsində
uçan evlərimizin əvəzinə yeni gözəl evlər
tikildi, kompensasiyalar verildi. Allah köməyiniz olsun!".
Ötən
ilin may ayının 7-də Zaqatala, Qax, Balakən
rayonlarında baş vermiş son 150 ilin ən güclü zəlzələsi
nəticəsində 3 mindən yuxarı fərdi ev
dağılmış və ya qəzalı vəziyyətə
düşmüş, yüzlərlə sosial obyekt, məktəb,
uşaq bağçası, tibb məntəqəsi sıradan
çıxmışdı. Ölkə
başçısı İlham Əliyev dərhal zəlzələ
bölgəsinə səfər edərək zərər
çəkmiş insanların problemləri ilə yaxından
maraqlanmış, maliyyə vəsaitinin ayrılması və
təbii fəlakətin fəsadlarının aradan
qaldırılması ilə bağlı tapşırıq və
göstərişlərini vermişdir. Görülən
işlərin nəticələri də göz
qabağındadır, bu sahədə işlər çox
sürətlə, özü də ancaq ölkənin daxili
imkanları hesabına aparılır.
Bununla
bağlı Zaqatala ziyalıları və
ağsaqqallarının ölkə Prezidentinə
ünvanladıqları minnətdarlıq məktubunda deyilir:
"Zəlzələnin törətdiyi fəsadların aradan
qaldırılmasında biz zaqatalalılara göstərdiyiniz
qayğıya görə Sizə olduqca minnətdarıq.
İnsanların çətinlik və qorxu içərisində
olduğu bir gündə Zaqatalaya gəlib bizə maddi və mənəvi
dəstək oldunuz. Ulu öndərin varisi kimi Siz bizdə gələcəyə
böyük inam yaratmısınız. Zaqatala rayonunun
ağsaqqalları, ziyalıları, gəncləri və
bütün sakinləri adından Sizə bir daha təşəkkür
edir və dərin minnətdarlığımızı
bildiririk".
Məktubların
bir qismində vətəndaşlar özlərinin və ya ailə
üzvlərinin problemi ilə bağlı ölkə
Prezidentinə ünvanladıqları əvvəlki müraciətlərinin
müsbət həllindən razılıq bildirirlər. Məsələn,
Binəqədi rayonundan Vəkil Əzimov, Səbail rayonu
Badamdar qəsəbəsindən Müşfiq Qənbərli,
Nərimanov rayonundan Atikə Həsənova, Gəncə şəhərindən
Təranə Cümşüdova və Qarabağ
döyüşləri əlili Mehman Məmmədov, Şabran
rayonu Pirəmsən kəndindən Fərruxmirzə Kərimov
işlə təmin olunduqlarına, Bakı şəhəri
Nizami rayonundan 24 nəfər sahibkar fəaliyyətlərində
olan maneələrin aradan qaldırılmasına, Şirvan
şəhərindən Bəxtiyar Ağayev, Lerik rayonundan
şəhid ailəsinin üzvü Kinəvəs
Bağışova, Gədəbəy rayonundan Bəsti Məmmədova,
Sakit Məmmədrzayev pay və ya həyətyanı torpaq sahələrinin
ayrılmasına, Masallı rayonundan Çernobıl əlilləri
İslam Səfərov və daha 6 nəfər mənzil və
minik avtomobili verildiyinə, Kürdəmir rayonunun Xırdapay kəndindən
II qrup Qarabağ əlili Ətraf Əlabbasov, Qəbələ
rayonundan Fəridə Məmmədova onlar üçün
tikilən yeni evlərə, Şamaxı rayonundan
Çiçək Allahyarlı yanmış evinin bərpasına
kömək göstərildiyinə, Samux rayonunun
Çobanabdallı kəndindən Rəna Məhərrəmova
övladının əfv olunmasına, Sumqayıt şəhərində
məskunlaşmış Ağdam rayonundan məcburi
köçkün Tariyel Əliyev, Sabunçu rayonundan Həcər
Sofiyeva dializ müalicəsi olunduqlarına, Elmar Əliyev
müalicəsinə kömək göstərilməsinə,
Hacıqabul rayonunun Qubalıbaloğlan kənd sakinləri kəndə
10 kilometrlik içməli su xətti çəkilməsinə,
Biləsuvar rayonundan Coşqun və Nuranə Mehdiyevlər 2
yaşlı övladlarının ürəyində əməliyyat
aparılmasına yardım göstərildiyinə, Nəsimi və
Sabirabad rayonlarından üçəm uşaqların
valideynləri Elşən və Səmayə Əliyevlər,
Samir və Elnarə Hüseynovlar, İmişli rayonundan Sona Əliyeva
mənzillə təmin olunduqlarına görə minnətdarlıq
edirlər. Belə təşəkkür məktubları
respublikanın Mingəçevir, Naftalan, Şəki, Yevlax,
Ağcabədi, Bərdə, Daşkəsən, Goranboy, Göygöl,
Xaçmaz, Xəzər, Kəlbəcər, Qazax,
Laçın, digər şəhər və rayonlarından
da daxil olmuşdur.
Təəssüf
ki, hadisələrə obyektiv yanaşan bir çox
tanınmış şəxslərdən, həmçinin
sadə insanlardan fərqli olaraq hər şeyi qara rəngdə
təsvir etməyə alışan bəzi müxalif qüvvələr
və mətbuat orqanları qazanılan uğurları
görmür və ya görmək istəmirlər.
Bu
baxımdan "Freedom House" ("Azadlıq Evi") kimi
beynəlxalq humanitar təşkilatlar bizim düşmən dəyirmanına
su tökən bəzi hüquq müdafiəçilərimizin
köməyi ilə Azərbaycanı qaralamağa cəhd edirlər.
Bu
ilin əvvəlində Azərbaycana qarşı irəli
sürülən və ikili standartların bariz nümunəsi
olan daha bir iddia iflasa uğradı. AŞ PA-da Kristof
Ştrasser adlı "dostumuzun" uydurduğu "siyasi məhbus"
nağılı da boşa çıxdı və AŞ PA
üzvləri tərəfindən səs çoxluğu ilə
rədd edildi. "Siyasi məhbus" termininin hələ
heç bir yerdə qəbul edilmədiyi, bunun ancaq Azərbaycana
qarşı qərəzli şəkildə tətbiq edildiyi
aşkar olundu.
Ölkə
başçısına ünvanlanan məktub və
teleqramların əksəriyyətində vətəndaşlar
belələrinə öz münasibətlərini bildirirlər.
Quba rayonunun ağsaqqal və veteranları, təhsil və səhiyyə
işçiləri tərəfindən yazılmış məktubda
respublikanın, o cümlədən rayonun əldə etdiyi
nailiyyətlər qeyd olunur, aparılan böyük quruculuq
işlərini görmək və qiymətləndirmək istəməyənlərə
müraciətlə haqlı olaraq deyilir: "Bəylər,
gözünüzdəki qara eynəkləri
çıxarın, bu uğurları siz də görün və
onlara xalqla birlikdə sevinin".
İnkişafa və tərəqqiyə
səsləyən təkliflər
Azərbaycan Respublikası
Prezidentinin və onun Administrasiyasının ünvanına
daxil olan müraciətlərin arasında ölkənin
ümumi inkişafına və cəmiyyətin tərəqqisinə
yönəldilmiş, vətəndaş mövqeyindən irəli
gələn təkliflər də az deyildir. Bu təkliflərin
mövzuları geniş olub müxtəlif sahələri əhatə
edir.
İctimai-siyasi
məsələlərə həsr olunmuş təkliflər
daha çox diqqəti cəlb edir. Bu təkliflər
sırasında ümummilli lider Heydər Əliyevin
qarşıdan gələn 90 illik yubileyinin daha geniş qeyd
edilməsi, müxtəlif elm, mədəniyyət xadimlərinin,
tarixi şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi,
Xocalı soyqırımının dünyanın hər yerində
tanıdılması və digər məsələlər barədə
təkliflər maraq doğurur.
Vətəndaşlar
Azərbaycanın təbii ehtiyatlarını qoruyub saxlamaq, bu
ehtiyatların yaratdığı imkanlardan bəhrələnərək
onlardan ən müasir texnika və texnologiyalar əsasında
istifadə etmək, bu məqsədlə alternativ və bərpa
olunan enerji mənbələri yaratmaq, ekoloji
tarazlığı qorumaq üçün tələbkarlığı
artırmaq, Azərbaycanın dünya dövlətləri
sırasında daha yüksək mövqelərə yüksəldilməsindən
ötrü iqtisadiyyatın ən müxtəlif sahələrini,
elm, təhsil, mədəniyyət, səhiyyə və
idmanı inkişaf etdirmək üçün təklif və
arzularını bildirməyi özlərinə borc bilirlər.
Müraciətlərin
bir qismində isə ayrı-ayrı ixtiraçılar özlərinin
kəşf etdikləri avadanlıqların, apardıqları
elmi tədqiqatların nəticələrinin tətbiq
olunması, bu ixtiralara patent verilməsi, ölkəyə daha
müasir texnologiyalara əsaslanan avadanlıqların gətirilməsi
və idarəetmə sistemində innovasiyalardan daha geniş
istifadə olunması barədə fikirlərini bildirirlər.
Bəzi
vətəndaşlar Azərbaycan elmini daha yaxşı
inkişaf etdirmək üçün müdafiə olunmuş
elmi işlərin elektron elmi seminarlar formasında müzakirə
edilməsini və bu yolla elmi işlərin keyfiyyətinin
yüksəldilməsini, müasir texnologiyaların işlənib
hazırlanması üçün müvafiq mərkəzlərin
yaradılmasını, respublikada böyük xammal
bazasının, tarixi təcrübənin, bu sahə üzrə
güclü mütəxəssislərin olduğunu nəzərə
alaraq yüngül sənayenin müasir tələblər səviyyəsində
yenidən qurularaq inkişaf etdirilməsini təklif edirlər.
Həmçinin kənd təsərrüfatının
inkişafı üçün tədbirlər görülməsi,
o cümlədən respublikada müasir texnologiyalara əsaslanan
emal müəssisələrinin yaradılması,
keçmiş konserv zavodlarının fəaliyyətinin bərpa
edilməsi, kənd təsərrüfatı məhsullarının
xarici bazarlara çıxarılması üçün
müvafiq tədarük və satış mərkəzlərinin
yaradılması təklif olunur.
Bəzi
müraciətlərdə vətəndaşlar məktəblilərin
təhsilində yeniliklərin tətbiq olunması, o cümlədən
şagirdlərin elektron kitablardan istifadə etməsi, insanların
səhhətinə mənfi təsir göstərən yay və
qış vaxtlarına keçidin ləğv edilməsi, yay
tətili zamanı uşaqların boş vaxtının daha səmərəli
keçirilməsi üçün, keçmişdə
olduğu kimi, müvəqqəti istirahət düşərgələrinin
yaradılması, uşaqların mənəvi tərbiyəsini
gücləndirmək məqsədi ilə uşaq
telekanalının açılması, orta məktəblərdə
hərbi hazırlıq dərslərinin daha yaxşı tədris
olunması, kənd yerlərində mövcud kitabxanaların
müasir avadanlıqlarla təchiz edilərək informasiya
kompyuter mərkəzlərinə, yaxud elektron kitabxanalara
çevrilməsi, tibbi sığortanın tətbiqi barədə
mülahizələrini bildirirlər.
Bir
sıra müraciətlərdə isə nəqliyyat xidmətini
yaxşılaşdırmaq üçün Bakı şəhərinin
qəsəbələrinə gedən yollarda, həmçinin
magistral yollarda piyadalar üçün əlavə
yerüstü və yeraltı keçidlərin
salınması, yeni avtobus marşrutlarının
açılması, eyni zamanda şəhər nəqliyyatının
işində qayda-qanun yaradılması, artan yol-nəqliyyat
hadisələrinin qarşısının alınması təklif
olunur.
Respublikada
bəzi idman növlərinin, o cümlədən dama və
avtomobil idmanı növlərinin inkişaf etdirilməsi,
xüsusilə gənclər arasında avtoxuliqanlıq
hallarının qarşısını almaq, ötən il
Bakıda keçirilən avtorallidən sonra onların bu idman
növünə daha da artan həvəsini düzgün istiqamətləndirmək
üçün şəhərdən kənarda müasir
avtodrom tikilməsi və sair məsələlər barədə
fikir və mülahizələr bildirilir.
Bu təkliflər
aidiyyəti qurumlarda baxılır və məqsədəuyğun
olanlarının həyata keçirilməsi üçün
tədbirlər görülür.
Vətəndaşlar
da bilirlər və əmindirlər ki, onların ölkənin
inkişafına və tərəqqisinə xidmət edən
heç bir təklifi kənarda qalmayacaq, diqqətlə
öyrəniləcək, böyük əksəriyyəti
reallaşacaq, son nəticədə insanların
rifahının yaxşılaşmasına xidmət edəcəkdir.
(Ardı var)
Süleyman İSMAYILOV,
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Sənədlərlə
və
vətəndaşların
müraciətləri ilə iş şöbəsinin
müdiri
Azərbaycan.-2013.- 7 fevral.- S.3-5.