Azərbaycan ilə Xorvatiya arasında hərbi-texniki əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır

 

Ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının müdafiə naziri Ante Kontromanoviç  fevralın 6-da Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, xorvatiyalı nazir Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anmışdır.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunmuşdur.

Sonra Şəhidlər xiyabanına gələn qonaq ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmişdir.

Müdafiə Nazirliyində geniş tərkibdə keçirilən görüşdə nazirlər ölkələrarası hərbi-texniki əməkdaşlığın yaradılması və inkişafı istiqamətində faydalı müzakirələr aparmışlar.

Nazir Səfər Əbiyev həmkarına regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə maneçilik törədən səbəblər və bu günədək Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi barədə ətraflı məlumat vermişdir. S.Əbiyev bildirmişdir ki, problem sülh yolu ilə həll olunmayacağı təqdirdə ordunun imkanlarından istifadə ediləcəyi qaçılmazdır.

Xorvatiyalı qonaq çıxışı zamanı Azərbaycan ilə hərbi əməkdaşlığın qurulmasında maraqlı olduqlarını vurğulamışdır.

Sonda nazirlər hərbi-texniki əməkdaşlıq haqqında anlaşma memorandumu imzalamışlar.

Görüşdə Azərbaycan Respublikasının Xorvatiyadakı səfiri Kamil Xasıyev iştirak etmişdir.

 

 

Azərbaycan.-2013.- 7 fevral.- S.6.