ATƏT-in fəaliyyətdə olan sədri və Minsk qrupunun həmsədrləri arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüş keçirilmişdir

 

Fevralın 5-də ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ilə ATƏT-in  Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Yan Kelli (ABŞ), eləcə də qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişləri müzakirə etmək məqsədi ilə görüş keçirilmişdir.

ATƏT-in rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir ki, görüşdə həmsədrlərin ötən həftə Paris şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə keçirilmiş və 2012-ci ilin sonunda münaqişə tərəflərinə sülh prosesini canlandırmaq məqsədi ilə təqdim olunmuş təklifin müzakirə edildiyi toplantı diqqət mərkəzində olmuşdur.

Nazir L.Kojara atəşkəs rejiminin gücləndirilməsi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında həmsədrlərin tərəflərə göstərdiyi yardımı tam dəstəklədiyini bildirmişdir. ATƏT-in fəaliyyətdə olan sədri demişdir ki, bu prosesi mümkün qədər irəli aparmaq üçün tərəflərlə əməkdaşlıq etmək ATƏT-ə sədrlik edən Ukrayna üçün prioritet məsələdir və o, tərəfləri, nəhayət ki, regiona sülh gətirmək üçün tələb olunan səyləri göstərməyə və siyasi iradə nümayiş etdirməyə çağırmışdır.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.-2013.- 7 fevral.- S.6.