Bakıda «Asiyanın qəlbində regional əməkdaşlıq üçün
yeni gündəlik: İstanbul prosesi» çərçivəsində
Yüksək Vəzifəli Şəxslərin
görüşü keçirilmişdir
Fevralın
6-da Bakıda "Asiyanın qəlbində regional əməkdaşlıq
üçün yeni gündəlik: İstanbul prosesi"
çərçivəsində Yüksək Vəzifəli
Şəxslərin görüşü keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbiri açan xarici işlər
nazirinin müavini Araz Əzimov bu görüşün aprelin
26-da Almatıda nazirlər səviyyəsində keçiriləcək
iclasa hazırlıq olduğunu bildirmişdir. Qeyd edilmişdir
ki, bu tədbirdə hazırlanacaq bəyannamə
Almatıdakı iclasda qəbul olunacaqdır.
Əfqanıstanın
xarici işlər nazirinin müavini Caved Ludin "İstanbul
prosesi"nin ölkəsi üçün böyük əhəmiyyət
kəsb etdiyini vurğulamışdır. O demişdir: "Azərbaycan
"İstanbul prosesi"nin fəal
iştirakçılarından biridir və bugünkü tədbir
bunun əyani sübutudur.
Görüşün
məhz Bakıda keçirilməsi Azərbaycanın bu istiqamətdəki
fəaliyyətinin bariz nümunəsidir".
Əfqanıstan
ilə Azərbaycan arasında münasibətlərdən
danışan Caved Ludin qeyd etmişdir ki, bir neçə ay
bundan əvvəl ölkəsinin Bakıda səfirliyinin
açılması əlaqələrimizin sürətlə
inkişafına təkan verəcəkdir. Sonra məruzələr
dinlənilmiş və mövzu ilə bağlı fikir
mübadiləsi aparılmışdır.
Qeyd
edək ki, "Asiyanın qəlbində regional əməkdaşlıq
üçün yeni gündəlik: İstanbul prosesi" Əfqanıstanın
birbaşa və regional qonşularından ibarət və
şərti olaraq "Asiyanın qəlbi" adlanan bölgədə
yerləşən 15 dövlətin təşkil etdiyi siyasi
prosesdir. ABŞ, Böyük Britaniya, Yaponiya və digər
dövlətlər, eləcə də BMT, NATO, ATƏT kimi
beynəlxalq təşkilatlar bu prosesdə dəstəkçi
qismində çıxış edirlər. "Asiyanın qəlbində
regional əməkdaşlıq üçün yeni gündəlik:
İstanbul prosesi"nin əsas məqsədi Əfqanıstanda
sülhün, sabitliyin və inkişafın təmin edilməsində
regional ölçüdən yararlanmaqdır. Azərbaycan isə
regionda əməkdaşlığın inkişaf etdirilməsində,
sabitliyin və inkişafın təmin olunmasında vacib rola
malik ölkə kimi "Asiyanın qəlbində regional əməkdaşlıq
üçün yeni gündəlik: İstanbul prosesi"nin
tamhüquqlu üzvüdür.
Azərbaycan.-2013.- 7 fevral.- S.6.