Azərbaycan dünya
miqyasında dinamik inkişaf edən müasir, güclü ölkə kimi
tanınır
Bu fikirləri Prezident İlham Əliyev
2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa
Oyunları Təşkilat Komitəsinin ilk iclasında bildirib
Müstəqil Azərbaycan
aparıcı beynəlxalq təşkilatlar çərçivəsində
özünün maraq və mənafeyini maksimum dərəcədə
təmin etmişdir. Prezident İlham Əliyev ulu öndərin
böyük uzaqgörənliklə irəli sürdüyü
xarici siyasət kursunu yeni dövrün tələblərinə
uyğun zənginləşdirmiş, Azərbaycanın beynəlxalq
arenada nüfuzunun daha da yüksəlməsinə, müstəqil
siyasət yeritməklə milli maraqlarını maksimum səviyyədə
təmin etməyə nail olmuşdur. Dünya siyasətini
istiqamətləndirən böyük dövlətlərlə
qarşılıqlı faydalı əməkdaşlığı
genişləndirmək, beynəlxalq ictimaiyyətdə
respublikamızda həyata keçirilən mütərəqqi
iqtisadi, siyasi, hüquqi islahatlar barədə dolğun təsəvvür
yaratmaq dövlət başçısı İlham Əliyevin
xarici siyasətinin prioritet məqsədləri sırasında
xüsusi vurğulana bilər.
Azərbaycanın
nəinki qonşu, ümumən dünya siyasətində əsas
söz sahibi olan bütün ölkələrlə əlaqələrini
son illərdə daha da inkişaf etdirməyə nail
olması, regionda sülh, sabitlik və iqtisadi əməkdaşlıq
təşəbbüslərini fəal şəkildə dəstəkləməsi
fonunda BMT-dəki tarixi qələbəmiz də məntiqəuyğun
idi. Erməni lobbisinin, təcavüzkar Ermənistanın Azərbaycana
qarşı apardığı məkrli informasiya siyasəti
şəraitində 193 BMT üzvündən 155-nin birbaşa
dəstəyinə nail olmaq respublikamızın xarici siyasətinin
ümumi mahiyyəti barədə tamamilə dolğun təəssürat
yaradır.
Azərbaycanın
sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində
mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilməsi bütövlükdə müasir
tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən
biri kimi yadda qalmışdır. Bu möhtəşəm hadisə
ilk növbədə rəsmi Bakının son dərəcə
sabit və uğurlu, eyni zamanda sivil beynəlxalq dinc
yanaşı yaşam normalarına əsaslanan tarazlı siyasət
yürütdüyünü bir daha təsdiqləməklə
yanaşı, müstəqil Azərbaycanın beynəlxalq
miqyasda artan nüfuzunun parlaq təcəssümü kimi dəyərləndirilə
bilər.
BMT-dəki
parlaq qələbəmiz son illərdə müstəqil
respublikamızın beynəlxalq aləmdə əldə
etdiyi ilk diplomatik nailiyyət deyildir. Cənab İlham Əliyevin
xarici siyasəti "Ən yaxşı müdafiə
hücumdur!" taktikası üzərində qurması nəticəsində
Azərbaycan Avropa Şurası, ATƏT, Avropa Birliyi, İslam Əməkdaşlıq
Təşkilatı, NATO Parlament Assambleyası və digər
mötəbər beynəlxalq təşkilatlarda Ermənistanın
təcavüzkar dövlət kimi tanınmasına və
ifşasına nail olmuşdur.
Ölkədə
aparlan məqsədyönlü tədbirlər nəticəsində
Azərbaycan həm də dünya miqyaslı mədəni
kütləvi tədbirlərə ev sahibliyi edən mərkəzlərdən
birinə çevrilib. 2009-cu ildə Bakının İslam Mədəniyyətinin
paytaxtı elan olunması, Mədəniyyətlərarası
dialoq forumunun keçirilməsi, dünya dini liderlərinin
toplantılarının, eləcə də beynəlxalq
miqyaslı idman tədbirlərinin keçirilməsi ölkəmizin
bu cür tədbirlərə tam hazır olduğunu göstərdi.
2009-cu ildən başlayaraq Qəbələ şəhərində
beynəlxalq musiqi festivallarının keçirilməsi və
həmin mötəbər tədbirdə dünyanın ən
məşhur musiqiçilərinin iştirakı da Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunun ildən-ilə
artdığını sübuta yetirdi. Son illər ölkəmizdə mötəbər
idman yarışları - sərbəst güləş
üzrə Avrora çemrionatı, şahmat üzrə
dünya və qitə çemrionatları, habelə boks,
cüdo, həndbol, voleybol və digər idman növləri
üzrə beynəlxalq turnirlər, yunan-Roma və sərbəst
güləş üzrə dünya çemrionatları da
keçirilmişdir. "Eurovision" mahnı müsabiqəsinin
2012-ci ilin mayında Azərbaycanda
yüksək səviyyədə keçirilməsi bir
daha ölkəmizin nüfuzunu göstərdi. Tədbirin ən
yüksək səviyyədə keçirilməsini
müsabiqə zamanı Azərbaycana gəlmiş əcnəbi
qonaqlar və jurnalistlər də təsdiqlədi.
2012-ci
il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında
2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda
keçirilməsi haqqında qərarın qəbul edilməsi
də böyük uğurdur. Bu günlərdə Prezident
İlham Əliyevin sədrliyi ilə 2015-ci ildə Bakıda
keçiriləcək Birinci Avropa Oyunları Təşkilat
Komitəsinin ilk iclası olmuşdur. Ölkə
başçısı, Milli Olimpiya Komitəsinin prezidenti
İlham Əliyev mərasimdə
bildirib: "Bu tarixi qərarın qəbul edilməsində,
əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzu həlledici
rol oynamışdır. Son illər ərzində Azərbaycan
dünya miqyasında özünü dinamik inkişaf edən
müasir güclü ölkə kimi təqdim edə
bilmişdir. Baxmayaraq ki, biz cəmi 21 ildir müstəqil
dövlət kimi yaşayırıq, bu gün Azərbaycan
dünya miqyasında çox etibarlı tərəfdaş və
etibarlı dost kimi tanınır. Bizim beynəlxalq
nüfuzumuzun yüksək səviyyədə olmasını
eyni zamanda BMT Təhlükəsizlik Şurasına üzv
seçilməyimiz də təsdiqləyir. Bu da tarixi bir qərar
idi. Müstəqilliyimizin 20-ci ildönümünə təsadüf
edən bu tarixi qərar əslində 20 il ərzində
görülən işlərin təzahürü idi. Bu
gün Azərbaycan dünya birliyinin bir nömrəli qurumunun
üzvüdür və keçən ilin may ayında BMT Təhlükəsizlik
Şurasına sədrlik etmişdir".
Birinci
Avropa Oyunları 2015-ci ilin iyun-iyul aylarında
paytaxtımızda keçiriləcəkdir. Bu oyunlarda Avropa
Olimpiya Komitəsinin üzv ölkələrinin
iştirakı gözlənilir. Bakıda keçiriləcək
yarışlarda 5 min nəfərədək
idmançının iştirakı nəzərdə tutulub.
Rəsmi nümayəndə heyətinin sayının təxminən
min olması gözlənilir. Tədbirin
işıqlandırılması üçün Bakıya
kütləvi informasiya vasitələrinin 2 min nəfərədək
nümayəndəsi də gələcəkdir. Son illər
Bakıda təşkil edilən beynəlxalq idman tədbirlərinin
ən yüksək səviyyədə keçirilməsi
iştirakçı ölkələrin nümayəndələri
tərəfindən də müsbət dəyərləndirilir.
Azərbaycanın iqtisadi, siyasi, mədəni və digər sahələrdə
əldə etdiyi nailiyyətlər daha böyük
uğurların əldə olunacağına əminlik
yaradır.
Bakıda
keçiriləcək Birinci Avropa Oyunları Təşkilat
Komitəsinin sədri Mehriban xanım Əliyeva bildirib:
"2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin
41-ci Baş Assambleyasında 2015-ci ildə Birinci Avropa
Oyunlarının Azərbaycanda keçirilməsi barədə
qərar qəbul edilmişdir. Avropa Olimpiya Komitəsinin
üzvü olan 49 milli olimpiya komitəsindən 48-nin
iştirakı ilə keçirilmiş gizli səsvermədə
38 ölkə lehinə, 8 ölkə əleyhinə, 2 ölkə
bitərəf olmaqla Birinci Avropa Oyunlarının Bakıda
keçirilməsi təsdiqlənmişdir. Birinci Avropa
Oyunlarının Bakıda keçirilməsi ölkəmiz
üçün, ümumiyyətlə, bütün Avropa
Olimpiya hərəkatı üçün tarixi hadisədir.
Regionun lider dövlətinə çevrilən Azərbaycanın
sürətli inkişafı, dünya birliyində tutduğu
mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə
əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə
uğurla ev sahibliyi edə biləcəkdir. Bu qərarın qəbul
edilməsi respublikamızda çoxsaylı idman
yarışlarının, Avropa və dünya
çempionatlarının yüksək səviyyədə
keçirilməsinə, idmançılarımızın
beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə,
ümumilikdə Azərbaycanda idman sahəsində
görülmüş işlərə beynəlxalq və
Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək
qiymətdir".
Prezident
İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində
Azərbaycan bütün sahələr üzrə regionun ən
güclü və qüdrətli dövlətinə
çevrilib. Bütün bunların nəticəsi olaraq Azərbaycan
hazırda daha geniş geosiyasi arealda sülh, tərəqqi və
sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi
tanınır. Azərbaycanın xarici siyasət kursu milli
maraqların prioritetliyi şərti ilə
respublikamızın beynəlxalq miqyasda özünü təsdiqləməsinə,
iqtisadi-siyasi potensialını effektiv surətdə
reallaşdırmasına və təhlükəsizliyini hərtərəfli
təmin etməsinə təminat yaradır.
Elnur HACALIYEV
Azərbaycan.-2013.- 7 fevral.- S.7.