Azərbaycandakı şərait xarici sərmayədarlar üçün
çox münbitdir
Beynəlxalq İqtisadi Forum ölkəmizə
dünyanın aparıcı şirkətləri
tərəfindən investisiya qoyuluşuna başlıca zəmin
yaradacaq
Bu
gün sürətli sosial-iqtisadi inkişafına görə
dünyanın inkişaf etməkdə olan ölkələri
sırasına qoşulan Azərbaycan Avropa ilə Asiya
arasında körpü hesab olunur. Sivilizasiyaların
toqquşduğu məkan adı alan ölkəmizdə beynəlxalq
konfranslar, toplantılar keçirilir. Eyni zamanda gənc bir
dövlət olmasına baxmayaraq, bu gün dünyanın əksər
beynəlxalq qurumlarında Azərbaycanla məsləhətləşmələr
aparılır, bir sıra sahələrdə isə Azərbaycanın
təcrübəsi öyrənilir. Bu günlərdə isə
dünyanın ən mötəbər iqtisadi forumlarından
biri olan Davos İqtisadi Forumunda qəbul olunan qərar ölkəmiz
üçün olduqca əhəmiyyətlidir. Çünki
aprel ayında Dünya İqtisadi Forumunun regional iclası
Bakıda təşkil olunacaq. Bu, bir tərəfdən Azərbaycanın
beynəlxalq müstəvidə artan nüfuzunun təzahürü,
digər tərəfdən isə Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən
iqtisadi islahatlara dünya birliyinin verdiyi yüksək qiymətin
ifadəsidir.
Bu məsələyə
münasibət bildirən ekspertlər, siyasətçilər
də hesab edirlər ki, Beynəlxalq İqtisadi Forumun
Bakıda keçirilməsi ilə bağlı
çıxarılan qərar Azərbaycanın qlobal biznes
ölkəsi tək tanınması kimi mühüm hadisədir.
Milli
Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov
əməkdaşımızla söhbətində bildirdi
ki, hər il Davos forumunda
yüzlərlə siyasətçi, dövlət
başçıları, böyük transmilli şirkətlərin
rəhbərləri dünyada narahatlıq yaradan problemləri müzakirə edərək
çıxış yolları axtarırlar. Dünyada gedən
iqtisadi proseslər,
iqtisadiyyatın hazırkı durumu müzakirəyə
çıxarılır. Azərbaycan Prezidenti İlham Əliyev
də mütəmadi olaraq adıçəkilən
toplantıda iştirak edir, görüşlər keçirir
və nitq söyləyir. Bu, artıq Azərbaycanın
dünyanın böyük dövlətləri ilə birgə
addımlaması deməkdir. Həmin toplantıda Beynəlxalq
İqtisadi Forumun regional toplantısının aprel ayında
Bakıda keçirilməsi ilə bağlı qərarın
qəbul edilməsi də buna əyani sübutdur.
Deputatın sözlərinə görə, Azərbaycan bu gün iqtisadi cəhətdən inkişaf etdiyi üçün bu ölkəyə maraq getdikcə artır. Ona görə də hər il Bakıda müxtəlif beynəlxalq toplantılar keçirilir: "Bakıda keçiriləcək bu toplantı Azərbaycan həqiqətlərinin bir daha dünya dövlətləri tərəfindən tanınması, böyük biznes sazişlərinin imzalanması ilə nəticələnə bilər. Çünki Bakıya gələcək siyasətçilər və iri beynəlxalq şirkət sahibləri burada əlverişli biznes imkanlarının olduqlarını öz gözləri ilə görəcəklər. Bir sözlə, bu beynəlxalq toplantı Azərbaycanın dünyada artan nüfuzunu daha da artıracaq və miqyasını genişləndirəcəkdir".
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Rüfət Quliyev isə deyir ki, Azərbaycanın Davos forumunda təmsil olunması ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Biz ölkəmizi beynəlxalq biznes ictimaiyyəti və xüsusən də Azərbaycan ilə hələ də əməkdaşlıq etməyən işgüzar dairələrə daha geniş miqyasda təqdim etmək istəyirik".
Deputatın sözlərinə görə, bu gün Azərbaycan qlobal iqtisadi böhranın ən az təsir etdiyi ölkələrdən biridir və bizdəki şərait xarici sərmayədarlar üçün çox münbitdir. Hazırda bizdə xarici sərmayədarların sayı kifayət qədərdir və təkcə 2012-ci ildə iqtisadiyyatımıza yatırılan 20 milyard dollar sərmayənin 7 milyardı onların payına düşür: "Heç şübhə yoxdur ki, Prezident İlham Əliyevin Davosda keçirdiyi işgüzar görüşlər, şəxsi münasibətləri Azərbaycana daha çox sərmayədar cəlb edəcək və onlar ölkəmizin iqtisadi potensialının daha da artmasına təkan verəcəklər".
R.Quliyev deyir ki, Azərbaycan bu gün bütün xarici aləmin diqqət mərkəzindədir. İqtisadi inkişafın Azərbaycan modeli bütün dünyada böyük maraq doğurur və ölkəyə, onun rəhbərinə rəğbət yaradır. Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının sıçrayışlı inkişafı da diqqətçəkən sahələrdir, bu da xarici şirkətlərlə geniş əlaqələr qurmağa imkan yaradır: "Bir sözlə, Azərbaycanın bütün uğurları Davos forumunda bir daha gündəmə gəlmiş, yüksək qiymətləndirilmişdir və bu, iqtisadiyyatımızın gələcək inkişafına yol açacaqdır. Belə forumların keçirilməsi, orada Azərbaycanın iştirakı ölkə üçün hər cəhətdən əlverişlidir. Forumda ölkəmiz üçün diqqətçəkən məqam o olmuşdur ki, dünyanın ən mötəbər iqtisadi forumlarından olan Davos İqtisadi Forumu cari ilin aprel ayında Azərbaycanda keçiriləcək. Bu, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, iqtisadi gücünün və potensialının bariz sübutudur".
Onun fikrincə, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmiş Azərbaycan bu forumu da yüksək səviyyədə keçirəcək və iqtisadiyyatımızın bütün sahələri orada layiqincə təmsil olunub, yeni-yeni partnyorlar qazanacaq.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə hesab edir ki, Azərbaycanın son illər Davos forumunda bir qayda olaraq Prezident İlham Əliyevin başçılığı ilə geniş tərkibdə təmsil olunması heç də təsadüfi deyil. Bu forumda həmişə Azərbaycanla bağlı müzakirələr olur, müqavilələr bağlanılır, eləcə də ölkəmizin iqtisadi inkişafı ilə bağlı məsələlər gündəmə gətirilir.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev Davos forumunda dünyanın bir sıra aparıcı ölkələrinin rəhbərləri və şirkət nümayəndələri ilə görüşündə də Azərbaycanın iqtisadi uğurları və bu uğurların həmin ölkələrin iqtisadiyyatına da verdiyi töhfələri müzakirə edib: "Davos forumunun regional toplantısının Bakıda keçirilməsi dünya dövlətləri tərəfindən ölkəmizə verilən yüksək qiymətin bariz nümunəsidir. Ümumiyyətlə, tək bu forum deyil, eləcə də iqtisadiyyatla, idmanla, mədəniyyətlə, böyük siyasi-hüquqi məsələlərin araşdırılması ilə bağlı beynəlxalq konfransların, toplantıların Azərbaycanda davamlı olaraq keçirilməsi artıq ölkəmizin beynəlxalq nüfuzunun, imicinin artdığından xəbər verir".
M.Quliyevin fikrincə, heç şübhəsiz, bu forumun Azərbaycanda keçirilməsi həm də ölkəmizin iqtisadiyyatına, biznes əlaqələrinə, ümumilikdə isə dövlətimizin beynəlxalq iqtisadi münasibətlərinə müsbət təsir göstərəcək. Bununla belə, Davos forumu ölkəmizə dünyanın aparıcı şirkətləri tərəfindən investisiya qoyuluşuna başlıca zəmin yaradacaq.
Beləliklə, bütün rəy və fikirlərdən belə nəticə çıxır ki, növbəti Dünya İqtisadi Forumunun regional iclasının Bakıda keçirilməsi Cənubi Qafqaz və Mərkəzi Asiyada əməkdaşlıq və inteqrasiyanın inkişafına kömək edəcək amillərdəndir, cünki bu forum tək müzakirələr üçün kürsü deyil, eyni zamanda iqtisadi və siyasi tədqiqatlar üçün bir imkandır.
Bakıda
keçiriləcək Beynəlxalq İqtisadi Forum
bütövlükdə bu tədbirin inkişafına yeni
çalarlar verəcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2013.- 7 fevral.- S.7.