ABŞ Senatında keçirilən dinləmələrdə
Azərbaycanın əhəmiyyəti
vurğulanmışdır
Məlum
olduğu kimi, ABŞ Prezidenti tərəfindən
Administrasiyada yüksək vəzifələrə namizədliyi
irəli sürülən şəxslər Senat tərəfindən
təsdiq olunmalıdırlar. Bu prosesdə namizədlər Senatın
müvafiq komitələrində dinləmələrdə
iştirak edir, senatorların şifahi və yazılı
suallarına cavab verirlər.
Artıq
dövlət katibi vəzifəsində fəaliyyətə
başlayan Con Kerrinin namizədliyinin təsdiqi ilə
bağlı Senatın Xarici Əlaqələr Komitəsində
yanvarın 24-də keçirilmiş dinləmədə
senatorlar tərəfindən ona bir sıra məsələlərlə
yanaşı, Ermənistan-Azərbaycan münaqişəsi, eləcə
də regiondakı ümumi təhlükəsizlik mühiti ilə
bağlı yazılı suallar təqdim olunmuşdu. Con Kerri
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı
suala cavab verərkən hazırkı status-kvonun qəbuledilməz
olduğunu bildirmiş və təyin olunacağı təqdirdə
münaqişənin həlli prosesində ABŞ-ın fəal
rolunun davam edəcəyini vəd etmişdir. O, hazırda həmsədrlərin
yeni ideyaları nəzərdən keçirdiklərini bildirmişdir.
Son
vaxtlar Gürcüstana və Azərbaycana artan təzyiqlərlə
bağlı ABŞ-ın siyasətinin necə olacağı
barədə senatorların sualının cavabında Con Kerri
bildirmişdir ki, Birləşmiş Ştatların bu ölkələrin
müstəqilliyinə dəstəyi qətidir və bu dəstək
hər hansı müzakirə mövzusu ola bilməz.
Prezident
Obamanın müdafiə naziri vəzifəsinə namizədi
olan Çak Heqelin təsdiqi ilə bağlı yanvarın
31-də Senatın Silahlı Xidmətlər Komitəsində
keçirilən dinləmədə ABŞ senatorları ona Azərbaycanla
bağlı yazılı suallar vermiş, xüsusilə iki
ölkə arasındakı strateji tərəfdaşlığın
perspektivləri ilə maraqlanmışlar. Çak Heqel öz
yazılı cavablarında ABŞ və Azərbaycan
arasında müdafiə sahəsində əməkdaşlığın
güclü olduğunu vurğulamış və müdafiə
naziri vəzifəsinə təsdiq olunarsa, bu əməkdaşlığın
gücləndirilməsi istiqamətində səylərin davam
edəcəyini bildirmişdir. O, Azərbaycanda müdafiə
sahəsində islahatlar, NATO ilə uyğunluğun
artırılması, terrorizmlə mübarizə, dəniz təhlükəsizliyi
və enerji infrastrukturunun mühafizəsi sahələrində
əməkdaşlığın davam etdiriləcəyini bəyan
etmişdir. Çan Heqel mövcud əməkdaşlığı
gücləndirmək və bu əməkdaşlığın
yeni sahələri əhatə etməsi üçün Azərbaycan
tərəfi ilə yüksək səviyyədə məsləhətləşmələrə
davam etmək niyyətində olduğunu bildirmişdir. O, Əfqanıstandakı
əməliyyatlar kontekstində Azərbaycanın çox
mühüm tranzit rolu oynadığını xüsusilə
təqdir etmişdir.
Yusif BABANLI,
AzərTAc
Vaşinqton
Azərbaycan.-2013.- 7 fevral.- S.7.