Əylisin havası, suyu sənə haram olsun!

 

Neçə gündür ki, əsəblərim tarıma çəkilib. 80-nə yaxın yaşım var. Ordubad rayonunda anadan olmuşam. Heç bilmirəm ki, ömrümün bu çağında mən niyə bu cür iyrənc bir hadisə ilə üz-üzə dayandım? Yazıçı Əkrəm Əylislinin millətimizin əleyhinə yazdığı "Daş yuxular" kitabı barədə aldığım məlumat məni bərk sarsıtdı. Hiddət və qəzəbimi bilmirəm ki, necə ifadə edim? Vallah, bu, adi iş deyil. Görünür, Əkrəm Əylisli ağlını itirib. Görən, xəbəri varmı ki, Ordubadda ona qarşı insanlar necə nifrət hissi ilə aşıb-daşırlar.

Əylis kəndi Ordubadın ən səfalı, ən dilbər, gözəl ab-havası olan bir guşəsidir. Qədim zamanlardan məscidi, kəhrizi, gözəl evləri olan Əylisi əvvəllər "bala İstanbul" adlandırardılar. Bunun da səbəbi var idi. Əylisin gözəlliyində İstanbula bir oxşarlıq tapılmışdı. Ermənilər bu kəndə sonradan gəlmişdilər. Bu yaşayış məskəni dədə-babadan türklərə məxsus olub. Mənim rəhmətlik qayınanam Mədinə xanım Əylisdə doğulmuşdu. O, mənə danışardı ki, 1905-1906-cı illərdə ermənilər Əylisə hücum edərək yaşlı qadınları, kişiləri, azyaşlı uşaqları, hamilə gəlinləri süngülərə keçirərək vəhşicəsinə qətlə yetirmiş, sonra da onları bir-birinin üstünə qalaqlayaraq yandırmışlar. Kənd sakini, dini təhsilini Məkkədə almış Molla Həsən Qurani-Kərimi əlinə alaraq erməni daşnaklarının qarşısına çıxıb. Onlara yalvarıb ki, günahsız insanları öldürməyin. Bu saf insana elə gəlib ki, ermənilər müqəddəs Qurandan keçməzlər. Erməni quldurları onu kitabı ilə birgə süngüyə taxıb diri-diri yandırmışdılar. Qayınanam deyərdi ki, birtəhər canımızı xilas edib Ordubada qaçdıq. Əgər türkiyəli qardaşlarımız köməyə gəlməsəydilər, kim bilir, ordubadlıların, xüsusilə də əylislilərin aqibəti necə olacaqdı? Məhz onların gəlişindən sonra qırğın dayandırılmışdı. Bu barədə yazıçı-jurnalist Həsən Valeh "Bir tarixdir Ordubad" adlı kitabında hər şeyi olduğu kimi yazıb. Onu indi də oxuyanda rəhmətlik qayınanamı xatırlayıram. Çünki onun söylədikləri ilə kitabdakılar eyniyyət təşkil edir. Başımız nələr çəkmədi. Son dövrlərdə mənim şahidi olduğum hadisələr səhhətimdə problem yaratdı, həyat yoldaşımın ürəyi dayandı. Əkrəm Əylisli isə naxələflik edərək millətin başına gələn faciələrə göz yumur, haqsız ermənilərə haqq qazandırmağa çalışır.

Sumqayıt hadisələri, 20 Yanvar, vertolyotda qətlə yetirilən ziyalılarımız, Xocalı faciəsi, müxtəlif terrorlar və indiyədək davam edən məkrli alçaqlıqlar. Niyə bunlardan yazmadın, Əkrəm Əylisli? Özüm şahidəm ki, indiki Ermənistandan, xalqımızın tarixi torpaqlarından vəhşiliklə qovulan soydaşlarımız Bakıya hansı vəziyyətdə gəlmişdilər. Döyülmüş, söyülmüş, müxtəlif xəsarətlər almış bu binəsiblərin nə qalmağa yerləri, nə geyinməyə paltarları, nə də sığınmağa kimsələri var idi. Bakıdan gedən ermənilər isə hadisələrdən çox-çox əvvəl banklarda olan pullarını da almışdılar, əşyalarını da çıxarmışdılar, özləri də yumşaq vaqonlarda, təyyarələrdə başqa yerlərə uçmuşdular. Heç onlar Ermənistanı bəyənmədilər. Bu barədə dəfələrlə deyilib. Qansız Əkrəm, necə vicdanına sığışdıra bilirsən ki, bu qədər şər, böhtan yazmısan?! "Yeraz"lar Bakıda ermənini qırdı" - deyirsən. Niyə bəs bu məsələnin dərinliyinə varmırsan ki, "yeraz" bu şəhərə niyə gəlmişdi? Başına at təpmişdi. Varını, dövlətini, ev-eşiyini, bağını, mülkünü qoyub ac-yalavac, pay-piyada qaçqına çevrilsin? Hələ Əylislə əlaqədar yazdığın fikir. Vallah, oxucular məni qınamasın. Mən anayam, nənəyəm, indiyə qədər dilimə turş söz gətirməmişəm. Bu ağbirçək vaxtımda Əkrəm Əylisli görün məni necə qəzəbləndirib, hansı hala gətirib ki, əsəblərimi cilovlaya bilmirəm. Əylisin çörəyi burnundan gəlsin! Sən əylisli qadınların - müsəlmanların ünvanına ağzıgöyçəklik edir, təhqirli ifadələr işlədir, erməni "harsın"larını isə göyə qaldırırsan. Bilirmisən ki, sən öz qohumlarını, həmvətənlərini, həmyerlilərini pis vəziyyətdə qoymusan? Onlar xəcalətdən bilmirlər ki, neyləsinlər? Bəri başdan səni xəbərdarlıq edirik. Birdən yolunu Əylisə salarsan, ha? Sənin daha o kəndə gəlməyə haqqın yoxdur! Əylis səndən imtina edir! Bir adam yaza ki, Əylisdə türklər tərəfindən öldürülən hər bir erməninin qəbri üstündə bir şam yandırılsa, Ayın işığından parlaq olar, belə bir adamın ömür-billah Əylisdə bir saat qalması mümkün deyil! Bu, hədə deyil, hədəf də deyilsən! Sadəcə, xəyanətinin nəticəsidir!

Eşitdiyimə görə, ermənilər sənə özlərinə məxsus ad və soyad da veriblər. Bizim adımız, soyadımız sənə hayıfdır! Get layiq olduğun ad və soyadını qəbul et! Bu yaşda azğınlaşmağın axırı belə də olmalıdır! Sən çörəyi dizində olan, yaxşılığı bilməyən, söhrət azarına tutulmuş, erməni xislətindən ömür boyu bir addım da uzaqlaşmayan naqissən! Utanıb-qızarmadan da özünü Mirzə Cəlillə, Mirzə Fətəli Axundzadə ilə müqayisə edirsən. Hər iki şərəfli insan öz yaradıcılığında nadanlığa, cahilliyə qarşı mübarizə aparıblar! Sən neyləmisən? Öz xalqına, millətinə qara yaxaraq xəyanət etmisən. Bu sözləri də deyəndə bir ağrı keçirirəm. Çünki indi əylislilər sənin haqqında maraqlı şeylər danışırlar. Uşaqlığından, erməni qadının sinəsindən süd əmməyindən, ömrün boyu nala-mıxa vurmağından, içinin kin-küdurətlə dolu olmağından, paxıllığından, heç kəsi sevməməyindən, özündən başqa bir kimsəni bəyənməməyindən. Keçmişləri xatırlayanda yadıma çox şey düşür. Sən həmişə belə naxələf olmusan! Heydər Əliyevlə üz-üzə gələndə mədhiyyə demisən, arxada isə deyinmisən, mükafat verəndə sevinmisən, təltifdən kənarda qalanda sifətini dəyişmisən, gah mələk donuna bürünmüsən, gah da şeytan libasını geymisən. Ümumiyyətlə, bilmirəm, səni necə adlandırım? İndi əylislilər üçün Z.Balayan, S.Xanzadyan, S.Kaputikyan, ya da sən! Fərq etmir! Məni yandırıb-yaxan odur ki, qaytar mənim kəndimin adını soyadından! Sən ömrü boyu suyunu içib, çörəyini yediyin vətəninə xəyanət etdin! Bütün bunlardan sonra isə sən yenə də özünə haqq qazandırmağa çalışırsan. Artıq sənin bütün iyrənc niyyətlərin bəllidir!

 

 

Səriyyə ƏBÜLHƏSƏNOVA,

Naxçıvan

 

Azərbaycan.-2013.- 7 fevral.- S.8.