Qeyri-neft sənaye sektorunun inkişafına diqqət daha da artırılacaq

 

Ötən il iqtisadiyyatın sənaye sektorunda bir çox uğurlar qazanılıb, müxtəlif sahələrdə məhsul istehsalı xeyli artıb. Xüsusilə bu iqtisadi artım sənayenin qeyri-neft bölməsində daha çox olub.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında sənayenin qeyri-neft sektorunun inkişafı barədə demişdir: "...ötən il qeyri-neft iqtisadiyyatımız 9,7 faiz artmışdır. Əslində iqtisadi artım bu deməkdir. Çünki neft sektorunda qeyd etdiyimiz kimi, azalma olmuşdu. Yəni, bunu biz sənayeləşmə və biznes mühitinin yaxşılaşdarılması hesabına təmin edə bilmişik. Biz elə etməliyik ki, bu inkişaf tempini saxlayaqhesab edirəm ki, qeyri-neft sektorunda inkişaf 10 faiz səviyyəsində olmalıdır. Biz buna nail ola bilsək, o zaman uzunmüddətli perspektivdə ölkəmizin çox güclü sənaye potensialı yaranacaqdır. Bu potensial bu gün artıq yaranmaqdadır. Biz artıq xarici bazara çıxırıq, yeni bazarlar aşkarlayırıq". Rəsmi statistika isə dövlət başçısının bu nikbin proqnozunun boş yerdən yaranmadığını göstərir. Dövlət Statistika Komitəsinin ötən ilin nəticələrini əks etdirən hesabatında qeyd edilir ki, sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 2012-ci ildə 1,3 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Neft sektorunda məhsul istehsalının azalması müşahidə olunsa da, qeyri-neft sənayesi bölməsində məhsul istehsalının həcmi artmaqda davam edib.

Ölkədə özəl sektorun inkişafı məhsul istehsalında da özünü göstərir. Belə ki, keçən il özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,9 faizini təşkil edib. Ümumi istehsalın 92,4 faizi sənaye mallarının (əmtəələrin), 7,6 faizi sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılıb.

Hesabat dövründə emal bölməsində sadə istehsalın həcmi 7,3 faiz artıb və bu bölmədə istehsalın çox hissəsi qida məhsullarının payına düşüb. Həmin dövrdə kimya sənayesi, əczaçılıq məhsullarının, rezinplastmas məmulatlarının istehsalı müəssisələri tərəfindən 17,8 milyon manatlıq məhsul istehsal edilib. Bu sahədə əsas artım rezinplastmas məmulatların, kauistik sodanın, izopropil spirtin istehsalında müşahidə olunub. Eyni zamanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahəsində də kifayət qədər artım qeydə alınıb. Ən çox artım isə kompyuter və digər elektron avadanlıqlarının istehsalı sahəsində müşahidə edilib - 15,8 dəfə.

Ölkə sənayesinin inkişafı bu sektorda çalışanların sayının da  artmasına da təkan verib. 2011-ci ilin eyni dövrü ilə müqayisədə ötən il sənaye sahələrində çalışan muzdlu işçilərin sayı 0,5 faiz artaraq 165,4 min nəfərə çatıb, həmçinin işçilərin orta aylıq əməkhaqqı 14,7 faiz yüksələrək 521,4 manat təşkil edib. Əməkhaqqının daha çox artımı əczaçılıq, mebel, hazır metal məmulatları, metallurgiya, kağız və karton, zərgərlik, musiqi, idmantibb avadanlıqlarının, poliqrafiya, rezinplastmas məmulatların, dəri və dəri məmulatlarının, ayaqqabıların, toxuculuq sənayesi, kompyuter və digər elektron avadanlıqlarının,  tikinti materiallarının, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə ixtisaslaşan emal müəssisələrində qeydə alınıb. Ümumiyyətlə, 2012-ci ildə qeyri-dövlət sənaye müəssisələrində işçilərin əməkhaqqı təxminən 620 manat olub.

Şaxələnmiş iqtisadi inkişaf daha rəqabətqabiliyyətli olduğundan və dünyada baş verən iqtisadi böhrandan minimum zərərlə çıxmağa şərait yaratdığından dövlət sənayenin qeyri-neft sektoruna özü birbaşa sərmayə qoyur və xarici sərmayədarları da bu sektora sərmayə qoymağa təşviq edir. Nəticədə ölkəmizdə yeni qeyri-neft sənaye istehsal sahələri yaradılır. Bu sırada son vaxtlar yaradılan texnoparkları misal göstərmək olar. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu sahəyə sonra da xüsusi diqqət veriləcəyini vurğulamışdır: "Texnoparkların fəaliyyəti üçün yenə də dövlət tərəfindən builki, investsiiya proqramında kifayət qədər böyük vəsait nəzərdə tutulur ki, o ərazilər təmizlənsin, orada bütün infrastruktur, kommunikasiyalar, dəmir yolu xətləri yaradılsın. Yerlər artıq müəyyən edilib, təmizlik işləri gedir. Yenə də deyirəm, qaldı ki, sahibkarlar, investorlar, gəlsinlər, şirkətlər qursunlar və biz ölkəmizə lazım olan sənaye məhsulunun istehsalına böyük həcmdə nail olaq. Sənayeləşmə siyasətimiz imkan verəcək ki, biz bundan sonrakı illərdə iqtisadi inkişafa nail olaq".

 

 

 Rüstəm KAMAL

 

Azərbaycan.-2013.- 7 fevral.- S.10.