AMEA-nın Mərkəzi Elmi Kitabxanasının və «Azərbaycan Milli Ensiklopediyası» Elmi Mərkəzinin ötənilki fəaliyyətləri müzakirə edilmişdir

 

Fevralın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin 2012-ci ildəki elmi-təşkilati fəaliyyətlərinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə MEK-ə Azərbaycan və xarici dillərdə daxil olmuş 1200-dən artıq kitab və Rusiya Elmlər Akademiyasının Təbiət Elmləri üzrə Kitabxanasından alınmış müxtəlif elm sahələrinə dair 157 adda, 1500-dən çox elmi jurnallardan ibarət sərgi ilə tanış olmuşlar.

İclası AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açaraq gündəlikdəki məsələlər haqqında məlumat vermişdir.

Tədbirdə MEK-in direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlinin kitabxananın 2012-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilmişdir.

Direktor AMEA MEK-in zəngin elmi ədəbiyyatın mühafizəçisi, elmi fikrin inkişaf mənbəyi kimi, eyni zamanda, infrastrukturun ayrılmaz hissəsi olduğunu vurğulamışdır. O, kitabxanaçılıq, biblioqrafiyaşünaslıq, kitabxanaşünaslığın nəzəri və təcrübi məsələlərinin tədqiqi və nəşri, elmin analitik-informasiya təminatı, kitabxana-informasiya proseslərinin avtomatlaşdırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, inkişafı sahəsində görülmüş işlər və il ərzində kitabxananın əldə etdiyi mühüm nəticələr haqqında məlumat vermişdir.

Bildirmişdir ki, keçən il MEK-in elmi-tədqiqat fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, dövlət proqramlarının, AMEA-nın qərar və sərəncamlarının, habelə kitabxananın cari il üçün elmi-tədqiqat işləri planının icrasına istiqamətləndirilmişdir.

Qeyd edilmişdir ki, hesabat ilində kitabxana tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına əsasən, görkəmli klassik və mütəfəkkirlərin, tanınmış elm xadimlərimizin yubileyləri yüksək səviyyədə keçirilmiş, tarixi və əlamətdar günlərə həsr edilmiş sərgi-konfranslar təşkil edilmişdir

Diqqətə çatdırılmışdır ki, 2012-ci ildə MEK-ə 38 min 708 oxucu müraciət etmiş, onların elektron kitabxanadan istifadəsini asanlaşdırmaq məqsədilə yeni kompyuterlər alınmışdır. Eyni zamanda, MEK-in yaratdığı "Azərbaycan kitab abidələri" elektron məlumat bazasının, kitabxananın azərbaycanşünaslıq elektron mərkəzinə daxil olan "Azərbaycan tarixi", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi", "Azərbaycan iqtisadiyyatı", "Azərbaycan nefti", "Azərbaycan elmi", "Azərbaycan ekologiyası" və s. məlumat bazaları nümayiş etdirilmişdir.

Hesabat ilində akademiklər Nailə Vəlixanlının, Vasim Məmmədəliyevin, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun və başqalarının biblioqrafik göstəriciləri çap edilmişdir.

Ötən il ərzində bu elmi-tədqiqat müəssisəsinin beynəlxalq əlaqələri genişləndirilmiş, 69 dövlətin 585 təşkilatı ilə birgə beynəlxalq kitab mübadiləsi aparılmışdır.

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov, AMEA-nın müxbir üzvü Kamal Abdullayev və Mirzə Fətəli Axundzadə  adına Azərbaycan Milli Kitabxanasının direktoru Tahir Kərimov və başqaları çıxış edərək bu elmi-tədqiqat mərkəzinin 2012-ci ilin yekunlarına dair hesabatını yüksək qiymətləndirmişlər.

Hesabat AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq olunaraq AMEA-nın illik hesabatına daxil edilmişdir.

Sonra "Azərbaycan Milli Ensiklopediyası" (AME) Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev qurumun 2012-ci ildəki elmi fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir.

 Tofiq Nağıyev hesabat dövründə AME tərəfindən nəşr edilmiş kitablar haqqında ətraflı söhbət açaraq ötən il iki kitab nəşr edilmiş, 1 kitab isə tərcümə edilmişdir. O, hesabat ilində "Azərbaycan Milli Ensiklopediyası"nın (AME) III cildinin nəşr edildiyini, IV cildin isə çapa hazırlandığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, yeni cild üçün 2810 məqalə hazırlanmış, 1000-dən çox məqalə isə nəzarətdən keçirilmişdir.

Vurğulanmışdır ki, AME-nın IV cildi cari ilin mayında çap ediləcəkdir. Digər cildlərin də üzərində hazırlıq işlərinin aparıldığını diqqətə çatdıran T.Nağıyev y,ə,f,ğ, hərfləri üzrə müxtəlif sayda terminlərin hazır olduğunu bildirmiş, həmçinin V cild üçün də c və d hərfləri üzrə terminlərin üzərində işlənildiyini vurğulamışdır.

Yaxın vaxtlarda "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının istifadəyə veriləcəyini diqqətə çatdıran direktor bunu dövlət başçısının elmə və onun inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirmişdir.

Sonda müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılmış, suallar cavablandırılmış və gündəlikdəki digər məsələlər müzakirə edilmişdir.

 

 

Azərbaycan.-2013.- 7 fevral.- S.11.