Dağlar cəsurları səsləyir

 

Bu gün ölkəmizin bütün bölgələrində idmanla məşğul olmaq üçün müasir tələblər səviyyəsində şərait yaradılmışdır. Belə rayonlardan biri də Qusardır.

Ümumiyyətlə, burada  həm yay, həm da qış turizminin inkişafi üçün təbii potensial çoxdur. Rayonun ərazisində 2006-cı ildən bəri "Şahdağ" qış-yay turizm kompleksinin inşası davam edir. Bu turizm kompleksi ölkə tarixində ilk dağ-xizək kurortudur. Tikinti işləri isə bir neçə mərhələdə aparılır.

Kompleks rayonun Ləzə və Aladaş kəndlərinin ərazisində 2200 hektara yaxın ərazini əhatə edəcək. Təbiətin füsunkar guşəsində beynəlxalq standartlar səviyyəsində yaradılan kompleks indidən böyük maraq doğurur. Burada 340 yerlik dördulduzlu hotel, lift bazası, xizək məktəbi, süni qarlaşdırma sistemi yaradılacaq. Nəhəng layihə rayona yeni yerləri, investisiyalar, inkişaf, bir sözlə, tamamilə yeni həyat gətirəcək. Ötən ilin fevralında Prezident İlham Əliyev kompleksin 2 nömrəli kanat yolunun və xizək enişinin açılışında iştirak etmişdir.

Məlum olduğu kimi, Qusar həm də ekstremal turizm üçün əvəzedilməz yerdir. Çünki burada çətin keçilən çaylar, sıldırım qayalar, dar kanyonlar vardır ki, bu da ekstremal idman növləri üzrə yarışların keçirilməsi üçün geniş imkanlar yaradır.

Növbəti belə idman yarışlarından birinə bu yaxınlarda yekun vurulmuşdur.  Fevralın 2-3-də Qusar rayonunun Ləzə kəndində Azərbaycan HavaEkstremal İdman Növləri Federasiyasının (FAİREX), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı  ilə donmuş şəlalədə buzadırmanma üzrə açıq ölkə çempionatının çətinlik və sürət üzrə  ikinci  mərhələsi başa çatmışdır.

Beynəlxalq federasiyaların tələblərinə və şərtlərinə uyğun təşkil olunan yarışda FAİREX-in nəzdində fəaliyyət göstərən respublikanın müxtəlif bölgələrindəki klubların təmsilçiləri ilə yanaşı, Rusiyanın, İranın və Gürcüstanın 20-dən artıq idmançısı da iştirak etmişdir.

Buzadırmanma üzrə açıq respublika çempionatında kişilərin çətinlik üzrə final mərhələsində birinci yeri Gürcüstan təmsilçisi Nukri Qvelebiani tutmuşdur. Azərbaycan idmançısı Ceyhun Yunisov ikinci, iranlı Zireşki Məhəmməd isə üçüncü olmuşlar.

Qadınların çətinlik üzrə final mərhələsində idmançılarımızdan Aytən Pirəliyeva birinci, Gülnar Pirəliyeva ikinci yeri tutmuşdular. Rusiya təmsilçisi Marina QazimagammedovaAida Saidova isə üçüncü yerlə kifayələnmişlər.

Kişilər arasında sürət üzrə final mərhələsində ölkəmizi təmsil etmiş idmançılar Ramal Rəhimxanov, Maksim Əzizov və Seyfulla Nəsrullayev müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerləri bölüşdürmüşlər.

Qadınların sürət üzrə final mərhələsinin nəticələrinə görə də hər üç qalib azərbaycanlı idmançılardır. Leyla Əliyeva birinci, Gülnar Pirəliyeva ikinci, Aytən Pirəliyeva isə üçüncü pillədə qərarlaşmışdır. Buzadırmanma üzrə açıq respublika çempionatında ümumi nəticələrə görə komandalararası yarışda FAİREX-in "Salavat" idman komandası çempion olmuşdur.

Xatırladaq ki, çempionatın təsnifat - seçim yarışları üzrə birinci  mərhələsi yanvarın 18-19-da keçirilmişdir.

 

 

 Elçin CƏFƏROV

 

Azərbaycan.-2013.- 7 fevral.- S.12.