Əkrəm Əylislinin (Əkrəm Nəcəf
oğlu Naibovun) Azərbaycan Respublikasının «Xalq
yazıçısı» fəxri adından məhrum edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasının
müstəqillik illərində dövlət
mükafatlarına layiq görülmüş Əkrəm Əylisli
(Əkrəm Nəcəf oğlu Naibov) xalqın ona göstərdiyi
yüksək etimaddan sui-istifadə edərək, son əsərində
Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri
Azərbaycan yazıçısı adına yaraşmayan
şəkildə təhrif etmişdir. Azərbaycan
xalqının antihumanist obrazını
formalaşdırmağa cəhd göstərən, onu
ümumbəşəri dəyərlər sisteminə zidd əməllərdə
əsassız günahlandıran müəllifin
xalqımızın ruhuna yad tərzdə yazdığı bu
əsərdə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin mahiyyəti
saxtalaşdırılaraq, uzaq və yaxın tarixi
keçmişimizə qara yaxılmış, münaqişə
nəticəsində doğma yurdlarından didərgin
düşən bir milyondan çox soydaşımızın
mənliyi təhqir edilmişdir.
Azərbaycan
Respublikasının "Xalq yazıçısı" fəxri
adını ləkələmiş bir şəxs kimi Əkrəm
Əylislinin bu addan məhrum edilməsi barədə dövlət
strukturlarının, ictimai qurumların və vətəndaşların
çoxsaylı müraciətlərini nəzərə
alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının fəxri adları haqqında Əsasnamə"nin
15-ci bəndinin "b" yarımbəndinə uyğun olaraq
qərara alıram:
1. Əkrəm
Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) Azərbaycan
Respublikasının "Xalq yazıçısı" fəxri
adından məhrum edilsin.
2.
"Xalq yazıçısı" fəxri adının
verilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 23 may tarixli 708 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 5,
maddə 314) "Naibov Əkrəm Nəcəf oğluna"
hissəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 7 fevral
2013-cü il
Azərbaycan.-2013.- 8 fevral.- S.1.