Los-Ancelesdə
«Azərbaycan Los-Anceles
ilə görüşür» tədbiri
uğurla başa çatmışdır
Azərbaycanın
Los-Ancelesdəki Baş Konsulluğunun və Azərbaycan
Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı
ilə fevralın 5-də Los-Ancelesdə "Azərbaycan
Los-Anceles ilə görüşür" adlı geniş tədbir
keçirilmişdir.
Azərbaycanın
Los-Ancelesdəki konsulluğundan bildirmişlər ki, şəhərin
nüfuzlu "Skirball" Mədəniyyət Mərkəzində
keçirilən tədbirdə Los-Anceles şəhəri və
vilayətinin təmsilçiləri, Kaliforniya yerli
qanunvericilik orqanının nümayəndələri,
universitet professorları, iş adamları, xarici ölkələrin
baş konsulları, KİV nümayəndələri, Hollivud
filmlərinin bəstəkarları və digər mədəniyyət
xadimləri, eləcə də Azərbaycan və yəhudi
icmalarının üzvləri iştirak etmişlər. Tədbir
Azərbaycan muğam triosunun və Amerikan caz qrupunun
ifasında muğam-caz sintezi konserti ilə
başlamışdır. Mahir instrumental ifaçılar
İmamyar Həsənov (kamança), Rüfət Həsənov
(tar) və Elşən Qasımovun (nağara) ifa etdikləri
Azərbaycan muğam və xalq musiqisi nömrələri məşhur
gitaraçı Piter Spraqın rəhbərlik etdiyi caz qrupu tərəfindən
müşayiət olunmuşdur. Tamaşaçılar sənətkarların
ifalarını sürəkli alqışlarla
qarşılamışlar.
Konsertdən
sonra "Azərbaycan gömrüyü mədəni dəyərlərin
keşiyində" adlı sərginin
açılışı olmuşdur. Sərgidə Azərbaycan
Dövlət Gömrük Komitəsi muzeylərində
saxlanılan, komitə əməkdaşları tərəfindən
zaman-zaman qaçaqmalçılardan müsadirə olunmuş
qədim və dəyərli incəsənət əsərləri
nümayiş etdirilir. Azərbaycanın Los-Ancelesdəki
baş konsulu Nəsimi Ağayev tədbiri açaraq,
qonaqları salamlamış və belə tədbirlərin
keçirilməsinin Azərbaycanın Kaliforniyada daha da
tanınması, eləcə də Azərbaycan və ABŞ
xalqları arasındakı dostluq bağlarının daha da
gücləndirilməsi baxımından yüksək önəm
daşıdığını bildirmişdir.
Sonra
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri,
gömrük xidməti general-leytenantı Aydın Əliyev
çıxış etmişdir. A.Əliyev Dövlət
Gömrük Komitəsinin mədəni dəyərlərin
qorunması və gələcək nəsillərə
çatdırılması sahəsində gördüyü
işlərdən, sərgidə nümayiş etdirilən
eksponatların yüksək bəşəri önəmindən
bəhs etmişdir. Komitə sədri, həmçinin Azərbaycanın
işğal altındakı Dağlıq Qarabağ ərazisi
kimi nəzarət olunmayan digər ərazilərdən istifadə
yolu ilə mədəni dəyərlərin
oğurlanmasının bəşəriyyətin mədəni
irsinə zərbə vurduğunu qeyd edərək, belə
halların qarşısının alınmasının
vacibliyini vurğulamışdır.
Daha
sonra ABŞ Dövlət Departamentinin Təhlükəsizlik
İdarəsinin Los-Anceles bölməsinin direktoru Vesli Veller və
Los-Anceles Vilayətinin protokol xidmətinin rəhbəri Lurdes
Saab çıxış edərək, belə bir tədbirin
keçirilməsinə görə təşəkkürlərini
bildirmişlər.
Tədbir
Azərbaycan mətbəxinin nümunələri və şərabları
ilə zəngin ziyafətlə yekunlaşmışdır.
Növbəti
belə tədbirin fevralın 8-də Kaliforniyanın San-Dieqo
şəhərində keçirilməsi
planlaşdırılır.
Yusif BABANLI,
AzərTAc
Vaşinqton
Azərbaycan.-2013.- 8 fevral.- S.2.