Xorvatiya Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində
maraqlıdır
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Xorvatiyanın xarici və Avropa işləri üzrə nazir müavini Yoşko Klisoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Xorvatiya arasında münasibətlərin hazırkı səviyyəsindən və inkişaf dinamikasından məmnunluq ifadə edilmişdir.
X.Xələfov Azərbaycan ilə Xorvatiya arasında siyasi dialoqun yüksək səviyyədə olmasının digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə imkan yaratdığını bildirmişdir. O, maşınqayırma, gəmiqayırma, telekommunikasiya, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında qonağa ətraflı məlumat verən X.Xələfov Ermənistanın qeyri-konstruktiv mövqeyinin məsələnin həllinə maneə və region üçün təhdid olduğunu qarşı tərəfin diqqətinə çatdırmışdır. Son zamanlar Ermənistanın Xocalı hava limanının açılması ilə bağlı təxribat xarakterli addımlarına və bəyanatlarına toxunan nazir müavini beynəlxalq birliyin, xüsusilə də Avropa İttifaqının Ermənistana təzyiqlərinin artırılmasının vacibliyini vurğulamışdır.
Azərbaycanın
Xorvatiyanın strateji tərəfdaşı olduğunu qeyd edən
Y.Klisoviç demişdir ki, ölkəsi respublikamız ilə
bütün sahələrdə əməkdaşlığın
inkişaf etdirilməsində maraqlıdır.
Azərbaycan.-2013.- 8 fevral.- S.2.