Yerli özünüidarəetmə
ilə bağlı seminar keçirilmişdir
Fevralın 7-də Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin ali qanunvericilik və icra hakimiyyəti orqanları nümayəndələrinin, şəhər və rayon bələdiyyə şuraları sədrlərinin, habelə aidiyyəti təşkilatların məsul şəxslərinin iştirakı ilə "Yerli özünüidarəetmənin aktual məsələləri" mövzusunda seminar keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə yerli özünüidarəetmənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərdən, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunların müntəzəm olaraq təkmilləşdirilməsindən danışmış, Prezident İlham Əliyevin 2012-ci il 21 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Bələdiyyələrin Nümunəvi Reqlamentinin yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin qanunauyğun təşkilində müstəsna əhəmiyyətini qeyd etmişdir.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən AzərTAc-a bildirmişlər ki, seminarda yerli özünüidarəetmənin digər aktual məsələləri diqqət mərkəzində olmuş, yerli vergi və ödənişlərin toplanması, maliyyə vəsaitlərinin istifadəsi və s. problemlərin həlli istiqamətində tədbirlərin davamlı olmasının vacibliyi vurğulanmışdır.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə artıq əldə olunmuş müsbət nəticələrdən, yeni qəbul edilmiş qanunların və mövcud qanunlara edilmiş dəyişikliklərin bələdiyyələrin işinin təşkilində önəmli rolundan, mövcud problemlərdən, yerli özünüidarəetmənin inkişafında bələdiyyələrin üzərinə düşən vacib məsələlərdən danışmışdır.
Maliyyə və Vergilər nazirliklərinin nümayəndələri yerli büdcəyə vergilərin hesablanması və ödənilməsi, maliyyə hesabatlarının hazırlanması, bələdiyyələrdə mühasibat uçotunun təşkili, yerli büdcənin formalaşması məsələlərindən bəhs etmiş, bu proseslərin qanunun tələbləri çərçivəsində həyata keçirilməsini təmin etməklə bələdiyyələrin inkişafına nail olmağın mümkünlüyünü bildirmişlər.
Tədbirdə Auditorlar Palatasının üzvü Altay Cəfərovun hazırladığı "Bələdiyyələrdə mühasibat uçotunun təşkili" adlı kitabın təqdimatı olmuşdur.
Kitabda bələdiyyələrdə mühasibat uçotunun təşkili ilə bağlı praktiki materiallar əksini tapdığı üçün bu vəsaitin hər bir bələdiyyədə müvafiq işlə məşğul olan əməkdaşın stolüstü kitabına çevrilməsi tövsiyə edilmiş və bütün bələdiyyələrə kitabın bir nüsxəsi təqdim olunmuşdur.
Ötən il ərzində fəaliyyətlərində fərqlənmiş bələdiyyə nümayəndələrinə Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının mükafatları təqdim edilmişdir.
Sonda
Bələdiyyələrin Nümunəvi Reqlamentinin
onların fəaliyyətinin təşkilində mühüm əhəmiyyəti
nəzərə alınaraq, hər bir bələdiyyə
üçün onun daxili fəaliyyət məsələlərini
tənzimləyən müvafiq reqlamentin hazırlanması və
təsdiq edilməsi qərara alınmışdır.
Azərbaycan.-2013.- 8 fevral.- S.3.