Strateji Araşdırmalar Mərkəzində «Ermənistan iqtisadiyyatının təhlili» mövzusunda hesabat dinlənilmişdir

 

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) qurumun iqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Zaur Vəliyevin "Ermənistan iqtisadiyyatının təhlili" mövzusunda hesabatı dinlənilmişdir.

AzərTAc xəbər verir ki, hesabatda Ermənistanın iqtisadiyyatı, ölkədəki mövcud sosial vəziyyət, insanların yaşadığı çətin durum barədə məlumat verilmişdir.

Tədbiri açan SAM-ın direktoru Fərhad Məmmədov Ermənistandakı seçkiqabağı vəziyyətdən danışmış, bu ölkənin prezidentliyə namizədi Paruyr Ayrikyana qarşı edilmiş sui-qəsdi hazırkı hakimiyyətə çağırış kimi qiymətləndirmişdir.

F.Məmmədov qeyd etmişdir ki, Ermənistandan vətəndaşlıq əldə etmək üçün Avropa İttifaqı ölkələrinə müraciət edənlərin sayı getdikcə artır.

Qlobal iqtisadi və maliyyə böhranının Ermənistana kifayət qədər təsir göstərdiyini söyləyən Z.Vəliyev bildirmişdir ki, Dünya İqtisadi Forumunun "Rəqabətlilik Hesabatı 2012-2013" nəşrində Ermənistan 144 ölkə arasında 82-ci yerdə qərarlaşmışdır. Qeyd edilmişdir ki, Ermənistan iqtisadiyyatında vergi yükü kiçik və orta sahibkarlığın üzərinə düşür.

Daha sonra hesabatın təqdimatı keçirilmişdir. Bildirilmişdir ki, qlobal iqtisadi böhranın təsiri nəticəsində Ermənistanda ümumi daxili məhsul 14,1 faiz aşağı düşmüş, iqtisadiyyatın bir çox sahələrində geriləmə müşahidə edilmiş, xaricdən pul köçürmələri azalmışdır.

Ermənistanın Nəzarət (Hesablama) Palatasının dövlət büdcəsi ilə bağlı rəyində qeyd edilmişdir ki, əgər bu cür davam edərsə, ölkədə borc böhranı baş verəcəkdir.

Diqqətə çatdırılmışdır ki, nüfuzlu "Forbes" jurnalı 2011-ci ildə dünyanın 10 ən pis ölkəsi arasında Ermənistanı 2-ci yerdə göstərmişdir.

Z.Vəliyev, həmçinin qeyd etmişdir ki, hər il Ermənistanı minlərlə insan tərk edir, bu ölkənin əmək qabiliyyətli vətəndaşlarının sayı azalır. Mövcud demoqrafik vəziyyət ölkədə təbii artımın getdikcə zəiflədiyini göstərir. Son 3 il ərzində ölkəni tərk edən vətəndaşlar ümumi əhalinin 5 faizinə bərabərdir.

Hesabatda, həmçinin erməni diasporunun göndərdiyi vəsaitlərin ölkənin ümumi daxili məhsulunun 70 faizini təşkil etdiyi vurğulanmışdır.

Bildirilmişdir ki, seçki ilində Ermənistanda əməkhaqqı və pensiya üzrə artımlar nəzərdə tutulmamış, vergi yükü artırılmış, kommunal xərclər artırılmışdır. Yoxsulluq, işsizlik, sürətli qocalma, vətəndaşların ölkəni kütləvi tərketmə problemləri ilə üzləşən Ermənistanda vəziyyət daha da ağırlaşmaqdadır. Rəsmi statistikaya görə, ölkə üzrə yoxsulluğun səviyyəsi 35 faizdir. Ermənistanda 10 əyalətin 7-də yoxsulluq həddi 30 faizdən çoxdur. Son 3 ilin hesabatında Ermənistanda korrupsiya sahibkarlar qarşısında duran əsas problem kimi göstərilmişdir.

Sonda jurnalistlərin sualları cavablandırılmışdır.

 

 

Azərbaycan.-2013.- 8 fevral.- S.3.