Dönük insanların nə vətəni var, nə də milləti

 

Son günlərdə Azərbaycan cəmiyyətinin narahatlığına və qəzəblənməsinə səbəb olan, rus mətbuatında nəşr olunan Ə.Əylislinin "Daş yuxular" adlı əsəri bütün Azərbaycan gəncliyi kimi, Naxçıvan Müəllimlər İnstitutunun çoxsaylı tələbə kollektivini də sarsıtmışdır.

Azərbaycan Respublikasının dəstəyini ömrü boyu hiss etmiş, yüksək dövlət mükafatlarına layiq görülmüş, deputat seçilmiş Əkrəm Əylislinin ölkədən kənar mətbuatda özünün kal və məntiqsiz yuxularını sayıqlaması onun nə qədər cılız düşüncəli, yediyi çörəyə, udduğu havaya, üstündə gəzdiyi vətən torpağına, minlərlə soydaşımıza, bir sözlə, Azərbaycanımıza dönük çıxdığını göstərir.

Dönük insanların nə vətəni, nə milləti, nə isməti, nə qeyrəti, nə də təəssübü olur. Xalqımıza arxadan zərbə vuran Ə.Əylisli də bu yazısı ilə nankorluğunu, riyakarlığını sübut etmiş oldu. Bu yazı onun qan qrupunu müəyyənləşdirdi.

Düşmən dəyirmanına su tökən, bizim üçün artıq ermənidən fərqi qalmayan Ə.Əylisli bu yazını başqalarının, yəni "doğma"larının sifarişi ilə yazanda heç düşünübmü ki, onun ağırlığını çəkən Azərbaycan torpağı ona qucaq açıb qoynunda uyumasına imkan verəcək, ya yox? Bizcə, belə düşüncəli bir insanın bu vətəndə yaşamasına, xüsusən də Azərbaycanın xalq yazıçısı adını daşımasına heç bir mənəvi haqqı yoxdur.

Ə.Əylisli artıq mənən bu xalq üçün ölüdür. Onun yetişməsi və inkişafında əvəzsiz xidməti olan Azərbaycana "vətəndaş borcu"nu bu cür riyakarlıqla qaytaran Əkrəm  heç vaxt  bağışlanmayacaqdır.

 

Qəmər RƏHİMOVA,

Naxçıvan Müəllimlər İnstitutunun

Gənclər Təşkilatının sədri

 

Azərbaycan.-2013.- 8 fevral.- S.6.