Korrupsiya və rüşvətxorluğa
qarşı kəsərli mübarizə
tədbirləri davam etdirilir
Ölkəmizdə təhsil sisteminin müasir standartlar səviyyəsində təkmilləşdirilməsi, müasir tələblərə cavab verən təhsil sisteminin formalaşdırılması istiqamətində dövlət başçısının verdiyi göstərişlərin icrası ilə əlaqədar bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, təhsil sahəsinin inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillər mübarizə tədbirlərinin daha sistemli, davamlı və kompleks xarakter daşımasını şərtləndirir.
Belə ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının rektor müavini Mustafayev Vahid Qaflan oğlunun qanunsuz əməlləri barədə daxil olmuş material araşdırılmışdır.
Müəyyən edilmişdir ki, V.Mustafayev Vəliyeva Aygün Seyfəddin qızının filialın qiyabi şöbəsinə rəsmi qəbul imtahanlarından kənar qəbul etdirilməsi üçün atası Seyfəddin Vəliyevdən 2007-ci ildə 3200 ABŞ dolları, 2007-2011-ci tədris illəri üzrə hər semestr üçün çəkiləcək xərc, eləcə də A.Vəliyevanın guya təhsilini həmin filialda başa vurması barədə diplom veriləcəyi adı ilə ayrı-ayrı vaxtlarda 1900 manat məbləğində pulu aldatma yolu ilə alaraq 2012-ci ilin iyun ayında A.Vəliyevanın adına saxta diplom təqdim etmişdir.
Fakta görə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanmışdır.
Digər cinayət işi Bakı şəhər sakininin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbə inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Dadaşov Nazim Balarza oğlunun torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə 2010-cu il tarixli sənəd verilməsi müqabilində ondan 17 min manat məbləğində rüşvət tələb etməsi barədə müraciəti əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə başlanmışdır.
Daxil olmuş müraciət əsasında idarənin əməkdaşlarının fevralın 6-da keçirdikləri əməliyyat tədbirləri nəticəsində N.Dadaşov Bülbülə qəsəbəsində idarə etdiyi "Vaz-2106" markalı 10 XE 635 dövlət qeydiyyat nişanlı avtomobilində Bakı şəhər sakinindən 8 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır.
Baxış zamanı N.Dadaşovun idarə etdiyi avtomobilin salonundan rüşvət kimi aldığı 8 min manat məbləğində pul, xidməti otağından isə ayrı-ayrı vətəndaşlara məxsus cinayət təqibi üçün əhəmiyyət kəsb edən sənədlər hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürülmüşdür.
N.Dadaşov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda
qeyd edilən cinayət işləri üzrə tam, hərtərəfli
və obyektiv istintaq aparılmaqla, cinayətin digər
iştirakçılarının müəyyən edilərək
istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat
tədbirləri davam etdirilir.
Azərbaycan.-2013.- 8 fevral.- S.7.