Dövrün davası,
ayrılığın havası...
Anadan olmasının 110 ili tamam olan şuşalı Sürəyya xanım Türkiyənin ilk vəkil qadını olub. O Sürəyya xanım ki Azərbaycanın ictimai-siyasi, mədəni, ədəbi fikir tarixində böyük rol oynamış yazıçı, publisist, şərqşünas alim, dövlət xadimi Əhməd bəy Ağayevin 7 övladından biridir. Taleyin yazısı Əhməd bəy Ağayevi Türkiyədə mühacirət həyatına vadar edəndən onun ailəsi də özü ilə birlikdə qürbət eldə yaşamağa məcbur olub. Bəs kim idi Əhməd bəy Ağayev? Ədəbiyyatşünas alim Vilayət Quliyev bu unudulmaz insanı belə səciyyələndirib: "Əhməd Ağaoğlu XIX əsrin sonu XX yüzilliyin əvvəllərində təkcə övladı olduğu Azərbaycan xalqının deyil, bütün türk islam dünyasınınE ictimai-siyasi fikir tarixində diqqətəlayiq yer tutan görkəmli şəxsiyyətlərdən biridir".
Türk araşdırmaçıları da Şuşada doğulmuş bu hürriyyət və demokratiya aşiqini fəzilətlər və hürr dünyasının çox nadir şəxsiyyəti kimi dəyərləndirirdilər. Tanınmış türk nasiri Şükufə Nihal yazırdı: "Əhməd Ağaoğlu insanlığın az rastlaşdığı zənginlərdən idi. Alimdi, çalışqandı, mübarizdi, zəki idi, faydalı idi. Lakin mən bunların heç birinin üzərində durmuram. Ağaoğlunun əsl qiymət verdiyim tərəfi xarakterinin möhtəşəmliyi idi. O, insan idi, bütöv insan idi".
1869-cu ildə Şuşada doğulmuş Əhməd Ağaoğlu 1909-cu ildə İstanbula mühacirət edənə qədər bütün mənbələrdə Əhməd bəy Ağayev kimi göstərilib. Onun babası Mirzə İbrahim dövrünün tanınmış ilahiyyat alimlərindən olub. Eyni zamanda Qarabağda mahir xəttat kimi ad qazanmışdı. Atası Mirzə Həsən, əmisi Mirzə Məhəmməd Şərq təhsili almışdılar. Hər ikisi fars və ərəb dillərində mükəmməl danışır, hətta ruscaya da müəyyən bələdlikləri olub. İlahiyyatla yanaşı dünyəvi elmlərlə yaxından maraqlanıblar. Məhz belə bir ocaqda doğulan Əhməd Ağaoğlu əvvəlcə Şuşadakı rus gimnaziyasında oxuyub, sonra 1887-ci ildə Peterburqa gedərək texnologiya institutunda təhsil almaq istəyib. Lakin lazım olan balı toplaya bilmədiyindən bu rus şəhərinə "əlvida" deyərək Parisə yollanıb. Avropanın bu məşhur şəhəri onun dünyagörüşünün formalaşmasında böyük rol oynayıb. Əhməd bəy Ağaoğlu 1888-ci ildə Sorbonna Universiteti yanında Paris Hüquq Məktəbinin tələbəsi olub. Altı il Parisdə yaşayan Əhməd bəy Ağaoğlu 1894-cü ildə Şuşaya qayıdıb. Üç ildən sonra Bakıya köçən Ə.Ağaoğlu Əlimərdan Topçubaşovla birlikdə "Kaspi" qəzetinin redaktoru və əsas müəlliflərindən biri kimi fəaliyyət göstərib. Həmin vaxtlarda o, həm də Bakı Ali Ticarət Məktəbində fransız dilini tədris edib. 1901-1903-cü illər arasında onun bu qəzetin səhifələrində aktual, düşündürücü, əksər hallarda da ictimai fikri hərəkətə gətirən, dövrün problemlərini əks etdirən məqalələri çap olunurdu. Təbii ki, Ə.Ağaoğlu türk birliyi ideyasını ortaya atan, onun müdafiəsi naminə fəaliyyət göstərməsi onu sevməyənlərin, əleyhdarlarının xoşuna getmirdi. Bu səbəbdən də Əhməd Ağaoğluya qarşı müəyyən müqavimətlər göstərilirdi. Hətta böhtan kampaniyaları da təşkil edilirdi. Xüsusilə də ermənilər Əhməd Ağaoğlunun adı gələndə kin və qəzəblərini gizlədə bilmirdilər. Onu aradan götürmək üçün məqsədyönlü şəkildə pusqular təşkil edir, müxtəlif təxribatların həyata keçməsinə çalışırdılar. Bir sözlə, Əhməd Ağaoğlunu zərərsizləşdirmək üçün ermənilər əllərindən gələni əsirgəmirdilər. Yaşamaq, öz nəcib ideyalarını həyata keçirmək üçün Əhməd Ağaoğlu İstanbula getmək məcburiyyətində qalıb. Əlbəttə, milli mübarizənin genişləndiyi bir dövrdə Əhməd Ağaoğlunun Azərbaycandan uzaqlaşdırılması onun həmkarlarına, həmfikirlərinə ağır təsir etdi. Əhməd Ağaoğlunun başqa yolu da yox idi. Çar Rusiyası şəraitində məruz qaldığı siyasi və mənəvi təqiblərdən xilas olmaq üçün onun Türkiyəyə pənah gətirməsi dövrün davasından doğurdu. O, vətəni tərk edəndən geri dönmək ümidi ilə yaşayırdı. Amma qürbətdə 30 il yaşayan Əhməd Ağaoğlu bir daha doğma Qarabağa dönə bilmədi. Ayrılığın havası çox ağır oldu. Ömrü boyu Vətənini səngiməz bir məhəbbətlə sevən, onun azadlığı uğrunda can verməyə hazır olan Əhməd bəy Ağayevin ailəsində Sürəyya xanım da böyüyürdü. O, Şuşada doğulduğundan (1903), oranın ab-havası ilə nəfəs aldığından, ilk dəfə düşdüyü mühitə uyğunlaşa bilmirdi. Lakin atasının onunla fərdi çalışmağı və özünün inadkarlığı bir çox çətinlikləri arxada qoydu. Əhməd bəy əvvəlcə uşaqlarını elmli, bilikli görmək üçün onlara fransız dilini öyrətmək arzusuna düşdü. Elə bu məqsədlə də İstanbulda adla deyilən madam Kolbenin fransız məktəbi Əhməd bəyin diqqətini çəkdi. Vaxtilə özü də Parisdə fransız dilində ali təhsil almış bu azərbaycanlı ziyalı çox gözəl bilirdi ki, fransız dilinin vasitəsilə dünya ədəbiyyatının, klassiklərinin, filosoflarının əsərləri ilə tanış olmaq asanlaşar. Bu da övladlarının dünyagörüşünün artmasına səbəb olar. Fransız dilini az-çox atasından öyrənən Sürəyya Ağaoğlu demək olar ki, çox sürətlə bu dili mənimsədi. Ona görə də az çəkmədi ki, o, İstanbulda başqa bir məktəbə dəyişildi. "İttihad" adlanan bu məktəb də bağlandığından Sürəyya xanım "Bəzmi-aləm" qız liseyində təhsil almalı olub. Kiçik Sürəyyanın inkişafında təkcə məktəb həyatı yox, eyni zamanda öz ailələrindəki mühit, atasının dostları, eləcə də Türkiyənin o dövrdəki görkəmli yazıçıları, tarixi simaları təsirli rol oynamışlar. Əli bəy Hüseynzadə, Ziya Göyalp, Fuad Köprülü, Abdulla Cövdət kimi şəxsiyyətlər tez-tez onların ailələrində qonaq olardılar. Təsadüfi deyildi ki, o vaxtlar Türkiyədə yaşayan azərbaycanlı mühacirlər müntəzəm olaraq Əhməd bəygilə yığışardılar. Onların söhbətləri, Azərbaycanla bağlı dərin həsrətləri Sürəyya xanıma bir tərəfdən həm ciddi təsir edir, bir tərəfdən də yetkinləşməsinə səbəb olurdu. Hələ kiçik yaşlarından onun qəlbinə, beyninə həkk olunmuşdu ki, onların əsl Vətəni Azərbaycandır. Uşaqlığını keçirdiyi Şuşa bir an da olsun Sürəyya xanımın gözlərindən çəkilmirdi.
1921-ci ildə Sürəyya xanım liseydə təhsilini bitirdikdən sonra İstanbul Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Bir məsələ də çox maraqlıdır ki, Sürəyya Ağaoğlu ilk türk qadını idi ki, kişilərlə bir yerdə təhsil alırdı. Bu, o vaxt Türkiyədə bir canlanmaya, eləcə də təəccübə, heyrətə səbəb olmuşdu. Bu gün bu fərəhi bir daha içimdən keçirirəm ki, məhz bu işdə də birinci xanım şuşalı qızı olmuşdur. Universitet illəri Sürəyya xanımın biliyini daha da zənginləşdirdi. O, yenə də bir çox xarici dilləri öyrənməklə yanaşı, yaxşı hüquqşünas olmaq üçün tez-tez məhkəmələrə gedir, müəyyən prosesləri izləyir, təcrübə toplayırdı. Universiteti bitirdikdən sonra Sürəyya xanım Türkiyə tarixinə düşmüş ilk vəkil qadın oldu. Ömrünün 65 ilini sərbəst vəkilliyə həsr etmiş Sürəyya xanım 1948-ci ildə Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinə üzv seçilmiş, daha sonra iki il həmin cəmiyyətin prezidenti olmuşdur. 1949-cu ildə Beynəlxalq Vəkillər Komissiyasına seçilən yeganə qadın hüquqşünas idi. 1950-ci ildə hüquqşünasların Berlində keçirilən beynəlxalq qurultayının təsisatçılarından və fəal təşkilatçılarından olmuşdur. Bütün ömrü boyu ictimai işlərə maraq göstərən, bu yolda qızğın fəaliyyət sahibi Sürəyya xanım bir müddət "Fikirləri azad yayma" cəmiyyətinə rəhbərlik etmiş, "Uşaqların dostu" cəmiyyətinin yaradıcısı və sədri olmuş, eləcə də Universitet Qadınları Cəmiyyətinin əsasını qoymuşdur.
Sürəyya xanım Ağaoğlu təkcə hüquqşünas deyildi. O, həm də mətbuat aləmində tez-tez imzası görünən bir publisist idi. O, "Londonda gördüklərim", "Bir ömür də belə keçdi" kitablarının müəllifidir. Sonuncu kitabda Sürəyya xanım öz ailələrinin timsalında Azərbaycandan uzaq düşmüş mühacirlərin həyatından, ictimai-siyasi fəaliyyətindən bəhs etmişdir. Sürəyya xanım öz xatirələr kitabında yazırdı: "Atamın düşüncəsinə hakim olan fransız fikri həyatının təsiri altında çox açıq və aydın düşüncəli yetişirdik. Atamın hürr demokratik fikirləri bizim gənc beyinlərimizə o qədər dərin işləmişdi ki, Səlcuq Xatın Liseyinin yeddinci sinfində arkadaşlarımla ağlımın hökmü ilə respublika rejimi barəsində mübahisələr edirdim. Və hələ o zamanlar vəkil olmağa qərar vermişdim".
Onunla bağlı vikipediya olan bir məlumatda oxuyuruq: "1921-ci il iyulun 18-də erməni qatil Torlakyan İstanbulun "Pera-Palas" hotelinin önündə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşiri üç güllə ilə qətlə yetirir və həbs olunur. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir. Sürəyya Ağaoğlu hüquqşünas tələbə kimi iştirak etdiyi bu tarixi məhkəmənin yekunu barədə "Bir ömür də belə keçdi" adlı memuarında yazır: "Nəhayət, məhkəmə bitdi. Prokuror qatil üçün ölüm cəzası istədi. Bu tələb hətta bizi çaşdırdı. Lakin prokuror 24 saat içərisində Türkiyədən uzaqlaşdırıldı. Yerinə gələn prokuror isə müttəhimə bəraət istədi və qatil Torlakyan gecə ikən qaçırıldı". Məhkəmədən illər sonra Sürəyya Ağaoğlu Londonda olarkən prokuror Rickatson Hatt ilə görüşür. Görüş zamanı həmin prokuror məlum məhkəmənin sədri ilə Çində görüşdüyünü və sədrin ona türklərin bu davada haqlı olduğunu söyləyir. Sürəyya Ağaoğlu Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitetlər Dərnəyinin təməlqoyucusudur".
Ömrü boyu Vətən həsrəti ilə nəfəs alan, onu görmək üçün dəridən-qabıqdan çıxan Sürəyya xanım 73 il ayrılıqdan sonra ilk dəfə Bakıya gəlmişdir. Lakin o zaman şərait elə idi ki, o, doğma Şuşasına gedə bilməmişdi. 1989-cu ildə Bakıda atası Əhməd bəy Ağayevin anadan olmasının 120 illiyi ilə əlaqədar yubiley sessiyası keçirilməli idi. Sürəyya Ağaoğlu da dəvət almışdı. Bu dəfə ona söz vermişdilər ki, arzusu çin olacaq, onu mütləq Şuşaya aparacaqlar. Nə acılar ki, amansız ölüm imkan vermədi. Yazıçı-jurnalist Vasif Quliyev "Ən yaxın dost" kitabında yazır ki, ölümündən bir il qabaq İstanbulda yaxın qohumu ilə görüşən Nigar xanım Axundova Sürəyya xanımdan bu sözləri eşitmişdi: "Məndən soruşanda ki, Vətənin haradır? Cavab verirəm: Şuşada doğulmuşam, orada dil açmış, ilk addım atmış, yeriməyə başlamışam. Ulduzlu səmanı ilk dəfə orada seyr etmişəm, güllərinin ətrini ilk dəfə orada duymuşam. Azərbaycan dilində bir söz, söhbət, musiqi eşidəndə uşaqlıq xatirələrim məni öz qoynuna alır".
Sürəyya Ağaoğlu 80 il vətəndən uzaqda, Qarabağ, Şuşa həsrəti ilə ömür sürdü. Ən böyük arzusu ömrünün ahıl çağında da olsa Azərbaycana gəlmək, bu doğma yerlərdə torpağa qovuşmaq idi. Amma əcəl buna imkan vermədi. Onun ölümü türk ictimaiyyətini də dərindən kədərləndirdi. 1989-cu ildə "Cümhuriyyət" qəzeti Sürəyya xanımın vəfatı ilə əlaqədar dərc etdirdiyi nekroloqda yazırdı: "...Türkiyə Cümhuriyyətinin qurulmasında Atatürk yanında yer alan professor Əhməd Ağaoğlunun qızı və Menderes dönəminin Başbakan yardımçısı Səməd Ağaoğlunun kardeşi olan Sürəyya Ağaoğlunun cənazəsi bu gün Türkiyə camisində qılınacaq öylə namazından sonra Ferigöy məzarlığında torpağa veriləcək".
Ömrünə həyatın ən dəhşətli ayrılığı - qəriblik düşən Sürəyya Ağaoğlu bütün ağrıların, çətinliklərin içindən çox mərdliklə sıyrılaraq özünün mənliyini təsdiq etdi, Azərbaycan qadınının ləyaqətini yaşatdı. Onun daxilindəki güc, aldığı tərbiyə, təhsil, gendən gələn ağayanalıq, xanımlıq ona yardım etdi ki, yad ellərdə də öz zəkası və fəaliyyəti ilə seçildi, Türkiyə tarixinin yaddaqalan, işıqlı şəxsiyyətlərindən birinə çevrildi.
İndi zaman dəyişib, yollar açılıb. Dünyaya səpələnmiş soydaşlarımız min bir arzu və həvəslə öz əzəli Vətənlərinə üz tutur, doğma Bakının görüşünə gəlirlər. Təəssüf ki, bu, bir çox vətənpərvər ziyalılarımıza, ictimai-siyasi xadimlərimizə, eləcə də gözəl-göyçək bir xanımımıza, qürbətə düşəndən Şuşa həsrəti çəkən Sürəyya Ağaoğluna qismət olmadı. Bu, kövrək duyğuların içində tapındığımız bir inam bizi sevindirir. O, elə bir əməl və fəaliyyət yiyəsi olub ki, Sürəyya Ağaoğlunu nəinki şəxsən tanıyanlar, hətta onu sonradan oxuyub bilənlər də bu nəcib qadının xidmətləri qarşısında baş əyir, ondan öyrənir və unutmurlar. Bir xoş hadisədən də xəbərdarıq ki, bu unudulmaz insanın övladları, nəvələri var! Nə qədər ki ağaclar pöhrələyir, demək, heç bir quraqlıq ormanların yaşıl hüsnünü soldura bilməz. Ağaoğlular nəslinin nümayəndələrinin Qarabağa mütləq dönəcəkləri gün olacaq!..
Flora XƏLİLZADƏ
Azərbaycan.-2013.- 8 fevral.- S.7.