Serbiya Prezidenti Tomislav
Nikoliçin Azərbaycana rəsmi səfəri
Bakıda görkəmli serb alimi
Nikola Teslanın abidəsi açılmışdır
Azərbaycan Prezidenti İlham Əliyev
və Serbiya Prezidenti Tomislav Nikoliç
açılışda iştirak etmişlər
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli cənab Prezident!
Hörmətli
xanım Nikoliç!
Hörmətli
dostlar, əziz qonaqlar!
Bu
gün Serbiya-Azərbaycan əlaqələrinin tarixində
çox əlamətdar bir gündür. Bu gün serb
xalqının böyük oğlu, görkəmli alim Nikola
Teslanın abidəsi Bakıda açılır. Bu münasibətlə
mən sizin hamınızı ürəkdən təbrik edirəm.
Mən çox şadam ki, artıq Bakıda da görkəmli
alim, dünya miqyaslı ixtiraçı Nikola Teslanın abidəsi
vardır. Nikola Tesla dünya elminə çox böyük
töhfələr vermişdir və onun xatirəsi dünyada
böyük hörmətlə yad edilir.
Bu gün bu mərasimdə Serbiyadan gəlmiş qonaqlar və eyni zamanda, Azərbaycan alimləri iştirak edirlər. Artıq bu yer, bu park Serbiya-Azərbaycan dostluğu parkıdır. Ümumiyyətlə, serb və Azərbaycan xalqlarının görkəmli nümayəndələrinin şərəfinə həm Serbiyada, həm Azərbaycanda ucaldılmış abidələr xalqlarımızı, ölkələrimizi daha da sıx birləşdirir. İl yarım bundan əvvəl Belqradda ulu öndər Heydər Əliyevin abidəsi ucaldılmışdır və eyni zamanda, görkəmli serb yazıçısı Milorad Paviçin abidəsi ucaldılmışdır. Mən çox şadam ki, bu abidələrin yerləşdiyi ərazidə - məşhur Daşmeydan parkında Azərbaycan memarlarının izi artıq görünür. Novi Sad şəhərində isə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstü ucaldılmışdır. Mən Novi Sadda olarkən orada görülən işlərlə tanış olmuşdum və Azərbaycan tərəfindən bərpa edilmiş sahilyanı parkın gözəlliyinə vurğun olmuşdum.
Bir daha demək istəyirəm ki, bu əlamətdar hadisələr hər iki xalqın və dövlətin digər xalqın görkəmli nümayəndələrinə olan hörmətinin əlamətidir və eyni zamanda, Serbiya-Azərbaycan dostluğunun təzahürüdür. Nikola Teslanın abidəsinin Serbiya Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı açılması əlbəttə ki, bu hadisəyə əlavə məna verir.
Bu gün Serbiya-Azərbaycan əlaqələri öz inkişaf dövrünü yaşayır. Bu gün həmkarımla apardığım danışıqlar və fikir mübadiləsi bir daha göstərir ki, ölkələrimiz bir-birinə çox yaxındır. Biz tərəfdaşıq, dostuq və bu səfər dostluğumuzu daha da möhkəmləndirəcəkdir. Bizim ikitərəfli əlaqələrimizin gündəliyi çox genişdir, əlbəttə, siyasi, iqtisadi və sosial məsələləri əhatə edir. Onların içində humanitar sahədə əməkdaşlığın da xüsusi yeri vardır. Mən çox istərdim ki, elm, mədəniyyət, incəsənət sahəsində də əməkdaşlığımız inkişaf etsin və hesab edirəm ki, bu abidənin Bakıda açılması bu istiqamətdə atılan mühüm addımdır. Bakı şəhərinin mərkəzində, Bakı şəhərinin bu qədim yerində yerləşən bu abidə və yaradılan bu park əslində, Serbiya-Azərbaycan dostluğuna ucaldılmış bir abidədir. Əminəm ki, Bakıda yaşayan serblər və əlbəttə, yerli sakinlər buraya gələrkən bir-biri ilə daha da sıx dostluq münasibətlərini quracaqlar.
Əziz
dostlar, bir daha hamımızı bu gözəl hadisə
münasibətilə ürəkdən təbrik edirəm.
Sağ olun.
Azərbaycan.-2013.- 9 fevral.- S.4.