Milli Məclisdə
görüşdə Azərbaycan ilə Serbiya arasında əlaqələrin
inkişaf perspektivlərindən
danışılmışdır
Azərbaycana
rəsmi səfəri çərçivəsində Serbiya
Prezidenti Tomislav Nikoliç fevralın 8-də Milli Məclisdə
olmuşdur. AzərTAc xəbər verir ki, Serbiya Prezidenti
Tomislav Nikoliç əvvəlcə parlamentin iclas zalları
ilə tanış olmuş, deputatların normal fəaliyyəti
üçün yaradılmış şərait, burada
müasir texnologiyaların tətbiqi, qanun
yaradıcılığı prosesi ilə
maraqlanmışdır.
Sonra
ali qonaq parlamentdəki Heydər Əliyev Xatirə zalına
baxmışdır. Serbiya Prezidentinə parlamentin
formalaşmasında, beynəlxalq əlaqələrinin
qurulmasında ulu öndərin misilsiz xidmətləri, qəbul
edilən mühüm sənədlər barədə məlumat
verilmişdir.
Serbiya
Prezidenti xatirə kitabına ürək sözlərini
yazmışdır.
Sonra
Serbiya Prezidenti Tomislav Nikoliç Milli Məclisin Sədri Oqtay
Əsədovla görüşmüşdür.
Oqtay Əsədov ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışmış, qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamışdır. Azərbaycan ilə Serbiya arasında əlaqələrin yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd edən O.Əsədov demişdir ki, qarşılıqlı səfərlər və keçirilən görüşlər zamanı aparılan danışıqlar, imzalanmış çoxsaylı sənədlər münasibətlərimizin müxtəlif sahələrdə inkişafı üçün geniş imkanlar açmış, möhkəm hüquqi baza yaratmışdır. İqtisadi sahədə əməkdaşlığımız hələlik istənilən yüksək səviyyədə olmasa da, ümid edirik ki, yeni yaradılmış iqtisadi komissiya bu sahənin də inkişafında mühüm rol oynayacaqdır.
Milli Məclisin Sədri dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu vurğulamış, deputatlarımızın beynəlxalq təşkilatlardakı birgə əməkdaşlığını yüksək qiymətləndirmişdir. O.Əsədov Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi barədə ali qonağa ətraflı məlumat vermiş, problemin ədalətli həlli ilə bağlı rəsmi Bakının mövqeyini diqqətə çatdırmışdır.
Azərbaycana səfərindən məmnunluğunu bildirən Serbiya Prezidenti Tomislav Nikoliç ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşmüş, Bakıda keçirdiyi görüşlərin gələcək əməkdaşlığa yaxşı töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir. Uzun müddət Serbiya parlamentinin deputatı olduğunu vurğulayan ali qonaq dövlətlərarası əməkdaşlığın inkişafında qanunverici orqanların rolunu xüsusi qeyd etmişdir.
Sonda
Serbiya Prezidenti Azərbaycan parlamentinə gələcək fəaliyyətində
uğurlar arzulamışdır.
AzərTAc
Azərbaycan.-2013.- 9 fevral.- S.5.