İnkişaf və quruculuq məkanı
Qaradağ rayonu sosial-iqtisadi yüksəlişin yeni mərhələsinə qədəm qoyur
Artıq neçə illərdir ki, müstəqil Azərbaycan dövləti inkişaf templərinə görə dünyada öncül mövqeyə malikdir. Bu sürətli inkişaf xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi sayəsində mümkün olub. Ölkəmiz regional və dünya əhəmiyyətli iri iqtisadi layihələri uğurla gerçəkləşdirir, hüquqi cəmiyyət yolunda möhtəşəm nailiyyətlərə imza atır. Bütün bunlar təsdiq edir ki, Azərbaycan bütün sahələrdə bir-birinin ardınca əldə etdiyi mühüm nailiyyətlərlə öz böyük gələcəyinin etibarlı təməlini qoyan bir ölkədir.
Qısa zaman kəsiyində Azərbaycan inkişafın özünəməxsus modelini yaratdı. Azərbaycanın intibah yolu artıq bir çox dünya ölkələri üçün ən uğurlu nümunələrdən birinə çevrilib. Diqqəti cəlb edən məsələlərdən biri də inkişaf modelinin sosialyönümlülük prinspinə əsaslanmaqla bu sahədə problemlərin kompleks həllinə hesablanmasıdır. Fərəhli haldır ki, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyət müddəti ərzində Azərbaycan əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun orta artım tempinə görə dünya dövlətlərinin reytinq cədvəlində liderlər sırasında qərar tutub. 2012-ci ildə Azərbaycanda ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft sektoru 9,7 faiz artıb və valyuta ehtiyatlarımız 45 milyard dollardan çox olub. Elə bunun məntiqi nəticəsidir ki, Dünya Bankının hesabatlarında biznesin aparılması üçün Azərbaycan yüksək yerlərdədir. Ümumdünya Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 46-cı yerdə, MDB məkanında isə 1-ci yerdədir.
Qazanılan uğurlarda Qaradağ rayonunun öz yeri var
Bu gün modern inkişaf yolunda uğurla addımlayan Azərbaycan üçün əsas xarakterik xüsusiyyətlərdən biri qazanılan nailiyyətlərin miqyasının davamlı olaraq genişlənməsi, daha böyük nəticələrin əldə olunmasıdır. Bütün bu uğurlarda ölkənin digər regionları kimi, Bakının Qaradağ rayonunun da öz yeri var.
Qaradağ rayonu 1923-cü ildə inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılıb. Rayonun adı Cənubi Qafqazda ilk dəmir yolu stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır. Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir. Rayonun mərkəzi şəhərtipli Lökbatan qəsəbəsidir. Rayonun ikinci böyük yaşayış məskəni Sahil qəsəbəsidir. Qaradağ rayonunun ərazisi 1080 km2, əhalisi 113 min nəfərdən çoxdur. Xəzər dənizinə çıxışı olan rayon Yasamal, Binəqədi, Səbail, Şamaxı, Salyan, Hacıqabul rayonları və Şirvan şəhəri ilə həmsərhəddir.
Qaradağ Rayon İcra Hakimiyyətində dünən keçirilən müşavirədə ötən ilin yekunlarına nəzər salındı, qarşıda duran vəzifələr təhlil olundu. Bununla bağlı Qaradağ RİH-nin başçısı Süleyman Mikayılovun məruzəsində qeyd edildi ki, ötən illərdə olduğu kimi, 2012-ci ildə də Qaradağ rayonunun sosial-iqtisadi həyatında inkişaf dinamikası qorunub saxlanılıb və bir sıra sahələrdə yüksək göstəricilər əldə olunub. Öncə sənayenin inkişafına nəzər yetirək. Belə ki, ötən il rayonun sənaye sahələrində 567 milyon 774,1 min manatlıq və ya əvvəlki 2011-ci illə müqayisədə 16,5 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayedə qeyri-dövlət müəssisələri tərəfindən 236 milyon 215,4 min manatlıq və ya ümumi istehsalın 41,6 faizi, dövlət müəssisələri tərəfindən isə 331 milyon 558,7 min manatlıq və ya ümumi istehsalın 58,4 faizi qədər sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 411,6 min ton xam neft və 349,9 milyon kubmetr təbii qaz hasil olunub. Həmçinin rayon üzrə 1 milyon 558,2 min ton sement istehsal edilib.
Nəqliyyat sektorunda 22 milyon 740,6 min manatlıq xidmətlər göstərilib. Bu 2011-ci ilin müvafiq dövrünə nisbətdə 39,4 faiz çoxdur. Sərnişindaşıma xidmətində mövcud olan problemlərin həlli istiqamətlərində bir çox məqsədyönlü işlərin görülməsinə baxmayaraq, rayonun bəzi qəsəbələrarası marşrutlarının yeni, iritutumlu avtobuslarla təmin olunmasına və rayon üzrə bütün marşrutlarda sərnişinlərə xidmətin keyfiyyətinin artırılmasına ehtiyac hələ də qalmaqdadır.
Ötən il Qaradağ rayonunun sosial-iqtisadi sahələrinin inkişafına 369 milyon manatdan artıq investisiya qoyulub. Bunun nəticəsidir ki, rayonda sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, yeni istehsal müəssisələrinin tikintisi və iş yerlərinin açılması istiqamətlərində də xeyli iş görülub. Buna misal olaraq Putada "Xəzər-Boru" şirkətinin İstehsalat Bazasının və Metanol zavodunun, Səngəçalda "AAC" MMC-nin Qazobeton blokları və "As Kompani" MMC-nin əhəng istehsalı müəssisələrinin tikintisinin başa çatdırılmasını göstərmək olar. Bunlarla yanaşı, Sahil qəsəbəsinin inzibati ərazisində Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə "Holcim-Azərbaycan" ASC-nin yeni Sement zavodu, Qaradağ Metal Konstruksiyalar zavodu istifadəyə verilib. Təkcə bu iki müəssisənin işə düşməsi 350-yə yaxın yeni iş yerinin açılması deməkdir.
Bütövlükdə, 2012-ci il ərzində rayonda 1310 yeni iş yeri açılib. Bununla da 2004-cü ildən bugünədək Qaradağda açılmış daimi iş yerlərinin sayı 9219-a çatıb. Yaxın vaxtlarda rayonun Ələt qəsəbəsində Beynəlxalq Dəniz Limanının, Sahil qəsəbəsində Gəmiqayırma zavodunun inşası kimi nəhəng layihələrin icrası nəticəsində rayonda yüzlərlə yeni iş yeri açılacaq.
Rabitə müəssisələri tərəfindən ötən müddət ərzində 1 milyon 649,0 min manatlıq və ya 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,4 faiz çox rabitə xidmətləri göstərilib. Xidmət müəssisələri tərəfindən isə əhaliyə 83 milyon 653,1 min manatlıq və yaxud 2011-ci ilin müvafiq dövrünün səviyyəsindən 6,1 faiz çox pullu xidmətlər göstərilib. Pullu xidmətlər əsasən özəl bölmə tərəfindən həyata keçirilib.
Hesabat
ilində rayonda orta aylıq əməkhaqqı 2011-ci ilin
müvafiq dövrü ilə müqayisədə 18,7 faiz
artaraq 731,6 manata, sənayedə çalışanların isə
21,6 faiz artaraq 966,4 manata çatıb ki, bu da ümumrespublika
göstəricilərindən yüksəkdir.
Qaradağ
rayonunun tarixində əlamətdar il
Bu uğurların nəticəsində
ötən il özünəməxsus ənənələri
ilə seçilən Qaradağ rayonunun tarixində,
qaradağlıların həyatında böyük fərəh
hissləri doğuran əlamətdar il kimi yadda qaldı.
2012-ci ilin əlamətdar tarixə çevrilməsinin digər
səbəbi ötən il Prezident İlham Əliyevin
Qaradağ rayonuna bir neçə dəfə səfər etməsidir.
Dövlət
başçısı Sahil qəsəbəsində müasir
standartlar səviyyəsində inşa olunan "Holcim-Azərbaycan"
ASC-nin yeni Sement zavodunun, Qaradağ Metal Konstruksiyalar zavodunun, Ələt
qəsəbəsindəki 32 saylı poliklinikanın, Qobustan qəsəbəsində
330 saylı orta məktəbin, Müşfiqabad qəsəbəsində
67 saylı körpələr evi-uşaq
bağçasının, qaçqınlar üçün
salınmış yeni yaşayış məhəlləsinin
açılışlarında şəxsən iştirak etməsi,
Sahil qəsəbəsində aparılan quruculuq-abadlıq
işləri ilə yerində tanış olmağı ilə
rayon əhalisinə hədsiz sevinc bəxş edib.
Bu səfərlər
zamanı Prezident İlham Əliyev son dövrlərdə
Qaradağ rayonunda həyata keçirilən
genişmiqyaslı quruculuq və abadlıq işlərini
yüksək dəyərləndirib və sürətli
sosial-iqtisadi inkişafın sayəsində rayonun Azərbaycanın
güclü sənaye mərkəzinə çevrildiyini qeyd
edib. Bütün bu tarixi səfərlər və rayonda
görülən işlərə verilən yüksək qiymət
ölkə rəhbərinin Qaradağ rayonuna və onun sakinlərinə
xüsusi münasibətinin, gündəlik diqqətinin, həssas
qayğısının parlaq təzahürü və bariz
nümunəsidir.
Prezident
İlham Əliyevin təşəbbüsü ilə qəbul
olunan müvafiq dövlət proqramında rayonun sosial problemlərinin
həlli üzrə təkliflərin nəzərə
alınması, "Bakı şəhəri Qaradağ
rayonunun Ələt və Qobustan qəsəbələrinin
sosial-iqtisadi inkişafının sürətləndirilməsi
ilə bağlı tədbirlər haqqında" sərəncamı
ölkə rəhbərinin bu rayona diqqətinin və
qayğısının parlaq təzahürləridir.
Dövlət
proqramı rayonun inkişafına böyük təkan verir
Hazırda uğurla həyata keçirilməkdə olan "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" Bakı şəhərinin, o cümlədən Qaradağ rayonunun inkişafında, yaşayış məskənlərinin sosial infrastrukturun müasir tələblərə uyğun şəkildə qurulmasında böyük rol oynayır. Proqramın icrası ötən il də uğurla davam etdirilib.
Süleyman Mikayılovun sözlərinə görə, dövlət proqramına uyğun olaraq rayonun bütün qəsəbələrində müasir texnologiyalar əsasında ATS-lərin nömrə tutumlarının, internet xidmətlərinin artırılması işləri aparılır. Qobustanda yeni ATS, Ələt qəsəbəsinin Şıxlar yaşayış məntəqəsində poçt şöbəsi inşa edilib. Korgöz qəsəbəsində yeni poçt şöbəsi tikilib əhalinin istifadəsinə verilib.
Proqrama əsasən 2012-ci il ərzində rayon əhalisinin asudə vaxtının səmərəli təşkili, mədəni-məişət şəraitinin yaxşılaşdırılması üçün mövcud park və xiyabanda, məhəllədaxili ərazilərdə nümunəvi həyətin yaradılmasında, uşaq meydançalarında və avtomobil yollarında geniş abadlıq və quruculuq işləri aparılıb.
Ötən il Bakı-Astara magistral avtomobil yolunun rayon ərazisindən keçən sol və sağ hissələrinin kənarlarında nəzərdə tutulmuş istinad divarlarının tikintisi də həyata keçirilib. İl ərzində rayon ərazisində 31 obyektdə təmir-tikinti işləri görülüb. O cümlədən 16 obyektdə işlər tam başa çatdırılıb, 15 obyektdə isə işlər davam etdirilir.
Rayon ərazisində olan yollara və məhəllədaxili həyətlərə 146180 kvm asfalt döşənmişdir. Asfaltlanmış küçələrdə, məhəllədaxili yollarda və yaşayış binalarının həyətlərində bordürlər qurulub, səkilər tikilib və 259 ədəd küçə işığı quraşdırılıb. Hazırda rayonun qəsəbələrində bu işlər davam etdirilir və proqram üzrə yaxın iki il ərzində demək olar ki, bütün məhəllədaxili yolları əhatə edən 2 milyon kvmetr sahə asfaltlaşdırılacaq.
Uzun illərdən bəri fasadları və dam örtükləri yararsız vəziyyətdə olan 25 çoxmərtəbəli yaşayış binası təmir edilib. Rayon üzrə 28657 kvm dam örtüyü təmir edilib. 23 çoxmərtəbəli yaşayış binasının zirzəmisində olan 1340 metr, çölündə isə 428 metr kanalizasiya xətləri və 1580 p/m daxili su xətləri təmir olunub, magistral küçələrdə 9650 p/m yeni magistral kanalizasiya xətti çəkilib. İl ərzində rayon üzrə yaşıllıq zolaqlarının genişləndirilməsi məqsədi ilə 6470 ədəd müxtəlif növ ağac, gül və bəzək kolları əkilib.
Qobustan qəsəbəsində yanğın nəticəsində sıradan çıxmış, eləcə də digər qəzalı evlərdə yaşayan sakinlərin köçürülməsi üçün 40 mənzilli beşmərtəbəli binanın tikintisi başa çatdırılıb. Yaxın vaxtlarda yeni mənzillər sakinlərin istifadəsinə veriləcək.
Hazırda dörd müxtəlif istiqamətdən rayonun ərazisinə giriş hissələrində xüsusi konstruksiyalı göstəricilərin inşası və Bakı-Astara (Qazax) magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində təxminən 30 km sahəni əhatə edən abadlıq işləri davam etdirilməkdədir.
Qaradağ rayonunda ekoloji sabitliyin qorunması, ətrafda olan göllərin qurudulması da müvafiq dövlət proqramı əsasında həyata keçirilməkdədir. Qeyd edək ki, rayonun ümumi kanalizasiya sisteminin bərbad halda olması, yeraltı və yerüstü kanalizasiya sularının ətrafında olan gölə axma nəticəsində göllərin səviyyəsinin qalxmasında ətrafda olan kommunikasiya xətləri, avtomobil yolları su altında qalaraq bərbad vəziyyətə düşüb. Hazırda dövlət proqramına əsasən rayon ərazisində mövcud olan göllərin qurudulması üçün Lökbatan qəsəbəsinin inzibati ərazisində yer ayrılıb və təmizləyici gücü sutkada 200 min kubmetr olan qurğunun tikinti işləri davam etdirilir.
Ötən ildə rayon əhalisinin və sosial obyektlərin enerji daşıyıcıları və kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətlərində xeyli işlər görülub. Rayonun enerji daşıyıcıları ilə təminatı sistemində elə bir ciddi problem müşahidə edilməsə də, hazırda dövlət proqramı çərçivəsində qəsəbələrin, xüsusi ilə də yeni salınmış yaşayış massivlərinin elektrik enerjisi və təbii qazla təchizatının daha da yaxşılaşdırılması üçün zəruri tədbirlər həyata keçirilməkdədir.
Əhalinin
içməli su ilə təchizatının və kanalizasiya
xidməti ilə təminatının
normallaşdırılması üçün bir sıra
işlər görülüb. Belə ki, Qaradağ Su Kanal
Departamenti tərəfindən 9644,5 p/m müxtəlif diametrli
su xətti dəyişdirilib və 20 ədəd siyirtmə
quraşdırılıb. Bu istiqamətdə
işlər davam etdirilir.
Məişət və istehsalat tullantılarının yığılması, daşınması və zərərsizləşdiriləsi sahəsində müəyyən işlər görülüb. Yararsız vəziyyətdə olan 31 ədəd zibilxana yenidən tikilib istifadəyə verilib. Dövlət proqramının aparıcı istiqamətlərindən birini təşkil edən paytaxtətrafı qəsəbələrin su və kanalizasiya təchizatı sistemlərinin əsaslı şəkildə yenidənqurulması işlərinə başlanması 2013-cü ilədək Qaradağ rayonunda bu sahələrdə mövcud olan problemlərin böyük əksəriyyətinin həll olunması ilə nəticələnəcək.
Təhsil, səhiyyə, mədəniyyət
sahələrində vəziyyət ürəkaçandır
RİH başçısı Süleyman Mikayılov Qaradağ rayonunda humanitar sahələrdə dövlət siyasətinin layiqincə həyata keçirilməsi, təhsil, səhiyyə, mədəni-maarif müəssisələrinin tikintisi və təmiri ilə bağlı görülən işlərdən də danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin "Bakı şəhəri Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" 6 aprel 2011-ci il tarixli 1417 saylı sərəncamına uyğun olaraq Qobustan qəsəbəsində 800 şagird yerlik 330 nömrəli yeni ümumtəhsil məktəb binasının tikintisi başa çatıb.
Ötən ilin dekabrında Müşfiqabad qəsəbəsindəki 67 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmir olunduqdan sonra körpələrin istifadəsinə verilib. 220 yerlik bağçada körpələrin təlim-tərbiyəsi üçün hər cür şərait nəzərə alınıb. Burada yeməkxana, həkim, musiqi və digər otaqlar var. Bağçanın ətrafında geniş abadlıq işləri görülüb, uşaqların istirahəti üçün müxtəlif attraksionlar quraşdırılıb.
Dövlət proqramına əsasən 2013-cü ildə Qızıldaş qəsəbəsindəki 180 nömrəli orta məktəb üçün 15 əlavə sinif otağının tikintisi, Sahil qəsəbəsindəki 253 və 273, Lökbatan qəsəbəsindəki 233 nömrəli orta məktəblərin, Sahil qəsəbəsindəki 301 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmiri, eyni zamanda Lökbatan qəsəbəsində şagird sıxlığına görə 960 şagird yerlik yeni məktəb binasının, Ümid, Qızıldaş, Müşfiqabad və Lökbatan qəsəbələrində hər biri 120 yerlik olmaqla yeni uşaq bağçalarının tikintisi nəzərdə tutulub. Ümumiyyətlə, 2013-cü ildə Qaradağ rayonu üzrə 16 təhsil müəssisəsinin əsaslı təmiri və ya yenidən inşası planlaşdırılır.
Rayonda prioritet istiqamətlərdən biri də səhiyyə infrastrukturunun inkişafı, əhalinin sağlamlığının mühafizəsi, sakinlərə tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, müalicə-profilaktika işlərinin təkmilləşdirilməsi, infeksion-yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması, sanitar-epidemioloji sabitliyin təmin olunmasıdır. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Qaradağ rayonunun səhiyyə sahəsini əhatə edən 7 konkret tədbir nəzərdə tutulub və bunların 3-ü uğurla həyata keçirilib. Qalan səhiyyə müəssisələrində təmir-tikinti işləri davam etdirilir. Son illərdə bir çox tibb müəssisələrində, o cümlədən 4 nömrəli Doğum evində, 39 nömrəli Kardiorevmotoloji Uşaq sanatoriyasında, 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində, 15 və 20 nömrəli təcili tibbi yardım stansiyalarında, 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının stasionar şöbəsində, həmçinin bu tibb müəssisəsinin Səngəçal qəsəbəsində yerləşən ambulator şöbəsində əsaslı təmir və yenidənqurma işləri aparılmaqla yeni, müasir tibbi avadanlıqlarla təchiz olunaraq istifadəyə verilib.
Ələt qəsəbəsindəki 32 nömrəli şəhər poliklinikası 1960-cı ildə inşa edilmiş bir mərtəbəli, 345 kvmetr sahəsi olan uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi. Köhnə avadanlıqlarla təchiz olunmuş yeganə bu tibb müəssisəsi bütövlükdə Ələt qəsəbəsində yaşayan 13537 nəfər əhaliyə lazımi səviyyədə tibbi xidmət göstərmirdi. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq köhnə poliklinika binası sökülərək, yerində müasir standartlara cavab verən, yeni avadanlıqlarla təchiz olunmuş iki mərtəbəli, 47 otaqdan ibarət, müasir işıq, istilik və yanğından mühafizə sistemi, su anbarı ilə təmin olunmuş yeni bina inşa edilib.
Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün Çeyildağ qəsəbəsində Təcili Tibbi Yardım stansiyası və Ümid qəsəbəsində tibb məntəqəsi tikilib istifadəyə verilib. Ötən ilin dekabr ayında Korgöz qəsəbəsində də dövlət proqramına uyğun olaraq tibb məntəqəsi inşa olunub. Hazırda Müşfiqabad qəsəbəsində yerləşən 13 nömrəli şəhər poliklinikasında və Lökbatan qəsəbəsindəki 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri yekunlaşmaq üzrədir. Eyni zamanda Qobustan qəsəbəsindəki 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası üçün yeni binanın, 200 çarpayılıq müasir xəstəxana binasının inşası davam etdirilir. Təmir olunan və ya yenidən inşa edilən tibb müəssisələrinin işinin təşkili istiqamətində rayon icra hakimiyyəti rəhbərliyinin köməyi ilə müvafiq tədbirlər görülüb. Həmin tibb müəssisələri rayonun müxtəlif müəssisələrində müvəqqəti yerləşdirilərək əhaliyə tibbi xidmətin göstərilməsini davam etdirir.
Rayon sakinlərinin asudə vaxtının, əhalinin mədəni-kütləvi istirahətinin səmərəli təşkili məqsədilə 7 mədəniyyət evinin, 1 klub, 10 kütləvi kitabxananın, 2 musiqi və 1 incəsənət məktəbinin bütün imkanları səfərbər olunub, müxtəlif maraqlı və yaddaqalan mədəni-kütləvi tədbirlər həyata keçirilib. Dövlət proqramına uyğun olaraq Sahil qəsəbəsindəki 5 nömrəli uşaq incəsənət və 28 nömrəli musiqi məktəbləri əsaslı təmir olunaraq yeni avadanlıqlarla təchiz edilib. Qobustan və Müşfiqabad mədəniyyət saraylarının əsaslı təmiri, Lökbatan qəsəbəsindəki 9 nömrəli musiqi məktəbi üçün yeni binanın tikintisi davam etdirilir.
Hər bir müraciətə diqqətlə
yanaşılır
Qaradağ
Rayon İcra Hakimiyyətində müasir fəaliyyət
metodlarından istifadə edilməsi, yeni informasiya və
kommunikasiya texnologiyalarının tətbiqi və dövlət
qulluğu ilə bağlı son qanunvericilik aktlarının icrasının
təmin olunması vətəndaş müraciətləri ilə
bağlı görülən işlərdə səmərəliliyi
artırıb.
2012-ci ildə Qaradağ RİH başçısı aparatına vətəndaşlardan 1532 yazılı müraciət daxil olub. Bununla yanaşı rayon icra hakimiyyəti başçısı tərəfindən 690 vətəndaş qəbul edilib. Vətəndaşların müraciətləri qəsəbələrin abadlaşdırılması, qəsəbədaxili yolların təmiri, istismar müddətini başa vurmuş su-kanalizasiya xətlərinin dəyişdirilməsi, yeni yaşayış massivlərinin qaz, işıq və su problemlərinin həll edilməsi, fərdi ev tikintisi və kommersiya fəaliyyəti üçün torpaq sahəsinin ayrılması, mənzil və tikinti məsələləri ilə bağlı olub. Hər bir müraciətə diqqətlə yanaşılıb və müvafiq imkan və səlahiyyətlər daxilində problemlərin həlli ilə bağlı addımlar atılıb.
Rayonda məskunlaşan 3614 məcburi köçkün və qaçqın ailəsinin yaşayış şəraitinin yaxşılaşdırılması və onların sosial problemlərinin həlli sahəsində mühüm işlər görülub. Ümid qəsəbəsində kottec tipli fərdi yaşayış evlərinə qaz xətlərinin çəkilişi, xeyir-şər evinin əsaslı təmiri başa çatdırılıb, Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verilib.
Süleyman
Mikayılov qeyd etdi ki, 2013-cü ildə qarşıda daha
mühüm vəzifələr dayanır. Bu il həm də
"2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı"nın icrası başa
çatır. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət
və qayğısını, səfərləri zamanı
verdiyi göstəriş və tapşırıqları
öz fəaliyyətlərində rəhbər tutan
Qaradağ rayonunun aidiyyəti orqanları bu il ərzində də
qarşıda dayanan bütün vəzifələri tam həcmdə
yerinə yetirəcəklərinə inanırlar.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2013.- 9 fevral.- S.6.