Azərbaycanın ilk telekommunikasiya peyki «Azərspace-1»in orbitə çıxarılması
münasibətilə Malayziyada mərasim keçirilmişdir
Xüsusi
müxbirimiz xəbər verir ki, fevralın 8-də Azərbaycanın
"Azərspace-1" ilk telekommunikasiya peykinin orbitə
buraxılması prosesinin canlı izlənilməsi
üçün Kuala Lumpurda Malayziyanın "Measat Satellite
Systems" (MEASAT) şirkətinin ofisində tədbir
keçirilmişdir.
Mərasimdə
Malayziya hökumətinin nümayəndələri, Azərbaycanın
Kuala Lumpurdakı səfiri Tahir Kərimov və səfirliyin əməkdaşları,
MEASAT şirkətinin rəhbər şəxsləri
iştirak etmişlər.
Məlum
olduğu kimi, iqtisadiyyatın şaxələndirilməsi və
yeni sənaye sahələrinin inkişafı ilə
bağlı Azərbaycan hökuməti tərəfindən məqsədyönlü
fəaliyyət həyata keçirilir. Bu mənada Azərbaycanda
kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin,
o cümlədən digər çoxməqsədli peyklərin
orbitə çıxarılması, ilk növbədə,
informasiya mübadiləsinin xarici ölkələrdən
asılılığının aradan qaldırılması və
informasiya təhlükəsizliyinin təmin edilməsi, eyni
zamanda, ölkədə yeni iqtisadi sahələr üzrə
mövcud insan ehtiyatları və intellektual potensialın
inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata
keçirilməsi və nəticə etibarilə innovasiya
yönümlü iqtisadiyyatın
formalaşdırılması istiqamətində aparılan
işlər öz xüsusi və strateji əhəmiyyəti
ilə seçilir. Bu məqsədlə 2008-ci ildən etibarən
Prezident İlham Əliyevin qərar və tövsiyələri
ilə kosmik tədqiqatlara başlanılmış, dövlət
başçısı "Azərbaycan Respublikasında kosmik
sənayenin yaradılması və telekommunikasiya peyklərinin
orbitə çıxarılması haqqında" sərəncam
imzalamış, "Kosmik sənayenin yaradılması və
inkişafı üzrə" Dövlət Proqramı qəbul
edilmiş, daha sonra "Azərkosmos" Açıq Səhmdar
Cəmiyyəti (ASC) təsis edilmişdir. Qarşıya qoyulan
məqsədə çatmaq üçün müvafiq
strukturlar kosmik sənaye sahəsində beynəlxalq təcrübəni
tədqiq edərək Azərbaycanın ilk telekommunikasiya
peykinin hazırlanması və istifadəyə verilməsində
dünyanın qabaqcıl kosmik sənaye qurumları ilə əməkdaşlıq
həyata keçirmişlər.
Uğurlu
fəaliyyətin nəticəsində Prezident İlham Əliyevin
sərəncamı ilə "İnformasiya-kommunikasiya
texnologiyaları ili" elan edilmiş 2013-cü il fevralın 8-də
müstəqil Azərbaycan tarixinin ən əlamətdar hadisələrindən
biri reallaşmışdır. Azərbaycanın ilk telekommunikasiya
peyki - "Azərspace-1" Fransanın "Arianespace"
şirkətinin yüksək etibarlılığı ilə
seçilən "Ariane-5" daşıyıcı raketi ilə
Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə
buraxılmışdır. ABŞ-ın "Orbital
Sciences" korporasiyası tərəfindən istehsal
olunmuş peykin 46 dərəcə Şərq uzunluq dairəsində
geostasionar orbitdə yerləşməsi nəzərdə
tutulur. Çəkisi 3,2 ton olan peyk Avropa, Afrika, Mərkəzi
Asiya, Qafqaz və Yaxın Şərq bölgələrini əhatə
dairəsinə alaraq dünyanın 50-dən artıq ölkəsini
özündə birləşdirən kosmik məkanda
mühüm rol oynayacaqdır. Orbitdə istismar müddəti ən
azı 15 il davam edəcək ilk telekommunikasiya peykimizin
informasiya və rabitə xidmətlərindən milyonlarla insan
geniş istifadə edəcəkdir.
Peykin istismarından gözlənilən nəticələr böyükdür. Belə ki, Azərbaycanda peyk rabitəsi xidmətlərinin daha geniş və keyfiyyətli təşkili məqsədilə ölkəyə məxsus geostasionar peyklərin orbitə çıxarılmasının ölkə iqtisadiyyatına böyük töhfə olacağı gözlənilir. "Azərspace-1" peyki orbitə buraxıldıqdan sonra Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli IP xidmətlərin göstərilməsi təmin olunacaq, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək, məsafədən təhsil və elektron, səhiyyə kimi digər proqramlar üçün platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq, habelə rabitənin təhlükəsizliyi təmin ediləcəkdir. Peykin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaqdır, qalan 80 faizi isə dünya bazarlarına ixrac ediləcəkdir. Artıq peykin resurslarının 40 faizinin satışı üçün şərti müqavilələr imzalanmışdır.
İnformasiya-kommunikasiya texnologiyaları sahəsinin ölkə iqtisadiyyatında neft sektorundan sonra ikinci prioritet sahə elan olunduğu, bu sahənin iqtisadiyyatda xüsusi çəkisinin yüksələn xətlə inkişaf etdiyi və bu mənada peyk rabitəsinin xüsusi əhəmiyyət daşıdığı nəzərə alınmaqla, yaxın illərdə həyata keçirilməsi nəzərdə tutulan peyk layihələrinin yalnız kommersiya səciyyəsi daşımadığını, ölkənin uzunmüddətli inkişaf strategiyasına yönəldiyini əminliklə demək olar.
İlk telekommunikasiya peykimizin geniş xidmət imkanları bu sahədə fəaliyyət göstərən beynəlxalq şirkətləri əməkdaşlığa sövq etmişdir. Bu şirkətlərdən biri də Malayziyanın MEASAT şirkətidir. 1992-ci ildə sabiq Baş nazir Mahathir Mohamadın təşəbbüsü ilə təsis edilmiş şirkətin ilk süni peyki 1996-cı ildə orbitə buraxılmışdır. Daha sonra fəaliyyətini genişləndirməyə başlayan şirkət yerli tələbatla yanaşı, dünya ölkələrinin də sifarişlərini yerinə yetirməkdədir. Hazırda orbitdə 4 süni peyki olan şirkət transponder icarəsi, yayım xidmətləri və telekommunikasiya həlləri üzrə fəaliyyət göstərir. Kosmos sənayesində fəaliyyət göstərdiyi 20 il ərzində Asiya və Afrika bazarında özünə qabaqcıl yer tuta bilmiş MEASAT şirkəti hazırda "Azərkosmos" ASC ilə əməkdaşlıq həyata keçirir və cəmiyyətin təklif etdiyi xidmətlərdən istifadə edəcək potensial müştəri qismində çıxış edir. Həmçinin şirkət "Azərkosmos" ASC-nin apardığı birgə tədqiqatlarda iştirak edir, peyk idarəsi üzrə azərbaycanlı mütəxəssislərin ixtisas səviyyəsinin artırılmasında qarşılıqlı təcrübə mübadiləsi həyata keçirir, Azərbaycanın ev sahibliyi etdiyi müvafiq konfrans və sərgilərə qatılır. 2011-2012-ci illərdə 25 azərbaycanlı mütəxəssis MEASAT şirkətinin təcrübə kurslarında iştirak etmişdir. Bundan əlavə, "Azərspace-1" peykinin yerləşdiyi 46 dərəcə Şərq uzunluq dairəsinə dair orbital mövqe bu şirkətdən 15 illik müddətə icarəyə götürülmüşdür.
Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması ilə bağlı təşkil olunmuş mərasimdə çıxış edən Malayziyanın İnformasiya, Rabitə və Mədəniyyət Nazirliyinin baş katibi Azemi Haron və MEASAT şirkətinin direktoru Mohammad Hanif bin Omar "Azərspace-1" peykinin orbitə buraxılması münasibətilə Azərbaycanı təbrik etmiş və etibarlı tərəfdaş olan Azərbaycan Respublikasının bu sahə üzrə həyata keçirəcəyi bütün layihələrdə iştirak etməyə daim hazır olduqlarını bildirmişlər.
Mərasimdə çıxış edən Azərbaycanın Malayziyadakı səfiri Tahir Kərimov Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurları qeyd etmiş və ilk telekommunikasiya peykimizin orbitə çıxarılmasının Azərbaycanın növbəti böyük nailiyyəti olduğunu bildirmişdir.
Daha sonra 35 dəqiqə ərzində Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması prosesi canlı olaraq izlənilmişdir.
Fevralın 8-də Bakı vaxtilə saat 1:36 dəqiqədə Azərbaycanın "Azərspace-1" ilk telekommunikasiya peyki yerdən start götürdü.
Nəzərdə tutulduğu kimi, startdan 33 dəqiqə sonra daşıyıcı raket peykin gövdəsindən ayrıldı. Fəzaya buraxıldıqdan 34 dəqiqə 56 saniyə sonra Azərbaycanın ilk peyki orbitdə yerini tutdu. Qeyd edildi ki, növbəti 11 gün ərzində peyk mühərriki dörd mərhələdə işə düşəcəkdir ki, bu da onu geostasionar keçid orbitindən geosinxron orbitə çıxmağa imkan verəcəkdir. Peyk geosinxron obyektə çatandan sonra günəş panelləri iş rejiminə keçəcək və növbəti üç həftə ərzində sınaq üçün tam hazır olacaqdır. Peykin tam yararlı olduğu müəyyən edildikdən sonra onun istismarı başlanacaqdır.
Azərbaycanın
ilk telekommunikasiya peyki uğurlu uçuşla orbitdə yerini tutduqdan sonra mərasim
başa çatmışdır.
Şahin CƏFƏROV,
AzərTAc-ın xüsusi
müxbiri
Kuala Lumpur
Azərbaycan.-2013.- 9 fevral.- S.7.