«Daş yuxular» gəncləri də hiddətləndirib

 

Əkrəm Naibovun Rusiyanın "Drujba narodov" jurnalında dərc olunmuş "Daş yuxular" romanı bu gün cəmiyyətin bütün təbəqələri kimi gəncliyi də düşündürən və narahat edən başlıca məsələdir. Ölkəmizin həyatındakı bütün proseslərdə yaxından iştirak edən, cəmiyyətin əsas aparıcı qüvvəsi olan gənclik  Əkrəm Naibovun "Daş yuxular" adlı biabırçı, nifrət doğuran romanı ətrafında gedən yazıları, edilən çıxışları diqqətlə izləyərək özlərinin haqlı mövqelərini nümayiş etdirir. Gənclərin bir qismi "Daş yuxular" romanına etiraz olaraq aksiya keçirməklə, xalqın, millətin əleyhinə çıxmış insanları düşmən adlandıraraq onlara nifrət bəslədiklərini bir daha bildirdilər. Onlar "Erməniyə ar olsun, Əkrəm kor olsun", "Əylisin çörəyi, suyu, torpağı sənə haram olsun!" və sair kimi şüarlar səsləndirib Ə.Naibovun erməni xislətli olduğunu vurğulayaraq xalqımızdan üzr istəməsini tələb etdilər. Erməni dəyirmanına su tökən Ə.Naibova Ermənistanın 20 faiz Azərbaycan torpağını işğal etdiyini, bir milyon insanın öz doğma yurdlarından didərgin düşdüyünü xatırladan gənclər, Xocalı soyqırımının qurbanlarının, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan insanların ruhunun onu bağışlamayacağını bəyan etdilər. Əkrəm Naibovun adı Azərbaycan tarixinə, ədəbiyyatına heç vaxt silinməyəcək bir qara ləkə kimi daxil oldu. Sero Xanzadyan, Zori Balayan, Silva Kaputikyan erməni xalqı üçün edə bilmədiklərini o bacardı. İndi bu son əsərinə görə antiazərbaycan ədəbiyyatında sero xanzadyanlarla, silva kaputikyanlarla, zori balayanlarla bir sırada dayanır. Çox təəssüf... Onun Azərbaycan xalqına xəyanəti bağışlanılmazdır. Çünki xalqa, millətə qarşı xəyanəti bağışlamağa bizim mənəvi haqqımız çatmır.

Dünyaya haqq səsimizi yaymağa çalışdığımız və buna da nail olduğumuz bir vaxtda Əkrəm Naibov Xocalı soyqırımından, Qarabağ hadisələrindən, düşmən işğalı altında olan 20 faiz torpağımızdan, amansızcasına qətlə yetirilmiş minlərlə azərbaycanlıdan, öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş 1 milyondan çox həmvətənimizdən, 20 yanvar faciəsindən, 1919-cu ildə Andronik tərəfindən Əylisdə yüzlərlə soydaşımızın günahsız qətlə yetirilməsindən yox, saxtauydurma bir mövzudan yazaraq sapı özümüzdən olan baltalar kimi öz kökümüzə zərbə vurdu. Bəs Əkrəm görəsən heç düşünübmü ki, Azərbaycanın, Bakının küçələrində o faciə qurbanlarının övladları, ataları, anaları, qohumları ilə necə bərabər addımlaya biləcək? O, Azərbaycanın hər qəbiristanlığında uyuyan şəhid məzarlarına necə baxa biləcək? Əslində vicdanı və mənəviyyatı olmayan bir kəsdən hər şey gözləmək olar. Uilyam Folknerin "Hər bir şey kənara atılır-namus, qürur, şəxsi keyfiyyətlər... yetər ki, kitab yazılsın" dahiyanə sözləri sanki, Əkrəmin ünvanına deyilmişdir.

Bütün təbəqələr kimi gənclik də xalqına, vətəninə, torpağına xəyanət edənlərə, tarixini, dilini, dinini, adət-ənənəsini dananlara, nəslinin-kökünün adına ləkə yaxanlara həmişə amansız olaraq nifrət edib, onları xalqının düşməni sayıb. Azərbaycan torpaqlarına erməni təcavüzünün hələ də başa çatmadığı bir vaxtda belə bir əsər meydana gətirmək öz xalqına xəyanətdən başqa bir şey deyil. O, ancaq erməni gənclərinin qəhrəmanı və yazıçısı sayıla bilər. Çünki son vaxtlar erməni KİV-lərində Əkrəmin geniş təbliğ olunması, erməni gəncləri tərəfindən qəhrəman kimi qarşılanması romanın türk düşmənlərinin sifarişi ilə yazılmasına heç bir cəhətdən şübhə doğurmur. Şübhə etmirik ki, Ə.Naibov ermənilərin təsis etdiyi bir mükafata da layiq görüləcək, Ermənistanın xalq yazıçısı adını da alacaq. Amma Azərbaycan xalqının sevgisini və inamını heç vaxt qazanmayacaq.

Azərbaycanın milli-mənəvi dəyərlərini aşağılayan, tarixini saxtalaşdırmağa çalışan belə bir kitabı gənclər dəfn etməklə əslində Əkrəmi də xalqın nifrət qaynağı və düşməni kimi dəfn etdilər. Amma inanmırıq ki, torpaq da onu qəbul etsin.

Biz gənclər Azərbaycanın inkişafına qarşı yönəlmiş istənilən addımı pisləyir, ölkəmizdə təxribat törətməyə çalışan, dövlətimizin maraqlarını satan, düşmənin mənafeyinə xidmət edən əsərlər yazan, düşmənlə əlbir olaraq xalqımıza qarşı fəaliyyət göstərən Ə.Naibov və bunun kimi insanlara nifrətimizi bildirir.

 

 

Arzu ABDULLAYEV,

Azərbaycan Tələbə Gənclər

Təşkilatının sədr müavini,

 NDU tələbə gənclər  təşkilatının sədri

 

Azərbaycan.-2013.- 9 fevral.- S.9.