Xeyirlə şərin qovğası

 

7 fevral. Əslində bu rəqəm müqəddəs sayılır. Bu barədə tarixi mənbələrdə də, dini ədəbiyyatda da müəyyən məlumatlar var. Bu rəqəmi yada salmaqda bir məqsədim var. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov məhz 7 fevral 1988-ci ildə anadan olub. 2010-cu ilin yayında isə təkbaşına iki ordu arasında bir kilometrlik minalanmış sahəni keçərək ölümün üzərinə yeriyib! Torpaq, Vətən uğrunda canını qurban verib! Azərbaycan oğlu qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub! Onun bu hünəri, şücaəti ölümündən sonra ölkə Prezidenti tərəfindən yüksək dəyərləndirilib, Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Ərazi bütövlüyümüzün qorunub saxlanılmasında müstəsna xidmət və rəşadət göstərən, canından keçən bu Vətən oğlunu xalq, millət unutmur.

7 fevralda yenə də insanlar - qəhrəmanın döyüş yoldaşları, dostları, onu sevənlər, bütün Azərbaycan xalqı Mübarizi yada salaraq qəbrini ziyarət etdi! O gün bu igid oğlun məzarı gül-çiçəyə büründü!

Həyat doğrudan da qəribədir. Bir tərəfdə haqqa qovuşan, digər tərəfdə haqqı danan, bir tərəfdə məhəbbət, digər tərəfdə nifrət, bir tərəfdə fəxarət, bir tərəfdə rəzalət, bir tərəfdə göyərçin, digər tərəfdə ilan!.. Bu fonda torpaq uğrunda düşmən üstünə mətanətlə addımlayan igid Mübariz İbrahimov, digər tərəfdə isə ən qatı yağının belə deyə bilməyəcəyi şər-böhtanı millətimizin ünvanına qaralayan Əkrəm Naibov... Əslində bu müqayisəni aparmaq o qədər də düz deyil! Çünki hünərin, dastanlara sığmayan şücaətin önündə Əkrəm kimiləri cılız və qorxaq görünürlər! Amma məsələnin başqa bir tərəfi də var. Məhz həmin gün - 7 fevralda ölkə Prezidenti İlham Əliyev xalqın iradəsinə söykənərək Əkrəm Naibovu Azərbaycan Respublikasının "Xalq yazıçısı" fəxri adından və Prezidentin fərdi təqaüdündən məhrum edilməsi barədə iki sərəncam imzaladı!

Bu tarixlərin eyni günə düşməsi Allahın yazısıdır! Həmin gün ürəklərdən tikan çıxdı! Həmin gün Mübariz İbrahimov kimi qəhrəmanların fəxarəti önündə xəcalətdən qurtulduq! Çoxumuzun yuxusu pozulmuşdu! Zəngəzurda, Naxçıvanda, Qarabağda, külli Azərbaycanın hər yerində torpağa tapşırılmış şəhidlərin ruhu bizə dinclik vermirdi. Çünki Əkrəm Naibov adlı birisi öz cızma-qaralarında özgə dilində, erməni ruhunda millətimizi aşağılamışdı. Azərbaycanın bütün sərvətlərindən bəhrələnən, dövlətin bütün imtiyazlarından istifadə edən bu nadürüst içindəki şeytanın çağırışı ilə elə bəd əməllərə yiyəlik etdi ki, nə köhnə zamanlarda, nə indi (heç bəlkə gələcəkdə də), bu dərəcədə yalana, şərə, böhtana yol verilməmişdi. Əkrəmin müdafiəsində dayananlar belə son anda vəkillik üçün nöqtə də tapmadılar. Əkrəmi məcnun tək sevib "Daş yuxular"ını elə bu sevgi ilə  oxumaq istəyənlər də susmaq məcburiyyətindədirlər. Çünki bu gün Əkrəmi müdafiə etmək əslində erməni mövqeyində durmaq deməkdir! Xalqın müraciətləri nəticəsində dövlət başçımızın bu ədalətli sərəncamı bəlkə də neçə soydaşımızı infarkt olmaqdan, müxtəlif fəsadlardan, vaxtsız ölümdən xilas etdi! Dünyada hər şeyə səbr göstərmək olar! Qaçqınlığa da sinə gərirsən, aclığa da dözürsən, kasıblığa da tablaşırsan, ailə-məişət zəminində baş verən xoşagəlməz hallarda da dözüm tapırsan! Amma milli heysiyyata toxunulmasına, xalqa şər atılmasına, bütün həqiqətlərin üzərindən qara xətt çəkilməsinə, yalanlara tab gətirmək qeyri-mümkündür!

25 ildir erməni quldurları torpaqlarımızı işğal edib! Qərbi Azərbaycanda yaşayan soydaşlarımız dədə-baba yurdlarından didərgin düşüb! Qarabağın evli şəhərləri erməni vandalları tərəfindən işğalda saralmaqdadır. Bir milyondan artıq soydaşımızın qaçqınlıq həyatı, 30 mindən artıq şəhidimizin qanı alınmadığı bir zamanda Əkrəm Naibovun ermənipərəstliyi və aşotluğu arxadan bizə zərbə vurmağa bənzədi. Məhz 7 fevralda qəhrəman Mübariz İbrahimovun ad günündə bu xəyanətkar yazıçının fəxri addan və fərdi təqaüddən məhrum edilməsi fəxarətin rəzaləti məhv etməsinə bərabərdir!

Bu torpağın Mübarizləri çoxdur, Əkrəm Naibov! "Heç bir xalqın torpağı yoxdur" iddiasından hələ də əl çəkməyən fitnəbaza bir söz demək istərdik: arzuların çin olacaq! Həqiqətən də dərdindən öldüyün ermənilərin torpağı yoxdur! Ölkə başçısı dəfələrlə qətiyyətlə bildirib ki, İrəvan və Zəngəzur qədim Azərbaycan torpağıdır. Biz onu istəmək iddiasında olmamışıq, lazım gələrsə, istəyə də bilərik! Bu xəbərdarlığı ona görə yada salıram ki, dünyanın işini bilmək olmaz, Əkrəm Naibov! Mübarizlər Ali Baş Komandanın bircə əmrinə bənddirlər ki, sizin dığaları, harsınları yuvalarına qədər qovsunlar! Biz qan tökülməsinin əleyhinə olduq! Siz isə bizi qana çağırırsınız!

Nə yaxşı ki ölkə Prezidenti tərəfindən bu ədalətli sərəncamlar məhz 7 fevralda imzalandı! O gün hamı bir-birinə bu gərəkli məlumatı sevinclə çatdırdı. İçimizdə bir təəssüf baş qaldırır. Sizə göstərilən etimadı, inamı heç zaman doğrultmadınız. Elə bilməyin ki, sizin pisliyinizdən bu millətin, dövlətin əvvəldən xəbəri yox idi. Yazı üslubunuz, təfəkkürünüz əzəldən bizə yad idi. Əgər təzədən bütün əsərləriniz tənqid süzgəcindən keçirilsə, sizin ilk hekayənizdən tutmuş sonuncu "Daş yuxular"ınıza qədər hamısında ən kiçik epizodlarda belə xalqa, millətə necə nifrətlə üz tutduğunuz duyular.

Həyat təzadlarla doludur! 7 fevral - qəhrəman Mübariz İbrahimovun doğum günü! 7 fevral - Əkrəm Naibovun (Məni əylislilər bağışlasın, onlar "Əylis" sözünü sənin adının yanında görmək istəmirlər) "Xalq yazıçısı" fəxri adından, fərdi təqaüddən məhrum edilməsi barədə Prezident İlham Əliyevin imzaladığı sərəncam! Beləliklə, xeyirlə şərin qovğası! Qələbə həqiqətin, məğlubiyyət şərin, böhtanın oldu! Məhəbbətlə nifrətin paralelliyində qətiyyət rəzalətə meydan oxudu!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2013.- 9 fevral.- S.10.