Dişsiz vasitəçinin nəticəsiz
fəaliyyəti
Bütün bunlar sülh danışıqlarını uğursuzluğa sürükləyir
Artıq 25 ildir ki, Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və işğalçılıq siyasəti davam edir. "Nə sülh, nə də müharibə vəziyyəti"nin də az sonra 19 "yaşı" tamam olacaq. Əslində müharibə davam etməkdədir, lakin onun aktiv hərbi fazasında atəşkəsdir. Ermənistanın silahlı qüvvələrinin cəbhə bölgəsində atəşkəsi mütəmadi olaraq pozması hərbi əməliyyatların istənilən anda başlanmasının mümkünlüyünün göstəricisidir. 1992-ci ilin mart ayında yaradılmış və münaqişənin tənzimlənməsində vasitəçi missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu isə permanent atəşkəsdə israrlıdır. Ermənistan da eyni müvəffəqiyyətlə həmin israrları davamlı olaraq qulaqardına vurmaqdadır. Yeri gəlmişkən, ATƏT-in Minsk qrupunun nəticə baxımından bir çox hallarda fəaliyyətsizlik kimi təsir bağışlayan "fəaliyyəti"nin də bu ilin mart ayında 19 "yaşı" tamam olacaq.
1999-cu ildən bəri təxminən 50 dəfəyə qədər münaqişənin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edən ATƏT-in Minsk qrupunun nəticə baxımından öyünməyə haqqı yoxdur. Əvvəllər dəfələrlə olduğu kimi, elə indi də ATƏT-in bəyan etdiyi mövqeyə görə, münaqişə tərəfləri özləri tənzimlənmə prosesində real addımlar atmalıdırlar. ATƏT isə istənilən razılaşmanı dəstəkləyəcəkdir. Qəribə məntiqdir! Əgər doğrudan da münaqişə tərəfləri vasitəçi olmadan razılığa gəlmək iqtidarındadırsa, onda ümumiyyətlə ATƏT-ın Minsk qrupu nəyə lazımdır? Təəssüf ki, münaqişənin həlli prosesi ilə bağlı acı reallıq belədir.
Münaqişənin tənzimlənməsində maraqlı olduğunun görüntüsünü yaratmaq və növbəti dəfə beynəlxalq ictimai fikri aldatmaq məqsədilə Ermənistan prezidenti S.Sarkisyan Azərbaycan Prezidenti İlham Əliyevlə 2008-ci ilin iyun ayında Sankt-Peterburqda, noyabr ayında Moskvada, 2009-cu ilin yanvar ayında Sürixdə, may ayında Praqada, iyun ayında Sankt-Peterburqda, iyul ayında Moskvada, oktyabr ayında Kişinyovda, noyabr ayında Münhendə, 2010-cu ilin yanvar ayında Soçidə, iyun ayında Sankt-Peterburqda, oktyabr ayında Həştərxanda və 2011-ci ilin mart və 2012-ci ilin yanvar ayında yenidən Soçidə görüşsə də, tutduğu ənənəvi qeyri-konstruktiv mövqe ucbatından problemin həllində real nəticə hasil olmamışdır.
2008-ci ilin mart ayının 1-2-də Ermənistanda prezident seçkilərinin nəticələrinin total şəkildə pozulmasına etiraz edən dinc əhalinin S.Sarkisyan iqtidarı tərəfindən gülləbaran edilməsi nəticədə 10 nəfərin öldürülməsi və 200 nəfərin yaralanması faktı beynəlxalq birliyə məlumdur. Həm də o da məlumdur ki, S.Sarkisyan hakimiyyətinin ölkə daxilində avtoritar idarəetmə üsuluna, ölkə xaricində isə təcavüzkar siyasətinə beynəlxalq birlik hələ də göz yumur və bununla da cəzasızlıq rejiminin yaranmasına şərait yaradır. İstənilən halda cəzasızlıq rejimi işğalçını yeni-yeni cinayətlərə sövq edir. XX əsrdə Avropa iki dünya müharibəsinin timsalında bu həqiqətin dəhşətli fəsadlarını yaşamışdır.
Elə məhz bu cəzasızlıq mühitindən qaynaqlanaraq Ermənistan prezidenti S.Sarkisyan hələ də keçən əsrin 80-ci illərinin ritorikasını xatırladan bəyanatlar verməkdə davam edir. İşğalçı dövlətin rəhbərinin mövqeyinə görə, Dağlıq Qarabağ heç bir halda Azərbaycanın tərkibində qala bilməz. Terrorizmi dövlət siyasəti səviyyəsinə qaldırmış ölkənin prezidentinin fikrincə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesləri əlahiddə olaraq aparılmalıdır və burada heç bir paralellikdən söhbət gedə bilməz.
Halbuki hər iki prosesin həlli bir-biri ilə son dərəcə bağlıdır. Burada çox ciddi səbəb-nəticə əlaqəsi vardır. Ermənistanın silahlı qüvvələrinin 1993-cü ildə Azərbaycanın Dağlıq Qarabağ ərazisinin hüdudlarından kənarda yerləşən Kəlbəcər rayonunu işğal etməsinə (səbəb) cavab olaraq Türkiyə həmin ildə bu ölkə ilə sərhədlərini bağlamışdır (nəticə). Türkiyənin Baş naziri R.T.Ərdoğanın təbirincə desək, yalnız səbəb aradan qaldırıldığı halda nəticə də öz həllini tapa bilər. ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin himayəsi və təzyiqi altında 2009-cu il oktyabrın 11-də Türkiyə və Ermənistan xarici işlər nazirləri Ə.Davudoğlu və E.Nalbandyan arasında imzalanmış "Sürix protokolları"nın Türkiyə Böyük Millət Məclisində ratifikasiyasının baş tutmaması da əsasən bu səbəblə bağlıdır.
Xatırladaq ki, Ermənistanın konstitusiya məhkəməsinin ptotokolların mətnində etdiyi qeyri-qanuni və məsuliyyətsiz düzəlişlər rəsmi Ankaranın kəskin etirazına səbəb olmuşdu. Ermənistan prezidenti S.Sarkisyanın Vaşinqton-Paris marşrutunun ardınca siyasi məsləhətləşmələr üçün Moskvaya yollanması və geri qayıtdıqdan sonra 2010-cu il aprelin 22-də ölkəsinin protokolların ratifikasiyasını təxirə salması ilə bağlı bəyanat verməsi bu prosesin tam olaraq dalana dirəndiyini və perspektivsizliyini növbəti dəfə təsdiqlədi.
Regionda baş verən proseslərin mənfi inkişaf tendensiyasına baxmayaraq, Azərbaycan tərəfi münaqişənin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun 2004-cü ildə start verdiyi "Praqa prosesinə" sadiqdir. Bu proses çərçivəsində münaqişənin "mərhələli həll" yolu ilə tənzimlənməsi nəzərdə tutulmuşdur. Bu prosesin davamı olaraq 2007-ci ilin noyabr ayında ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı "Madrid prinsipləri"ni irəli sürmüşdür. Azərbaycan və Ermənistan tərəfləri bir neçə dəfə bu prinsiplərlə bağlı təkliflərini irəli sürmüş və son nəticədə sənədin yeni variantı 2009-cu ilin dekabr ayında hazırlanaraq münaqişə tərəflərinə təqdim olunmuşdur. Sənədə əsasən, münaqişənin tənzimlənməsi prosesinin birinci mərhələsində Dağlıq Qarabağın hüdudlarından kənarda işğal altında olan 7 Azərbaycan rayonunun (Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın) azad olunması, məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılması, bölgədə beynəlxalq sülhməramlıların yerləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, kommunikasiyaların bərpası və iki xalqın təhlükəsizlik şəraitində yaşamasını təmin edən digər addımların atılması nəzərdə tutulmuşdur. Yalnız növbəti mərhələdə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsinə baxılacağı sənəddə əks olunmuşdur. Konfidensial xarakterli "Madrid prinsipləri"ndən geniş ictimaiyyətə məlum olan müddəlar bunlardan ibarətdir.
Azərbaycan tərəfi yenilənmiş "Madrid prinsipləri"nin bir sıra nüanslarından narazı qalsa da, münaqişənin həlli naminə prinsip etibarilə sənədi qəbul etməyə hazır olduğunu bildirmişdir. Bununla da Azərbaycan növbəti dəfə konfliktin həlli prosesində konstruktiv mövqe nümayiş etdirmişdir. Azərbaycanın bu mövqeyi Ermənistanı çıxılmaz vəziyyətə salmışdır. Rəsmi Yerevan problemin həlli yollarının deyil, onun yenidən mürəkkəbləşdirilməsi ilə bağlı ssenarilər üzərində baş sındırır. Məqsəd permanent danışıqlar yolu ilə status-kvonu-Azərbaycan torpaqlarının işğal altında saxlanılması vəziyyətini qoruyub saxlamaqdan ibarətdir.
Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfinin münaqişənin həlli yolları ilə bağlı mövqeyi dəyişməzdir. Həmin mövqe Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilibdir. Həmin mövqeyə görə Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağ ermənilərinə respublikamızın hüdudları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir. Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı bir həll yolu qəbuledilməzdir. Münaqişənin həlli ilə bağlı bu yanaşma tərzi Azərbaycanın prinsipial mövqeyinin ifadəsidir.
Münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından nəticəsiz qalmasına baxmayaraq, o hələ ki davam etdirilməkdədir. 2011-ci ilin fevral ayında həmsədrlərin regiona səfəri mart ayında Soçidə Rusiya Prezidentinin iştirakı ilə Ermənistan və Azərbaycanın dövlət başçılarının görüşünün keçirilməsi ilə nəticələndi. Görüşün yekunları ilə bağlı detalları açıqlanmayan müsbət bəyanatlar verilsə də, bu hadisədən 2 gün sonra 9 yaşlı azərbaycanlı uşağın sərhəd zonasında erməni snayperinin gülləsinə tuş gəlməsi göstərdi ki, Ermənistan münaqişənin həllini istəmir, sadəcə müddətsiz danışıqlar taktikasını seçməklə beynəlxalq ictimai fikri növbəti dəfə aldatmaq niyyəti güdür. Bunun ardınca Xankəndidə mayın 9-da, yəni Şuşanın işğalı günündə aeroportun açılacağı ilə bağlı Ermənistan rəhbərliyinin bəyanat verməsi əslində danışıqlar prosesinin dalana dirənməsinə hesablanmış siyasi gediş idi. Azərbaycan tərəfi bu halda ölkəmizin hava məkanını pozan hər hansı mülki təyyarəyə qarşı beynəlxalq praktikada tətbiq olunan istənilən təsir mexanizminin (o cümlədən onun məhv edilməsinin) işlək vəziyyətə gətiriləcəyini bildirdi. Xankəndinə uçacaq mülki təyyarənin hətta birinci sərnişini olacağını bəyan edən S.Sarkisyan son nəticədə Azərbaycanın təzyiqlərinə davam gətirməyib, texniki səbəblərlə bağlı aeroportun açılması mərasiminin təxirə salındığını bildirməyə məcbur olsa da, son zamanlar, xüsusilə də Ermənistanda prezident seçkiləri ərəfəsində bu məsələdə yenidən populist ritorikaya söykənən və ilk növbədə daxili auditoriyaya ünvanlanmış davranış tərzi nümayiş etdirməyə başlamışdır. Elə məhz Ermənistan rəhbərliyinin belə qeyri-konstruktiv siyasətinin nəticəsidir ki, bu ilin 28 yanvar tarixində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşü də əvvəlki çoxsaylı təmasların taleyini təkrarlamalı olmuşdur. Xatırladaq ki, sonuncu dəfə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü 2012-ci ilin yanvar ayında Soçidə keçirilmiş və işgalçı dövlətin rəhbərinin tutduğu ənənəvi "müddətsiz danışıqlar" taktikası səbəbindən nəticəsiz qalmışdır. Rəsmi İrəvanın yeritdiyi bu siyasət faktiki olaraq nəinki prezidentlər səviyyəsində, eləcə də əvvəllər daha az müşahidə olunan xarici işlər nazirləri səviyyəsində təmasların intensivliyinə də mənfi təsir göstərmişdir.
Həmsədrlər nəticəsi olmayan fəaliyyətlərinə pozitiv "siyasi don" geyindirmək məqsədilə yenidən xarici işlər nazirləri səviyyəsində danışıqların təşkil olunacağı ilə bağlı mövqe bildiriblər. Nəticə olacaqmı? Müsbət cavab vermək xeyli çətindir. Hər halda münaqişənin tənzimlənməsi prosesinin real mənzərəsinin natamam təqdimatı belə sübut edir ki, Ermənistan hər vəchlə mövcud status-kvo vəziyyətini qoruyub saxlamaqda maraqlıdır. Azərbaycan üçün isə bu variant qəbuledilməzdir. Münaqişənin mövcud vəziyyətinin bu reallıqları fonunda onun perspektiv həlli imkanları haqqında hansı mülahizə, variant və ya proqnozlar irəli sürmək mümkündür?
Zənnimizcə, münaqişənin həllinin
3 variantı vardır. Birinci 2 variant dinc, sonuncu variant isə hərbi həll imkanlarını özündə ehtiva edir.
I variant.
Ermənistanda S.Sarkisyan
rejimi öz işğalçılıq siyasəti
nəticəsində üzləşdiyi
total və permanent böhran
vəziyyətindən çıxmaq
üçün siyasi
iradə nümayiş
etdirərək Dağlıq
Qarabağ münaqişəsinin
həlli istiqamətində
konkret konstruktiv addımlar ata bilər. Nəticədə danışıqlar prosesində keyfiyyətcə
yeni mərhələnin
əsası qoyular və qarşılıqlı
kompromislər əsasında
münaqişənin həlli
prosesi həyata keçirilər. Başqa sözlə,
Azərbaycanın tərkibində
Dağlıq Qarabağa
ən yüksək idarəetmə statusu verilə bilər.
S.Sarkisyan hökuməti konfliktin həlli naminə siyasi iradə nümayiş etdirmək iqtidarında deyildir, çünki bu rejimin müvafiq addımları atmaq üçün ciddi sosial bazası yoxdur. Xalqı səfalət, işsizlik
və aclıq həddində yaşayan dövlətin iqtidarının
bu vəziyyətdə
totalitar-terrorçu idarə
metodlarına üstünlük
verməsi siyasəti anlaşılandır. Bu siyasətin mühüm həlqələrindən birini
də ölkədaxili
ictimai fikri öz üzücü gündəlik problemlərindən
yayındırmaq və
onu kənar istiqamətlərə yönəltmək
təşkil edir. Belə hallarda cəbhə bölgəsində atəşkəs
rejimini kobud şəkildə pozmaqla Azərbaycan tərəfini
daha ciddi adekvat
addımlar atmağa təhrik etmək və nəticədə ölkədaxili deyil, ölkəxarici problemlərin
prioritetliyini qabartmaq hakimiyyətin mövcudluğunu
qoruyub saxlamağın
Ermənistanda dəfələrlə
sınaqdan çıxarılmış
üsuludur.
II variant.
Ermənistan dövləti beynəlxalq
birlik, xüsusilə də ATƏT-in Minsk qrupu tərəfindən sülhə
məcbur edilə bilər. Regionda sülh və
sabitlik naminə, xüsusilə də daşıyıcısı olduqları
milli maraqlardan çıxış edərək
həmsədrlər - ABŞ, Rusiya və Fransa S.Sarkisyan rejiminə müəllifi olduqları yeniləşmiş
Madrid prinsiplərini qəbul
etdirə bilərlər.
Xüsusilə bu istiqamətdə
Rusiyanın imkan və potensialı daha böyükdür.
Hələ ki, bu baş vermir!
Bu, heç də
o demək deyildir ki, həmin güclər Ermənistanın
müqavimət potensialını
qıra bilmirlər.
Əsla yox! Sadəcə
bu və ya digər səbəblərdən
bunu etmirlər. Başqa sözlə, bunu etməli olan dövlətlər üçün
hələ ki Dağlıq Qarabağ probleminin həlli beynəlxalq gündəliyin
prioritet məsələsinə
çevrilməyibdir.
III variant. Birinci və ikinci variantlar heç bir halda nəticə verməyəcəyi təqdirdə
müharibə variantı
qaçılmaz ola bilər. BMT
TŞ-nın münaqişə
ilə bağlı qəbul etdiyi 4 qətnaməsi (822, 853, 874, 884-1993-cü ildə qəbul olunmuşdur), təşkilatın
nizamnaməsinin özünümüdafiə
hüququ ilə bağlı 51-ci maddəsi,
qurumun qəbul etdiyi qərarlarının
yerinə yetirilməsinin
icbari xarakter daşıması haqqında
25-ci maddəsi, habelə
AŞ PA, İKT və Avropa
Parlamentinin Ermənistanı
işğalçı dövlət
elan etməsi kimi məlum hüquqi arqumentlər Azərbaycana öz ərazi bütövlüyünü
təmin etməsi məqsədilə istənilən
təsir mexanizmlərini,
o cümlədən hərbi
tənzimləmə variantını
işə salmaq səlahiyyəti verir.
Zənnimizcə,
Azərbaycanın Ermənistandan bir neçə dəfə
deyil, bir neçə on dəfələrlə
ölçülən hərbi üstünlüyü fonunda
torpaqlarımızın təkcə güc yolu ilə deyil, eləcə
də I və II variantda qeyd etdiyimiz dinc tənzimləmə
üsulu ilə azad olunması imkanı son dərəcədə
arta bilər. Başqa sözlə, Azərbaycanın ifrat
iqtisadi-hərbi potensialı qarşısında ya S.Sarkisyan
rejimi vahimələnib münaqişənin həlli naminə
siyasi iradə nümayiş etdirər, ya da regionda müharibənin
yenidən alovlanmasını heç bir halda istəməyən,
lakin bunun son dərəcə labüd olduğunun fərqinə
varan beynəlxalq güclər Ermənistanı analoji addım
atmağa məcbur edər.
Elman NƏSİROV,
Azərbaycan Respublikasının
Prezidenti yanında
Dövlət İdarəçilik
Akademiyasının
Siyasi Araşdırmalar
İnstitutunun
direktoru, siyasi elmlər doktoru
Azərbaycan.-2013.- 9 fevral.- S.10.