İslam Əməkdaşlıq Təşkilatının XII zirvə görüşü Azərbaycan üçün əhəmiyyətli məqamlarla yadda qalmışdır

 

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qahirədə keçirilmiş 12-ci zirvə görüşü uğurla başa çatmış və qəbul olunmuş yekun sənəddə Azərbaycanın milli maraqlarını əks etdirən müddəalar yer almışdır.

Bu sözləri fevralın 8-də mətbuat üçün keçirdiyi brifinqdə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev demişdir.

XİN rəsmisi bildirmişdir ki, sammitdə iştirak edən dövlət və hökumət başçılarının rəylərinə əsasən qəbul edilmiş yekun sənəddə Azərbaycanın Xocalı şəhərində Ermənistana məxsus silahlı dəstələrin törətdikləri qətliamın soyqırımı kimi tanınması haqqında beynəlxalq birliyə çağırış öz əksini tapmışdır.

Qeyd olunmuşdur ki, İƏT-ə üzv olan 57 dövlət Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır.

E.Abdullayev bildirmişdir ki, sammitdə iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı üzv dövlətlərin başçılarına paylanmışdır. Çıxışda Azərbaycanın Fələstində, Suriyada, Malidə baş verən siyasi hadisələrə dair mövqeyi açıqlanmışdır.

İƏT ölkələri Azərbaycan Prezidentinin beynəlxalq terrorçuluğun qarşısının alınmasında dünya birliyinin səylərinin gücləndirilməsinə dair konfransın cari ildə Bakıda mart ayının 18-19-da keçirilməsi təklifini qəbul etmiş, onu yüksək qiymətləndirmişlər.

Zirvə görüşündə Azərbaycanın beynəlxalq gücünün artması və bir çox siyasi məsələlərə təsir etmək iqtidarına malik olması nəzərə alınaraq İƏT çərçivəsində fəaliyyət göstərən Cami-Kəşmir əlaqə qrupuna daxil edilməsi təklif olunmuşdur. Bu təkliflə Pakistanın xarici işlər naziri xanım Hina Rəbbani Xar çıxış etmişdir.

Qeyd etmək lazımdır ki, İƏT çərçivəsində münaqişələrin həlli yollarının müzakirəsi ilə məşğul olan bir neçə əlaqə qrupu vardır. Bu qruplar ərazi, dini və başqa münaqişələri müzakirə edərək tövsiyələrlə çıxış edirlər.

 

 

Azərbaycan.-2013.- 9 fevral.- S.10.