Serbiyanın Azərbaycandakı səfirliyi ilə tanışlıq

 

Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident Tomislav Nikoliç fevralın 9-da Serbiyanın ölkəmizdəki səfirliyində olmuşdur.

AzərTAc xəbər verir ki, Prezident Tomislav Nikoliç səfirlikdə milli adət-ənənəyə uyğun olaraq Serbiya mətbəxinin nümunəsi olan poqaç ilə qarşılanmışdır.

Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç Prezident Tomislav Nikoliçə səfirliyin fəaliyyəti barədə məlumat vermişdir.  Bildirilmişdir ki, Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın tarixi 1991-1992-ci illərdən başlamışdır. 1997-ci ilin avqustundan isə ölkələrimiz arasında rəsmi olaraq diplomatik münasibətlər qurulmuşdur. Diqqətə çatdırılmışdır ki,  2010-cu ilin martında Belqradda, 2011-ci ilin fevralında isə Bakıda hər iki ölkənin diplomatik nümayəndəlikləri fəaliyyətə başlamışdır.

Səfirliklərin fəaliyyətə başlaması Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafında mühüm rol oynamışdır. Hər iki ölkə beynəlxalq arenada bir-birini dəstəkləyir. Ölkələrimiz arasında iqtisadi sahədə də mühüm addımlar atılır, biznes forumları keçirilir. Humanitar sahədə ikitərəfli əlaqələr fəallaşmışdır. Qeyd edilmişdir ki, Tomislav Nikoliçin rəsmi səfəri Serbiya-Azərbaycan münasibətlərinin yeni müstəvidə inkişafına təkan verəcəkdir.

 

 

Azərbaycan.-2013.- 10 fevral.- S.5.