Xu Tenq Bin: «Azərspace-1» Malayziya və Azərbaycan arasındakı əməkdaşlığın bəhrəsidir

 

Azərbaycanın ilk telekommunikasiya peyki - "Azərspace-1"  Malayziya və Azərbaycan arasındakı əməkdaşlığın bəhrəsidir. Bu layihə ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq münasibətlərini daha da möhkəmləndirdi.

Bu sözləri AzərTAc-ın xüsusi müxbirinə Malayziyanın "Measat Satellite Systems" (MEASAT) şirkətinin direktorlar şurasının üzvü Xu Tenq Bin demişdir.

Təmsil etdiyi şirkət ilə Azərbaycan tərəfinin əməkdaşlığına toxunan Xu Tenq Bin bildirmişdir ki, MEASAT ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti arasındakı əlaqələrin tarixi çox qısa olsa da, nümunəvi xarakter daşıyır. Azərbaycanlı həmkarlarımızla işləmək bizim üçün çox rahatdır. Çünki bu sahə onlar üçün yeni olmasına baxmayaraq, qısa zamanda lazımi səviyyəyə çatdılar. Ümid edirəm ki, biz Azərbaycanın ikinci, üçüncü və daha sonrakı peyklərinin orbitə buraxılmasının şahidi olacağıq.

Azərbaycan haqqında fikirlərini bildirən MEASAT şirkətinin direktorlar şurasının üzvü demişdir ki, hələ yeniyetmə yaşlarında ensiklopediya kitablarında ölkəmiz haqqında oxumuş, Bakının gözəl şəkillərini görmüş, respublikamızın dünyada özünün neft sənayesi ilə məşhur olduğunu öyrənmişdir. Xu Tenq Bin demişdir: "O vaxtdan həmişə qəlbimdə Azərbaycana qarşı bir məhəbbət olmuşdur".

 

 

Şahin CƏFƏROV,

AzərTAc-ın xüsusi müxbiri

Kuala Lumpur

 

Azərbaycan.-2013.- 10 fevral.- S.5.