Artıq Azərbaycan orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən
biridir
Artıq
Azərbaycan orbitdə özünün telekommunikasiya peyki olan
azsaylı ölkələrdən biridir. Fevralın 8-də Azərbaycanın
"Azərspace-1" peyki Fransa Qvianasındakı Kuru
kosmodromundan orbitə çıxarılmışdır. Bu
tarixi prosesi bütün xalqımız sevinc hissi ilə izləmişdir.
Kuru kosmodromunda bu münasibətlə keçirilən mərasimdə
iştirak edən "Azərkosmos" Açıq Səhmdar
Cəmiyyətinin (ASC) sədri Rəşad Nəbiyev deyir:
-
Olduqca qürurverici anlara şahidlik etdik, böyük sevinc və
iftixar hissi keçirdik. Azərbaycanın ilk telekommunikasiya
peykinin belə uğurlu şəkildə orbitə
buraxılmasında əməyi olan hər kəsə dərin
minnətdarlığımızı bildiririk. Bununla da Azərbaycan
artıq kosmik sənaye ölkəsinə çevrilmək
üçün ilk addımını atmışdır. Biz
iqtisadiyyatın şaxələndirilməsindən çox
danışırıq. Kosmik sənaye iqtisadiyyatı şaxələnmiş
Azərbaycanın yeni trendidir. Bu istiqamətdə hələ
çox işlər görüləcəkdir. Növbəti
illərdə ilk olaraq
aşağıorbitli peyklərin, daha sonra isə 2020-ci
ilədək bir və ya bir neçə optik və radar peyklərin
orbitə çıxarılması
planlaşdırılır. Azərbaycan üçün milli
təhlükəsizlik və iqtisadi mənfəət
baxımından böyük əhəmiyyət kəsb edən
məsafədən zondlama peyklərinin orbitə
çıxarılması istiqamətində aparılan
işlər çərçivəsində ilkin olaraq
aşağıorbitli peyklərin imkanlarının ölkəmizdə
istifadə və tətbiq istiqamətlərinin öyrənilməsi
üzrə yerli və xarici bazarlara dair araşdırmalar
aparılmış və peykin texniki parametrlərinin müəyyən
edilən tələblər əsasında qurulması üzrə
işlərə başlanılmışdır. Məlum
olmuşdur ki, ölkəmizdə, strateji əhəmiyyətli
infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin
edilməsi üçün monitorinqin aparılması,
kosmosdan fövqəladə halların qarşısının
alınması və idarə edilməsinə dəstək
verilməsi, xəritəçəkmə və geodeziya,
daşınmaz əmlak məsələlərinin həll edilməsi,
ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı,
nəqliyyat və rabitə infrastrukturunun tənzimlənməsi,
ətraf mühitin monitorinqi və texnogen mənşəli
fövqəladə halların proqnozlaşdırılması
və tədqiqi üzrə araşdırmaların
aparılması, dənizdə və quruda neft
dağılmalarının miqyasının qiymətləndirilməsi
və s. bu kimi bir sıra mühüm sahələrdə bu
peyklərin xidmətlərindən səmərəli istifadə
imkanları mövcuddur.
"Azərbaycan
Respublikasında kosmik sənayenin yaradılması və
inkişafı üzrə Dövlət Proqramı"nda nəzərdə
tutulmuş məqsədlər və dünyada mövcud
inkişaf meyilləri nəzərə alınaraq, hazırda
"Azərkosmos" ASC tərəfindən ölkənin
informasiya təhlükəsizliyini təmin edəcək etibarlı
və keyfiyyətli peyk rabitəsinin təmin edilməsi, yerin
məsafədən zondlanması imkanlarından istifadə edilərək
ölkənin iqtisadi qüdrətinin və elmi-tədqiqat
potensialının artırılması nəinki peyk sənayesində,
ümumiyyətlə, milli kosmik sənayenin formalaşdırılması,
kosmik fəaliyyət sahəsində istehsal potensialının
yaradılması və inkişaf etdirilməsi, kosmik fəaliyyəti
tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsi,
o cümlədən beynəlxalq inteqrasiyanın genişləndirilməsi
istiqamətində mərhələli şəkildə
işlər aparılır.
-
Milli peyk layihəsinin reallaşdırılması Azərbaycana
nə verəcək?
- Hər
hansı ölkədə kosmik sənayenin yaradılması,
ilk növbədə həmin ölkənin iqtisadi
inkişafı və yüksək rifah səviyyəsi ilə
bağlıdır. Azərbaycanın hazırkı inkişaf
sürəti yeni bazar tələblərinə cavab verilməsi
və ölkənin gələcəkdə dayanıqlı
inkişafının təmin edilməsi baxımından
iqtisadiyyatın şaxələndirilməsi və innovasiyaya əsaslanan
yeni sənaye sahələrinin yaradılmasını zəruri
edir.
Kosmik
sənayeyə və peyk texnologiyalarına əsaslanan yenilikləri
ümummilli inkişaf proqramına daxil etməklə, Azərbaycan
hökuməti ölkəni iqtisadi cəhətdən gücləndirməyi,
eyni zamanda, mövcud intellektual potensialın inkişaf etdirilməsi
və informasiya təhlükəsizliyinin təmin edilməsini
hədəfləyir.
Rabitə
və informasiya texnologiyaları sahəsinin neft sahəsindən sonra Azərbaycan
iqtisadiyyatının ən inkişaf etmiş sektoru
olacağı gözlənilir. İnformasiya və kommunikasiya
texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli
inkişafına xidmət etməklə yanaşı, informasiya
sahəsində milli təhlükəsizliyin təmin
olunması baxımından da xüsusi əhəmiyyətə
malikdir. Azərbaycanın Avropa və Asiya qitələri
arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də
informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi
informasiya mübadiləsində xarici ölkələrdən
asılılığının aradan
qaldırılmasını zərurətə
çevirmişdir. İqtisadi və informasiya təhlükəsizliyinin
əsas komponentlərindən olan telekommunikasiya peyklərinin
hazırlanması və orbitə çıxarılması Azərbaycanı
regionda informasiyanın ötürülməsi sahəsində
də lider ölkəyə çevirəcəkdir.
Kosmik
fəaliyyət sahəsində istehsal potensialının
yaradılması və inkişaf etdirilməsi kosmik sahə
üzrə müxtəlif istiqamətlərdə beynəlxalq
inteqrasiyanın genişləndirilməsinə, habelə kosmik
fəaliyyəti tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsinə
təkan verəcəkdir. İnformasiya-kommunikasiya
texnologiyalarının ölkə iqtisadiyyatında neftdən
sonra ikinci əsas sahə elan olunduğu, bu sahənin
iqtisadiyyatda xüsusi çəkisinin yüksələn xətlə
inkişaf etdiyi və bu mənada peyk rabitəsinin xüsusi əhəmiyyəti
nəzərə alındıqda, yaxın illərdə həyata
keçirilməsi nəzərdə tutulan peyk layihələrinin
yalnız siyasi və ya kommersiya səciyyəsi
daşımadığını, ölkənin uzunmüddətli
inkişaf strategiyasına yönəldiyini əminliklə demək
olar.
AzərTAc
Azərbaycan.-2013.- 10 fevral.- S.6.