Amerika nəşrləri Azərbaycanın
birinci telekommunikasiya peykinin kosmosa buraxılması barədə
yazmışlar
Xəbər
verdiyimiz kimi, Azərbaycanın birinci telekommunikasiya peyki "Azərspace-1" fevralın
8-də Fransa Qvianasındakı Kuru kosmodromundan kosmosa buraxılmışdır. Dünyanın müxtəlif
ölkələrində
yaşayan azərbaycanlılar
www.arianespace.tv saytı ilə birbaşa yayımlanan
peykin buraxılması prosesini müşahidə etmiş və
onun funksional imkanları barədə
ətraflı məlumat əldə etmişlər. Azərbaycanın
ABŞ-dakı səfiri Elin Süleymanov bu tarixi hadisəni Azərbaycan
xalqının qürur günü
adlandırmışdır. Səfir bildirmişdir ki, "Azərbaycanın
birinci telekommunikasiya peykinin müvəffəqiyyətlə
buraxılması ABŞ sənayesinin
və Azərbaycan hökumətinin uğurlu tərəfdaşlığının mühüm mərhələsinin
ifadəsidir. Bu peyk Azərbaycanın, Qafqaz regionunun, Mərkəzi
Asiya, Avropa və Afrika ölkələrinin kommunikasiyaya olan tələbatını
indinin özündə və gələcəkdə təmin edəcəkdir".
Azərbaycan peykinin buraxılması
və onun istər Azərbaycan-Amerika
münasibətləri, istərsə
də peykin xidmətlərindən istifadə edəcək ölkələr
üçün əhəmiyyəti
Amerikada çıxan
qəzet və jurnallarda, xüsusən,
"Pittsburgh Business Times", "International Business
Times", "Houston Business Journal", "Chicago Business
Journal", "California Chronicle", "Boston Business
Journal", "Baltimore Business Journal", "Atlanta Business
Chronicle" kimi iqtisadi
nəşrlərdə və
"Röyter" agentliyinin
informasiyalarında əksini
tapmışdır.
"Orbital
Sciences Corporation" şirkəti "Azərkosmos" ASC və Azərbaycan Respublikasının
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi ilə imzalanmış müqavilənin
şərtlərinə görə,
205 milyon dollar məbləğində
qabaqcıl telekommunikasiya
peyki layihələndirmiş, istehsal
etmiş və təyinat yerinə çatdırmışdır. 1500 iş yerinin açılmasına zəmanət verən peykin istehsalı ABŞ ilə Azərbaycan arasında uğurlu ikitərəfli münasibətlərin
bariz nümunəsidir.
ABŞ-da çıxan
"Bloomberg" jurnalının yazdığına görə,
iki il
ərzində Azərbaycanın
ikinci peyki üçün sifariş
gözlənilir.
Azərbaycanın birinci telekommunikasiya
peyki 15 il
ərzində Mərkəzi
Asiya, Avropa və Afrika ölkələrinə sürətli
internet, teleradio yayımı
ilə bağlı xidmətlər göstərəcəkdir.
"Orbital" şirkəti
peykin son sınaq yoxlamalarını apardıqdan
sonra o, "Azərkosmos"
ASC tərəfindən Bakı
və Naxçıvandakı
nəzarət mərkəzlərindən
idarə ediləcəkdir.
Yusif BABANLI,
AzərTAc
Vaşinqton
Azərbaycan.-2013.- 10 fevral.- S.6.