Azərbaycan Atçılıq
Federasiyasında ötən ilin yekunlarına həsr olunmuş tədbir
keçirilmişdir
Fevralın
9-da Azərbaycan Respublikası Atçılıq
Federasiyasında (ARAF) ötən ilin yekunlarına həsr
olunmuş tədbir keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbirdə ARAF-ın prezidenti
Elçin Quliyev ötən il
idmançılarımızın qazandıqları nailiyyətlərdən
danışmış, gələcəkdə görüləcək
işlər barədə məlumat vermiş və tədbir
iştirakçılarını Azərbaycanın ilk "Azərspace-1"
telekommunikasiya peykinin uğurla orbitə buraxılması münasibətilə
təbrik etmişdir.
Bildirmişdir
ki, Azərbaycanda təşkil olunmuş konkur
yarışlarına dünyanın müxtəlif ölkələrindən
idmançılar qatılmış, eyni zamanda, milli
yarış olan çövkən və cıdırın
inkişafına böyük diqqət
ayrılmışdır. 2012-ci ildən ARAF tərəfindən
dresaj və süvarilər layihəsi üzrə də təlim-məşqlərinə
başlanılmışdır.
Elçin
Quliyev demişdir ki, ölkəmizdə atçılıq
idmanının yeni bir sahəsi olan poloya da diqqət göstərilir.
2013-cü ilin sentyabrında Azərbaycanda bu növ üzrə
beynəlxalq turnirin keçirilməsi
planlaşdırılır. Yarışda Argentina, Almaniya,
ABŞ və Kanadadan komandaların iştirakı gözlənilir.
ARAF-ın prezidenti Azərbaycan idmançılarının
atçılığın bütün növ
yarışlarda ən yüksək nailiyyətlərə
sahib olacağına əminliyini nəzərə
çatdırmışdır.
Bildirilmişdir
ki, nadir Qarabağ cinsi atlarının çoxaldılması
istiqamətində də işlər görülür.
E.Quliyev
Azərbaycanda "Cıdır-TV" telekanalının
yaradılması barədə də məlumat vermişdir.
Qeyd etmişdir ki, telekanalın yaradılmasının məqsədi
Azərbaycanda atçılıq idmanının
inkişafına dəstək olmaqdır. Onun sözlərinə
görə, dünyanın bir sıra ölkələrində
bu tip televiziyalar mövcuddur.
Federasiyanın
fəaliyyəti barədə məlumat verən ARAF-ın
baş katibi Bəhruz Nəbiyev bildirmişdir ki, ötən
il tədbirlərin təşkili və xaricdə keçirilən
yarışlarda iştirak baxımından mühüm il
olmuşdur. Ötən il konkur növü üzrə
keçirilən yarışa son 35 ildə ilk dəfə
olaraq İrandan atlar gətirilmiş, idmanın bu növü
üzrə Azərbaycanda səkkiz beynəlxalq turnir
keçirilmiş və bu turnirlərin mükafat fondu 304 min
manat olmuşdur.
Nəzərə
çatdırılmışdır ki, 2016-cı ildə
Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək
yay olimpiya oyunlarında iştirak etmək uğrunda mübarizə
aparmaq üçün Azərbaycan komandası təşkil
olunmuşdur.
Baş
katib atçılıq idman növlərinin
populyarlaşdırılması məqsədilə bir sıra
yeni mərkəzlərin də istifadəyə verildiyini, həmçinin
Binə qəsəbəsində yeni konkur manejinin tikintisinə
başlanıldığını bildirmişdir.
Qeyd
edilmişdir ki, fevral ayının sonunadək Abşeron
yarımadasındakı atların identifikasiyası başa
çatacaqdır. Bunun ardınca həmin atların
pasportlarının hazırlanacağı gözlənilir.
Artıq
həmin pasportun nümunələri təsdiq olunmaq
üçün Beynəlxalq Atçılıq
Federasiyasına göndərilmişdir. Bu, Abşeron
yarımadasının ərazisindəki atların maneəsiz xaricə
ixracına zəmin yaradacaqdır. Hazırda ölkə ərazisindəki
atların DNT təhlilləri də aparılır.
Tədbirin
sonunda bir qrup idmançı, məşqçi, mütəxəssis
və KİV-ə mükafat və fəxri fərmanlar təqdim
olunmuş, Qarabağ atlarından bəhs edən videoçarx
nümayiş etdirilmişdir.
Azərbaycan.-2013.- 10 fevral.- S.7.