Əsl sənətin sehri

 

Azərbaycan qadınları arasında ilk dəfə bəstəkar kimi fəaliyyət göstərərək milli musiqimizin inkişafında xüsusi xidmətlərilə seçilən Ağabacı Rzayevadan sonra bu sahədə çox tanınmış sənətkar xanımlar olub. Maraqlıdır ki, Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın bu şücaəti musiqi aləmində əsl hadisəyə çevrildi. Şərqdə opera yazan ilk qadın bəstəkarın Azərbaycanda yetişməsi həqiqətən də böyük fəxarətdir. Sonrakı illərdə Ədilə Hüseynzadə, Hökumə Nəcəfova, Elmira Nəzirova, Elza İbrahimova və başqaları müasir düşüncə tərzi və milli köklərə bağlı musiqi əsərləri yaratdılar. Bu gün nəsillərə nümunə olacaq, yaradıcılıqları ilə seçilmiş bəstəkarlarımızın əksəriyyəti Qara Qarayevdən dərs alıb. Həmin tələbələrdən biri də məhz Elza İbrahimovadır. Qara Qarayevin sinfinə düşmək üçün mütləq istedadın olmalı idi. Bəlkə də buna görədir ki, Qara Qarayevin sinfini bitirənlərin əksəriyyəti böyük bəstəkarlar oldu. Vaxtilə onun sinfində oxumaq üçün nəinki keçmiş SSRİ respublikalarından, hətta dünyanın bir çox ölkələrindən gələrdilər. Elza xanım Qara Qarayevin ən sevimli tələbələrindən idi. Korifey bəstəkarımız Elzanın gələcəkdə böyük bəstəkar olacağına inanırdı.

İndi oxunan bəzi nəğmələri dinlədikcə qəlbimizi bir pərişanlıq bürüyür. Bəzi ritmik, meyxana nəğmələri duyğuları elə qıcıqlayır ki, əsl meyarlar sanki öz dəyərini itirir. Bu xaosun, bu şounun içərisində hərdən korifey sənətkarların ifasında dinlədiyimiz retro mahnılar bizi ümidsizlikdən xilas edir. Belə xiffətli duyğuların içində çırpınarkən ən çox qulaq asmaq istədiyimiz musiqilərdən biriElza İbrahimovanın yazdığı nəğmələrdir. Xalq şairi Bəxtiyar Vahabzadə çox haqlı olaraq bu görkəmli sənətkarı "mahnı janrının lövhə ustası" adlandırmışdır. Buna səbəb Elzanın sözə son dərəcə məsuliyyət və diqqətlə yanaşmasının güzgüsüdür.

İnsan ürəyinin ən zərif tellərini titrətməyi bacaran musiqinin, bəstənin müəllifi həmişə xalq tərəfindən rəğbətlə qarşılanır və sevilir. Bu səbəbdən də o, heç vaxt unudulmayacaq. İndi musiqili meydanlarımızı bürümüş müxtəlif bezikdirici səslərin (məhz səslərin, əsl musiqinin, nəğmənin yox) içərisində biz həmişə əvvəlki saf, təmiz, məlahətli musiqiləri eşitmək, mahnıları dinləmək istəyirik. Xüsusilə də xalq mahnılarına, peşəkar bəstəkarların nəğmələrinə qulaq asmağa daha çox ehtiyac duyuruq. Vaxtilə Fikrət Əmirovun, Cahangir Cahangirovun, Tofiq Quliyevin, Emin Sabitoğlunun mahnıları dillər əzbəri idi. İndibu əsərlərə xiffətli duyğularla yanaşır, onların səslənməsinə sevinirik. Bu gün peşəkar bəstəkarların sırası seyrəlməkdədir. İndi bir il tamam olur ki, Elza İbrahimova haqq dünyasına qovuşub. Yaxşı ki Arif Məlikov, Şəfiqə Axundova, Sevda İbrahimova, Ramiz Mirişli, Faiq Sücəddinov, Firəngiz Əlizadə, Tahir Əkbər kimi bəstəkarlar yaşayıb-yaradırlar. Yoxsa adama elə gələrdi ki, meydan tamamilə qeyri-peşəkarların əlinə keçib.

Ümummilli lider Heydər Əliyev Elzanın mahnılarını çox sevərdi. Buna görə də Prezidentin fərdi təqaüdünə layiq görülən ilkin sənətkarlar arasında Elza İbrahimovanın da adı yazıldı.

Elza xanımın sənəti haqqında xalq şairi Bəxtiyar Vahabzadə həmişə ürəklə danışırdı. Yenə də onun fikirlərini xatırladırıq: "Elza gözlə görünən dünyanı deyil, görünə bilməyən, içəridən bizi dalğalandıran hisslərin, həyəcanların, bir sözlə, dünyamızın rəssamıdır. O, səslərdən toxuduğu nəğmə naxışlarında bizə ovqatımızı, öz dünyamızı göstərir. Nəğmələrinin verdiyi bəsirət gözü ilə o, bizi özümüzə, daxili aləmimizə baxmağa məcbur edir. Biz gözlərimizin önündə kəpənək kimi uçan sehrli səslərin arxasınca getməyə bilmərik. Onun nəğmələrində gözəgörünməz səslər predmetləşir, gözəgörünən arzulara, duyğulara çevrilir. Bax budur əsl böyük sənətin gücüsehri".

Məhz bu gücün və sənətin sayəsində Elza xanım elə musiqilər bəstələmişdir ki, indi həmin şərqilər əsl milli Azərbaycan mahnılarıdır. Bəstəkarın musiqisi elə məlahətlidir, hiss və həyəcanla doludur ki, ona sakit qulaq asmaq mümkün deyil. Unudulmaz şairimiz Əli Kərimin sözlərinə yazdığı bir mahnıdakı mətnə fikir verin: "Qayıt mənim gülüm, qayıt bu yerə, qayıt sahmana sal bu kainatı".

Elza İbrahimovanın mahnıları dinləyicilər üçün ona görə qiymətlidir ki, bu əsərlərdə hər kəsin duyğuları əks olunur, adama bəzən elə gəlir ki, bu mahnı məhz sənin üçün yazılıb. Bunun da əsas səbəbi bəstəkarın musiqisinə xas olan lirikanın həyatdan alınmasıdır. Onun mahnılarında çox ritmik surətdə bəzən böyük bir eşqin dastanı, bir sevənin bütöv həyatı, həsrəti, əzab-əziyyəti əks olunur. Görün, neçə illərdir ki, "Məhəbbət qürbətə gedərmiş" mahnısını sevə-sevə dinləyirik. Bu məşhur nəğmənin nə sözündə, nə də musiqisində yad bir xal, nəfəs duyulur. Elza İbrahimovanın yaradıcılıq uğurlarını şərtləndirən əsas amillərdən biri də budur ki, o, musiqisi ilə yeni bir ömür verdiyi mətnin sözlərinə xüsusi diqqət yetirərdi. Təqdirəlayiqdir ki, o, sözün qədrini bilən bəstəkar olduğundan hər şeirə mahnı yazmazdı. Misralarına musiqi ilə can verdiyi şairlərin sırasına diqqət yetirək: Bəxtiyar Vahabzadə, Əliağa Kürçaylı, Zivər Ağayeva, Dəmir Gədəbəyli, Oqtay Şamil, Aslan Abdullayev, Rəfiq Zəka, Vahid Əziz və başqaları. Bu düzgün seçimin nəticəsində Elza xanımın mahnıları illərdir ki, həm müğənnilər tərəfindən ilhamla ifa olunur, həm də dinləyicilər o nəğmələri çox sevirlər. Elza xanımın mahnılarını kimlər oxumayıb?! Unudulmaz müğənnilərimizdən Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Hüseynağa Hadıyev, Mirzə Babayev, Oqtay Ağayev, Flora Kərimova, Yalçın Rzazadə, Natəvan Şeyxova, Akif İslamzadə, Elmira Rəhimova, İlhamə Quliyeva, Aybəniz Haşımova və başqaları dönə-dönə bu istedadlı bəstəkarın yaradıcılığına müraciət ediblər. Unudulmaz Rəşid Behbudov Elza xanımın mahnılarını xüsusilə sevərdi. Dünyanın bir çox ölkəsini dolaşmış bu böyük sənətkar hər yerdə məhz Elza xanımın vətən haqqında yazdığı bir mahnını xüsusi şövqlə oxuyardı:

 

Dağlarına düşən şehdən,

Çöllərinə əsən mehdən,

Doya bilmirəm

Bir anamdan, bir səndən,

Bu dünyadan

Doya bilmirəm!

Ey Vətən!

 

 Rəşid Behbudov bu mahnını Odlar yurdunun vizit kartı kimi təqdim edərdi. Yaradıcılığı boyu "Ey Vətən"ə çox bağlandığından Rəşid Behbudovun dəfn mərasimi məhz həmin mahnının sədaları altında olmuşdur.

Bu gün istedadlı gənc ifaçılar da Elza İbrahimovanın yaradıcılığına tez-tez müraciət edirlər. Onlar duyurlar ki, Elza xanımın mahnılarını oxumaq sənət məsuliyyətinin dərki deməkdir.

Saysız-hesabsız mahnılar müəllifi Elza İbrahimova həm Azərbaycan operasının zənginləşməsində xidmət göstərən istedadlı sənətkarlardan biri idi. Onun Hüseyn Cavidin eyni adlı əsəri əsasında yazdığı "Afət", Qarabağ dərdləri ilə bağlı bəstələdiyi "Yanan laylalar" (Ramiz Heydər) operaları, yəqin ki, opera sənət səhnəmizdə vaxtsa nümayiş etdiriləcək. Üzərində uzun illər işlədiyi "Şeyx Şamil" operasını bilmirəm tamamladı, ya yox. "Neftçilər" himni öz ifadəliliyi ilə seçilən qiymətli musiqi əsərlərindən biridir.

Elza xanımın musiqilərində insan mənəviyyatını nurlandıran bir işıq var. Bu işığın sehri dinləyiciləri həmişə heyrətdə saxlamaqdadır. Bir bəstəkar kimi Elza xanımın yaradıcılığındakı möcüzə onun hiss həyəcanla bərabər, insan düşüncəsi ilə qəribə vəhdətdə olmasındadır. Müəllifin elə nəğmələri var ki, dinləyicini bir növ özü ilə hesabata çəkir. İstər-istəməz ötənlərə nəzər salmaq, gələcək barəsində düşünmək məcburiyyətində olursan. Əslində, Elza xanımın musiqisi həyatın özü qədər çoxrənglidir hər nəğmədə bir insan taleyi yaşayır. Elza İbrahimova məhz talelər üçün nəğmələr qoşan istedadlı bəstəkar idi. Sənətkarın qanadlandırdığı nəğmələr məhz bahar çiçəklərindən rəng ömür aldığından həmişə təravətlidir. Bir mahnısında deyildiyi kimi, "Dünya köhnə dünyadır, sevgiləri təzədir". Bax bu sevgiləri - təzə dünyanın köhnə ab-havasından süzülən nəğmələri bizdə bir "nostalgiya" yaradır. Yaxşı ki, dünyada sözün, musiqinin hər hərfinin, hər notunun üzərində diqqətlə işləyən belə məsuliyyətli peşəkar sənətkarlar olub var. Yoxsa musiqili meydanlardakı şoudan cana doyan insanlar əsl sənətin tükəndiyini hiss edərdilər. "O gözlər", "Bilməzdim", "Bilə-bilə", "Nədir istəyim", "Sən yadıma düşəndə", "Sevilmək gözəldir", "Mehribanım", "Gecələr bulaq başı", "Gözlərimdən çəkilmə" digər nəğmələri illərdir ki, repertuardan düşmür, sevilə-sevilə dinlənilən ən gözəl mahnılara çevrilib.

Reklamdan uzaq, müsahibə verməyi sevməyən, elə bu tərzdə yaşayıb-yaradan dünyasını dəyişən Elza İbrahimovanı bizə sevdirən həm mahnıları, həm təvazökar təbiəti oldu. Bilirsiniz, insan nəyin həsrətini çəksə, o, daha şirindir. Yoxsa, hər gün ən çox sevdiyin mahnıya da yüz dəfə qulaq asmaq məcburiyyətində qalsan, ondan da doyarsan. Elza İbrahimova sözün qədrini bildiyi qədər yerini bilən xanım-xatın sənət adamı idi. Mənalı ömrünün demək olar ki, hamısı şirmayı dillərlə təmasda keçdi, yazdı, yaratdı. Heç başqa umacağı da olmadı. Bütün varlığı ilə bağlandığı musiqi dünyası ona Tanrı tərəfindən bağışlanan ən ali mükafat idi.

Görkəmli bəstəkar, Azərbaycan Dağıstan respublikalarının xalq artisti, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, "Mehriban ana" qızıl ordeni almış Elza İbrahimova yaşasaydı, bu il onun 75 yaşı tamamlanacaqdı. Amma təəssüf ki, biz onun cismani yoxluğunun bir illiyini xatırlayırıq. Uzaqdan qanadlanan nəğmələr isə Elza xanımın bir bəstəkar kimi musiqi mədəniyyətimizdə həmişə yaşar olduğunu təsdiqləyir:

 

Kaş ünüm sənə yetə,

Kaş səsim sənə çata,

Sən yadıma düşəndə.

Mən təzədən gələrəm,

Sevmək üçün cahana,

Sevmək üçün həyata.

 

Beləcə, hər nəğməsi səsləndikcə Elza İbrahimova yenidən dünyaya gəlir. Bu mahnıların da sayı-hesabı yoxdur. Bax, budur əsl sənətin sehri.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2013.- 10 fevral.- S.8.