Heydər Əliyev FonduUNDP-nin fiziki qüsurlu insanlar ilə bağlı layihələrinin 2013-cü ildə də davam etdirilməsi barədə fikir mübadiləsi aparılmışdır

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (UNDP) daimi nümayəndəsi Antonius Broek ilə görüşmüşdür.

Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun UNDP ilə əməkdaşlığının 2005-ci ildən başladığını diqqətə çatdırmışdır. İndiyədək bir çox layihələrin həyata keçirildiyini deyən Mehriban xanım Əliyeva bunlardan ən böyüyünün "Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi" layihəsi olduğunu vurğulamışdır. Layihə çərçivəsində Bakıda və regionlarda bu qəbildən olan insanlar üçün İKT mərkəzləri inşa olunmuşdur.

Başqa layihələr barədə də danışan Mehriban xanım Əliyeva bunların içindən ətraf mühitin qorunması və mədəniyyət sahələrində görülmüş işləri xatırlatmışdır. Azərbaycanın birinci xanımı gələcəkdə də bu istiqamətdə fəaliyyətin genişləndiriləcəyinə əminliyini ifadə etmişdir.

Antonius Broek həmin layihələrin davam etdirilməsi istiqamətində təkliflərə açıq olduqlarını vurğulamışdır. O, Azərbaycanın birinci xanımını ölkəmizin ilk telekommunikasiya peykinin orbitə buraxılması münasibətilə təbrik etmiş, bunu böyük uğur adlandırmışdır.

Görüşdə Heydər Əliyev Fondu və UNDP-nin fiziki qüsurlu insanlar ilə bağlı layihələrinin bu il də davam etdirilməsi barədə fikir mübadiləsi aparılmışdır. 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya ili" elan olunması ilə əlaqədar ətraf mühitin qorunması və informasiya-kommunikasiya sahəsində işlərin genişləndirilməsi təklif edilmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 12 fevral.- S.2.