Ötən il Məhkəmə-Hüquq Şurasının fəaliyyət mexanizmləri təkmilləşdirilmiş, məhkəmə hakimiyyətinin özünüidarə funksiyaları daha da genişləndirilmişdir

 

Məhkəmə-Hüquq Şurasının (MHŞ) növbəti iclası keçirilmişdir. MHŞ-dən AzərTAc-a bildirmişlər ki, iclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı 2012-ci ildə görülmüş işlər və cari ildə qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Tədbirdə çıxış edən MHŞ-nin sədri, ədliyyə naziri Fikrət Məmmədov ötən ilin ölkəmiz üçün uğurlu olduğunu, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət inkişafı kursunun Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini, dövlətimizin iqtisadi nailiyyətlərinin və beynəlxalq nüfuzunun sürətlə yüksəldiyini qeyd etmiş, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə sisteminin müasirləşməsi istiqamətində görülən ardıcıl tədbirləri vurğulamışdır.

Qeyd olunmuşdur ki, 2012-ci ildə MHŞ-də məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və işin keyfiyyətinin yüksəldilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və tədrisi, korrupsiya, süründürməçilik və digər mənfi halların aradan qaldırılması, hakimliyə namizədlərin seçimi ilə bağlı 20 məsələyə baxılmış, bu tədbirlər Şuranın internet səhifəsində (www.jlc.gov.az) və mətbuatda geniş işıqlandırılmışdır.

Görülən işin səmərəliliyinin artırılması üçün beynəlxalq təcrübə nəzərə alınmaqla əhatəli təhlillər aparılmış, ötən il "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlara mütərəqqi dəyişikliklər edilmiş, Şuranın fəaliyyət mexanizmləri təkmilləşdirilmiş, hakimlərin müstəqilliyinin əlavə təminatı müəyyən olunmuş, məhkəmə hakimiyyətinin özünüidarə funksiyaları daha da genişləndirilmişdir.

Məhkəmə baxışının keyfiyyətinin yüksəldilməsi məqsədilə mövcud problemlərlə bağlı məhkəmələrə sorğular göndərilmiş, ətraflı təhlillər aparılaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması üçün müvafiq təkliflər hazırlanmış, pilot layihələrin icrasına başlanılmışdır.

MHŞ tərəfindən ötən il səlahiyyət müddətləri başa çatan 100-ə yaxın hakimin fəaliyyəti qiymətləndirilmiş, onlar müxtəlif hakim vəzifələrinə təyin edilmişlər. Korrupsiyaya şərait yaradan süründürməçilik və vətəndaşların haqlı narazılığını doğuran digər hallara yol verdiklərinə görə 2 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilmişdir.

İclasda həmçinin qeyd olunmuşdur ki, təkcə son 2 il ərzində müxtəlif qanun pozuntularına yol vermiş 26 hakim barədə intizam icraatı başlanılmış, o cümlədən korrupsiyaya şərait yaradan hallara görə 2 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş, 1 nəfərin yeri dəyişdirilmişdir.

Ötən il hakimliyə namizədlərin yeni qaydalarla, çoxsaylı şəffaf imtahanlar vasitəsilə seçimi davam etmişuğur qazanmış 76 nəfər yüksək hazırlıqlı hüquqşünas hakim vəzifəsinə hazırlanmaq üçün birillik tədris kursuna cəlb olunmuşdur. Kursun tədris proqramında insan hüquqlarının qorunması, məhkəmə etikası, korrupsiyaya qarşı mübarizə, İnsan hüquqları üzrə Avropa Konvensiyasının tələbləri və digər aktual mövzular prioritet təşkil etmiş, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə nüfuzlu xarici ekspertlərin mühazirələri dinlənilmiş, habelə bütün namizədlər Türkiyədə yarım aylıq nəzəri və təcrübi təlimlər keçmişlər.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında müasir məhkəmə infrastrukturunun yaradılmasının əhəmiyyəti nəzərə alınaraq Dünya Bankı ilə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində ötən il Bakı şəhəri Yasamal, Gəncə şəhəri Nizami və Gədəbəy rayon məhkəmələri üçün müasir tələblərə cavab verən yeni inzibati binalar inşa edilmiş, Sabunçu və Şəki məhkəmə komplekslərinin, Quba Rayon Məhkəməsinin yeni binalarının inşasına başlanmış, habelə 30-dək yeni məhkəmə binası layihələndirilmişdir.

Yeni məhkəmə binalarında müasir İKT-lər tətbiq edilməklə vətəndaşlarla hakimlər arasında qeyri-prosessual münasibətlərin qarşısı alınır, habelə hazırda bütün məhkəmələr arasında, o cümlədən MHŞ ilə elektron sənəd dövriyyəsi və sənədlərin avtomatlaşdırılmış idarəetmə sistemi üçün zəruri infrastruktur quraşdırılır, məhkəməyə müraciətin asanlaşdırılması üçün məhkəmə sisteminin vahid internet portalından səmərəli istifadə edilir.

Həyata keçirilən mütərəqqi tədbirlərin, xüsusilə məhkəmə hakimiyyətinə inamın və çatımlıq imkanlarının genişlənməsinin təzahürüdür ki, yeni məhkəmə sistemimiz fəaliyyətə başladıqdan sonra (2000-ci il) mülki mübahisələrlə bağlı məhkəmələrə müraciətlərin sayı 7 dəfədən çox artmışdır.

Eyni zamanda, son illər hakim ştatlarının sayının 2 dəfə, məhkəmə aparatı işçilərinin sayının isə 75 faiz artırılması, 12 yeni regional məhkəmələrin yaradılması və məhkəmə infrastrukturunun yaxşılaşdırılması məhkəmə işlərinin keyfiyyətinə də müsbət təsir göstərmiş, 2012-ci ildə birinci instansiya məhkəmələrinə daxil olmuş bütün mülki işlər üzrə yekun qərarların 87 faizi, cinayət işləri üzrə hökmlərin isə 74,3 faizi ilə tərəflər razılaşmış, başqa sözlə, həmin işlərdən apelyasiya şikayəti və ya protesti verilməmişdir. Ümumiyyətlə, birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 95,4 faizi, cinayət işləri üzrə hökmlərin 91,4 faizi  dəyişdirilməyərək sabit qalmışdır.

Hakimlərin və məhkəmə işçilərinin tədrisinin məhkəmə səhvlərinin aradan qaldırılmasında mühüm əhəmiyyəti nəzərə alınaraq nüfuzlu beynəlxalq təşkilatlar, tanınmış ekspertlər və təcrübəli hakimlərin iştirakı ilə 400-dək hakim və məhkəmə aparatı işçilərini əhatə edən silsilə tədris tədbirləri təşkil olunmuş, insan haqları, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, etik davranış qaydaları ilə bağlı mövzuların tədrisinə üstünlük verilmişdir.

Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən mütərəqqi tədbirlər nüfuzlu beynəlxalq qurumların da diqqətini cəlb etmiş, Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) Azərbaycanda hakimlərin seçimi prosesini bilavasitə izləməklə ölkəmizin təcrübəsini digər Avropa dövlətlərinə örnək kimi göstərmişdir. Avropa İttifaqı tərəfindən də bu proses eyni yüksək qiymətə layiq bilinərək digər dövlətlərə tövsiyə olunmuşdur.

Həmçinin məhkəmə sisteminin inkişafı, müasirləşdirilməsi və yeni infrastrukturun yaradılması, maliyyələşməsinin yüksəldilməsi, hakimlərin sayının artırılması, müasir informasiyakommunikasiya şəbəkəsinin tətbiqi ilə bağlı ölkəmizdə görülən genişmiqyaslı işlər Avropa Şurası tərəfindən böyük marağa səbəb olmuş, Azərbaycanın təcrübəsindən yararlanmağın əhəmiyyəti bildirilmiş, bu nüfuzlu qurumun "Avropa məhkəmə sistemləri"nə dair hesabatında ölkəmizin nailiyyətləri yüksək dəyərləndirilmişdir.

Məhkəmə sisteminin inkişafı ilə bağlı ötən il görülən işlər Şurada təqdirəlayiq bilinmiş, qarşıda duran mühüm vəzifələr müəyyən edilmişdir.

İclasda həmçinin təşkilati məsələyə də baxılmış, Məhkəmə-Hüquq Şurası sədrinin səlahiyyət müddətinin bitməsi ilə bağlı sədr seçkisi keçirilmiş və ədliyyə naziri Fikrət Məmmədov yenidən Şuranın sədri seçilmişdir.

Tədbirdə dövlət başçısı tərəfindən 2013-cü ilin "İKT İli" elan olunması nəzərə alınaraq informasiya-kommunikasiya texnologiyalarının tətbiqi dairəsinin genişləndirilməsi, şəffaflığın artırılması, üsul və vasitələrinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər vurğulanmışdır. Həmçinin qeyd olunmuşdur ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, korrupsiyaya qarşı mübarizə üzrə görülən işlərə baxmayaraq, aparılmış təhlil və monitorinqlər bu sahədə əlavə təsirli tədbirlərin həyata keçirilməsi zərurəti yaratmışdır. Bununla əlaqədar çıxış edən Şura üzvü, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov məhkəmə sistemində korrupsiya, vəzifədən sui-istifadə, süründürməçilik və digər xoşagəlməz hallara qarşı görülən işləri qeyd etmiş, ölkə Prezidentinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş 15 yanvar tarixli iclasda korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da sərtləşdirilməsi və nəzarətin gücləndirilməsi barədə qəti tapşırıqlarının qarşıda mühüm vəzifələr qoyduğunu bildirmiş, məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirən belə halların qətiyyətlə aradan qaldırılması üçün konkret tədbirləri vurğulamışdır.

İclasda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev və digər Şura üzvləri vahid məhkəmə təcrübəsinin və cəza siyasətinin formalaşması məqsədilə mövcud problemlərin geniş müzakirəsinin keçirilməsinin, etik davranış kodeksinin tələblərinə dönmədən əməl edilməsinin, məhkəmə aparatı işçilərinin maddisosial təminatının yaxşılaşdırılması, əhaliyə göstərilən hüquqi yardımın təkmilləşdirilməsi üzrə əlavə mexanizmlərin müəyyən olunmasının zəruriliyini qeyd etmişlər.

Tədbirdə korrupsiyaya qarşı mübarizə üzrə tədbirlərin gücləndirilməsi, o cümlədən müasir texnoloji yeniliklər nəzərə alınmaqla fəaliyyətin, xüsusilə korrupsiya ilə bağlı şikayətlərə baxılması işinin təkmilləşdirilməsi, məhkəmələrdə mütəmadi monitorinqlərin keçirilməsi, vətəndaşların müraciətlərinin yerində araşdırılması üzrə  konkret tapşırıqlar verilmişdir.

İclasda 3 hakim barədə intizam icraatına baxılmış, qanunvericiliyin tələblərinin pozulmasına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ziya Əliyevin və Masallı Rayon Məhkəməsinin hakimi Vidadi Nəsirovun iş yerinin dəyişdirilməsi barədə qərarlar qəbul edilmiş, Sabunçu Rayon Məhkəməsinin hakimi Elşən Kazımova irad tutulmuş, birinci instansiya məhkəmələrinin qanunvericiliyin tələblərini pozan 4 hakimi barədə intizam icraatları başlanılmışdır.

 

 

Azərbaycan.-2013.- 12 fevral.- S.3.