Naxçıvanşünaslıq Mərkəzi
muxtar respublikanın öyrənilməsində əhəmiyyətli
rol oynayacaq
89 il əvvəl yaradılan Naxçıvan Muxtar Respublikası çətin, mürəkkəb və eyni zamanda parlaq inkişaf yolu keçmiş, milli istiqlaliyyət yolunda cəsarətli addımlar atmışdır. Bu gün də Naxçıvan Muxtar Respublikası ölkəmizin iqtisadi qüdrətinin artırılmasına, tarixinin öyrənilməsinə və elmi potensialının gücləndirilməsinə dəyərli töhfələr verir. Son illərdə Naxçıvan tarixinin öyrənilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvanşünaslıq Mərkəzinin yaradılması bu istiqamətdə görülən işlərin davamı kimi yadda qalmışdır.
Fevralın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yeni binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın istifadəyə verilməsini bildirən lenti kəsmiş və mərasimdə çıxış etmişdir.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin açılışı əlamətdar və tarixi bir günə Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 89-cu ildönümü gününə təsadüf edir. Naxçıvanşünaslıq Mərkəzinin istifadəyə verilməsi muxtariyyət tariximizlə yanaşı bu qədim Azərbaycan torpağının digər tarixi mərhələlərinin də öyrənilməsinə, tədqiq və təbliğ olunmasına, eləcə də gələcək nəsillərə çatdırılmasına göstərilən qayğının ifadəsidir.
89 il bundan əvvəl yaradılmış Naxçıvan Muxtar Respublikası mühüm tarixi missiyanı yerinə yetirmişdir. Onlardan biri muxtar respublikaya aid ərazinin, bununla birlikdə minilliklər boyu Azərbaycan türkləri tərəfindən bu ərazidə yaradılmış zəngin maddi və milli dəyərlərin qorunmasıdır. Əgər bu dəyərlər qorunmasaydı, biz indi nəinki Naxçıvanın qədim tarixindən, heç müasir və ən müasir tarixindən də danışa bilməzdik. Naxçıvan böyük bir tarixi keçmişə malikdir. Bu tarix Sovetlər birliyi dövründə lazımi səviyyədə öyrənilməmiş, bir sıra ciddi elmi və nəzəri səhvlərə yol verilmişdir. Ulu öndər Heydər Əliyevin istər Azərbaycana rəhbərliyinin birinci, istərsə də ikinci dövründə xalqımızın tarixinin, mədəniyyətinin və milli dəyərlər sisteminin elmi dəlil və arqumentlər əsasında yenidən öyrənilməsinə başlanmışdır. Müstəqillik dövründə Azərbaycanın tarixi, arxeologiyası, etnoqrafiyası, ədəbi mühiti və mədəniyyəti vahid elmi konsepsiya baxımından öyrənilmiş, buna uyğun olaraq Azərbaycanşünaslıq və onun tərkib hissəsi kimi Naxçıvanşünaslıq da elmi istiqamət kimi müəyyənləşmişdir.
Elmi sahə kimi Naxçıvanşünaslığın öyrənilməsinə 1996-cı ildən başlanmışdır. Həmin ildə keçirilən "Uluslararası qaynaqlarda Naxçıvan" beynəlxalq simpoziumu Naxçıvanşünaslığın öyrənilməsində yeni mərhələ təşkil etmişdir. Sonrakı illər ərzində Naxçıvan tarixinin müxtəlif mərhələlərinin, ələlxüsus da qədim dövr tarixinin öyrənilməsinə dair 50-dən çox beynəlxalq elmi forum, konfrans və simpozium keçirilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublika ərazisində 800-dən artıq yeni tarixi abidə tapılmış, ümumilikdə, 1200-dən çox tarix və mədəniyyət abidəsi pasportlaşdırılaraq onların dövrü və tipoloji mənsubiyyəti müəyyənləşdirilmişdir. Eyni zamanda uzun müddət öyrənilməsinə qadağa qoyulmuş Nuh peyğəmbər və Naxçıvan bağlılığı yenidən elmi tədqiqatların gündəliyinə çıxarılmış, qədim daşüstü yazılar, yurd yerləri, beş minillik tarixi əhatə edən Naxçıvan şəhər mədəniyyəti tədqiq olunmuşdur.
Sovetlər birliyinin mövcud olduğu 70 il ərzində Naxçıvanın tarixinə dair 50-yə yaxın ziddiyyətli məzmuna və istiqamətə malik kitab və ya broşura hazırlanmışdısa, 1996-cı ildən ötən dövr ərzində Naxçıvanşünaslığa dair hazırlanan monoqrafiya, kitab, elmi məqalə, dərslik və dərs vəsaitlərinin sayı mini keçmişdir. Əldə olunan kitab, albom, elmi-kütləvi məqalə, qəzet və jurnal materiallarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanılması, tədqiq və təbliğ edilməsi Naxçıvanşünaslıqla məşğul olan ayrıca bir mərkəzin yaradılmasını zərurətə çevirmişdir. Bu zərurət əsas götürülərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 17 fevral tarixli sərəncamı ilə Naxçıvanşünaslıq Mərkəzi yaradılmış, mərkəz üçün bina ayrılmış və əsaslı surətdə yenidən qurulmuşdur. Mərkəz, onun kitabxanası və arxivi ən müasir informasiya avadanlıq və daşıyıcıları ilə təmin olunmuş, elektron kitabxana və elektron arxiv yaradılmışdır.
Ümummilli lider Heydər Əliyevin "Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Bizim əsas məqsədimiz Naxçıvan tarixini hərtərəfli öyrənmək, tədqiq etmək, onları elmi və populyar kitablarda dərc etmək, təbliğat materiallarında istifadə etməkdir" - fikirini xatıraladan Ali Məclisin Sədri ulu öndərin müəyyənləşdirdiyi vəzifələrin həyata keçirilməsində kollektivə uğurlar arzulamışdır.
Mərasimdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev demişdir ki, son illər Naxçıvanın tarixinin, arxeologiya və etnoqrafiyasının, mədəniyyətinin və təbii sərvətlərinin öyrənilməsi ciddi tədqiqatların predmetinə çevrilmiş, yeni elmi istiqamətlər müəyyənləşdirilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublika ərazisindəki tarixi abidələr tədqiq olunaraq pasportlaşdırılmış, tarix və mədəniyyət abidələrinin mühafizəsi təmin edilmiş, elmi simpoziumlar və konfranslar keçirilmişdir. Görülən işlər Naxçıvanşünaslığın öyrənilməsi istiqamətində də yeni imkanlar açmış, bu sahədə konkret elmi nəticələr qazanılmış, Naxçıvanşünaslıq Mərkəzinin yaradılması zərurətə çevrilmişdir. Binada yaradılan şərait Naxçıvanşünaslıq Mərkəzi ilə elm, tədqiqat və təhsil müəssisələri arasında səmərəli əməkdaşlığın qurulmasında, elmi-tədqiqat işlərinin aparılmasında, yeni elmi istiqamətlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayacaqdır.
Mərkəzdə
server otağı, biblioqrafiya proseslərinin
avtomatlaşdırılması şöbəsi, elmi-metodik
şöbə, xidmət şöbəsi, komplektləşdirmə
şöbəsi, kitabişləmə və kataloqlaşdırma
şöbəsi, kitabsaxlayıcı fond, oxu və dövri mətbuat
zalı, elektron oxu zalı, arxiv və s. vardır.
Azərbaycanşünaslığın
üzvi tərkib hissəsi olan
Naxçıvanşünaslığa dair irsin, xüsusilə
Naxçıvan Muxtar Respublikasının tarixi, elmi, ədəbi
mühiti, incəsənəti, təbii sərvətləri və
mədəniyyəti, habelə Naxçıvanın görkəmli
şəxsiyyətlərinin həyatı və fəaliyyətinin
öyrənilməsi və təbliğ olunması
Naxçıvanşünaslıq Mərkəzinin əsas fəaliyyət
istiqamətidir.
Kitabsaxlayıcı
fondda Naxçıvanın tarixinə, arxeologiyasına, təbii
sərvətlərinə və milli dəyərlərimizə
həsr olunmuş 1000-dən artıq kitab və avtoreferat, eləcə
də dövri mətbuat nümunələri vardır. Oxu və
dövri mətbuat zalında istifadəçilər
üçün fonddakı kitablardan, qəzet və
jurnallardan, eləcə də internetdən istifadə
imkanı yaradılmışdır.
Binada
informasiya köşkü
quraşdırılmışdır. İstifadəçilər
onlara verilən şəxsi parol vasitəsilə elektron
informasiya köşkünə yaxınlaşaraq istənilən
kitabı sifariş verə bilərlər. Elektron köşk
istifadəçilərə kitab fondunun elektron kataloqu ilə
tanış olmaq, sorğulara operativ cavab almaq və virtual
sifariş imkanı yaradır. Mərkəzin internet saytı
da fəaliyyət göstərəcəkdir.
Üç
dildə hazırlanan "www.e-merkez.alimeclis.az" internet
saytı mərkəz ilə səmərəli informasiya
mübadiləsi aparmağa imkan verəcəkdir. Saytın
"Elektron kataloq", "Elektron arxiv", "Elektron
kitablar", "Bizimlə əlaqə" bölmələrində
mərkəz ilə operativ əlaqə saxlamaq, elektron
axtarış xidmətlərindən istifadə etmək, kitab
sifariş vermək və kataloqda axtarmaq, arxivdəki sənədli
və televiziya filmlərinə baxmaq imkanı vardır.
Arxivdə
mühüm dövlət əhəmiyyətli sənədlər,
sənədli və digər filmlərin toplandığı
80-nə yaxın disk, Naxçıvanın tarixinə dair
müxtəlif yerlərdən, o cümlədən xarici arxivlərdən
toplanmış xəritələr saxlanılır.
Elxan MƏMMƏDOV
Azərbaycan.-2013.- 12 fevral.- S.3.