Leyla xanım ƏLİYEVA: Ümidvaram ki, bu sərgi Azərbaycan incəsənətinin daha
yaxşı öyrənilməsinə töhfəsini verəcəkdir
Fevralın
10-da Londondakı "Christie`s" hərrac evində Heydər
Əliyev Fondunun dəstəyi, hərrac evinin və
"YARAT!" Müasir İncəsənət Məkanının
birgə təşkilatçılığı ilə
müasir incəsənət nümunələrinə
xüsusi baxış və ziyafət gecəsi
keçirilmişdir.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın
iştirak etdiyi gecədə Azərbaycanın və
Böyük Britaniyanın
nüfuzlu şəxsləri, parlament üzvləri,
ictimai xadimlər, incəsənət adamları,
dünyanın müxtəlif ölkələrindən gəlmiş
qonaqlar var idi.
"Christie's"in
sədri Lord Linli mərasimi açaraq sərginin təşkilinə
dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü
ifadə etmiş, Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın
Azərbaycan incəsənətinin və mədəniyyətinin
hərtərəfli təbliğində gördüyü
işlərin əhəmiyyətini
vurğulamışdır.
Sonra
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım ƏLİYEVA
mərasimdə çıxış edərək demişdir:
-
Hörmətli qonaqlar!
Əziz
dostlar!
İlk
növbədə, Londonda və "Christie`s"də qonaqpərvərliyə
görə təşəkkürümü bildirmək istəyirəm.
"YARAT!"
Müasir İncəsənət Məkanının sərgilərinə
Londonda başladıq, sonra Parisdə, Berlində və bu həftə
Moskvada təmsil olunduq. Bu, çox böyük nailiyyət idi
və bu sərgini Romada keçirməyi
planlaşdırırıq. Sərgi videomateriallar, rəngkarlıq
nümunələri, rəsm əsərləri, heykəltəraşlıq
və foto nümunələrini özündə birləşdirir.
Ümid edirəm ki, bu sərgi Azərbaycan incəsənətinin
daha yaxşı öyrənilməsinə töhfəsini verəcəkdir.
Sərgidə
iştirak edən rəssamların çoxu, eyni zamanda, fəal
təşkilatlarda da təmsil olunurlar. Həmin təşkilatlardan
biri bu gün burada sərgisinə
toplaşdığımız "YARAT!" Müasir İncəsənət
Məkanıdır. Mən şəxsən bundan böyük
qürur hissi keçirirəm və çox şadam ki, təşkilatın
şöhrəti hər gün daha da artır. Təşkilat
Azərbaycan rəssamlarını dəstəkləyir və
onların tanınmasında, milli incəsənətimizin beynəlxalq
səviyyədə təbliğində çox böyük
işlər görmüşdür.
Mənim
də sənətə böyük həvəsim vardır. Rəsm
çəkməyi və incəsənət ilə
maraqlanmağı çox sevirəm. Mən Londona gələndə
Milli Qalereyanı ziyarət edirəm və bu, mənim ən
çox sevdiyim məkanlardan biridir. London dünya incəsənətinin
önəmli mərkəzlərindən sayılır.
Çox şadam ki, biz bir çox layihələrimizə məhz
bu şəhərdə başlamışıq. Məsələn,
bir il bundan əvvəl beynəlxalq "Baku"
jurnalının nəşrinə başladıq. Həmin
jurnalda bir çox səhifələrimizi fərqli incəsənət
layihələrinə, qarşıdan gələn incəsənət
hadisələrinə həsr etmişdik. Biz dünyada məşhur
olan rəssamlara, o cümlədən Corc Condoya, Tahir Salahova
jurnalımızın səhifələrində geniş yer
vermişik. İndiyədək jurnalımızın 6 nömrəsi
çapdan çıxıb və ümid edirəm ki, bizim
jurnal Azərbaycan incəsənətinin və ümumiyyətlə,
ölkəmizin daha yaxşı öyrənilməsinə
böyük töhfələr verəcəkdir.
Azərbaycan
Qərb ilə Şərqin, qədimlik ilə müasirliyin
qovuşduğu bir ölkədir. Azərbaycan mədəniyyətlərin,
ənənələrin və dinlərin qovuşduğu nadir
məkandır və bu, öz möcüzəsini yaradır.
Biz bu gün incəsənət və yaradıcılığı
qeyd etmək üçün buradayıq. Mən Lord Linliyə
və "Christie`s"ə təşəkkür etmək
istəyirəm ki, bu əlamətdar hadisəyə ev sahibliyi
edirlər. Əminəm ki, bu əməkdaşlığın
əhəmiyyəti böyükdür və o, daha da
inkişaf edəcəkdir. Bilirəm ki, burada iştirak edənlərin
çoxu Azərbaycanda olmuşlar. Ümid edirəm ki, ölkəmizi
ziyarət etməkdən məmnun qalmısınız. Amma mən
fürsətdən istifadə edib, hər birinizi Azərbaycanı
təkrar ziyarət etməyə dəvət edirəm.
Çox
sağ olun, hamınıza xoş gecə keçirməyi
arzulayıram.
* * *
Daha sonra
"YARAT!" Müasir İncəsənət Məkanının
rəhbəri Aida Mahmudova rəhbərlik etdiyi qurumun fəaliyyəti
və məqsədi haqqında iştirakçılara məlumat
vermişdir. Qeyd edilmişdir ki, "YARAT!" müasir Azərbaycan
incəsənətinin və rəssamlarının həm
yerli, həm beynəlxalq səviyyədə təbliğinə,
tanıdılmasına xidmət edir. "YARAT!" həm Azərbaycanda,
həm də xaricdə qeyri-kommersiya xarakterli incəsənət
fondları ilə dialoq və mübadilə aparmaqdadır. O,
həmçinin təhsil təşəbbüsləri, eləcə
də beynəlxalq incəsənət mükafatları təsis
etmək məqsədi naminə də fəaliyyət göstərir.
Aida Mahmudova bildirmişdir
ki, 2012-ci ildə
"YARAT!"
"012 Bakı Public
Art" festivalı da
daxil olmaqla, iyirmidən artıq layihə həyata keçirmişdir. Təşkilatın
gələcək planları
haqqında da məlumat verən A.Mahmudova London sərgisinə
ev sahibliyi edən "Christie`s" və
Lord Linliyə minnətdarlığını
ifadə etmişdir.
Daha sonra tədbirdə Azərbaycan incəsənəti
və müasir Azərbaycan rəssamları
Aida Mahmudova, Ramal Kazımov, Faiq Əhməd, Əli Həsənov, Fərid Rəsulov, Orxan Hüseynov, Niyaz Nəcəfov və başqaları haqqında məlumat verən videoçarx nümayiş etdirilmişdir.
"Christie`s"
hərrac evinin nümayəndəsi Dina Amin
təmsil etdiyi qurum haqqında məlumat vermiş və bu mötəbər
tədbirə ev sahibliyi etməkdən məmnun olduqlarını
bildirmişdir.
Daha sonra tanınmış azərbaycanlı
skripkaçı Nəzrin
Rəşidova Azərbaycan
və xarici ölkə bəstəkarlarının
əsərlərini ifa
edərək qonaqlara xoş anlar yaşatmışdır.
Tədbirdə qonaqlara "YARAT!" Müasir İncəsənət Məkanının
fəaliyyəti, ölkəmizin
incəsənəti və
müasir Azərbaycan
rəssamları haqqında
ətraflı məlumat
verən disklər və jurnallar paylanılmışdır.
Orxan İSMAYILOV,
AzərTAc-ın xüsusi müxbiri
London
Azərbaycan.-2013.- 12 fevral.- S.4.