Fransada keçirilən Azərbaycan mədəniyyət
günləri çərçivəsində Strasburqda sərgi və konsert təşkil olunmuşdur
Heydər
Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin
dəstəyi ilə
"Qafqazın mirvarisi
olan Azərbaycanın
mədəni dəyərləri"
layihəsi əsasında
Fransada keçirilən
Azərbaycan mədəniyyət
günləri çərçivəsində
fevralın 9-da Strasburqda
sərgi və konsert təşkil olunmuşdur.
Azərbaycan ilə bağlı növbəti tədbirin Avropanın rəmzi paytaxtı hesab edilən Strasburqda keçirilməsi heç
də təsadüfi deyildir. Avropa Şurası,
Avropa Parlamenti, Avropa İnsan Haqları Məhkəməsi
kimi nüfuzlu təşkilatlarla yanaşı,
Strasburqda və Avropa Şurası yanında akkreditə olunan diplomatik korpusun nümayəndəlikləri
bu şəhərdə
yerləşir.
Azərbaycan mədəniyyət günləri
möhtəşəm "Tussimo" sərgi salonunda ölkəmizlə
bağlı guşənin
rəsmi açılışı
ilə başlamışdır.
Tədbiri açan şəhərin
meri, senator Rolan Ris Azərbaycanın mədəni zənginliklərinin nümayiş
etdirildiyi bu sərgidə olmaqdan məmnunluq duyduğunu bildirmişdir. Mer iştirakçıların ölkəmizin mədəni
irsi ilə yaxından tanışlığının
Azərbaycan barədə
maraqlı məlumatlar
əldə etmələrində
mühüm rol oynayacağını diqqətə
çatdırmışdır. R.Ris guşə ilə tanışlıq zamanı
xalçalarımıza xüsusi
maraq göstərdiyini
qeyd etmişdir.
Bir qrup senatorla Azərbaycana səfərini xatırladan mer ölkəmizlə tanışlığın, xüsusilə Strasburq kimi UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilən İçərişəhərin onda xoş təəssürat oyatdığını vurğulamışdır. Azərbaycanın mədəni dəyərləri bu ölkənin tarixiliyindən və zənginliyindən xəbər verir. R.Ris Bakı ilə Strasburq, Azərbaycan ilə Elzas regionu arasında əlaqələrin daha da inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğunu diqqətə çatdırmış, ölkəmizin Avropa Şurasında yaxşı əlaqələr qurduğunu xalqların bir-birini yaxından tanıması istiqamətində yaxşı ideyaların tapılmasının mümkünlüyünü bildirmişdir.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov ölkəmizin turizm imkanlarını əks etdirən sərginin ilk dəfə Strasburqda açıldığını xatırlatmış, bu tədbirin təşkilinə imkan yaratdıqlarına görə şəhər merinə və digər rəsmi şəxslərə minnətdarlığını bildirmişdir. O, ölkəmizdə turizmin inkişaf etdiyini vurğulamış və sərginin strasburqluların Azərbaycan barədə ətraflı məlumat əldə etmələrinə imkan yaradacağına ümidvar olduğunu demişdir.
Səfir qədim tarixi olan gənc müstəqil Azərbaycanda müxtəlif dinlərə, mədəniyyətlərə malik etnik azlıqların yaşadığını, ölkəmizin Şərq ilə Qərb arasında yerləşdiyini bildirmişdir. Diplomat Azərbaycanı, onun zəngin mədəni abidələrini fransızlara yaxından tanıtmaq məqsədi ilə sərgi və konsertin ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təşkil olunduğunu diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan Elzas regionu ilə yalnız mədəni sahədə deyil, iqtisadi sahədə də əlaqələrin inkişafında maraqlıdır. Keçən il ölkəmizlə Fransa arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyi təntənəli şəkildə qeyd edilmişdir. Azərbaycan dünyəvi, həm də tolerant ölkədir. Ölkəmizdə "Şərab yolları" turizm marşrutu mövcuddur. Xizək həvəskarları üçün hər cür şəraiti olan kompleks yaradılmışdır. Azərbaycan memarlıq baxımından diqqəti cəlb edən tarixi abidələrə, zəngin mətbəxə, gözəl təbiətə malik ölkədir.
Elzas region şurası prezidentinin birinci müavini Andre Reşard çıxışında Müluz şəhərində, indi isə Strasburqda təşkil edilən sərginin elzaslıların Azərbaycan ilə tanış olmalarında mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. Ölkəmizin sürətlə inkişaf etdiyini deyən natiq Azərbaycanın Avropa Şurasında xüsusi rolu olduğunu vurğulamışdır. Azərbaycan yalnız keramika məhsulları, xalçaları, mədəni irsi, tarixi ənənələri ilə yanaşı, həm də yeraltı sərvətləri ilə zəngin ölkədir. Güclü iqtisadi potensiala malik ölkə enerji ehtiyatları ilə zəngindir, neft və qaz sənayesi sürətlə inkişaf etmişdir.
A.Reşard iqtisadi forum keçirməklə Azərbaycan ilə tərəfdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarını bildirmişdir.
Şəhərin meri və digər rəsmi qonaqlar Azərbaycan guşəsində nümayiş etdirilən saxsı qablar, misgərlik nümunələri, xalçalarla, xurcunlarla, qədim kişi və qadın geyimləri ilə yaxından tanış olmuşlar.
İştirakçılar sərgi ilə bağlı təəssüratları barədə AzərTAc-a müsahibələr vermişlər.
Fransanın keçmiş xarici ticarət naziri Lus Fransua bildirmişdir ki, Azərbaycanın bizim regionda tanınması istiqamətində atdığı addım elzaslıların böyük marağına səbəb olmuşdur. Şəxsən mən Azərbaycanı yaxşı tanıyıram. Nazir vəzifəsində çalışarkən ölkənizə səfərim çərçivəsində Bakının tarixi və görməli yerləri ilə tanışlıq, xüsusilə Qız qalası və İçərişəhər məndə unudulmaz təəssürat yaratmışdır. Xalçalar və miniatür əsərlər daha çox xoşuma gəldi. Ötən il "Baku Crystal Hall"da keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi Azərbaycanı bütün dünyada, o cümlədən Fransada yaxşı tanıtmışdır. Strasburqda Azərbaycan muğamını tanıyır və sevirlər. İqtisadi sahədə də əməkdaşlıq sahəsində böyük imkanlar vardır. Ölkənizin zəngin mətbəxini tanıtmaq üçün istər Parisdə, istərsə də Strasburqda Azərbaycan restoranının olmaması təəssüf doğurur.
Strasburq turizm idarəsinin sədri Jan-Jak Gsel isə fikirlərini bölüşərkən sərginin çox maraqlı olduğunu vurğulamışdır. Əminəm ki, sərgiyə gələn 30 mindən artıq adam ölkənizlə yaxından tanış olmaq imkanı əldə edəcəkdir. Etiraf edim ki, Azərbaycanı bir o qədər də tanımıram. Yalnız onu deyə bilərəm ki, keçmiş Sovet İttifaqının respublikalarından biri olan Azərbaycan Xəzər dənizinin sahilində yerləşir, Rusiya, Gürcüstan, Türkiyə və İran kimi ölkələrlə həmsərhəddədir. Mənə ecazkar təbiəti olan ölkəniz, səmimi və mehriban azərbaycanlıların qonaqpərvərliyi haqqında çox danışmışlar. Ümid edirəm ki, yaxın vaxtlarda ölkənizə səfər edəcəyəm. Bunun başlıca səbəbi mənim xizək həvəskarı olmağımdan irəli gəlir. Eşitmişəm ki, Azərbaycanda yeni xizək kompleksi istifadəyə verilmişdir.
Həmin gün Strasburqun məşhur "Musiqi sarayı"nda Azərbaycanın xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olmuşdur.
Konsertdən əvvəl çıxış edən şəhərin meri R.Ris həm sərgi, həm də incəsənət ustalarının konserti ilə Azərbaycanın Elzas regionunda yaxşı tanınacağına ümidvar olduğunu bildirmişdir. Azərbaycana səfəri zamanı ölkəmizin mədəni irsi, mədəniyyəti, eyni zamanda, sürətlə inkişaf edən iqtisadiyyata malik müstəqil ölkə kəşf etdiyini bildirən mer ölkəmizi daha yaxşı tanımaq üçün əhali ilə əlaqədə olmağın vacibliyini qeyd etmişdir.
Səfir Elçin Əmirbəyov Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi əsasında Fransanın bir neçə şəhərində sərgi və konsertlərin təşkil edildiyini xatırlatmışdır. Diplomat qədim və zəngin mədəniyyətə malik ölkəmizin İpək yolu üzərində yerləşdiyini, onun Fransanın şərqində o qədər də tanınmadığını, ona görə də Elzasda belə tədbirin keçirildiyini diqqətə çatdırmışdır. Səfir xalqımızın ənənəvi musiqisi olan muğamın 2003-cü ildə UNESCO-nun şifahi və qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini bildirmişdir.
Konsertlə
bağlı təəssüratlarını bölüşən
tamaşaçı Brigitta Kox demişdir ki, mən həyat
yoldaşımla Almaniyanın Kel şəhərindən gəlmişəm.
Strasburqda yaşayan tanışlarımız bu konsert barədə
bizə danışanda burada iştirak etmək fürsətini
əldən buraxmaq istəmədik. Azərbaycanın incəsənət
ustalarının çıxışı bizi valeh etdi.
İstər orkestrin çıxışı, istərsə
də xanəndələrin ifası ölkənizin zəngin
mədəniyyətindən xəbər verir. Konsertdə ilk dəfə
mənə məlum olmayan musiqi alətləri xüsusi
marağıma səbəb oldu. Bir sözlə, konsertdən
aldığım təəssürat yaddaşımda əbədi
iz saldı və ölkənizə qarşı böyük
maraq oyatdı.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Strasburq
Azərbaycan.-2013.- 12 fevral.- S.4.