İranın milli bayramı şərəfinə

 

Fevralın 11-də İranın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - İslam inqilabının 34-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilmişdir.

Səfir Möhsün Pakayin ölkəsinin inqilabdan ötən 34 ildə keçdiyi inkişaf yolundan danışmış, bu illərdə müxtəlif sahələrdə böyük uğurlar əldə olunduğunu vurğulamışdır. Bildirilmişdir ki, İran Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ölkələrimiz arasında qədim tarixi köklərə əsaslanan dostluq münasibətləri mövcuddur.

M.Pakayin İran və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulamış, hər iki ölkənin gələcəyə doğru inamla addımladığını qeyd etmişdir.

İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov əlamətdar gün münasibətilə İran xalqını Prezident İlham Əliyevin adından təbrik etmiş, dövlət başçısının salamlarını və ən xoş arzularını çatdırmışdır.

Azərbaycan və İran arasında münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdıran N.Səfərov dövlət başçılarının qarşılıqlı səfərlərinin və imzalanan sənədlərin bu əlaqələrin genişlənməsinə töhfəsini verdiyini qeyd etmişdir. Bildirilmişdir ki, ikitərəfli əlaqələrin mühüm istiqamətlərindən biriiqtisadi əməkdaşlıqdır. Bu baxımdan 1992-ci ildə yaranan Azərbaycan-İran hökumətlərarası komissiyanın fəaliyyəti yüksək qiymətləndirilməlidir.

Nazir müavini birgə səylər nəticəsində iki ölkə arasında əlaqələrin bundan sonra da dinamik inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 

 

Azərbaycan.-2013.- 12 fevral.- S.4.