Azərbaycan artıq kosmosda da söz
sahibidir
XX əsrin sonlarına
doğru informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin
inkişafına təsir
göstərən əsas
amillərdən biri olmaqla, gündəlk həyatımzın tərkib
hissəsinə çevrilməyə
başladı. Bu gün
bütün inkişaf
etmiş və inkişaf etməkdə olan ölkələr
İKT-nin verdiyi üstünlüklərdən faydalanırlar.
Dünya təcrübəsi
göstərir ki,
İKT-dən geniş
istifadə olunması
ölkənin hərtərəfli
inkişafına xidmət
edir və bu texnologiyalar həm də əhalinin sosial-iqtisadi vəziyyətində mövcud
olan problemlərin həlli üçün
tutarlı vasitələrdəndir.
İnformasiya cəmiyyətinə istiqamətlənmiş yol
bəşəriyyətin gələcəyinə
gedən yoldur və dünyanı
İKT-nin bəxş
etdiyi yeniliklərsiz təsəvvür etmək
qeyri-mümkündür. İKT-nın tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində
şəffaflığın və demokratiyanın inkişafının əsas
göstəricilərindəndir. Müasir dövrümüzdə
dünyanın bir çox dövlətlərində
İKT-nın təsir
dairəsi genişlənərək
dövlət strukturlarını,
vətəndaş cəmiyyəti
institutlarını, iqtisadi
və sosial sahələri, elm və təhsili, mədəniyyəti,
bütövlükdə cəmiyyəti
əhatə edir. Elə buna görə
də informasiya texnologiyalarının daha
geniş yayıldığı
cəmiyyətlər dünyanın
qabaqcıl cəmiyyətləri
sayılır. Belə
cəmiyyətlərin əsas
üstün cəhətləri
İKT-nin kütləvi
istifadəsi, qlobal informasiya mühitinin yaradılması və sairdir.
Müasir
tələblər baxımından
informasiya və kommunikasiya texnologiyalarının
inkişaf səviyyəsi
hər bir dövlətin hərbi-siyasi
və sosial-iqtisadi potensialının göstəricilərindəndir.
Azərbaycan da bu mənada istisna hal təşkil
etmir və informasiya cəmiyyətinə
keçid üçün
ölkədə əlverişli
şəraitin yaradılması
Azərbaycan dövlətinin
məqsədlərindən biridir. Təqdirəlayiq haldır ki, ölkəmizdə İKT infrastrukturunun
yaradılmasına və
gücləndirilməsinə, informasiya-kommunikasiya xidmətlərinin
tətbiqinin genişləndirilməsinə
böyük diqqət
yetirilir. Azərbaycanda
İKT-dən istifadə
sahəsində mühüm
addımlar atılıb,
bir sıra sahələrdə bu texnologiyaların tətbiqində
ciddi uğurlar qazanılıb. Bu gün
İKT sektoru Azərbaycanda
energetikadan sonra ən dinamik inkişaf edən sahədir. Prezident İlham Əliyevin sərəncamı ilə
2013-cü ilin Azərbaycanda
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi də ölkəmizdə bu sahənin inkişafına olan diqqətin göstəricisidir.
Azərbaycanda İKT-nin sürətlə
inkişaf etdiyini təsdiq edən məqamlardan biri də kosmik sənayenin yüksəlişidir. Qeyd edək ki, kosmik
sənayenin yaradılması
və telekommunikasiya peyklərinin, o cümlədən
digər çoxməqsədli
peyklərin orbitə çıxarılması, ilk növbədə
informasiya mübadiləsinin
xarici ölkələrdən
asılılığının aradan qaldırılması
və informasiya təhlükəsizliyinin təmin
edilməsi, eyni zamanda ölkədə yeni iqtisadi sahələr
üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elmtutumlu yeni layihələrin həyata keçirilməsi
və nəticə etibarilə innovasiyayönümlü
iqtisadiyyatın formalaşdırılması
istiqamətində aparılan
işlər öz xüsusi və strateji əhəmiyyəti
ilə seçilir. Bu
məqsədlə 2008-ci ildən
etibarən Prezident İlham Əliyevin qərar və tövsiyələri ilə
kosmik tədqiqatlara başlanılıb. Dövlət
başçısı "Azərbaycan Respublikasında
kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin
orbitə çıxarılması
haqqında" sərəncam
imzalayıb, "Kosmik
sənayenin yaradılması
və inkişafı üzrə" Dövlət
Proqramı qəbul olunub, daha sonra
"Azərkosmos" Açıq
Səhmdar Cəmiyyəti
təsis edilib. Qarşıya qoyulan məqsədə çatmaq
üçün müvafiq
strukturlar kosmik sənaye sahəsində beynəlxalq təcrübəni
tədqiq etmək üçün Azərbaycanın
ilk telekommunikasiya peykinin
hazırlanması və
istifadəyə verilməsində
dünyanın qabaqcıl
kosmik sənaye qurumları ilə əməkdaşlıq həyata
keçiriblər.
Bu istiqamətdə həyata
keçirilən uğurlu
fəaliyyətin nəticəsi
olaraq fevral ayının 8-də
müstəqil Azərbaycan
tarixinin ən əlamətdar hadisələrindən
biri baş verdi: Azərbaycan Respublikasının ilk telekommunikasiya
peyki - "Azərspace-1" uğurla orbitə buraxıldı. Bakı vaxtı ilə saat 01.36-da Azərbaycan Respublikasının ilk peyki
- "Azərspace-1" Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində
olan Fransız Qvianasındakı Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən
üzərində üçrəngli
Azərbaycan bayrağı
olan "Ariane-5" daşıyıcı
raketi ilə orbitə buraxıldı.
"Azərkosmos" ASC-nin inzibati binasında peykin orbitə buraxılması prosesini izləyən Prezident İlham Əliyev bu münasibətlə Azərbaycan xalqını
təbrik edib: "Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür.
Bu gün birinci Azərbaycan telekommunikasiya
peyki orbitə çıxarıldı. Bu tarixi
hadisə münasibətilə
bütün Azərbaycan
xalqını ürəkdən
təbrik edirəm.
Bu, doğrudan da tarixi bir gündür,
böyük nailiyyətdir,
dövlətimizin böyük
qələbəsidir. Bu hadisə
onu göstərir ki, müstəqil Azərbaycan dövləti
sürətlə, hərtərəfli
inkişaf edir və biz artıq kosmik klubun üzvüyük.
Bu hadisə münasibətilə
bu işdə iştirak etmiş bütün qurumlara, bütün insanlara, ilk növbədə Azərbaycan
mütəxəssislərinə minnətdarlığımı bildirmək istəyirəm.
Bu gün bu salonda əyləşən
gənc mütəxəssislərimiz
artıq peşəkar
mütəxəssislərdir, bizim fəxrimizdirlər. Mən çox şadam ki, bu gözəl idarəetmə mərkəzində
çalışan işçilərin
böyük əksəriyyəti
Azərbaycan vətəndaşlarıdır".
3,2 ton çəkisi olan "Azərspace-1"
peyki Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələrini
və Yaxın Şərq regionunu əhatə edəcək.
Orbitdə istismar müddəti ən azı 15 il təşkil edəcək
"Azərspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi,
eləcə də korporativ və hökumət müştərilərinin
tələblərinə cavab
verən keyfiyyətli
və dayanıqlı
rabitə platformalarının
təmin edilməsi üçün nəzərdə
tutulub. Peykin resurslarının 20 faizi Azərbaycanın tələbatını
ödəmək üçün
istifadə olunacaq, qalan 80 faizi isə dünya bazarlarına ixrac ediləcək. İlk peykimiz 50-dən artıq ölkəni birləşdirən
məkanda mühüm
iqtisadi rol oynayacaq.
Azərbaycanın ilk telekommunikasiya peykinin
buraxılması iqtisadiyyatın
şaxələndirilməsi, informasiya müstəqilliyinin
və təhlükəsizliyinin
təmin edilməsi, ölkəmizdə
kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində
mühüm addım olmaqla yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir. "Azərspace-1"
peyki yaxın gələcəkdə bütün
Azərbaycan ərazisində
keyfiyyətli televiziya
və radio yayımını,
o cümlədən sürətli
IP xidmətlərin göstərilməsini
təmin edəcək,
ümumiyyətlə, ötürülən
bütün məlumatlara
daha yaxşı nəzarət olunacaq, müxtəlif elektron hökumət layihələrinin
həyata keçirilməsi,
həmçinin məsafədən
təhsil və elektron səhiyyə kimi mühüm proqramlar üçün əlverişli platforma yaradılacaq, yerüstü
fiberoptik şəbəkə
zədələndiyi hallarda
rabitə problemlərinin
aradan qaldırılması
üçün səmərəli
və sürətli həll yolu təqdim olunacaq, habelə rabitənin təhlükəsizliyinin təmin
edilməsi üçün
yeni şifrələmə
texnologiyası ilə
mühafizə olunan və ən son tələblərə cavab
verən müasir rabitə sistemi qurulacaq.
Azərbaycan yalnız bir peyklə kifayətlənməyəcək.
Yer səthinin müşahidəsi üçün
Azərbaycan peykinin aşağı Yer orbitinə çıxarılması
2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması
isə 2016-cı ilə
planlaşdırılır. Fərəhli haldır ki, BMT-nin uyğun
komitəsində Azərbaycan
kosmik ölkələr
sırasına qəbul
olunub və ölkəmiz kosmik fəzanın sülh məqsədləri ilə
istifadəsi üzrə
öhdəliklər götürüb.
Bu hadisə Azərbaycanın
hərtərəfli inkişafının
göstəricisidir. Bu, eyni zamanda Azərbaycanın
müasirləşməsinin, modernləşməsinin, ölkəmizin
ən son texnologiyalara sahib olmaq niyyətlərinin bariz
nümunəsidir. Ən əsası, bu tarixi uğur Prezident
İlham Əliyevin müasir, güclü və ən yeni
texnologiyalara sahib olan Azərbaycan konsepsiyasının
reallaşmasının tərkib hissəsidir. Ölkəmizdə
elm və texnikanın ayrı-ayrı istiqamətlərinin tərəqqisinə
təkan verəcək kosmik sənayenin yaradılması və
telekommunikasiya peykinin orbitə çıxarılması
İKT-nin potensialından daha dolğun istifadə
üçün möhkəm zəmin yaradacaq.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2013.- 12 fevral.- S.5.