Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə
göndərilməsi Türkiyə
mətbuatının diqqət mərkəzində olmuşdur
Azərbaycanın
ilk milli "Azərspace-1" telekommunikasiya peykinin Fransız
Qvianasında yerləşən Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən
orbitə buraxılması qardaş Türkiyənin kütləvi
informasiya vasitələrinin də diqqət mərkəzində
olmuşdur.
"Samanyolu
Haber" televiziya kanalındakı reportajda diqqət Azərbaycan
Prezidenti İlham Əliyevin "Azərspace-1" peykinin fəzaya
göndərilməsini "Azərkosmos" mərkəzindən
canlı izləməsinə cəlb olunmuş, dövlətimizin
başçısının bu münasibətlə
xalqımızı təbrik etməsi və bu əlamətdar
hadisəni xalqın zəfəri kimi qiymətləndirməsi
vurğulanmışdır.
Nüfuzlu
"HaberTürk" qəzeti "Azərbaycan ilk
telekommunikasiya peykini orbitə buraxdı" sərlövhəli
xəbərində qeyd edir ki, bu peykin fəzaya göndərilməsi
Azərbaycan iqtisadiyyatının son illər əhəmiyyətli
dərəcədə güclənməsinin göstəricisidir.
"Hurriyet"
qəzetinin "Azərbaycanın ilk telekommunikasiya peyki
göylərdə" sərlövhəli xəbərində
"Azərspace-1" telekommunikasiya peykinin maliyyə və
texniki göstəricilərindən bəhs olunur. Xəbərdə
ölkəmizin 2016-cı ildə "Azərspace-2" peykini
də kosmosa göndərəcəyi qeyd olunur.
"Azərspace-1"
telekommunikasiya peykinin fəzaya göndərilməsi Türkiyənin
bütün televiziya kanalları tərəfindən operativ
şəkildə işıqlandırılmışdır. Qardaş
ölkənin "Anadolu", "İhlas",
"Cihan" və "Doğan" xəbər agentlikləri
də bu əlamətdar hadisə ilə bağlı geniş
xəbərlər yaymışlar.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.-2013.- 12 fevral.- S.5.