Xocalı soyqırımı ilə
bağlı səsvermə virtual aləmdən ictimai
yerlərə çıxarılmışdır
Azərbaycan
Respublikası Gənclər Təşkilatları Milli
Şurasının "100 000" səsdən biri sənin
olsun!" kampaniyası ilə ABŞ parlamentinin rəsmi
saytında Dağlıq Qarabağ problemi və Xocalı
soyqırımının ABŞ parlamentində müzakirəyə
çıxarılması üçün petisiyalar
(https://petitions.whitehouse.gov/petition/pay-close-attention-nagorno-karabakh-conflict-20-azerbaijan-territory-was-occupied-armenian-military/mkKddcRt,
https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx)
yaradılmışdır.
Milli
Şuradan AzərTAc-a bildirmişlər ki, petisiyalara səs
toplamaq üçün təbliğat virtual aləmdən gənclərin
çox toplaşdığı ictimai yerlərə
keçirilmişdir.
"Park
Bulvar" və "Metropark" kimi iri ticarət mərkəzlərində
səsvermə üçün internetə
çıxışı olan notbuk, netbuk və planşetlər
quraşdırılmış və şəhər sakinlərinə
petisiya haqqında məlumat verilmişdir.
İki
gün ərzində 7 mindən artıq gənc kampaniyaya
qoşulmuşdur. Gənclərlə yanaşı, dövlət
rəsmiləri, müxtəlif biznes qurumları təmsil edən
şəxslər və idman ictimaiyyətinin
tanınmış simaları da kampaniyada iştirak etmişlər.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev və
Olimpiya çempionu Elnur Məmmədli də səs vermişlər.
Kampaniya
fevralın 26-dək davam edəcəkdir. Kampaniyaya qoşulmaq
üçün 012 490 1192 nömrəsi ilə əlaqə
saxlamaq lazımdır.
Petisiyalara
100 min nəfər səs verdiyi təqdirdə Xocalı
soyqırımı ABŞ parlamentində müzakirəyə
çıxarılacaqdır. Hazırda Xocalı
soyqırımı ilə bağlı petisiyaya 75 mindən
çox, Dağlıq Qarabağ problemi ilə bağlı
petisiyaya isə 50 minə yaxın insan səs vermişdir.
Azərbaycan.-2013.- 12 fevral.- S.6.