1.
Kürəkçay müqaviləsi
2.
Qarabağ:
tarixin dedikləri
Qoy əysin
başını vüqarlı dağlar,
Matəmi
başlandı böyük bir elin.
Mərsiyə
söyləsin axar bulaqlar,
Ağılar çağırsın bu gün qız, gəlin!..
Bu misralar böyük xalq şairi Bəxtiyar Vahabzadənin 1959-cu ildə çap olunan "Gülüstan" poemasındandır. 1813-cü ildə İranla Rusiya arsında imzalanan Gülüstan müqaviəsi və onun xalqımıza gətirdiyi bəlalar, faciələr haqqındadır. Bu ilin oktyabrında o müqavilənin inzalanmasından 200 il ötür. Elə ən böyük faciələrimizin də başlanmasının 200 illiyidir.
Azərbaycanın tarixində mühüm rol oynayan üç müqavilə var: Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələri. Nə qədər qəribə də olsa, bu müqavilələrin ikisi - Kürəkçay və Gülüstan Qarabağda imzalanıb. Kürəkçay müqaviləsini imzalayanlardan biri isə Qarabağ xanı İbrahim xandır.
Pənah xandan İbrahim xana
Son illər "Qarabağ ermənilərinin
öz müqəddəratını təyin etməsi" məsələsini
bir problem kimi irəli sürmələrinin, Qarabağda
yaşayan azərbaycanlılara qarşı silahlı təcavüzə
haqq qazandırmağa çalışmalarının
kökündə guya bu torpaqların əzəldən ermənilərə
"məxsuslu"ğu geniş təbliğ olunur. Tarixi faktlar isə bunun tam əksini söyləyir.
Rusiya ilə
İran arasında bağlanmış Gülüstan (12 oktyabr
1813-cü il) və Türkmənçay
(10 fevral 1828-ci il) müqavilələri, eləcə də
İbrahim xanla Rusiya İmperiyasının 1805-ci il mayın
14-də imzaladıqları Kürəkçay müqaviləsi
bir daha sübut edir ki, Azərbaycan torpaqları işğal
edilib, ermənilər isə bura Türkiyə və
İrandan köçürülərək gətiriliblər.
Bu sənədlərin heç birində Qarabağda erməni
məlikləri və onların Rusiya təbəəliyinə
keçməsi barədə hər hansı bir məlumat
yoxdur. Bütün bunlar aydın göstərir ki,
Qarabağ öz adı kimi həmişə - bütün
dövrlərdə Azərbaycan türklərinin
torpağı, yurdu olub.
Qarabağ xanlığının banisi xalqımızın
görkəmli dövlət xadimlərindən biri olan Pənahəli
bəy Cavanşir idi. Hələ o vaxtlar Qarabağ xanının vəziri
olmuş tarixçi Mirzə Camal yazırdı: "Mərhum
Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini
aldıqdan sonra, ellər və kəndlər arasında
görüb tanıdığı hər bir şücaətli
və işgüzar adamı yanına çağırıb
öz yaxın qulluqçuları sırasına alar və onu
məvacib, ehtiram və mənsəb sahibi edərdi. O cümlədən
ellər arasında Pənahəli bəy Sarıcalı
Cavanşir adı ilə şöhrət tapmış, hər
işdə fərqlənmiş, ad çıxarmış,
müharibə və davada tay-tuşuna üstün gələn
və xüsusilə mərhum Nadir Rum əhli qoşunları
ilə etdiyi müharibələrdə şücaət
göstərmiş Pənah xanı da öz yanına
apardı". Lakin Muğan qurultayından sonra
Nadir şah onun hakimiyyətini qəbul etmək istəməyən
qarabağlılara divan tutmağa, bu diyarın türk-müsəlman
əhalisini Əfqanıstan və Xorasana sürgün etməyə
başladı. Bu tədbirə etiraz etdiyinə görə
Pənahəli bəyin qardaşı Fəzləli xan edam olunmuşdu. Bunu görən
Pənahəli bəy Nadir şah Xorasanda olarkən bir
neçə qohumu və yaxın adamı ilə 1737-1738-ci illərdə
Qarabağ vilayətinə qaçdı. Şah
xəbər tutan kimi onu yolda ələ keçirmək
üçün ardınca çaparlar göndərdi. Lakin mümkün
olmadı. Nadir şahın ölümündən
sonra isə Pənah xan Qarabağ torpaqlarında müstəqil
Azərbaycan dövləti - Qarabağ xanlığını
yaratdı. Köçkünləri geri qaytarmaq və dədə-baba
torpaqlarında yerləşdirməklə Qarabağ
xanlığını bir az da gücləndirdi.
Sürgündən qayıdanlar arasında Pənah
xanın oğlu, Qarabağın gələcək xanı, 15
yaşlı İbrahimxəlil də var idi.
Qarabağ xanlığı yarandığı zaman
xanlığın ərazisində Təbriz, Ərdəbil, Gəncə,
Şamaxı, Bakı, Naxçıvan, Şəki, Dərbənd
kimi şəhərlər yox idi. Halbuki belə
siyasi-iqtisadi mərkəzlərin olması gələcək
inkişaf üçün çox mühüm idi. Məhz
buna görə 1748-ci ildə Bayat, az sonra
Şahbulaq, daha sonra Şuşa qalaları tikilib başa
çatdırıldı.
Pənah xanın "Qarabağ hakimi" kimi
tanınmasında Şəki xanlığının
Qarabağ üzərinə yürüşü mühüm
rol oynadı.
Şəki xanı Hacı Çələbi
özünün 1748-ci ildəki uğursuz Bayat
yürüşündən sonra demişdi: "Pənah xan bu
vaxtacan sikkəsiz gümüş idi. Biz gəldik,
ona sikkə vurduq və qayıtdıq". Bununla əlaqədar
Əhməd bəy Cavanşir yazırdı: "Bu qalibiyyətdən
(Bayat döyüşündən) sonra Pənah xanın
igidliyi haqqında dillərə düşən dastan o zaman
Qarabağda yaşayan bütün müsəlman tayfalarını
müharibəsiz olaraq onun təbəəliyinə tabe
etdirdi".
Pənah xan gücləndikcə pərakəndəlik tərəfdarı
olan feodalların - məliklərin pozuculuq fəaliyyətləri
də artırdı. Bunun qarşısının
alınması hərbi-siyasi baxımdan zəruri idi. Belə olmasa, xanlığın ərazi-inzibati
bütövlüyü itirilə bilərdi. Bu tarixi həqiqəti ilk mənbələr də təsdiq
edir. Mir Mehdi Xəzani çox haqlı olaraq
yazırdı: "Bu Qarabağda ki beş
mahal bundan əqdəm Xəmsə mahalı işlaq
olurmuş və şimdi hər birisi bir qeyri-ism ilə
adlanırlar..." Xaçın istisna olmaqla,
Qarabağdakı digər məliklər və onların mənsub
olduqları nəsillər əslən Qarabağdan deyildilər
və bu diyara başqa yerlərdən gəlmə idilər.
Özü də erməni deyil, keçmiş
alban nəsillərinin nümayəndələri idilər.
Kürəkçay sahilində
"şənlik"
Pənah xanın vəfatından
sonra hakimiyyətə gələn İbrahim xan bütün
vasitələrlə xanlığı möhkəmləndirməyə
çalışırdı. Artıq
onunla separatçı məliklər arasındakı
mübarizəyə 1783-cü ildən Rusiya dövləti də
qarışmağa başladı. Cənubi Qafqazı
işğal etməyə çalışan Rusiya burada - Azərbaycan
ərazisində həmin məliklərin köməyi ilə
"xristian dövləti", daha doğrusu, özünə
dayaq yaratmağa çalışırdı. Lakin
İbrahim xan düşmənçilik edən məlikləri
Şuşaya toplaya bildi və onların Qarabağ
xanlığına xəyanət etdiyini sübuta yetirərək
həbsə aldırdı.
XVIII əsrin
sonları - XIX əsrin əvvəllərində Rusiyanın Cənubi
Qafqazda, o cümlədən Azərbaycanda
işğalçılıq fəaliyyəti daha da gücləndi,
1801-ci ildə Gürcüstan, sonra Car-Balakən
camaatlığı (1803) və Gəncə xanlığı
(1804) işğal olundu. İbrahim xan belə bir
vəziyyətdə 1802-1806-cı illərdə Rusiya
qoşunlarının komandanı olmuş P.D.Sisianovla
müqavilə bağladı. Kürəkçay
müqaviləsinə əsasən, Qarabağ
xanlığı məhz müsəlman-Azərbaycan
torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi
reallığı əks etdirən Kürəkçay
müqaviləsi eyni zamanda Qarabağın, o cümlədən
bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus
olduğunu bir daha sübut edir. Beləliklə, Kürəkçay
müqaviləsi (Kürəkçay traktatı) - Qarabağ və
Şəki xanlıqlarının Rusiyanın tərkibinə
keçməsi barədə müqavilə Kürəkçay
sahilində - knyaz Sisianovun düşərgəsində -
indiki Goranboy rayonu ərazisində birinci olaraq Qarabağ
xanı İbrahimxəlil xan tərəfindən, sonra isə
Şəki xanı Səlim xan tərəfindən
imzalandı. Hər iki xanın burada
iştirakı həm də onların yaxın qohumluq əlaqələri
ilə bağlı idi. Rusiya
İmperiyası adından isə müqaviləyə
Rusiyanın Qafqaz qoşunlarının baş komandanı knyaz
Sisianov imza atdı. 1783-cü il
Georgievsk müqaviləsi 1805-ci il 14 may Kürəkçay
müqaviləsinin başlıca müddəalarının
formalaşdırılması üçün əsas
olduğu kimi, bu müqavilə də Şirvan xanı Mustafa
xanla bağlanmış 1805-ci il 25 dekabr müqaviləsi
üçün əsas oldu.
M.Adıgözəl
bəy və M.Camal Cavanşir yazırlar: "Kürəkçayın
qırağında bir neçə gün bayram, şənlik
və qonaqlıq oldu. Sonra traktat və əhdnamə
yazıldı. İbrahim xan və Şəki
hakimi Səlim xan ona möhür basdılar, böyük sərdar
(Sisianov) isə qol çəkdi".
Müqavilə preambula və on bir artikuldan ibarət idi. Müqavilənin
preambulasında Şuşalı və Qarabağlı
İbrahim xanın Rusiya imperiyasının təbəəliyinə
keçməsi təsbit olunur, artikullarda bundan irəli gələn
şərtlər müəyyənləşdirilirdi.
Müqavilədə, professor K.Şükürovun
yazdığı kimi,
"Rusiya birmənalı şəkildə
Qarabağ xanlığını müstəqil dövlət
kimi qəbul edir, İbrahim xanı və onun varislərini
xanlığın yeganə sahibi kimi təsdiq edirdi. Ən mühüm məqamlardan biri İbrahim
xanın adıkeçən bütün artikullarda
Şuşalı və Qarabağlı İbrahim xan kimi təqdim
edilməsidir. Digər vacib məsələ
Qarabağ xanlığının
bütövlüyünün saxlanmasına imperator tərəfindən
zəmanət verilməsi idi. Müqavilənin
onuncu maddəsində qeyd edilirdi ki, bu müqavilə əbədi
müddətə bağlanır və bundan belə heç
bir dəyişikliyə uğramamalıdır".
Kürəkçaydan
sonrakı Qarabağ
Kürəkçay
müqaviləsinin tarixinin ən mühüm məsələlərindən
biri də onun həyata keçirilməsi ilə
bağlıdır. Professor K.Şükürovun
yazıdığı kimi: "Burada da Rusiyanın Cənubi
Qafqazda bağladığı müqavilələrin tarixi təcrübəsinə
nəzər salmaq zərurəti yaranır. Bu sahədə
tarixi faktlardan aydın olur ki, Rusiya İmperiyası Cənubi
Qafqaz hakimləri ilə bağladığı heç bir
müqaviləyə, o cümlədən 1805-ci il 14 may Kürəkçay
müqaviləsinə, onun şərtlərində elan edildiyi
kimi, əbədi müddətə əməl etməmişdi:
Kürəkçay müqaviləsi on yeddi ildən sonra,
1822-ci ildə ləğv edilmişdi". 1806-cı ildə
İbrahim xanın qəddarcasına qətlə yetirilməsindən
sonra müqaviləyə əsasən Rusiya Qarabağ
xanlığında İbrahim xanın irsi hakimiyyətini təmin
etməli idi: "Belə bir
şəraitdə Qarabağda hakimiyyətin xanın oğlu
Mehdiqulu xana keçməsi barədə xüsusi fərman
verilmişdi. Bu fərmanın mətni də
(onu Azərbaycan dilində Ş.Cəmşidov nəşr
etdirmişdir - K.Ş.) Kürəkçay
müqaviləsinin qiymətləndirilməsi baxımından
mühüm əhəmiyyətə malikdir. Bunu nəzərə
alaraq fərmanın mətnini burada verməyi məqsədəuyğun
hesab edirik: "I Aleksandrın İbrahim xanın ölümündən
sonra onun oğlu Mehdiqulu ağanın xan elan edilməsi
haqqında FƏRMANI: Biz, ali məqamlı və ali cəlallı,
ehsanı ümumə şamil olan Allahın mərhəməti
və köməyi ilə bütün Rusiya məmləkətlərinin,
habelə başqa vilayət və ölkələrin istiqlal və
rifahını təmin edən imperator I Aleksandr bildiririk: Qoy
bizim şahanə lütf və qayğımıza imperatorluq
qüdrət və mərhəmətimizə ümid
bağlayan Qarabağ vilayətinin bütün ali üləma,
hörmətli başbilənləri, görkəmli və
şərafətli əyanları, bəyləri, sərkərdələri,
kəndxudaları, ağsaqqalları və bütün rəiyyətləri
bilsinlər ki, keçən il - 1220-ci (1805-ci) ildə mərhum
İbrahim xan bizim şahlıq canişinimiz olan general knyaz
Sisianovla birlikdə bir "Andlı öhdəlik" tərtib
etmişlərdi və general onu dərhal imperatorluq dərgahına
çatdırmışdır. Biz həmin "Andlı
öhdəliy"in tələb və şərtləri ilə
tanış olduqdan sonra mərhum xanın irəli
sürdüyü bütün arzu və tələbləri,
öz sonsuz şahanə lütf və
qayğıkeşliyimizlə qarşılayıb, onu
bütün Qarabağ xalqı ilə birlikdə himayəmizə
alıb, onları ali Rusiya dövlətimizin qədim sədaqətli
təbəələri sırasına daxil edərək, mərhum
İbrahim xanı xüsusi imperatorluq fərmanı ilə
Qarabağ vilayətinin müstəqil hakimi elan etdik və təminat
veririk ki, Qarabağın imperatorluq təbəəliyinə
daxil olan bütün rəiyyətləri, mərhum xanın
varisləri daima imperatorluq tərəfindən lazımınca
mühafizə olunacaq və dünya durduqca bu ocaqdan
çıxan onun varisləri nəsildən-nəslə
Qarabağın xanlıq taxtına oturub, müstəqil surətdə
hökmranlıq etmək hüququ ilə təmin olunacaqlar.
İbrahim xanın bir iğtişaş nəticəsində
qətlə yetirilməsi kimi hüznlü bir hadisədən
sonra yenə sədaqətli vilayət rəiyyətlərinin
məişətlərini təmin etmək sahəsində əlahəzrətin
xeyirxah fikirləri və münasibəti dəyişilməmiş
qaldı.
Əlahəzrət verdiyi sözə əməl edərək
öz şahlıq mərhəməti və
qayğısı ilə yüksək rütbəli vərəsə
general-mayor Mehdiqulu ağanı mərhum atasının yerində
bərqərar edib, Qarabağ vilayətinin xanlıq
taxtında oturtdu və bu qərarı imperatorluq tuqrası (fərmanı)
ilə təsbit etdi. Eyni zamanda lazım bilindi bu fərman məlumat
üçün bütün Elbrus və Gürcüstan əyalətlərində
şahlıq canişini olan qraf Qudoviçə də göndərilsin.
Aliməqam Mehdiqulu xana da qətiyyətlə
bildiririk ki, o, Qarabağ vilayətində qüdrətli Rusiya
dövlətinin himayəsi və mərhəməti sayəsində
xanlığı möhkəm ələ alsın. Onun atası mərhum İbrahim xana verilmiş
bütün xoş vədələr və şərtlərin
hamısının təmini eynilə qüvvədə
saxlanılsın.
Belə
bir mövqedə əlahəzrət imperatorun fərmanı ilə
lazım görüldü ki, həmin bu şahanə fərman
və elamnamə vasitəsilə Qarabağ xalqının böyük
üləma fazilləri, görkəmli şəxsləri, əyan-əşrəfləri,
bəyləri, sərkərdələri, kəndxudaları,
ağsaqqalları və başqa əhalisinin hamısı bilməlidir
ki, aliməqam general Mehdiqulu xan əlahəzrət imperatorun
mübarək fərmanı ilə xanlıq rütbəsi
alıb Qarabağ vilayətinə müstəqil hakim təyin
edilmişdir. Lazımdır ki, bütün əhali
ona tabe olub baş əyərək, sözündən
çıxmasın. Xanın əmrinə
və hakimiyyətinə aid olan bütün qayda-qanunlara əməl
etsinlər. Xalqın xeyrinə olan işlərdə
ona kömək edib, zərərli hərəkət və əməllərdən
uzaq olsunlar. Eyni zamanda əmin olsunlar ki, imperatorluq öz ali mərhəməti və qayğısı
ilə həmişə onlara lazım olan köməyi əsirgəməyəcəkdir.
Paytaxt Peterburqda 10 sentyabr 1806-cı miladi ilində
müvafiq hicri tarixi 1221-ci ildə rəcəbül-mürəccəb
ayının 9-da yazıldı və əta olundu. Sənədin əslini fələk
cəlallı əlahəzrət imperator belə
imzalamışdır: Aleksandr".
Lakin xan
hakimiyyətinin hələ 17 il də
saxlanması müəyyən strateji məqsəd
daşıyırdı. Belə bir şəraitdə
Mehdiqulu xanın hakimiyyəti (1806-1822) möhkəm deyildi.
Hakimiyyət bu yerlərdə möhkəmlənmək
məqsədi ilə yerli müsəlman təbəqəni zəiflətməyə,
qriqorianlaşmış və erməniləşmiş
albanları üstün mövqeyə çıxarmağa
çalışırdı. 1840-cı ildə inzibati-hərbi
islahatlar həyata keçirildi, Qarabağ əyaləti Şuşa qəzasına çevrildi və mərkəzi
Şamaxı olmaqla Kaspi vilayətinə tabe edildi. 1867-ci ildə
Yelizavetpol quberniyası yaradıldıqda Şuşa
qəzası onun tərkibinə verildi və ərazisi
bölünərək burada daha üç qəza - Zəngəzur,
Cavanşir və Cəbrayıl qəzaları təşkil
olundu. Beləliklə, Şuşa qəzası
da vahid inzibati-siyasi idarəsini itirdi...
Xalq
şairi B.Vahabzadənin yazdığı kimi:
Hökmü
gör nə qədər böyükmüş anın,
Möhür də basdılar varağa təkrar.
Yox,
varağın deyil, Azərbaycanın
Köksünə dağ boyda dağ basdı onlar.
İmzalı,
möhürlü, ey cansız varaq,
Nə qədər böyükmüs qüvvətin,
gücün.
Əsrlər
boyunca vuruşduq, ancaq
Sarsıda bilmədik hökmünü bir gün.
(Ardı var)
Bəxtiyar QARACA
Azərbaycan.-2013.- 12 fevral.- S.7.