Daş yuxular, yaxud daşlaşmış yazıçı
ruhunun utancverici
sayıqlamaları
Uzun illərdir düşmənlərimiz vətənimizin tarixinə aid həqiqətləri müxtəlif formada inkar edir, hərbi müdaxiləni mənəvi müdaxilə sahəsinə keçirirlər. Belə bir vaxtda Əkrəm Naibovun dili rusca və ruhu ermənicə olan "Daş yuxular" əsəri Azərbaycana, türk dünyasına qarşı çevrilmiş, düşmənin uzun illərdən bəri susuz qalmış dəyirmanına su tökməkdən başqa bir şey deyildir.
Müəllifin hər addımı başdan ayağa yalanlardan ibarətdir. Qumdan qurulmuş saraydır və tənqidə davam gətirəsi yönü yoxdur. Yazıçı tarixlə uyğun olmayan nağıllar quraşdırır.
Əsərdə sovetlər dövründə kilsələrin dağıdılması türklərin günahı kimi qələmə verilir. Axı dini yerlərin bağlanması, anbara çevrilməsi, hətta dağıdılması, müəllifin sırımağa çalışdığı kimi, yerli əhalinin mədəni və qeyri-mədəniliyini göstərən amil kimi deyil, sovet dövründə dini siyasətin göstəricisi idi. Nədənsə müəllif hansı hissin təsiri altındasa kilsələrlə eyni taleyi yaşamış məscidləri görmək və onlara qarşı olan repressiyaları yada salmaq istəmir. Sovet dövründə yaşanan hər mənfi hadisədən məqsədli olaraq Azərbaycan, türk hadisəsi kimi danışır, "Allahsız" və "nəzarətsiz" qalan kilsələrin mövcudluğunun da günahını müsəlmanlarda axtarmağa çalışır. Yazarın fikrincə, kilsələr ona görə Allahsızdır ki, kilsənin yerləşdiyi ərazidə ermənilər yaşamır. Ona görə nəzarətsizdir ki, kilsə rahibləri orada xidmət göstərmir. Gör nələr yazara təsir göstərir, gör bu adam kimlərin yoxluğundan narahat olur. Bəs müəllif bir zamanlar Qərbi Ermənistanda olan yüzlərlə dağıdılmış müsəlman məscidinin taleyi ilə maraqlanıbmı? Onların Allahsız və nəzarətsiz qalmasından kim cavabdehlik daşıyır?!
Erməni olmayan yerdə də adında "vanq" olan kilsələrin adlarının etimologiyasının erməni dilində olduğunu iddia etmək vərdişi müəllifi tərk etmir. Alban tarixi ilə əlaqədar aparılmış tədqiqatlar isbat etmişdir ki, Qafqazda kilsələr alban tarixinin vacib, ayrılmaz ünsürü olub. Azərbaycandakı kilsələrin ermənilərin Əylis bölgəsinə gəlməsindən (1828) 1000 ildən artıq bir müddətdə mövcud olduğu da isbatlanmışdır. Əkrəm Naibovun "vanq" sözü erməni dilində kilsə deməkdir" fikri onun xəyalpərəstliyinin göstəricisidir. Dilçilər təsdiqləmişlər ki, ermənilər yalnız maddi-mənəvi abidələri deyil, alban sözlərini də mənimsəmişlər.
Əsərin qəhrəmanının yolu ya kilsədən başlayır, ya da kilsədə tamamlanır. Müsəlmanın, Əylis türkünün kilsə məhəbbəti hər bir xristianın həsəd apara biləcəyi səviyyədədir. Ermənilərin əylislilərə qarşı həyata keçirdikləri soyqırımı, zorakılıqlar, kəndin çobanını öldürmələri, həyətində paltar sərən türk qadınının erməni gülləsinə tuş gəlməsi müəllifin fikrinə gəlmir. Ona görə "ermənilər mələkdirlər", "onlardan bəd əməl gəlməz". Hətta əsərin bir yerində Abbasəliyev həmkəndlisi psix Qulunun (müəllif rast gəldiyi azərbaycanlılara bir dənə də olsun müsbət ləqəb vermir. Sanki məmləkətdə hər kəs bəd əməlin sahibi olduğundan onlar yalnız bəd ləqəblərə layiqdirlər. Bu da müəllifin azərbaycanlıları günahkar olaraq göstərmək düşüncəsinə xidmət edir və müəllifə "imkan" verir ki, hər cür əməli onların adına yaza bilsin) kənddəki vəziyyətlə əlaqədar ermənilərin törətdiklərinə narazılığını bildirib erməniləri nəzərdə tutaraq "məgər əclaflar əkiləni biçməyə imkan verirlərmi?" fikri ilə kənddəki reallığı əks etdirdiyi halda qəhrəman yenə də nağıllar və xəyanət dünyasından ayrılmır.
Yazıçının oxucunu Əylisdə heç vaxt olmamış daş yuxuların saxta "məhsulu" olan Nübar qarının evinə gətirməsi də təsadüfi deyil. Bu, ermənilərin tədqiqat və təbliğat metodologiyasının müəllif tərəfindən qeyd olunan coğrafiyada reallaşmasıdır. Xəyalpərəst müəllif həkim Abbasəliyevi Nübar qarının həyətinə gətirib onun dili ilə hazırda yaşadığı evin ermənilərin olduğunu "isbat" etmək istəyir. Bu dialoq ermənilərin "zərərçəkmiş millət", "qırğına", "talana" məruz qalmış xalq, onların xanımlarının türklərin təcavüzünə məruz qalmasını isbat etmək istəyir. Güya türklərin dəstələri kəndə hücum etmiş, əhalini sıxışdırmış, erməni qızı gözəl Əsli də namusunu qorumaq üçün özünü dağdan atmışdır. Bu mükalimələr müəllifin "ürəyindən tikan çıxara bilmir, xatirələrin rəngini də tündləşdirir". Ardından müəllif yeni fikirlər hazırlayır. Güya türklər Əylisdə erməniləri qətl edərkən erməni qızı Əsli "biz Əylisin çiçəkləriyik, Adif bəy, bizləri vurma" deyirmiş. Müəllif Əylisə arzu etdiyi və görmək, dünyaya göstərmək istədiyi müsibətləri sadaladıqdan sonra həmkəndlilərinə müraciət edir: "Nə qədər ki gec deyil, bu yerlərdən gedin". Çox maraqlıdır. Müəllifə görə, əylislilər ən qədim dövrdən yaşadıqları torpaqlarını tərk etməli, son 150 ildə Əylisdə yaşamış və yerli xalqı qətl etdiklərinə görə cəzalanacaqlarını bildiklərindən köçmüş ermənilərə görə kəndi boşaltmalıdırlar.
Müəllif Azərbaycan türklərinin evlərinə, əmlakına, tarixinə sahib çıxan ermənilərə niyə məsləhət bilmir ki, yaşadıqları yerləri boşaltsınlar?! Axı ermənilərin nə qədər dağıtsalar da yaşadıqları hər yerdə türk qəbiristanlıqları var. O qəbirlərdə yatan rəhmətliklərin ruhları ermənilərin türkləri qətlə yetirdiklərinə şahiddir və bu gün də qisas gününü gözləyirlər, bəlkə də ilahi qisası onlar hər addımda hiss edirlər. Bu gün erməni yaşayan hər yerdə - Qərbi Azərbaycanda, Qarabağda və başqa torpaqlarda günahsız olaraq qətlə yetirilən milyonlarla türkün ruhu dolaşır. Əkrəm Naibov bunları bilmir?
Yalan bəstələnmiş nağıllarla bütöv bir xalqı günahkar bilmək. Yaxşı olardı ki, müəllif Əylis qətliamı haqqında olan nağılı Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tarixçilərinin uzun illər ərzində tədqiqatlarının nəticəsində aşkar etdikləri arxiv sənədləri ilə müqayisə edəydi. Yalnız Naxçıvan xalqı deyil, Azərbaycanın məhvolma təhlükəsi qarşısında qaldığı bir dövrdə türk qardaşlar şox sayda şəhid verərək köməyə gəldilər. Azərbaycana səpələnmiş türk məzarları o cümlədən Naxçıvana da qardaş köməyini təsdiq edir. Bu da Əkrəm Naibovun Naxçıvanın çətin günlərində köməyə gələn türk qardaşlara - Adif bəyin nümunəsində "çox sağ ol"udur. Naxçıvan, o cümlədən Əylis kəndi ermənilər tərəfindən qırğına məruz qalmaq qarşısında idi. Hətta Naxçıvanın Ermənistanın idarəsinə verilməsi planlaşdırılırdı. O zaman Naxçıvan, o cümlədən əylislilər vətənin qəhrəman müdafiəçiləri kimi ayağa qalxdılar, könüllü dəstələr təşkil etdilər və türklərin dəstəyi ilə xaricilərin planlarını pozdular.
Əylisdə türk əsgərlərinin məzarı var, onlar Andranikə qarşı döyüşmüş, şəhid olmuşlar. Əkrəm ruha inanırsa, türk ruhundan üzr istəməlidir. Mənbələrdən görünür ki, Əkrəm Naibovun doğulub boya-başa çatdığı kənddə 12 türk qəbri var. 1919-cu ildə Andranik tərəfindən qətl ediliblər. Özünü doğma kəndinin tarixinin bilicisi hesab edən Saday Sadıqlı bir dəfə də olsun Əylisdəki qırğın haqqında eşitməmişdir. Doktor Abbasəliyev Əylis qırğını haqqında nağıl danışır və ətrafda olanları da bu nağıla inandırmağa çalışır. Əkrəm Əylisdə camaatın Andranik tərəfindən qətlə yetirilməsinə əhəmiyyət vermədən xəyali olaraq qardaş köməyinə gəlmiş "türk süngüsündən" xilas olmanın yollarını axtarır.
Kəndə yolu düşdükdə qədim alban kilsələrini erməni kilsələri adı ilə ziyarət edən, hər daşını "danışdıran" yazarın abidələrin tarixindən xəbəri olmaya bilməz. Bəlkə də türk nifrəti gözünü tutduğundan onları görmək istəmir. Axı Əkrəm Əylisli kimilərə genetik xüsusiyyətlərinə görə real olanlar deyil, düşündüyü, daş yuxularında əlini öpməyi həsrətlə gözlədiyi Eçmiədzin katolikosu tərəfindən verilən "vəhyləri" görmək vacib idi.
Əylis tarixi türk torpağıdır. Ağ Ulus deyənlər çox haqlıdırlar. Artıq albanların türklüyünün qəbul edilməsi zərurətdir. Axı türklərin bütün qruplarının islamaqədərki inancları olub. Çox halda türklər islama xidmətlərinin böyüklüyü ilə əlaqədar olaraq din tərcümeyi-hallarında xristianlıq dövrünü qəbul etməkdən çəkinmişlər. Albanlar türk olmuş, uzun illər Qafqazın aborigeni olaraq fəaliyyət göstərmişlər. Albanların türklüyünü qəbul etdikdə "kilsə arqumenti" qorxusu birdəfəlik aradan qalxacaqdır. Ermənilər kilsəni o qədər erməniləşdirmişlər ki, harada kilsə varsa, oranı erməni torpağı olaraq təqdim edirlər. Qafqazdakı kilsələri iki qrupa bölmək olar: alban kilsələri (əksəriyyəti) və erməniləşdirilmiş kilsələr. Tarixi həqiqətə və ədalətə sadiq qalaraq bildirməliyik ki, 1828-ci ildən bəri ermənilər Qafqazda kilsə inşa etməmişlər. 1828-ci ildən əvvəl də Qafqazda olmadıqlarından onların kilsələri olmamışdır. Deməli, ermənilərin Qafqazda yalnız mənimsəmiş, özəlləşdirmiş olduqları kilsələr var. Belə olduqda yazıçının türk yurdu Əylisdəki çəpərinə əlini sürtməyi xatırladığı kilsələrin də alban mahiyyətli olduğu aydınlaşar. Yazıçı Əylisdə erməni qəbiristanlığından, qəbirlərdən çox həvəslə danışır. Bir neçə erməni məzarı onun sərsəm fantaziyasına qol-qanad verir. Ermənilər Əylisdə qonaq olmuşlar, çox az müddətdə yaşamışlar və bunları o dövrə aid demoqrafik statistika da isbat edir.
Tarixdə insanlar müxtəlif yerlərə köç etmişlər. Ermənilərdən başqa bütün millətlər beynəlmiləlçi olmuşlar, qərib insana hörmət etmişlər, kəndə yerləşməsinə mane olmamışlar. Nə vaxtsa Əylisdə onlarca erməninin yaşaması oranın erməniləşməsi, çıxıb getdikdə erməni ruhu ilə dolması demək deyil. Əylisdə ermənilərin lideri qaniçən Andranik tərəfindən qətl edilən insanların ruhunun varlığı haqqında uzun illər özünü ən qatı əylisli hesab edən, hətta yer adını təxəllüs olaraq qəbul edən yazar düşünürmü? Əgər düşünmürsə, tez-tez istinad etmək istədiyi ədalət tərəzisinin pozulduğunun fərqindədirmi?
Əkrəm Naibov və onun havadarları xəyanəti pərdələmək məqsədi ilə erməni arvadı Anikonun türk uşaqlarına süd verməsini, kiminsə "bitli başını yumasını" ən böyük bəşəri insanlıq nümunəsi kimi təqdim edirlər və ya təqdim etməyə çalışırlar. Əkrəm Naibovun erməni qadını Anikonun südünün müqabilində 75 il pasportunda yazdırdığı "azərbaycanlı" adına xəyanət etməsi ən böyük xəyanət kimi tarixə düşəcəkdir. Bu kitabın tarixdə qalmayacağına baxmayaraq, müəllifin xəyanəti qalacaqdır. Çox halda haylı-küylü romanı Əkrəm Naibovun əsassız olaraq müxalif mövqeyi ilə əlaqələndirməyə çalışırlar. Əkrəm Əylislinin müxalifətdə olmasına da inanmaq çox çətindir.
Əkrəm Naibovun havadarlarının başqa bir çürük arqumentləri ondan ibarətdir ki, güya opponentlər yanlış olaraq personajın dediyi ilə müəllifin fikrini eyniləşdirirlər. Əkrəm Naibov atasının kim olmasından asılı olmayaraq, "Daş yuxular" kitabının anasıdır. Kitabın bir övlad kimi bütün əzalarına da müəllif özü cavabdehdir. Odur ki, bu kimi iddialar müəllifin və onun havadarlarının miskin özünümüdafiə cəhdidir.
Əslində bu qondarma, tarixi reallıqla səsləşməyən, Əylisin tarixinə və reallığına qarşı olan əsərdə bütün fikirlər müəllifin ana fikrinin-məqsədinin təsdiq olunmasına istiqamətləndirilmiş əsassız mükalimələrdir. Ona görə də burada müəllifə məxsus olmayan bir cümlə də ola bilməz. Cinayətləri personajlarla paylaşmaq fikri onun cinayəti başa düşüb, indi də onun ortaqlar axtarmaq cəhdindən başqa bir şey deyiildir. Kitabda qeyd edilir ki, Saday Sadıqlı "Bakı-Yerevan" qatarını yola salmaq üçün hər gün dəmiryol vağzalına gedir. Çox maqaqlıdır, müəllif olmayan Bakı-Yerevan qatarını yola salıb-qarşılayanda bəlkə də oradan gələ biləcək, xidmətləri müqabilində sığınacağı genetik soydaşlarını gözləyir.
Görünür, Əkrəm Naibov əsəri yalnız sifarişlə deyil, genetik borcunu yerinə yetirmək, Anikonun süd borcunu ödəmək üçün, qəlbinin, ruhunun səsi ilə yazıbdır. Gör nə qədər saxtakarlıqdır ki, romanda Əylis kəndinin əzab və müsibətlər görmüş, kürəyinə Andranik tərəfindən qaynar samovar bağlanmış azərbaycanlılar müəllifin və qəhrəmanlarının dili ilə "ermənilər yox, biz pisik" deyirlər. Əylis, müəllifin fikrinə görə, "yetim erməni qızı Anikonun əsrlərin dərinliyindən gələn səsidir".
Əkrəm Naibov, erməni qardaşlarına çox böyük xidmət göstərmisən. Bundan sonra sərbəst şəkildə xəyali olsa da, ruhun kimi Eçmiədzinə gedər, katolikosun əlin öpər, bəlkə də əl öpməzdən əvvəl xristianlığı da qəbul edə bilərsən.
"Hər ölən erməniyə bir şam yandırılsa, aydan qüvvətli işıq saçar" hökmünü verən Əkrəm Naibov, "hər ölən türkə bir şam yandırılsa, günəş və ayın birlikdə işığından qüvvətli işıq saçar" ifadəsini haçansa yazmağı düşünürsənmi?
Əkrəm
Naibov, sən son 20 ildə nə vaxt Azərbaycanın
haqlı olduğunu bəyan edibsən? Əsərin isə erməni
mövqeyində olduğunun etiraf-manifestidir. Bununla şərəfsizlik
zirvəsini əbədilik fəth etmisən. Oradan tərkibində
Əylisi də görmək istədiyin "Böyük Ermənistan"
daha rahat görünür, Əkrəm Naibov! Ancaq ermənilərin
qətl etdikləri Azərbaycan türkünün ruhunun səni
sağ buraxacağını sanmıram. Axı ruhlar qisas ala
bilir deyirsən, Əkrəm Naibov!
Həsənbala SADIQOV,
Gəncə Dövlət Universitetinin
Professor
Azərbaycan.-2013.- 12 fevral.- S.8.