Əkrəm Naibovun «Daş yuxular»ı tarixin saxtalaşdırılmasıdır

 

Əkrəm Naibovun milli kökə və milli əxlaqa yad olan "Daş yuxular" əsəri  Azərbaycan xalqına və onun tarixinə istiqamətlənmiş elmi dəlillərə söykənməyən  bir düşüncənin məhsuludur. Bu əsər də son dövrlərdə Rusiyada və digər Qərb ölkələrində Azərbaycanla bağlı tarixi həqiqətlərin saxtalaşdırılaraq ermənilərin xeyrinə yazılmasına xidmət edir. Əsərdə adət-ənənələrimizə yaxılan qaralar, yəqin ki, millətini sevən, ermənilərin hər cürə zülmü ilə qarşılaşmış bir bölgədə yaşayan fikir adamının məhsulu ola bilməz. Lakin biz inanmaq istəməsək də, həqiqət belədir. Bu yanlışlığı Əkrəm Naibov dönə-dönə "yazdıqlarımın altında on dəfə imza qoyaram" sözləri ilə təsdiqləyir. Doğrudanmı xeyli sayda təltiflərə sahib olan bir yazıçı bu qədər yanlış addım ata bilərdi?! Əlbəttə ki yox!

Burada yazılanlar tarixi həqiqətləri bilməməkdən qaynaqlanır. Yaxşı olardı ki, romanı yazmamışdan öncə Əkrəm Naibov XX əsrin əvvəllərində, xüsusən 1918-1921-ci illərdə ermənilərin Naxçıvanda və Zəngəzur bölgəsində törətdikləri vəhşilikləri öyrənəydi. Minlərlə başı kəsilmiş müsəlman qocasının, körpəsinin ah-naləsini duymuş olaydı. Onda əsərdə ermənilərin "yüksək mədəniyyətə və qədim tarixə" malik olduğunu deməz, "hər cürə türk şiddətinə, qətliamına məruz qalmış" erməni obrazı yaratmazdı. Əkrəm Naibovun yaşadığı Ordubad bölgəsində o dövrdə erməni quldurları bütün kəndləri viran qoymuşdular. Əgər həqiqəti yazmaq istəyirdisə, son dövrdəki hadisələri qələmə alaydı. "Yeraz" adlandırdığı və haqlarında təhqiramiz söz işlətdiyi qaçqınlarla danışaydı. Bu gün Ermənistan adlanan qədim Azərbaycan torpağında bir müsəlman türkün qalmadığını qeyd edəydi. Əsər nə dərəcədə yazıçı sözü adlandırılsa da, tarixə və tarixi həqiqətə böyük ləkədir.

Əsəri oxuduqca gözümün önündə 1982-1983-cü illərdə Ermənistan adlanan qədim Azərbaycan torpaqları - Sisyan və Dərələyəzdən topladığım materiallar canlanır. Bir bayatı var:

 

Əzizim haya dağlar,

Daş dağlar, qaya dağlar.

Erməni yurdu aldı,

Gəlmədi saya dağlar.

 

 Bu, erməni quldurlarının əlinə keçməsin deyə bir atanın güllələdiyi 14 yaşlı qızın, həmin hadisədən sonra havalanmış bir ananın naləsi idi.

Bəli, bu  bölgədə 150-yə yaxın yaşayış məntəqəsi darmadağın edilmişdi. On minlərlə insan vəhşi şəkildə qətl olunmuşdu. Nədən "münasibətləri" yaxşılaşdırmaq istəyən Naibov bunu görmür? Bilmirsə, öz həmvətənlərindən, kəndlilərindən soruşsun.

Bu yaxınlarda Osmanlı mənbələri ilə tanış olduğum zaman xalqın əmlakının kütləvi talan edildiyi, Naxçıvanın təkcə Şərur-Dərələyəz bölgəsindən iki milyondan artıq mal-qaranın aparıldığı və burada törədilmiş vəhşiliklərə rast gəldikdə hələ erməni quldurlarının nələr törətdiyini onillər boyu öyrənib qurtarmağın mümkün olmadığını gördüm. Məncə, bütün bunların bir hissəsini yazmağa səy etsəydi, müəllifin ömrünün axırına qədər materialı var idi.

Dövlət mükafatları müqabilində xalqa böhtan atmaq,  yazıçı və vətəndaş mənəviyyatını itirmək, Ermənistanda, Xocalıda, Xankəndidə dərisi diri-diri soyulan, qəddarcasına qırılanların fəryadını eşitməmək erməni xislətinə məxsusdur. Əsərdə ermənilərin törətdiyi cinayəti öz millətinin üstünə yıxmaqla qaçqınları "yeraz" adlandırıb təhqir edərək onların hansısa ermənini öldürməsi məsələsini ortaya qoymaq tarixi təhrif etməkdən başqa bir şey deyil.

Romandakı "qaçqın köpəkuşaqları" ifadəsini Əkrəm Naibov hansı əxlaqla işlətmişdi?! Əgər bu, həqiqətən belədirsə, bəs onun 1905-1918-ci illərdə bu ərazilərə gəlmiş qohum-əqrəbası necə adlanmışdır?  Onun yazdığı da, hərəkətləri də Azərbaycan xalqına arxadan vurulan zərbədir.

Erməni müəlliflərinin "Əkrəm Naibov 100 ildə Türkiyənin, 20 ildə Azərbaycanın etmədiyini etdi - həqiqəti söylədi" ifadələri Əkrəm Naibov əsərinin nəyə xidmət etdiyini aşkar göstərir. Belə alqışlamalar erməni millətçiləri Kasayan, Xaçaturyan və digərlərindən də gəlməkdədir.  Müəllifin düşünüb utanmaq əvəzinə ANS kanalında "Hər ifadəmin altından on dəfə imza ataram" sözləri ilə çıxışı onun simasını bir daha göstərdi. Əkrəm Naibovun əsərdə yazdıqları erməni millətçilərinin yazdıqları ilə üst-üstə düşürsə və erməni millətçilərini müdafiə edirsə, bu ideyanın haradan gəldiyi bizə bəllidir. Əkrəm Naibov deyir ki, söz azaddır. Azad sözün isə həqiqətə söykənməsi gərəkdir. Türk soyunu təhqir etmək, ermənilərin"türklər gəlmədir" ifadəsini müdafiə etmək nə dərəcədə tarixi həqiqətdir? Axı bir sıra erməni müəlliflərinin təsdiq etdiyi kimi, ermənilərin özləri bu bölgəyə gəlmədir. Əkrəm Naibov bu gün Ermənistan adlanan əzəli Azərbaycan ərazisində bir müsəlman-türkün qalmadığından nədən bəhs etmir?! Əkrəm Naibov unutmamalıdır ki, başqasına qulluq etməklə qazanılan "şöhrətin" sonu yoxdur. Hər şeydən öncə doğma yurdundan qovulmuş, min cür əzabla qətl edilmiş insanların ahından və didərgin ruhlardan qorxmalısan. Əkrəm Naibovdan bir şeyisoruşmaq istərdik. Azərbaycanlıları qəddar kimi göstərən Əkrəm Naibov bizə son yüz ildə, xüsusən XX əsrin ikinci yarısında törədilmiş erməni qətliamları ilə bağlı yazılmış hər hansı bir erməni müəllifinin əsərini göstərə bilərmi? Bir millətin nümayəndələrini, xüsusən yurdundan-yuvasından didərgin salınmış və yurdlarına görə "yeraz" adlandırıb onları, haşa, it kimi təqdim etməsi hansı söz azadlığına sığar? Erməni-xristian aludəliyi o dərəcədə üstünlük qazanıb ki, o, surətlərinin birinin dili ilə islam dininə, peyğəmbərə həqarət etməkdən də çəkinmir. Görəsən, Əkrəm Naibov xristian dünyasında Quranı yandırıb, peyğəmbərin karikaturasını çəkənlərdən nə ilə fərqlənir və onları təqdir etmirmi?! Əksinə, bu yazıları ilə sanki onlarla həmfikir olur.

Əkrəm Naibov, özünün yaşadığın Əylis kəndinin ətrafında ermənilərin nələr törətdiyini tarixə uyğun yazsan, daha yaxşı olmazmı?! Onda yazdıqlarından utanarsan. Başkəsən erməni quldurlarından, sənin də qohum-əqrəbanı öldürən qatillərdən yazsaydın, daha həqiqətə uyğun olmazdımı?

Bir erməni xalq yazıçısı və müxtəlif mükafatlar almış erməni ziyalısı sən yazdığını erməni xalqı haqqında yazmazdı! Təbii ki, səni vicdanınla baş-başa buraxırıq.

 

 

Hacı Qadir QƏDİRZADƏ,

tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü,

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya

və Arxeologiya İnstitutunun direktor müavini

 

Azərbaycan.-2013.- 12 fevral.- S.8.