«Böyük İqtisadi Ensiklopediya» beşcildliyi: bilik iqtisadiyyatı informasiya cəmiyyətinin qovşağında

 

"Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə olan ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir".

 

 Heydər ƏLİYEV

 

 

Dövlət suverenliyinin bərpasından sonra respublikamızda demokratik dövlət quruculuğu və sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil milli iqtisadiyyatın formalaşdırılması əsas məqsədə çevrildi və az vaxtda bu sahədə böyük uğurlar əldə olundu. Hazırda respublikamızda bazar münasibətlərinə əsaslanan siyasi-iqtisadi sistemin inkişafı və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası məqsədi ilə cəmiyyətin bütün sahələrində, xüsusilə elm və təhsil sahəsində müasir tələblərə uyğun olaraq islahatların aparılması, sənayenin texnikitexnoloji səviyyəsinin, eləcə də innovasiya fəallığının yüksəldilməsi istiqamətində böyük işlər görülür.

Milli iqtisadiyyatımızın yeni əsaslar üzərində qurulub şaxələnməsi, ölkəmizdə innovasiyalı  iqtisadiyyatın formalaşması və inkişafı üçün əlverişli imkanların yaradılması, müasir texnologiyaların tətbiqi, elmi-iqtisadi əlaqələrin genişlənməsi dünyanın inkişaf etmiş başqa dillərində olduğu kimi, Azərbaycan dilində də çoxsaylı yeni iqtisadi termin və anlayışların meydana gəlməsinə səbəb olmuşdur. Ona görə də bu yeni iqtisadi anlayış, kateqoriya, model və konsepsiyaların professional şəkildə izahı, təbliği cəmiyyətin iqtisadi mədəniyyətinin yüksəldilməsi üçün son dərəcə vacibdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin elmi-tədqiqat mərkəzlərində, ali təhsil ocaqlarında yeni siyasi-iqtisadi sistemin, bazar iqtisadiyyatının mahiyyətinin, prinsiplərinin, yüksək iqtisadi inkişafa nail olmuş ölkələrin çoxəsrlik mütərəqqi təcrübəsinin öyrənilməsi sahəsində xeyli işlər görülür. Bu baxımdan Azərbaycanın iqtisadi və bütövlükdə elmi-mədəni həyatında mühüm hadisəyə çevrilən fundamental bir nəşrin - beşcildlik "Böyük İqtisadi Ensiklopediya"nın geniş oxucu kütlələrinin istifadəsinə verilməsi əlamətdar hadisədir. Bu fundamental nəşr müstəqilliyini cəmi 21 il bundan əvvəl əldə etmiş respublikamızda azad bazar münasibətlərinin, yeni iqtisadi sistemin formalaşmasının elmi-metodoloji əsasları və mahiyyətinin dərindən mənimsənilməsi, onun təbliğ edilməsi, cəmiyyətdə iqtisadi mədəniyyətin yüksəlməsi baxımından əhəmiyyətlidir.

"Böyük İqtisadi Ensiklopediya"nın hazırlanmasına respublikamızın ən nüfuzlu iqtisadçı alim və mütəxəssisləri cəlb edilmişdir. Ensiklopediyanın mövzu baxımından rəngarəngliyi, genişmiqyaslılığı, ilk növbədə onun ideya müəllifi və baş redaktoru olan görkəmli iqtisadçı alim akademik Ziyad Səmədzadənin intellektual, elmi-təşkilati və ictimai aspektləri özündə birləşdirən fəaliyyət müxtəlifliyi və bu fəaliyyətin elmi ictimai əhəmiyyəti ilə şərtlənir. İqtisadiyyat elminin aktual problemlərinə dair sanballı tədqiqatların müəllifi olan Ziyad Səmədzadənin mövcud sahə üzrə beynəlxalq elmi təcrübəyə yeni təfəkkürlə yanaşmasının, milli iqtisadi sistemdən çıxış etməsinin nəticəsidir ki, müasir Azərbaycan ictimai-humanitar elminin rəngarəng mövzu polifoniyasında iqtisadiyyatonun müxtəlif elmi problemləri son onilliklərdə əsas maraq mərkəzlərindən birinə çevrilmişdir.

Tam məsuliyyətlə qeyd etmək istəyirəm ki, yüksək bədii-poliqrafik tərtibat ilə fərqlənən "Böyük İqtisadi Ensiklopediya" iqtisadiyyatın elmi anlayış və kateqoriyaları timsalında son 15 ildə sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişaf yolunda olan ölkəmizin nailiyyətlərini özündə əks etdirən fundamental nəşrdir.

Sivil xalqların tarixində iqtisadiyyatın inkişaf səviyyəsi eyni zamanda milli-mənəvi inkişafın göstəricisi olmaqla, sosial tərəqqinin etibarlı və möhtəşəm təməli hesab olunur. Müstəqil Azərbaycan son iyirmi ildə regionun lider dövlətinə çevrilərək müasir sivil dünyaya inteqrasiya olunur. Əldə edilən bütün bu nəticələrin, nailiyyətlərin arxasında ölkəmizin zəngin təbii ehtiyatları ilə intellektual potensialının vəhdəti - maddi kapitalı insan kapitalına çevirmək strategiyası dayanır. Bu strategiyanın uğurla həyata keçirilməsi, təbii ki,  elmin sosial-iqtisadi inkişafda rolunu daha da artırır. 

"Böyük İqtisadi Ensiklopediya"nın əhəmiyyətini ölkəmizin iqtisadi tərəqqisində, milli iqtisadi-elmi düşüncənin inkişafında oynayacağı rolla məhdudlaşdırmaq doğru olmazdı. Ensiklopediyanın bir əhəmiyyəti də müasir Azərbaycan və dünya münasibətləri kontekstində qiymətləndirilməlidir. Azərbaycanın suveren dövlət kimi dünya birliyinə inteqrasiyası planetar qloballaşma prosesləri ilə eyni dövrə təsadüf edir. Bu vəziyyət  Azərbaycandan qlobalregional siyasətdə yeni, xüsusilə milli fəaliyyət proqramı ilə çıxış etməyi tələb edir. Bu mənada ensiklopediyada ən universal iqtisadi anlayışlarla milli iqtisadi özünəməxsusluqlardan doğan kateqoriyaların vəhdəti  Azərbaycan iqtisadi modelinin dünya iqtisadi modeli ilə uğurlu uyğunlaşdırılma strategiyasının təzahürüdür.

Müasir dünyada son dərəcə qabarıq nəzərə çarpan ümumi strateji tendensiyalar mövcuddur. Planetar inkişafın əsas  xətti olan qloballaşma fonunda Avrasiya məkanının modernləşməsi və demokratikləşdirilməsi prosesləri gedir. Cəmiyyətin sosial-siyasi model kimi formalaşmasında milli iqtisadi struktur da mürəkkəb təşkil mexanizminə malikdir. Bu mürəkkəblik müasir cəmiyyətimizdə daha çox qloballaşan dünyada milli maraqlarla ümumbəşəri maraqlar arasındakı "qızıl orta"nın tapılmasında, milli mentalla planetar demokratik dəyərlər arasında təzada, ziddiyyətə deyil, nizama əsaslanan münasibətlərin müəyyənləşdirilməsində özünü göstərir. Çox önəmlidir ki, "Böyük İqtisadi Ensiklopediya"da iqtisadiyyatımızın həm milli, həm də ümumbəşəri məzmunu vəhdətdə əks olunmuşdur.

Ensiklopediyanın xüsusi qiymətləndirilməli cəhətlərindən biri də nəşrdə Azərbaycan iqtisadiyyatının stratejikonseptual inkişafı ilə elmi-texniki bazasının müasirləşdirilməsi ilə modernləşdirilməsinin, regionlarda iqtisadi  infrastrukturun təkmilləşdirilməsinin vahid məcrada təqdim olunmasıdır.

Ensiklopediya zəngin iqtisadi faktların toplumu olmaqla yanaşı, burada bu faktları ümumiləşdirən universal konseptual təfəkkür də fəal iştirak edir ki, bu da nəşrin daha çox konseptual elmi təfəkkürə əsaslandığına sübutdur. Belə bir möhtəşəm külliyyatın meydana gəlməsi Azərbaycan elmi potensialının, xüsusən iqtisad elminin mühüm inkişafının göstəricisidir. Belə ki, zəngin ənənələrə malik Azərbaycan iqtisad elmi əhəmiyyətli dərəcədə bu nəşrin hazırlanmasına səfərbər olunmuşdur. Ensiklopediyada iqtisadi elmi biliklərin təşəkkülü və inkişafı, müxtəlif iqtisadi nəzəriyyələrin formalaşması, tətbiq dairəsi və tərəqqisindən geniş bəhs olunmuş, tarixi, müasir tələblər baxımından onların rolu barədə ümumiləşdirici fikirlər söylənilmişdir. İqtisadiyyat elmi sosial-siyasi sistemin elə bir tərkib hissəsidir ki, cəmiyyətin siyasi, mədəni, mənəvi həyatı əhəmiyyətli dərəcədə onun prinsipləri əsasında təşkil olunaraq ictimai harmoniya yarada bilir.

Bu nəşrin xüsusi qeyd olunmalı cəhətlərindən biri də özündə Azərbaycanın ensiklopediyaçılıq ənənəsi ilə yeni tendensiyaları üzvi surətdə birləşdirməsidir. Azərbaycanda ensiklopediya mədəniyyətinin öz tarixi var. Hələ ötən əsrin əvvəllərində iqtisadi və digər mövzularda həcmcə böyük olmayan lüğət və sorğu kitabçaları nəşr edilirdi. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində XX əsrin 70-ci illərində bütün sahələrdə olduğu kimi, elm və mədəniyyətin inkişafında da əhəmiyyətli işlər görülmüş, ilk dəfə olaraq Azərbaycanda fundamental milli ensiklopediya yaradılmışdır. 1976-1987-ci illərdə Azərbaycan tarixində həmin dövrdə mühüm rol oynamış ilk milli ensiklopediya olan 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası" işıq üzü görmüşdür.  Məhz  bu nəşr Azərbaycanda elmi biliklərin bütün sahələrini əhatə edən ensiklopediya hazırlanması işinin əsas prinsiplərini müəyyənləşdirdi. Böyük elmi potensialın iştirakı ilə hazırlanan on cildlik ensiklopediyanın nəşri o dövrdə ölkənin elmi və mədəni həyatında mühüm hadisəyə çevrildi. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra isə dövrün tələblərinə cavab verən yeni müstəqil ensiklopediyanın nəşrinə zərurət yarandı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 12 yanvar tarixli Sərəncamına müvafiq olaraq "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" qərar qəbul olundu. Möhtərəm Prezident  İlham Əliyevin redaksiya  heyətinə sədrliyi ilə nəşr olunan Azərbaycan Milli Ensiklopediyasının ilk cildləri artıq işıq üzü görmüşdür.

Bütün bunlarla yanaşı, hazırkı sosial-iqtisadi inkişaf şəraitində sahə ensiklopediyalarının hazırlanmasına və nəşrinə ciddi ehtiyac yaranmış, xüsusən də daim inkişafda olan iqtisad elminin cəmiyyətdə artan rolu bu istiqamətdə ayrıca fundamental nəşrin yaradılması məsələsini aktuallaşdırmışdı. "Böyük İqtisadi Ensiklopediya" belə bir tarixi zərurətdən qaynaqlanaraq meydana gəlmişdir.

Sözügedən ensiklopediya 10 minə yaxın termin, iqtisadi anlayış, müxtəlif iqtisadi əməliyyatların əyani izahı üçün 2 mindən çox sxem, cədvəl, qrafikfotolardan ibarət olmaqla son dərəcə zəngin materialları özündə birləşdirir. Xüsusi qeyd olunmalıdır ki, burada mövcud iqtisadi terminoloji bazaya vahid ensiklopedik prinsipdən yanaşma əsas götürülmüşdür ki, bununla da makromikro iqtisadiyyat, pul-kredit münasibətləri, bank işi, qiymətli kağızlar bazarı, sığorta, fiskal siyasət, məcmu tələb və təklif, marketinq, menecment, investisiya, birja fəaliyyəti, innovasiya, institusional iqtisadiyyat, milliqlobal rəqabət, iqtisadi təhlükəsizlik və s. anlayışların əsaslandırılmış  dəqiq və aydın izahına nail olunmuşdur.

Həmçinin müxtəlif iqtisadi nəzəriyyələr, elmi məktəblər, iqtisadiyyat elminin formalaşmasında böyük xidmətləri olmuş görkəmli iqtisadçıların bioqrafiyaları, onların irəli sürdüyü iqtisadi nəzəriyyə, qanun və prinsiplər də ensiklopediyanın mövzu baxımından çoxşaxəli aspektlərə malik olmasından xəbər verir.

Müasir dövrün tələblərinə uyğun olaraq ensiklopediyanın hazırlanmasında dünyanın inkişaf etmiş ölkələrinin statistik məcmuələrindən, iqtisadi lüğətlərdən, beynəlxalq iqtisadi, maliyyə-bank təşkilatlarının internet resurslarından yaradıcı şəkildə istifadə edilmişdir.

"Böyük İqtisadi Ensiklopediya"da mövcud iqtisadi biliklərin sistemləşdirilməsinə münasibətdə vahid mövqe seçilmişdir: yeni biliklərin ənənəvi biliklərə tədrici transformasiyası! Tədrici transformasiyalar özündə iki aspekti ehtiva edir - birincisi, sovet iqtisad elm sisteminin müsbət cəhətlərini saxlamaq, yeni biliklər sistemini formalaşdırmaq, ikincisi, dünyanın qabaqcıl elm ölkələrində mövcud olan iqtisadiyyatın inkişaf modellərini dərindən öyrənib, onlardan yararlanmağın optimal variantını tapmaq. Müasir fəlsəfi, sosiolojielmi tədqiqatlar göstərir ki, bilik istehsal edən cəmiyyətin formalaşması üçün iqtisadi, sosial-mədəni, iqtisadi xarakterli çoxlu amillərin bir-biri ilə müəyyən nisbətdə qarşılıqlı harmoniyası vacib şərtdir. Ensiklopediyada məhz belə bir harmoniyaya nail olunmuşdur.

Ensiklopediyada materialların təqdimatı əvvəlki nəşrlərdən öz yığcamlığı, materialların sadə, o cümlədən ixtisaslaşmış və aydın ifadəsi ilə, maarifçilik dövrünün fransız ensiklopediyaçısı Deni Didronun sözləri ilə desək, "... bütün dünya üzrə səpələnmiş biliklərin toplanıb müəyyən sistem halına salınması və müxtəlif təbəqədən olan insanların başa düşdüyü dildə yazılaraq köhnə nəsillərdən yeni nəsillərə ötürülməsi..."  ilə əhəmiyyətli dərəcədə fərqlənir.

Ensiklopediyanın mühüm fərqləndirici cəhətlərindən biri də müstəqil Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artmasına, iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasına xidmət edən inkişaf strategiyası, azad bazar münasibətlərinin genişlənməsinin və milli maraqlara cavab verən yeni iqtisadi sistemin formalaşmasının elmi-metodoloji əsasları və mahiyyəti barədə məqalələrin burada öz əksini tapmasıdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası müstəqilliyinin bərpasından sonrakı üçüncü onilliyə - sosial-iqtisadi və mədəni-mənəvi inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə aparılan sistemli və davamlı dövlət quruculuğu siyasəti konkret bəhrəsini verir, ölkəmiz keçid dövrünü arxada qoyaraq növbəti iqtisadi yüksəliş mərhələsi dövrünü yaşayır.

Ensiklopediyada bu strateji inkişaf xətti fonunda ölkənin sosial-iqtisadi inkişafını səciyyələndirən milli təbii sərvətlər, sənaye və innovasiya potensialı, sahə və müəssisələrin investisiya imkanları, sosialistehsal infrastrukturu, dövlət və hökumət strukturları, xarici iqtisadi əlaqələr coğrafiyası, beynəlxalq təşkilatlarda təmsilçilik, milli iqtisadi nailiyyətlər və s. haqqında tutumlu məlumatların elmi-analitik təhlilə, statistik göstəricilərə və qrafiklərə əsaslanmaqla verilməsi ensiklopedik innovasiya kimi qiymətləndirilə bilər.

Ölkəmizin dövlət siyasətində milli varlığının əsas göstəricisi olan Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi, tətbiq sahələrinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının inkişafı şəraitində elektron resurslarının artırılması mühüm yer tutur. 2012-ci ildə ölkə Prezidentinin bu sahənin inkişafına yönələn sərəncamları həmin siyasətin əməli göstəriciləridir.  "Böyük İqtisadi Ensiklopediya" bu baxımdan da xüsusi əhəmiyyətə malikdir. Ensiklopediyada dilimizə yeni daxil edilmiş bir sıra iqtisadi termin və anlayışların Azərbaycan dilində qarşılığı verilmişdir. Ensiklopediya özünün canlı dili, üslubu, vizual informasiya mənbəyi ilə oxucunu iqtisadi həyatın bütün sahələrində zəruri məlumatla təchiz edir.

Ensiklopediyanın digər özünəməxsus xüsusiyyəti burada Azərbaycan iqtisadiyyatının müxtəlif sferalarının hazırkı vəziyyəti, iqtisadi inkişafın ayrı-ayrı sahələrinə cavabdeh olan dövlət qurumları, nazirlik və komitələr haqqında ən son rəqəm, sxem, fotofaktlarla zəngin məqalələrin verilməsidir.

Ensiklopediyada Azərbaycan Respublikasının perspektiv iqtisadi inkişafının prioritet istiqamətlərinə - neft strategiyasının əhatə etdiyi qlobalregional enerji təhlükəsizliyi, neft kapitalının insan kapitalına yönəldilməsi, ölkənin coğrafi-strateji mövqeyindən istifadə edərək beynəlxalq nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi, müasir informasiya texnologiyalarından istifadə edərək cəmiyyətdə insanların maddi rifahının yaxşılaşdırılması, ərzaq təhlükəsizliyi, davamlı iqtisadi inkişaf, beynəlxalq inteqrasiya proseslərində milli maraqları əsas tutmaqla fəal iştirak, milli iqtisadiyyatın müxtəlif sahələrinin müasir tələblərə cavab verən ən yeni texnoloji avadanlıqlarla təchizi və s. məsələlərə geniş yer verilmişdir.

Çoxcildliyin səhifələrində Nobel mükafatına layiq görülmüş məşhur iqtisadçıların həyat və yaradıcılıqlarına, onların irəli sürdüyü yeni təlim və konsepsiyaların təməl prinsipinə geniş yer verilir. Bu dəyərli informasiyaların böyük əksəriyyəti ilk dəfə olaraq ana dilimizdə peşəkar səviyyədə nəşr edilir.

Həyatını iqtisadiyyat elminin öyrənilməsinə, əldə etdiyi nəticələrin iqtisadiyyatımızın müxtəlif sahələrinə tətbiq edilməsinə həsr etmiş azərbaycanlı iqtisadçı alim, professor, akademiklərimiz haqqında geniş bioqrafik məlumatlara ensiklopediyanın səhifələrində lazımınca yer verilməsi xüsusilə təqdirəlayiqdir.

Yeni iqtisadi təfəkkürə köklənmiş bu irihəcmli nəşrdə sürətlə inkişaf etməkdə olan ayrı-ayrı ölkələrin nail olduqları iqtisadi uğurlar, onların səbəbləri, həmin ölkələrin son illərdə həyata keçirdikləri iqtisadi islahatların mahiyyəti, qlobal bazarda özünü təsdiq etmiş iri transmilli şirkətlər, onların iqtisadi fəaliyyət sferaları, rəqabət strategiyaları, müasir iqtisadi biliklər haqqında istənilən suala cavab tapmaq mümkündür.

Ensiklopediyanın aktuallığını artıran əsas amillərdən biri onun aliorta ixtisas məktəblərində iqtisadiyyatın yüksək səviyyədə tədrisinə, milli iqtisadi təfəkkürün inkişafına təkan vermək iqtidarında olmasıdır. Burada müstəqil Azərbaycan dövlətinin son 21 ildə keçdiyi inkişaf yolu iqtisadi təhlil üsullarından səmərəli istifadə edilməklə özünün dəqiq qiymətini almışdır. Bu materiallarla tanış olan tələbələr, magistrlər, doktorantlar milli iqtisadiyyatımızın bütün sahələrinin indiki vəziyyəti və perspektiv inkişaf istiqamətləri, qarşılıqlı maraqlara əsaslanan beynəlxalq iqtisadi əlaqələrimizin coğrafiyası, beynəlxalq iqtisadi təşkilatlarla münasibətlərimiz, iqtisadiyyatımızı tənzimləyən qanun və məcəllələr haqqında tam təsəvvürə malik olacaqdır.

Eyni zamanda qeyd etmək lazımdır ki, müstəqillik illərində MDB dövlətlərinin heç birində öz həcminə, materialların ifadə üslubuna və keyfiyyətinə görə bu cür ensiklopediya nəşr edilməmişdir. Yəqin ki, "Böyük İqtisadi Ensiklopediya" ölkədə digər sahə ensiklopediyalarının yaranmasına güclü təkan verəcəkdir.

"Böyük İqtisadi Ensiklopediya"da yerləşdirilmiş bir neçə sətirlik izahlardan tutmuş irihəcmli məqalələrədək bütün yazılarda, ilk baxışdan adi rəqəmlərdən ibarət olan cədvəllərdə zəngin elmi faktlar, iqtisadi problemlər, əhalinin yaşayış səviyyəsi, ayrı-ayrı ölkələrin iqtisadi, sosial demoqrafik göstəriciləri və s. informasiyalar elə anlaşıqlı və aydın dildə ifadə olunmuşdur ki, onun təkcə iqtisadçılar üçün deyil, elmi ictimaiyyətin nümayəndələri, tələbə, magistrdoktorantlar, iqtisadiyyatın müxtəlif sahələrində çalışan mütəxəssislər, sahibkarlar, bir sözlə, geniş oxucu kütləsi üçün lazımlı vəsaitə çevriləcəyi şübhə doğurmur.

Sonda bir daha elmi, milli mədəniyyət tariximizdə xüsusi hadisə olan "Böyük İqtisadi Ensiklopediya"nın işıq üzü görməsi münasibətilə yaradıcı heyəti təbrik edir, öz adımdan, bütövlükdə Azərbaycan elmi ictimaiyyəti adından bu nailiyyəti bizə bəxş etdiyinə görə başda akademik Ziyad Səmədzadə olmaqla onlara dərin minnətdarlığımı bildirirəm. Heç şübhəsiz, bu nəşr Azərbaycan iqtisad elminin inkişafında yeni bir keyfiyyət mərhələsinə keçidin əsasını qoymaqla ölkə iqtisadiyyatının dinamik və keyfiyyətli tərəqqisinə öz layiqli töhfəsini verəcəkdir.

 

 

Mahmud KƏRİMOV,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti,

 Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru

 

Azərbaycan.-2013.- 12 fevral.- S.9.