Uğurlu eksperiment

 

Son bir neçə ildə Azərbaycan istər İKT-nin inkişafı sahəsində, istərsə də "elektron hökumət" təsisatının qurulması işində ciddi irəliləyişlərə nail olmuşdur. Bu irəliləyişin əsası ümummilli lider Heydər Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının rifahı naminə İKT-nin inkişafının milli strategiyası"nda qoyulmuşdur. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev də İKT-nin inkişafını iqtisadiyyatın inkişafının başlıca prioritetlərindən biri elan etdi ki, bu da öz növbəsində informasiya cəmiyyətinin və onun "elektron hökumət", "elektron ticarət", "informasiyadan istifadə imkanları" və sair kimi digər elementlərinin formalaşdırılması prosesini sürətləndirdi.

Əlbəttə bütün bu proseslərə dialektik inkişaf baxımından yanaşmaq lazımdır. Çünki texnologiyalar bir yerdə dayanmır, hər anın öz hökmü var. Odur ki, Azərbaycan cəmiyyəti, o cümlədən istər dövlət qulluqçuları, istərsə də elm adamları bu istiqamətdəki bilikləri vaxtında tətbiq və inkişaf etdirməlidir. Bu baxımdan cari  ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında aparılmış tədris eksperimentini xüsusi qeyd etmək istərdik. Belə ki, ölkəmizdə ilk dəfə olaraq akademiyanın rəhbər kadrların təkmilləşdirilməsi fakültəsində "Elektron hüququn əsasları" kursu tətbiq edilmişdir. Bütövlükdə hüquq elmi üçün son dərəcə yeni bir məfhum olan elektron hüquq fənni hüququn yeni bir sahəsini öyrənir. Bu sahə  isə öz növbəsində elektron pul, elektron bankinq, kompyuter təhlükəsizliyi, kibercinayətkarlıq və bu kimi bir çox başqa təsisatları tənzimləyir. Gördüyümüz kimi, məsələlərin spektri çox genişdir. Ancaq unutmaq olmaz ki, onlardan bir çoxu hüququn müxtəlif sahələrinin qovşağında yerləşir. Bütün bu münasibətlərin ilk növbədə virtual məkanda baş verdiyini nəzərə alsaq, kiberməkanı elektron hüququn tənzimləməli olduğu insan münasibətlərinin yeni nadir mühiti kimi xüsusi qeyd etmək lazımdır.

"Elektron hüququn əsasları" tədris kursunun məqsədi tələbələrin informasiya-hüquq bilikləri, bacarıqları və vərdişlərinə yiyələnməsi, hüquq nəzəriyyəsinin və dövlət idarəçiliyinin əsaslarının tədrisi prosesində onların qazandıqları ümumi nəzəri biliklərin təkmilləşdirilməsi, informasiya-kommunikasiya proseslərinin hüquqi tənzimlənməsinin onlar tərəfindən dərindən öyrənilməsidir.

Fənnin təşəkkülünün indiki mərhələsində birmənalı cavablar almaqdansa, birmənalı suallar qoymaq daha çox müyəssər olur. Buna səbəb ilk növbədə rəqəmsal qeyri-bərabərlikdir - müxtəlif regionlarda, ölkələrdə, əhalinin müxtəlif təbəqələri arasında texnologiyaların inkişaf dərəcəsinin fərqliliyi, ikinci növbədə isə ictimai proseslərdə, təhsildə, dövlət idarəçiliyində bu texnologiyaların tətbiqinin müxtəlif metodlarının mövcudluğudur. Hüquqi baxımdan da bu proseslər müxtəlif cür tənzimlənir və proseslərin hüquqi dərkində eyni mövqe yoxdur. Bu mənada tam hüquqi vakuumun mövcudluğundan danışmaq olmaz. Son 10 ildə "Elektron imza  elektron sənəd dövriyyəsi haqqında", "Elektron ticarət haqqında", "İnformasiyadan istifadə imkanları haqqında"  bu kimi bir sıra qanunlar qüvvəyə minmişdir. Texnoloji prosesləri reqlamentləşdirən qanunçuluq  bazası isə diqqətlə işlənib hazırlanır. Elektron hökumət təsisatının formalaşdırılmasının hüquqi cəhətdən reqlamentləşdirilməsi sahəsində son illərdəki ciddi irəliləyişi, o cümlədən Azərbaycan Prezidenti tərəfindən qəbul edilmiş son normativ-hüquqi aktları qeyd etmək lazımdır. Onların sırasında dövlət başçısının 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın, eləcə də Prezidentin 4 sentyabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə"nin xüsusi tənzimedici rolu vardır.

Bütövlükdə internetin hüquqi tənzimlənməsi ayrıca götürülmüş hər hansı bir ölkənin problemi deyil, beynəlxalq xarakter daşıyan və ən yaxın vaxtlarda həllini gözləyən dilemmadır. Qlobal informasiya cəmiyyəti informasiya-kommunikasiya texnologiyalarının açdığı imkanlara əsaslanır. Lakin bəzi hüquqi problemlərin həll olunmaması, İKT münasibətləri iştirakçılarının hüquqi cəhətdən müdafiəsiz qalması informasiya cəmiyyətinin inkişaf proseslərini ləngidir. Yurisdiksiya reqlamentinin qeyri-dəqiqliyi hüquqi kolliziyaların həllində xüsusi çətinlik yaradır. Məsələn, belə bir vəziyyəti nəzərdən keçirək: tutaq ki, sayt bir ölkənin domen zonasında qeydiyyata alınmışdır, fiziki cəhətdən ikinci bir ölkənin serverindədir, saytın sahibi üçüncü bir ölkənin vətəndaşıdır, əsas istifadəçi auditoriyası isə dördüncü ölkədədir. Belə olan halda mənafe  münaqişəsi zamanı aydın deyil ki, hansı ölkənin qanunvericilik normaları tətbiq edilməlidir. Bu hüquq pozuntularının iştirakçılarından birinin  hərəkətlərində cinayət tərkibi mövcud olarsa, ölkələr yəqin ki, əməkdaşlıq etməyə üstünlük verərdilər. Mülki mübahisələrdə isə məhz öz vətəndaşlarının mənafelərini müdafiə etmək onların əsas məqsədi olardı. Bax, məhz buna görə də kiberməkanda qarşılıqlı münasibətlərin transmilli xarakteri çox vaxt vəziyyətdən universal çıxış yolunu tapmağa imkan vermir. "Daha irəlidə gedən ölkələrdə" tədricən xüsusi informasiya qanunvericiliyi formalaşır və məhkəmə praktikası yaranır. Bu cür məsələlər dərslərimizdə hərtərəfli öyrənilir. Müqayisəli-hüquqi tədqiqatların yekunlarına görə magistrlərə təklif olunur ki, ölkəmizdə informasiya cəmiyyətinin inkişafına dair nəticələr çıxarsınlar və təkliflər versinlər.

Azərbaycanda informasiya cəmiyyətinin tezliklə formalaşdırılması sahəsində perspektivləri müəyyən edərkən buya digər ölkələrdə İKT-ninonun ayrı-ayrı elementlərinin inkişafının real göstəricilərini əks etdirən beynəlxalq reytinqlərə müraciət etmək lazımdır. Onu da deyək ki, bu reytinqdə Azərbaycan  göstəricilərinə görə bir çox postsovet dövlətlərini qabaqlayır. Bu, ilk növbədə Prezident İlham Əliyevin böyük xidmətləri sayəsində mümkün olmuşdur. O, Azərbaycanda  İKT-nin inkişaf prosesinə, informasiya cəmiyyətinin formalaşmasına böyük diqqət yetirir və əhəmiyyət verir. Belə ki, elektron dövlət idarəçiliyi  təsisatının təşəkkülü, bu sahədə fəal qanun yaradıcılığı, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq mühitinin yaradılması müasir Azərbaycan cəmiyyətinin inkişafının əsas prioritetləri kimi təsbit olunmuşdur.

Bu direktivlərin gerçəkləşdirilməsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyiböyük görmüşdür. Odur ki, bu gün  yeni yaranmış strukturlar, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, vətəndaş hüquqlarının gerçəkləşdirilməsinin, dövlət xidmətlərinin həyata keçirilməsinin, informasiya təhlükəsizliyinin təmin edilməsinin yeni mexanizmlərini işləyib hazırlayarkan nazirliyin bu sahədəki nailiyyətlərinə istinad edirlər.

Digər tərəfdən, hüquq tətbiqi prosesinə cəlb edilən şəxslərdə xüsusi biliklərin olması məsələsi önə gəlir. Söhbət istər dövlət qulluqçularından, istərsə də hüquq mühafizə orqanlarının əməkdaşlarından, o cümlədən məhkəmə korpusunun nümayəndələrindən gedir. Prosesi sürətləndirmək üçün ilk növbədə ölkənin aparıcı ali məktəblərində elektron hüquqelektron dövlət problemlərini öyrənən mərkəzlər yaradılmalı, dövlət qulluqçularının xüsusi biliklərinin artırılması üçün təhsil proqramları həyata keçirilməlidir. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin 1 fevral tarixli sərəncamı ilə yaradılmış İnformasiya Texnologiyaları Universitetixüsusi rol oynamalıdır.

Təəssüflə qeyd etməliyik ki, bizdə elektron hüquq üzrə tədris prosesini həyata keçirə bilən kadrlar çatışmır. Bu  səbəbdən də konfransların, müxtəlif seminarların keçirilməsi, xarici mütəxəssislərin bu tədbirlərə cəlb olunması aktuallıq  kəsb edir. Sözügedən fənn üzrə böyük sayda ədəbiyyata ehtiyac var. Bu isə aparıcı mütəxəssislərin elmi əsərlərinin Azərbaycan dilinə tərcüməsinin təşkilini nəzərdə tutur. Bütün tələbələrə tövsiyə edirik ki, fənnin öyrənilməsinə başlayarkən informasiyaqloballaşma prosesləri rakursunda ictimai münasibətlərin elmi tədqiqi məsələlərini ətraflı və dərindən araşdıran Azərbaycan Respublikası  Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin əsərlərindən bəhrələnsinlər. Akademik Əli Abbasovun, professor Əlikram Abdullayevin əsərlərində də bir çox maraqlı ideyalar  qoyulur.

Biz zahiri deyil, real nəticələr əldə etmək üçün kəmiyyətcə populist ritorikadan keyfiyyətcə elmi polemikaya keçməliyik. Mübahisədə və ilk növbədə elmi mübahisədə həqiqət ortaya çıxır. Buna görə də dərs zamanı bütün tələbələri açıq diskussiyaya, müxtəlif ideyalar və fərziyyələr irəli sürməyə, verilən təkliflərin və layihələrin hərtərəfli müzakirəsinə çağırırıq.

Müasir inkişaf öz qaydalarını müəyyənləşdirir, texnologiyalar elə sürətlə inkişaf edir ki, dünən nou-xau sayılan bir şey bu gün artıq maraq doğurmur. Hüquq isə çevikliyi qəbul etməyən ənənəvi mühafizəkar elmdir. Buna baxmayaraq, hüquq elmimiz sürətlə ayaqlaşmalıdır və həmin işi biz birlikdə görməliyik.

 

 

Rəşad ƏZİZOV,

hüquq üzrə fəlsəfə doktoru

 

Azərbaycan.-2013.- 12 fevral.- S.10.