Sosial-iqtisadi layihələrin icrası uğurla davam edir
Son illər Azərbaycanda gerçəkləşdirilən
əhəmiyyətli layihələrdən biri də içməli
su çəkilişi və kanalizasiya şəbəkəsinin
qurulmasıdır. Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2013-cü ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasındakı çıxışında prioritet
infrastruktur layihələrinin icrasına toxunan Prezident
İlham Əliyev demişdir: "Biz ardıcıl olaraq bir
neçə il bundan əvvəl içməli su və
kanalizasiya layihələrinin icrasına çox ciddi şəkildə
başlamışıq".
Bu, çox böyük layihədir. Ölkəmiz üçün bunun əhəmiyyəti çox böyükdür. Çünki bütün dövrlərdə Azərbaycanda, Bakıda və digər bölgələrdə içməli su problemi çox kəskin dayanmışdır. Bölgələrdə, ümumiyyətlə, kanalizasiya xətləri yox idi. Bakının da kanalizasiya sistemi köhnəlmişdir. Bu sahədə böyük quruculuq işləri aparılır və biz yenə də maksimum səviyyədə hədəf seçmişik ki, bu sahədə infrastruktur tamamilə yenilənsin. İndi həm Bakıda, həm də bütün bölgələrdə içməli su və kanalizasiya layihələri icra edilir... Bunlar investisiya proqramında nəzərdə tutulan əsas infrastruktur layihələridir. Bütün müvafiq qurumlar öz vəzifə borclarını yerinə yetirirlər. Bu layihələr keyfiyyətlə və vaxtında icra edilməlidir".
Onu
da qeyd etmək lazımdır ki, ölkə üzrə 61
şəhər və rayon mərkəzində su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri
icra olunur və bu layihələrdən biri də Ağsuda həyata
keçirilir.
Mövcud
layihəyə uyğun olaraq, Ağsu şəhərinin su təchizatını
yaxşılaşdırmaq üçün 2010-cu ildə
saniyədə 30 litr sərfi ilə Quzay kəndindən boru kəməri
çəkilib. Bu, şəhərin suya olan tələbatının
təxminən yarısının təminatı deməkdir.
Şəhərin digər hissəsi isə
Ağsuçayın səth suları vasitəsilə təmin
olunur. Qərb anbarlarından təmizlənməyən su 4
boru kəməri ilə şimaldan cənuba doğru müxtəlif
sahələrə verilir.
Ağsu
şəhərinin şərqi paylanma şəbəkəsinin
əsas boru kəməri Ağsuçayın şərq
sahilində 2,85 kilometr uzunluğunda Heydər Əliyev
prospektinin yenidən qurulması layihəsi çərçivəsində
2007-2008-ci illərdə təzələnib. Qalan paylanma
boruları isə 1970-ci illərə məxsusdur və yeni
sistem üçün istifadəyə yararsız
sayılıb.
1985-ci
ildə şəhərin cənubunda mərkəzi rayon xəstəxanası
tərəfindən tullantı sularını açıq
drenaj xəndəyinə ötürmək məqsədi ilə
təxminən 1,5 kilometr uzunluğunda kanalizasiya xətti
inşa olunub. Başqa bir kanalizasiya xətti isə şəhərin
şimalında yerləşən şərab zavodundan
başlayaraq bələdiyyə ərazisinin qərb hissəsindəki
drenaj kanalına sənaye müəssisələrinin
çirkli suyu axıtmaq üçün inşa edilib. Şəhərin
əsas küçələrində belə yağış
kanalizasiya sistemi mövcud olmayıb.
Yeni
layihəyə əsasən kanalizasiya sistemi və çirkli
sutəmizləyici qurğu üzrə əraziyə Ağsu
şəhəri, Muradlı və Təklə kəndləri
daxildir. Bu kəndlərin xətləri magistral kəmərə
birləşdiriləcək.
Mütəxəssislərin
bildirdiyinə görə, Ağsu şəhərində
adambaşına düşən suyun miqdarı günə 180
litr hesablanıb. Bu isə 2030-cu il üçün 24 saat ərzində
supaylayıcı şəbəkəyə saniyədə
52.23 litr şərti ilə su verməklə 1.650.000 kubmetr il su tələbatı deməkdir.
Ağsu
RİH-in başçısı Ənvər Seyidəliyev
söhbət zamanı bildirdi ki, su və kanalizasiya layihəsinin
icrası davam edir və bu işlər başa çatandan
sonra qazılmış şəhəriçi yolların
hamısı yüksək səviyyədə bərpa olunacaq.
Yoldan söz düşmüşkən, bu sahə ilə
bağlı Ağsuda əhəmiyyətli işlər
görülür. Ağsuda kənd yollarının tikintisi
üçün Prezidentin Ehtiyat Fondundan Ağsu Rayon İcra
Hakimiyyətinə 6 milyon manat vəsait ayrılıb. Həmin
vəsaitlə Ağsu-Çaparlı-Göylər avtomobil
yolu çəkilir. 14 min əhalisi olan 13 kəndi birləşdirən
bu yolun uzunluğu 27 kilometrdir. Yaxın vaxtlarda istifadəyə
veriləcək yolun üzərində 3 müasir
körpünün tikintisi başa çatdırılıb.
Ağsuda
olarkən digər tikinti işləri ilə də
maraqlandıq. Dövlət başçısının
başqa bir sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan
ilkin olaraq ayrılan 6 milyon manat vəsait hesabına yeni mərkəzi
xəstəxana inşa olunur. Hazırda 3,3 hektar ərazidə
tikinti işləri davam edir. Bu möhtəşəm xəstəxana
kompleksinin 2014-cü ildə istifadəyə verilməsi nəzərdə
tutulub.
Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsi
üçün inzibati binanın, həmçinin
Rayonlararası Miqrasiya İdarəsi və "Aqrolizinq"
ASC-nin rayon filialı üçün yeni binaların da
tikintisi davam edir.
Bunlardan
əlavə, rayonun Rəhimli və Qəşəd kənd
tam orta məktəbləri üçün 180 yerlik yeni məktəb
binaları tikilir. Regionların sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramına uyğun olaraq 2013-cü ildə
Dilman, Muradlı (tam orta) və Keçdəməz əsas məktəbləri
üçün 80 yerlik yeni binaların tikintisi də nəzərdə
tutulub.
Digər
tikintilərdən də söz açmaq olar. Ən əsası
odur ki, dövlətin yüksək qayğısı sayəsində
Ağsu daha da abadlaşır, müasir infrastruktura malik bir
bölgəyə çevrilir. Bu isə həm də
insanların daha rahat həyat tərzinin formalaşması deməkdir.
Telman NƏZƏRLİ
Azərbaycan.-2013.- 12 fevral.- S.10.