Bakı, sabahın xeyir!
İslam Səfərli-90
Ötən
əsrin 70-80-ci illərində istər mətbuat səhifələrindən,
istərsə də tez-tez çap olunan kitablarından, oxunan
nəğmələrindən biz nəslin yaxşı
tanıdığı bir şair var idi: İslam Səfərli!
Çox az ömür sürən, amma məhsuldar bir şair
həyatı yaşayan İslam Səfərli. O, bütün
ömrü boyu öz duyğu və düşüncələrini
yazdı. Belə qələm sahiblərinin ədəbi məhsulu
isə həmişə orijinal və yaddaqalan olur.
Çünki dünyada bir-birinə bənzəyən adam
yoxdur.
Əlli
baharlı bir yaşamda İslam Səfərli vətənin
bütün ağrı-acısını qəlbində
daşıdı, gözəlliyini vəsf etməkdən
yorulmadı. İyirmidən artıq kitabı çap
edilmiş şair respublikanın əməkdar incəsənət
xadimi idi. Hələ sağlığında 200-dən
artıq şeirinə musiqi bəstələnmişdi. Amma bir
dəfə də olsun özünü "nəğməkar
şair" adlandırmadı, İslam Səfərli. Halbuki
buna onun həqiqətən də haqqı çatırdı.
Təbiətindəki sadəlik və Allahın ona
bağışladığı istedad bu zərif duyğulu
insanı sözə elə bağlamışdı ki...E
O, 12
fevral 1923-cü ildə yurdumuzun dilbər guşəsində -
Naxçıvan şəhərində anadan olmuşdur.
İlk təhsilini də doğma şəhərdə alan
İslam Səfərlinin hələ uşaqlıqdan şeirə,
sənətə böyük marağı var idi. İlk
şeirlərini yazırdı ki, İkinci Dünya müharibəsi
başladı. O, ali məktəb əvəzinə cəbhəyə
getdi. Məktubları müxtəlif ünvanlardan gəldi.
Soyuq səngərlərdən, od tökülən
döyüş meydanlarından salamat çıxdı. Onu
qarşıda müxtəlif işlər gözləyirdi. Əvvəlcə
Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində
oxudu. Ali təhsil aldıqdan sonra bir müddət
Naxçıvanda "Şərq qapısı" qəzetində
çalışdı. Sonralar yenidən Bakıya -
buradakı coşqun, qaynar, ədəbi mühitə
qayıtdı. Bir tərəfdən jurnalistlik fəaliyyəti
ilə məşğul olurdu, digər tərəfdən də
ədəbi ictimaiyyət tərəfindən rəğbətlə
qarşılanan şeirlər yazırdı. "Azərbaycan
gəncləri", "Ədəbiyyat və incəsənət"
qəzetlərində və Yazıçılar Birliyində
çalışdı. İslam Səfərli çox az
ömür sürdü. Bu səbəbdən də onun
bioqrafiyasındakı iş yerlərinin adları o qədər
də çox deyildi. İslam Səfərli bütün
ağrı-acılara, xəstəliklərdən çəkdiyi
zillətlərə baxmayaraq, mərd bir ömür
yaşadı. Onun kitablarını, arxivindəki çap
olunmamış şeirlərini vərəqlədikcə
duyursan ki, bu şairin sinəsində vətəninə, elinə
bağlı əsl vətəndaş ürəyi
döyünürmüş. Onun
yaradıcılığında elə bədii keyfiyyətlər,
təbliğ olunmalı cəhətlər
var ki, bu gün də onu öyrənməyə ehtiyac var.
İslam Səfərlinin heç bir kitabında çap
olunmayan "Ana dili" adlı şeirini oxuduqca bu günlə
necə səsləşdiyinə heyrət edirsən:
O dil
-
Şərqin
minbir nəğməli dodağıdır.
Dodaq
dedim -
o
ürək açan tərcümanıdır.
Ürəksizə
nəğmə olmaz.
Dilim
-
nərgiz
gülü kimidir,
Borana da düşsə solmaz.
Çünki bu dil,
Baharıstan torpağında atmış
rişə
Bu dil -
o vaxt məhv olar ki,
dünya qopa, günəş düşə,
yoxsa heç bir saxta qürur,
qüruruma düşməz
yaxın.
Nəğmə deyin axın-axın!..
Bu nəğmələr ürəklərə axıb
dolsun.
Bizim könül nəgməmizsə,
"Azərbaycan himni" olsun!..
O, təkcə şair deyildi. Qələmini həm də
dramaturgiya sahəsində
bacarıqla sınağa
çəkirdi. "Göz həkimi",
"Ana ürəyi", "Xeyir və şər"
pyesləri tamaşaya
qoyulmuşdu. Xüsusilə də Azərbaycan televiziyasının ikinci həyat verdiyi "Göz həkimi" televiziya tamaşası daha çox məşhurdur. Bu əsər müəllifə
tamaşaçı sevgisi
gətirmiş ən uğurlu və baxımlı televiziya tamaşalarından biri oldu. İki variantda tamaşaya
qoyulmuş həmin əsər bu gün də maraqla izlənilir.
Xatirələrdən boylanan fikirlərə görə,
İslam Səfərli
həyatda çox nikbin adam
olub. Bu məziyyət
onun poeziyasında da duyulmaqdadır. İslam Səfərlinin şeirlərində
süni ah-uf, yalançı kədər
yoxdur. Əksinə, bu şeirlərdə
qəribə bir cazibə var. Yurd yerləri kimi adamı özünə çəkir. Bəlkə
də bu, ondan irəli gəlir ki, lap uşaqlıqdan gördüyümüz
dağların, yaylaqların,
güllü çəmənlərin,
dəli çayların,
buz bulaqların, yaşıl ormanların bədii və poetik əksini İslam Səfərlinin poeziyasında tapırıq.
Bu baxımdan müəllifin
"Torpağın ətri"
adlı kitabındakı
iki bölmədə
("Torpağın ətri"
və "Naxçıvan
yadigarı") yurdumuzun
poetik vəsfinin ən müxtəlif və rəngarəng çalarlarını görürük.
Gözlərimizin önündə
"Nəqşicahan"ımızın
təbii gözəllikləri,
uca dağları, qalaları, ağ
çadırlı obaları,
xınalı güneyləri
canlanır. Doğma yurdun bənövşəsinə,
nərgizinə deyil, adicə çayına, koluna, söyüdünə
İslam Səfərlinin
özünəməxsus poetik
baxışı və
deyimləri var idi. Ona elə gəlirdi
ki, doğulduğu diyarın üfüqündə
heç zaman şəfəqlər sönmür.
İnsanın eşqi ilə
həmişə Yerin
ulduzları səmalarda
parıldayır.
İslam
Səfərli torpağın
ətrini sinəsinə
çəkib ürəyində
çiçək bitirməyi,
şeirlərində ilhamını
kükrətməyi bacaran
şair idi:
Zirvələrin dənər qarlı,
Şimşəklərin od
çaxarlı,
Ey axarlı, ey baxarlı,
Ey gülzarlı Naxçıvanım,
Xoş baharlı Naxçıvanım!
Gözəl və yaddaqalan
nəğmələr müəllifi
idi İslam Səfərli.
Azərbaycanın demək olar
ki, bütün tanınmış müğənniləri
onun yaradıcılığına
müraciət edər,
mahnılarını ürəklə
oxuyardılar. Müəllifin sözlərinə yazılmış
bir məşhur mahnısı var ki, onun haqqında
mütləq danışmaq
lazımdır. Bu, "Bakı, sabahın xeyir"dir. Nəcib və həssas duyğulara sahib olan İslam Səfərli sanki bu nəğməsində yurdumuza əbədilik bir alqış ünvanlayıb.
Qoy paytaxtımızın səhərləri
xeyirlə açılsın.
Dənizdən boylanan günəş
şəhərin bütün
küçələrinə hərarət səpsin.
Hər dan süzüləndə
bu nəğmənin
radio dalğalarında səsləndirilməsi
insanların ruhuna, ovqatına bir təzəlik, yenilik bəxş edir. İstər-istəməz şairin özünün
yoxluğundan doğan
xəfif kədərə
bir ümid pərdəsi çəkilir.
O səsdə, o avazda,
o sözdə, o alqışda
yaşayır İslam
Səfərli:
Qayıdıb xoş güzardan,
Günəş qalxır Xəzərdən,
Sevgilim keçən yerdən,
Bütün şəhər yeriyir.
Bakı,
sabahın xeyir!
Nə acılar ki, bu sənət eşqli, həyatsevər insan çox az yaşadı.
Bütün nikbinliyi ilə bərabər bu əbədi gedişin də qəfil olacağını
duyurmuş kimi İslam Səfərli gəldi-gedər kədərə
boyun əyməyərək
qürurla söyləyirdi:
"Yurdumuzu vəsf edirəm, əldə qələm, dizdə vərəq, mənə qalan bu olacaq".
Və sonra da çox qəribə
tərzdə öz vəsiyyətini yazırdı:
"Deməyin gəldi-gedəriyəm.
Çəmənlərdə izim varsa, çiçəklərdə gözüm
varsa, gecə-gündüz
əlimdə qələm
yol gedirəmsə, mən əbədiyəm".
Sanki bu fikirlərə
qüvvət kimi qulağımıza yenə
də onun sözlərindən qanad taxmış nəğməsinin
sədası gəlir:
Hörüklərin qaradır,
Qaşların ayparadır,
O, bir aləm yaradır,
Bakı,
sabahın xeyir!
Flora XƏLİLZADƏ
Azərbaycan.-2013.- 12 fevral.- S.11.