Prezident İlham Əliyevin sədrliyi ilə «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

 

Prezident İlham Əliyevin giriş nitqi

 

- Bu gün biz ənənəvi olaraq, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasını müzakirə edəcəyik və 2013-cü ildə qarşıda duran vəzifələri təhlil edib növbəti tövsiyələri verəcəyik.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı artıq 9 ildir ki, uğurla icra edilir. Hesab edirəm ki, proqramın qəbul olunması ölkə iqtisadiyyatı, sosial məsələlərin həlli üçün çox əhəmiyyətli idi. Proqramın icrası onu göstərir ki, 2004-cü ildə bəyan etdiyimiz niyyətimiz artıq reallığa çevrilir.

2004-cü ilin əvvəlində proqramın qəbul edilməsinin bir neçə səbəbi var idi. İlk növbədə, bölgələrin inkişafı əlbəttə ki, diqqət mərkəzində duran vəzifə idi. Bölgələrin inkişafı üçün infrastruktur layihələrinin icrası məsələləri qarşıda dayanmışdı. Eyni zamanda, sahibkarlığın inkişafı, dövlət dəstəyinin gücləndirilməsi və bütün bu məsələlərin bir-biri ilə əlaqəli şəkildə həll edilməsi proqramın əsas mahiyyətini təşkil edirdi. Yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, iş yerlərinin yaradılması və beləliklə, yoxsulluğun, işsizliyin aradan qaldırılması məsələləri də böyük əhəmiyyət kəsb edirdi. Yəni, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, əslində, ölkəmizin uğurlu, dayanıqlı inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib və ən əsas iqtisadi alətə çevrilmişdir.

Yadımdadır ki, biz 2004-cü ildə beşillik proqramı qəbul edərkən işsizliyin aradan qaldırılması üçün qarşımıza müəyyən hədəflər qoymuşduq. Çox şadam ki, birinci beşillik proqramın icrası nəticəsində iş yerlərinin açılması ilə bağlı əvvəldən verilmiş proqnozlar daha da nikbin olmuşdur, 600 mindən çox iş yerləri açılmışdır ki, biz 2004-cü ildə bəyan etdiyimiz hədəflərə çata bildik. Ancaq bu proses ondan sonrakı dövrdə də davam etmişdir. Bildiyiniz kimi, 2009-cu ildə İkinci Dövlət Proqramı qəbul edilmişdir. Bu ilin sonunda bu proqram başa çatacaqdır.

Əminəm ki, bu il qarşıda duran bütün vəzifələr uğurla icra ediləcək və beləliklə, ikinci beşillik proqramımız yerinə yetiriləcəkdir. Onu bu gün deməyə əsas verən bir neçə amil var idi ki, 2004-cü ildə hələ o amillər mövcud deyildi. Bu gün iqtisadiyyatımız çox güclü iqtisadiyyatdır. Bizim çox böyük valyuta ehtiyatlarımız vardır. Bizim neft-qaz sahəsində irəli sürdüyümüz bütün təşəbbüslər demək olar ki, artıq reallaşır. 2004-cü ildə isə, sadəcə olaraq, biz öz niyyətimizi ortaya qoymuşduq və öz iradəmizi səfərbər etmişdik. 2004-cü ildə neft strategiyamızın tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ tikilməmişdi. Hələ biz ölkə iqtisadiyyatına böyük həcmdə valyuta axınını təmin etməmişdik. Buna baxmayaraq, 2004-cü ildə hesab edirəm ki, bu cəsarətli və düşünülmüş addım iqtisadiyyatımızın hərtərəfli inkişafına təkan vermişdir.

Bu gün isə bu proqramı uğurla başa çatdırmaq üçün bizim bütün imkanlarımız vardır. Artıq yenə də demək istəyirəm ki, güclü iqtisadi vəziyyətimiz vardır. Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyatdır. Ölkəmiz bu baxımdan bütün mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Bizim artıq gözəl təcrübəmiz vardır. Hazırda Azərbaycanda müxtəlif layihələrdə iştirak edən yerli şirkətlərin sayı böyük dərəcədə artmışdır. Son 9 il ərzində on minlərlə yeni müəssisə yaradılmışdır.

Bizim beynəlxalq əlaqələrimiz daha da genişləndirilmişdir. Əgər biz əvvəlki dövrdə layihələrin icrası üçün daha çox xarici maliyyə mənbələrindən asılı idiksə, bu gün artıq belə deyildir, Azərbaycan özü kredit verən ölkəyə çevrilibdir. Hətta Azərbaycan dövləti Beynəlxalq Maliyyə Korporasiyasına da - bu qurum Dünya Bankının tərkib hissəsidir - kredit ayırmışdır.

Yəni, şübhəsiz, bu illər ərzində ölkəmiz hər cəhətdən uğurla irəliyə getmişdir. Beləliklə, bu il proqramı uğurla başa çatdırmaq üçün mən heç bir əngəl, heç bir problem görmürəm. Sadəcə olaraq, yerli icra orqanları, yerli sahibkarlar və mərkəzi icra orqanları həmişə olduğu kimi, əlaqəli şəkildə işləməli və verilən bütün tapşırıqları vicdanla, şərəflə yerinə yetirməlidirlər.

Bizim iqtisadi islahatlarımız 1990-cı illərin ortalarında başlamışdır. O dövrdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə əsaslı, köklü və radikal iqtisadi islahatlar başlamışdır ki, bu da ölkə iqtisadiyyatının liberallaşmasına xidmət etmiş və ölkəyə investisiyanın cəlb edilməsinə də kömək göstərmişdir. Şübhəsiz, ulu öndər tərəfindən başlanmış və bu gün uğurla icra edilən yeni neft strategiyası da bu sahədə bizə böyük dəstək olmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası üçün də əlbəttə ki, neft strategiyamız öz rolunu oynamışdır. Bizim maddi imkanlarımız artmış və maliyyə vəziyyətimiz yaxşılaşmışdır.

Ancaq bizim bütün uğurlarımızı neft amilinə bağlamaq, əlbəttə, səhv və sadəlövhlük olardı. Baxmayaraq ki, bir müddət bundan əvvəl, xüsusilə, 2000-ci illərin ortalarında bəzi xarici təhlilçilər və qurumlar uğurlarımızı yalnız neft-qaz amili ilə bağlayırdılar. Bəzi hallarda bilməyərəkdən, bəzi hallarda bizim uğurlu işlərimizə kölgə salmaq üçün sadəcə olaraq deyirdilər ki, Azərbaycanda neft var, ona görə Azərbaycan inkişaf edir. O vaxt bu əsassız fikirlərə biz tutarlı cavablarımızı vermişdik. Bu gün də demək istəyirəm ki, dünyada bizdən qat-qat çox neft-qaz hasil və ixrac edən ölkələr vardır. Əgər o ölkələrin bəzilərinin maliyyə durumuna baxsaq görərik ki, neft-qaz hələ ölkənin uğurlu inkişafını təmin etmir. Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında olan birlik, vəhdət, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda, güclü hakimiyyət, sabitlik - budur, bizim uğurlarımızı şərtləndirən əsas amillər.  

Bu gün artıq əvvəlki illərdə səslənən fikirlərə də biz xarici mətbuatda rast gəlmirik ki, Azərbaycanı "neft lənəti" gözləyir, Azərbaycanda "holland sindromu" olacaqdır, ölkə birtərəfli şəkildə inkişaf edəcəkdir. Artıq bu əsassız fərziyyələr arxada qaldı və keçən ilin iqtisadi göstəriciləri bir daha onu göstərir ki, bizim seçdiyimiz yol düzgün yoldur. Çünki keçən il iqtisadiyyatımızın qeyri-neft sektoru təxminən 10 faiz artmışdır. Bu artım onu göstərir ki, apardığımız islahatlar öz səmərəsini verir.       

Bütövlükdə, əgər 2004-cü ildən bu günə qədər keçən dövrü təhlil etsək, görərik ki, biz bütün işləri ardıcıllıqla aparmışıq və aparırıq. Ölkədə gedən proseslər müsbət istiqamətdə inkişaf edir. Bu fikri təsdiqləyən statistik rəqəmlər də vardır. Son doqquz il ərzində ölkə iqtisadiyyatı üç dəfədən çox artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında analoqu olmayan göstəricidir. Sənaye istehsalı təxminən üç dəfə artmışdır, ölkə iqtisadiyyatına təxminən 130 milyard dollar sərmayə qoyulmuşdur və keçən il sərmayə qoyuluşu rekord həddə çatmışdır - 22 milyard dollardan çox. Onlardan 13 milyardı yerli investisiyalar olmuşdur.

Beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən işləri yüksək qiymətləndirir və kredit reytinqlərinin təhlilini aparan aparıcı qurumlar Azərbaycanın kredit reytinqlərini artırmışlar. Baxmayaraq ki, Avropanın bəzi ölkələrinin kredit reytinqləri aşağı düşmüşdür. Xüsusilə, son bir neçə ilin təcrübəsi çox müsbətdir. Çünki hətta dünyanı bürümüş maliyyə və iqtisadi böhran illərində Azərbaycan iqtisadiyyatı inkişaf etmiş və beləliklə, ölkəmizin uğurlu inkişafı təmin edilmişdir.

Biz, eyni zamanda, sosial məsələlərin həlli ilə ciddi məşğuluq. Bizim iqtisadi sahədəki islahatlar, eyni zamanda, güclü sosial siyasətlə də tamamlanır. Əgər yenə də son doqquz ilin statistikasına nəzər salsaq görərik ki, 2004-cü ildə Azərbaycanda orta əməkhaqqı təxminən 100 dollar səviyyəsində idi, bu gün 500 dollar səviyyəsindədir. Orta pensiya 20 dollar səviyyəsində idi, bu gün 200 dollar səviyyəsindədir. Əlbəttə, bu rəqəmlər də bizi qane etmir və mən hesab edirəm ki, orta pensiyanın, orta əməkhaqqının səviyyəsi artmalıdır və artacaqdır. Dövlət müəssisələrində çalışanların əməkhaqları, pensiyaları artırılacaq, eyni zamanda, sahibkarlığın inkişafı üçün yaradılan şərait nəticəsində özəl sektorda çalışanlar da öz maliyyə vəziyyətini yaxşılaşdıracaqlar. Ancaq yenə də deyirəm, bu böyük fərq onu göstərir ki, biz sosial məsələlərin həllində də böyük nailiyyətlərə çata bilmişik.

Son doqquz il ərzində 2500-ə yaxın məktəb, 500-dən çox tibb müəssisəsi, 35 Olimpiya idman kompleksi və digər sosialyönümlü obyektlər istifadəyə verilmişdir. İnfrastruktur layihələrinin icrası məsələləri daim diqqət mərkəzində olmuşdur. İnfrastruktur layihələri regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsidir. Çünki biz bölgələrdə infrastruktur layihələrini demək olar ki, sıfırdan başlamalı idik. Bölgələrdə çalışan sahibkarlar bunu yaxşı bilir. Elektrik enerjisi, qaz, içməli su ilə bağlı problemlər tədricən aradan qaldırılır. İndi biz kənd yollarının tikintisi ilə ciddi məşğuluq. Əlbəttə, biz bütün işləri, yenə də demək istəyirəm ki, ardıcıllıqla və prioritetlər çərçivəsində həll etməli idik.

Xüsusilə, infrastruktur layihələrinə gəldikdə, ilk növbədə, magistral yolların tikintisi və təmiri aparılmalı idi. Ondan sonra kənd yollarının tikintisi aparılır. Yəni, bu proses davam edir və bölgələrdə yaşayış səviyyəsinin yaxşılaşdırılması, iş yerlərinin açılması, infrastruktur, o cümlədən sosial infrastruktur layihələrinin icrası bu gün reallıqdır. Bölgələr, şəhərlərimiz gözəlləşir, abadlaşır. Bölgələrdə yaşamaq üçün yeni şərait yaradılır.

Hələ ki, problemlər çoxdur. Biz bu problemləri bilirik və bu problemləri həll edirik. Əlbəttə ki, bu il İkinci Dövlət Proqramı başa çatandan sonra yeni proqramlar ortaya qoyulacaqdır. Yəni, dövlət üzərinə düşən bütün vəzifələri icra edir. Eyni zamanda, biz sahibkarlığın inkişafı üçün əməli işlər görürük. Çünki hədəflərimizə çatmaq üçün dövlət və özəl sektor partnyorluğu xüsusi əhəmiyyət daşıyır.

Sahibkarlığın inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. İlk növbədə, sahibkarlığın inkişafı üçün çox güclü siyasi iradə vardır, sahibkarlara yüksək səviyyədə, Prezident səviyyəsində verilən dəstək əlbəttə ki, onları ruhlandırır və onların bəzi hallarda rastlaşdığı problemləri də aradan qaldırır. Hələ ki, bu problemlər var - bürokratiya, müəyyən əngəllər, onların işlərinə əsassız müdaxilələr. Əlbəttə, Prezident tərəfindən sahibkarlığın inkişafına, sahibkarlara verilən dəstək onların da biznes mühitinin yaxşılaşdırılmasına xidmət göstərir. Halbuki, bu sahədə hələ görüləsi işlər çoxdur, nöqsanlar da vardır.

Biz sahibkarlığın inkişafı ilə bağlı çox böyük addımlar atmışıq. Bayaq qeyd etdiyim kimi, bölgələrdə gedən böyük quruculuq işləri, infrastruktur layihələri sahibkarlıq üçün gözəl zəmin yaradır. Əgər şəhərdə işıq yoxdursa, yaxud da ki, fasilələrlə verilirsə, yollar, kommunal infrastruktur bərbad vəziyyətdədirsə, orada heç bir düz əməlli müəssisə yaradıla bilməz. Ona görə dövlət tərəfindən qoyulan investisiyalar, o cümlədən sahibkarlığın inkişafına xidmət göstərirdi və göstərir. Eyni zamanda, sahibkarlığın inkişafı üçün verilən dövlət maliyyə dəstəyi də mühüm rol oynayır. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə 1 milyard 200 milyon manat kredit verilmişdir. Bu maliyyə dəstəyi əlbəttə ki, sahibkarlığın inkişafına böyük təkan vermişdir. Bu kreditlər vasitəsilə icra edilən layihələr əlbəttə ki, eyni zamanda, sahibkarların öz vəsaiti hesabına da icra edilir. Yəni, biz burada da dövlətin və özəl sektorun tərəfdaşlığını görürük. Kreditlər məqsədyönlü şəkildə verilir, ilk növbədə, ölkəmizin inkişafına lazım olan sahələrə, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün, - bu məsələ ilə bağlı biz hələ danışacağıq, - biz bir neçə il bundan əvvəl qarşıya məqsəd qoymuşuq ki, əsas ərzaq məhsulları ilə özümüzü təmin etməliyik və məqsədə tədricən yaxınlaşırıq.

Əlbəttə, həm bölgələrdə, həm böyük şəhərlərdə sahibkarlığın inkişafı ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Çünki bizim seçdiyimiz yol bazar iqtisadiyyatı, liberal iqtisadiyyat yoludur. Biznes şəraiti, investisiya iqlimi Azərbaycanda yaxşıdır, daha da yaxşı ola bilər. Ancaq hesab edirəm ki, yaxşıdır. Əgər belə olmasaydı, biz keçən il xaricdən doqquz milyard dollar sərmayəni qəbul etməzdik. Sahibkarlığın qarşısında duran əngəllər də növbəti illərdə aradan qaldırılmalıdır.

Hesab edirəm ki, belə müşavirələrin hər il keçirilməsi çox əlamətdar hadisədir. Bir daha biz bütün işləri təhlil edirik, həm bugünkü toplantıda, həm toplantı ərəfəsində. Xüsusilə, bu görüşdən sonra veriləcək göstərişlər əminəm ki, bölgələrdə işlərin daha da sürətlə getməsinə imkan yaradacaqdır.

Bu məsələlərlə bağlı bütün qurumlar əlaqəli şəkildə fəaliyyət göstərməlidir - yerli icra orqanları, sahibkarlar, mərkəzi icra orqanları. Çünki bu, bizim ümumi işimizdir. Dəfələrlə demişdim, bu gün də demək istəyirəm ki, mənim üçün özəl şirkətlə dövlət şirkəti arasında heç bir fərq yoxdur. Hər ikisi Azərbaycan şirkətidir, hər ikisi Azərbaycanda çalışır, Azərbaycan naminə çalışır. Ona görə özəl şirkətlərə, dövlət şirkətlərinə göstərilən diqqət eyni olmalıdır və hesab edirəm ki, biz buna nail oluruq. Əgər sahibkarlığın, özəl sektorun ümumi daxili məhsuldakı payına nəzər salsaq görərik ki, artıq 80 faizdən çoxdur. Son rəqəmlərə görə ümumi daxili məhsulda özəl sektor 83 faiz təşkil edir. Cəmi 20 il ərzində bazar iqtisadiyyatı şəraitində yaşayan ölkə üçün hesab edirəm ki, bu, böyük göstəricidir.

Bundan sonrakı illərdə iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin tam şəkildə təmin edilməsi, sənaye potensialımızın gücləndirilməsi, ixrac potensialının artırılması, idxaldan asılılığın azaldılması, biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlər aparılacaqdır və bu günədək aparılmışdır. Ölkəmizin uğurlu inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi və gözəl perspektivlər deməyə əsas verir ki, qalan problemlər, nöqsanlar, çatışmazlıqlar da aradan qaldırılacaqdır. Buna nail olmaq üçün əlbəttə ki, hər bir vətəndaş - istər dövlət məmuru, istər sahibkar ilk növbədə, öz məsuliyyətini dərk etməlidir. Çünki  bizim məqsədimiz ölkəmizi inkişaf etdirməkdir, Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir.

Əlbəttə, enerji siyasətində atılan addımlar bizi daha da gücləndirir. Çünki bu sahədə aparılan işlər və irəli sürülən təşəbbüslər uzunmüddətli maliyyə mənbələrimizi təmin edəcək və biz bu imkanlardan çox səmərəli şəkildə istifadə edirik. Azərbaycan tərəfindən irəli sürülmüş yeni layihələr, yeni təşəbbüslər dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan artıq öz üzərinə çox böyük məsuliyyət götürür. Xarici tərəfdaşlarla həm Azərbaycanda, həm xaricdə birgə fəaliyyətimiz yeni pilləyə qalxır. Bu gün artıq Azərbaycan öz investisiyalarını xarici ölkələrə qoymağa başlayır. Bu, bizim üçün yeni bir prosesdir. Ancaq biz hazırlaşmışıq və dünyada Azərbaycan çox etibarlı investor və dost ölkə kimi tanınır. Əlbəttə, beynəlxalq əlaqələrimiz, xüsusilə, dost ölkələrin sayının artması və yeni biznes layihələri bizim iqtisadi maraqlarımızı da təmin etməlidir. Bu barədə də biz danışacağıq.

Mən keçən müşavirədə də demişdim ki, xarici bazarlara çıxmaq üçün yeni imkanlar araşdırılmalıdır. Əlbəttə, xarici bazarlara çıxmaq üçün, ilk növbədə, daxildə istehsal olunan məhsullar yüksək meyarlara cavab verməlidir. Çox şadam ki, son illər ərzində ən müasir standartlara cavab verən yeni müəssisələr artıq işə salınır və dövlət tərəfindən verilən kreditlər təkcə burada maliyyə məsələlərini həll etmir, eyni zamanda, dövlət nəzarəti də təmin edilir. Dövlət tərəfindən verilən tövsiyələr öz rolunu oynayır və beləliklə,  ixracyönümlü məhsulların istehsalı da artmaqdadır. Çünki əgər biz gələcəkdə də kənd təsərrüfatını, aqrar sektoru uğurla inkişaf etdirmək istəyiriksə, mütləq bu gün artıq böyük ixrac imkanlarımızı təmin etməliyik, yeni bazarlara çıxmalıyıq. Baxmayaraq ki, Azərbaycan inkişaf edir və əhali də artır, bizim bazarımız kifayət qədər məhdud bazardır.

Ancaq potensialımız çox böyükdür. Ona görə əgər xarici bazarlara çıxışımız olmasa, bu zaman müəyyən ildən sonra bizim aqrar sektorda aparılan işlər yəqin ki, dondurulmayacaq, ancaq müəyyən səviyyəyə çatandan sonra o səviyyədən artıq inkişaf edə bilməz. Ona görə biz indidən bu işlərlə məşğuluq. Mən də və bizim digər qurumlar da xarici tərəfdaşlarla görüşlər əsnasında bu məsələləri müzakirə edirik. Xarici ölkələrə investisiya qoyuluşu, ilk növbədə, bizim investisiya portfelimizi şaxələndirir. Eyni zamanda, biz investorlar kimi bir çox ölkələrdə böyük etimad qazanırıq. Bu etimad nəticəsində gələcəkdə bizim o ölkələrə ixrac imkanlarımız da  artacaqdır.

Burada əlbəttə ki, özəl qurumlar dövlət qurumları ilə sıx əlaqədə olmalıdırlar. Çünki bəzi hallarda özəl qurumlar üçün xarici bazarlara çıxmaq o qədər də asan deyil, bəzi hallarda onlar heç maraqlı da deyillər. Ancaq yenə də deyirəm, ölkənin iqtisadi siyasəti vardır. Bu iqtisadi siyasət, ilk növbədə, Azərbaycanın hərtərəfli inkişafını təmin etməlidir. Daxili resurslardan maksimum səmərəli şəkildə istifadə edilməlidir və biz xarici bazarlara daha da geniş şəkildə çıxmalıyıq.

Bu gün biz bu məsələlərlə bağlı danışacağıq.

İndi isə söz verilir iqtisadi inkişaf naziri Şahin Mustafayevə.

 

*   *   *

 

İqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli konfrans iştirakçıları!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan ölkəmiz, dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru  böyük inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan uğurlarla tarixə düşür.

Bu uğurların əldə olunmasında digər dövlət proqramları kimi "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" müstəsna rol oynayır. Dövlətimizin başçısı proqramın icrasını və regionların inkişafını həmişə olduğu kimi, ötən ildə də diqqət mərkəzində saxlamış, hər rayona bir neçə dəfə edilmiş səfərlər zamanı görülən işlərlə yerində tanış olmuş, hər bir rayonun inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış konkret məsələlərin həlli məqsədilə əlavə olaraq 232,5 milyon manat vəsaitin ayrılması barədə 64 sərəncam imzalamış, müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Möhtərəm cənab Prezident! Əldə edilmiş davamlı iqtisadi inkişaf əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına şərait yaratmış, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin gəlirləri 13,8 faiz artmış, əhali gəlirlərinin artımı inflyasiyanı təxminən 13 "faiz bəndi" üstələmişdir. İl ərzində 93 mini daimi olmaqla 117 min yeni iş yeri və 5,4 min müəssisə açılmışdır.

Ümumilikdə, 2009-cu ildən ötən müddət ərzində dövlət proqramının icrası nəticəsində ölkə üzrə 20 mindən çox müəssisə fəaliyyətə başlamış və 360 minə yaxın yeni iş yeri yaradılmışdır ki, bunun 270 mindən çoxu daimidir. Yoxsulluğun səviyyəsi 6 faizə, işsizlik 5,2 faizə enmişdir.

Ötən il "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın üçüncü ilinin yekunları ilə bağlı keçirilmiş konfransda, cənab Prezident, verdiyiniz tapşırıqlar əsas istiqamət kimi diqqətdə saxlanılmış və icrası məqsədilə müvafiq qurumlar tərəfindən zəruri tədbirlər həyata keçirilmişdir.

Proqramda nəzərdə tutulmuş işlər üçün ötən il ümumilikdə əsas kapitala 5 milyard manat, o cümlədən dövlət investisiya proqramı çərçivəsində 4,1 milyard manat vəsait yönəldilmişdir ki, bu da ümumi məbləğin 72 faizini təşkil edir. 2009-2012-ci illər ərzində regionların inkişafına ümumilikdə 14,5 milyard manat dövlət investisiyaları yönəldilmişdir. Bu il isə əsaslı vəsait qoyuluşlarının 77 faizi və ya 5,3 milyard manat regionlar üçün ayrılmışdır.

Əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə ötən il regionlarda 2 su elektrik stansiyası istifadəyə verilmiş, 935 transformator və 29 yarımstansiya tikilmiş və ya əsaslı təmir olunmuşdur.

Tapşırığınıza əsasən elektrikötürücü xətlərin çəkilişi və yenilənməsi prioritet kimi müəyyən edilmiş, regionlarda 3570 kilometr elektrikötürücü xətləri çəkilmiş və ya əsaslı təmir olunmuşdur.

Yaşayış məntəqələrinin qazlaşdırılması işləri ötən ildə də davam etdirilmiş, regionlarda 6200 kilometrə yaxın qaz kəməri çəkilərək, 34 rayonun 174 kəndi və 10 qəsəbəsi təbii qazla təmin olunmuşdur.

Əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı 61 şəhər və rayon mərkəzlərində işlər davam etdirilmiş, regionlarda 1200 kilometr su, 543 kilometr  kanalizasiya xətti çəkilmiş və ya təmir olunmuş, 25 su anbarı tikilmişdir. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 45 minə yaxın əhalisi olan 33 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular istifadəyə verilmişdir. Bununla da, hazırda bu qurğuların istismara verildiyi 20 rayonun 221 kəndində 400 mindən çox sakin keyfiyyətli içməli su ilə təmin olunur.

Aran iqtisadi rayonunun su təchizatının yaxşılaşdırılması məqsədilə Şirvan-Muğan qrup su kəmərinin təməli qoyulmuşdur ki, bu da Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin ümumilikdə 470 min nəfər əhalisini keyfiyyətli və fasiləsiz içməli su ilə təmin edəcəkdir.

Proqram çərçivəsində il ərzində 537 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilmiş və  ya təmir olunmuş, 25 yeni körpü və tunel inşa edilmiş, 11 rayonun 141 min nəfər əhalisi olan 85 yaşayış məntəqəsində  rayondaxili və kəndlərarası avtomobil yollarında yenidənqurma işləri aparılmışdır.

Möhtərəm cənab Prezident! Sizin xüsusi diqqətinizdə olan kənd yolları üzrə müvafiq sərəncamlarınıza əsasən ötən il 18 layihə üzrə işlərə başlanılmış və cari ildə bu çərçivədə 634 kilometr kənd yollarının və 42 körpünün təmir-tikintisi başa çatdırılacaqdır ki, bu da 18 rayonun 450 min nəfər əhalisi olan 400 yaşayış məntəqəsini birləşdirir. Bundan əlavə, tapşırığınıza əsasən cari ildə 600 kilometrədək kənd yollarının inşası ilə bağlı yeni layihələrin icrasına başlanacaqdır.

İnformasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə regionlarda 41 ATS, 56 poçt şöbəsi istifadəyə verilmiş, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılmışdır və hazırda əhalinin 70 faizi internet istifadəçisidir.

Cənab Prezident! Azərbaycanın hərtərəfli tərəqqisinə, ən müasir texnologiyalara əsaslanan sahələrin yaradılmasına yönəlmiş siyasətinizin məntiqi nəticəsidir ki, bir neçə gün öncə ölkəmizin ilk peyki orbitə çıxarıldı. Sizin qeyd etdiyiniz kimi, bu tarixi nailiyyət, nəinki İKT sahəsinin, eləcə də ümumilikdə iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfədir. Tərəfinizdən 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunması, sözsüz ki, aparılan işlərin daha da genişlənməsinə və sahənin inkişafının sürətlənməsinə təkan verəcəkdir.

Əhalinin gündəlik həyatında vacib rol oynayan sosial obyektlərin tikintisi, əsaslı təmiri və maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması işləri davam etdirilmişdir.

Regionlarda il ərzində 205 məktəb, 45 bağça, 40 səhiyyə, 23 idman və 48 mədəniyyət  obyekti tikilmiş və ya əsaslı təmir olunmuşdur.

Məcburi köçkünlərin, əlil və şəhid ailələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə 2012-ci ildə Sumqayıt, Gəncə və Şəki şəhərlərində, Şəmkir rayonunda, Zabrat və Hövsan qəsəbələrində yeni yaşayış binaları, Goranboy rayonunda 525, Şəkidə 423, Müşfiqabad qəsəbəsində isə 1440 ailə üçün salınmış məhəllələr istifadəyə verilmişdir.

ASAN xidmətin fəaliyyətə başlaması vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini, şəffaflığını və operativliyini artıracaq və əhalinin gündəlik həyatını rahatlaşdıracaqdır.

Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında, əvvəlki illərdə olduğu kimi, mühüm rolu olmuşdur. Fond tərəfindən həyata keçirilən layihələr insanların sosial durumunun yaxşılaşmasında xüsusi önəm kəsb edir.

Möhtərəm cənab Prezident! Müəyyən etdiyiniz sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan vermiş, maşınqayırma, alüminium, sement zavodları, konserv, süd və ət emalı, çörək istehsalı müəssisələri, quşçuluq fabrikləri  və digər sənaye müəssisələri istismara verilmiş, hazırda yeni istehsal və emal sənayesi müəssisələrinin tikintisi davam etdirilir.

Balaxanı sənaye, Sumqayıt kimya-sənaye və Sumqayıt yüksək texnologiyalar parklarının yaradılması xarici və yerli investorların cəlb olunmasına, müasir texnologiyalardan istifadə etməklə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasına və yeni iş yerlərinin açılmasına, ümumilikdə sahibkarlığın inkişafına müsbət təsir göstərəcəkdir.

Cənab Prezident! İntensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş siyasətiniz, bu çərçivədə həyata keçirilən dövlət dəstəyi tədbirləri, quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün soyuducu anbar infrastrukturunın inşası öz nəticəsini vermiş, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, idxaldan asılılığın əhəmiyyətli dərəcədə azalmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə səbəb olmuşdur.

Ötən il quş əti istehsalı 24,7 faiz, yumurta istehsalı 21,3 faiz, ət istehsalı 8,3 faiz, süd istehsalı 6 faiz artmış, özünütəminetmə səviyyəsi xeyli yaxşılaşmış, yaxın 2-3 ildə bu sahədə daha yüksək nəticələr əldə etmək üçün zəmin yaradılmışdır.

Göstərişinizə əsasən hesabat dövründə yüksək məhsuldarlığa malik olacaq iri pilot taxılçılıq təsərrüfatı yaradılmışdır. Cənab Prezident, ölkəmizin üzümçülük sahəsindəki əvvəlki şöhrətinin qaytarılması ilə bağlı müəyyən etdiyiniz vəzifənin icrası istiqamətində işlər davam etdirilmişdir. Ötən il üzüm istehsalı 10,2 faiz artmış, 36 investisiya layihəsi güzəştli kreditlər hesabına maliyyələşdirilmişdir.

İl ərzində kənd təsərrüfatı torpaqlarında 162 min poqonmetrə qədər kollektor-drenaj şəbəkələri, 209 min poqonmetrdən çox suvarma kanalları tikilmiş və yenidən qurulmuşdur. Bununla yanaşı, Şəmkir dəryaçası, Yuxarı Mil kanalı, Taxtakörpü su anbarının tikintisi, Samur-Abşeron kanalının yenidən qurulması davam etdirilmişdir.

Cənab Prezident! Sizin "Ölkənin gələcək inkişafı sahibkarlığın uğurlu inkişafından asılı olacaqdır" müdrik sözləriniz sahibkarlığın inkişafına verdiyiniz önəmin  və ölkədə, o cümlədən regionlarda bu sahədə həyata keçirdiyiniz uzaqgörən siyasətin mahiyyətini çox dəqiq ifadə edir.

Sizin bölgələrə səfərləriniz çərçivəsində 250-dək  müxtəlif  təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirakınız, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmanız bu sahəyə göstərdiyiniz diqqətin bariz nümunəsidir.

Ötən ildə də biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, stimullaşdırıcı şərtlərin və vergi güzəştlərinin tətbiqi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi regionların inkişafına öz töhfəsini vermişdir.

Sahibkarlara göstərilən xidmətlərin elektronlaşdırılması və bu xidmətlərə görə dövlət rüsumlarının və haqların online rejimində elektron qaydada həyata keçirilməsi vaxt itkisinin və əlavə xərclərin qarşısını alır.

Ötən ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 9100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Verilmiş kreditlərin 83 faizi regionların payına düşmüşdür.

Ötən il ərzində fond tərəfindən maliyyələşdirilmiş 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlamışdır ki, bunun da 84-ü aqrar sənaye kompleksləri, o cümlədən 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksi, 11 çörək zavodu, 7 üzümçülük, 2 taxılçılıq, 5 meyvə-tərəvəz emalı müəssisəsi, 10-u isə digər sənaye sahələridir.

Hazırda güzəştli kreditlər hesabına 13 quşçuluq fabrikinin, 3 heyvandarlıq kompleksinin, 12 soyuducu və taxıl anbarının, 8 istixana kompleksinin, 3 ət emalı, 2 konserv, 7 çörək zavodlarının tikintisi aparılır.

Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə ötən il Hövsanda süd emalı zavodu, "Ağstafa Aqroservis" müəssisəsi və yeni sement zavodu fəaliyyətə başlamışdır.

"Aqrolizinq" xətti ilə kənd təsərrüfatı texnikası, avadanlıqlar və damazlıq heyvanlar gətirilərək güzəştli şərtlərlə fermerlərə lizinqə verilmiş, rayon aqroservis filiallarının maddi-texniki bazası möhkəmləndirilmişdir. İl ərzində on rayonda aqroservis filialları tikilmiş, ölkəyə 1785 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq gətirilmişdir. Cənab Prezident, dünən imzaladığınız sərəncamla damazlıq heyvanların alınmasına 10 milyon manatın ayrılması bu sahənin inkişafına  əlavə təkan verəcəkdir.

Dövlət proqramları çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində regionlarda rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələr yaradılmış, bir çox məhsullarımız artıq Avropa və Amerika bazarlarına da ixrac olunaraq, qeyri-neft ixracını artırmışdır.

Bütövlükdə, 2012-ci ildə regionlarda 44500 və ya 2011-ci ildəkindən 17 faiz çox vergiödəyicisi qeydiyyatdan keçmiş, regionlar üzrə vergi daxilolmaları 4,8 faiz artmış, 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 400-dən çox müəssisənin isə tikintisi davam etdirilmişdir.

Qusarda Şahdağ turizm kompleksinin tikintisinin birinci mərhələsi tamamlanmış, bir sıra rayonlarda yeni hotellər və istirahət kompleksləri istifadəyə verilmişdir. Turizmin inkişafı istiqamətində görülən işlər regionlarımızı cəlbedici turizm məkanına çevirməklə bərabər, burada mötəbər tədbirlərin keçirilməsinə əlverişli şərait yaradır.

Möhtərəm cənab Prezident! Sizin xalqımızın ümummilli lideri Heydər Əliyevin  inkişaf strategiyasından qaynaqlanan uzaqgörən, sistemli və qətiyyətli sosial-iqtisadi inkişaf siyasətiniz və rəhbərliyiniz hələ uzun illər qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsini, ölkəmizin, o cümlədən regionların inkişafının daha da sürətlənməsini və nəticədə xalqımızın rifahının davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdir.

Diqqətinizə görə minnətdaram!

 

*   *   *

 

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qədim və müasirləşən Şəkinin həyatında oynadığı roldan danışan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan USUBOV çıxış edərək dedi:

 - Möhtərəm cənab Prezident!

Şəkinin beynəlxalq turizm və mədəniyyət mərkəzi kimi yenidən qurulması ilə əlaqədar verdiyiniz tapşırıqlar, "Şəkinin gözəl, füsunkar təbiəti vardır. Heç bir başqa şəhərə bənzəmir. Burada görülən işlər ənənəvi tarixi-memarlıq üslubunda aparılmalıdır" fikriniz, bu qısa müddət ərzində Şəki şəhərinin inkişafı ilə bağlı imzaladığınız 4 böyük sərəncam şəhərimizin sosial-iqtisadi inkişafında əsas aparıcı xətt olmuşdur.

Bu gün Şəki tarixi simasını saxlamaq şərti ilə yenidən qurulur, qədim və gözəl şəhərimizin küçələri, tarixi binaları, evləri bərpa edilir. Şəkiyə gələn hər bir qonaq sanki şəhərin qədim keçmişi ilə üzləşir. Bütün bunlar Sizin tarixi şəhərlərə və burada xalqımızın yaşatdığı zəngin mədəni irsin qorunub saxlanılmasına göstərdiyiniz böyük qayğı və diqqətin nəticəsidir.

Möhtərəm cənab Prezident!

Son illər turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni hotellər istifadəyə verilmişdir. Sevindirici haldır ki, Şəkiyə gələn turistlərin sayı keçən ilin müvafiq dövrünə nisbətən beş dəfə artmışdır.

Şəhərin turizm infrastrukturu ilə yanaşı, digər sosial infrastruktur sahələri də inkişaf edir və təkmilləşir. Mirzə Fətəli Axundzadənin adını daşıyan mədəniyyət və istirahət parkında yenidənqurma və əsaslı təmir işləri başa çatmış, ədibin ev-muzeyi əsaslı bərpa edilmiş, Sizin tapşırığınız əsasında 600 yerlik "Yay teatrı" inşa edilərək şəkililərin ixtiyarına verilmişdir. Təkcə son iki ildə Olimpiya İdman Kompleksi yenidən qurulmuş, 100 çarpayılıq mərkəzi rayon xəstəxanası, 11 məktəb binası və digər sosial obyektlər tikilərək sakinlərin istifadəsinə verilmişdir.

Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin birinci mərhələsi yekunlaşmış, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir.

Möhtərəm cənab Prezident!

Şəki həm də beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. 2012-ci ildə şəhərimiz TÜRKSOY-un qərarı ilə türk xalqlarının qeyri-maddi mədəni irs paytaxtı elan edilmiş, burada "İpək yolu" III Beynəlxalq Musiqi Festivalı keçirilmiş, dünyanın nadir memarlıq incilərindən olan Şəki Xan Sarayının 250 illik və Mirzə Fətəli Axundzadənin 200 illik yubileyləri beynəlxalq səviyyədə qeyd olunmuş, Şəkinin 2700 illik yubileyinə həsr olunmuş "Şəhər günü" bayram edilmişdir. İcazə verin, fürsətdən istifadə edib xalqımızın mədəni irsinin qorunub saxlanılmasına və təbliğinə xüsusi diqqət göstərdiyinizə görə, cənab Prezident, Sizə və hörmətli Mehriban xanıma bütün şəkililərin xüsusi təşəkkürünü çatdırım.

Elxan Usubov Şəki şəhərində və rayonun kəndlərində həyata keçirilən infrastruktur layihələri barədə dövlət başçısına məlumat verdi. Bildirildi ki, təkcə ötən il rayonda bütün maliyyə  mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 111 milyon manatdan çox olmuşdur. Son illərdə sahibkarlıq subyektlərinin sayının 3924-ə çatdığını, son bir ildə 1246 yeni iş yerinin yaradıldığını vurğulayan Elxan Usubov dedi:

Möhtərəm cənab Prezident!

Şəkinin 2012-ci ildə qəbul edilmiş Baş planına əsasən şəhərin qərbə doğru genişləndirilməsi nəzərdə tutulmuşdur. Bu isə rayonun 20 min əhalisinin yaşadığı dağ kəndlərinin inkişafında yeni bir mərhələnin başlanması olacaqdır. Sizin xeyir-duanızla 2012-ci il sentyabrın 9-da Şəkiyə səfəriniz zamanı təməli qoyulan ulu öndərimiz Heydər Əliyevin adını daşıyan mərkəzin, bayraq meydanının, Şəki Şəhər İcra Hakimiyyəti üçün yeni inzibati binanın tikintisinə artıq başlanılmışdır. Doğum evi kompleksi əsaslı təmirdən sonra açılışa tam hazırdır. Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının əsaslı təmiri istiqamətində işlər sürətlə gedir.

Şəki-Qax avtomobil yolunun və 10 min nəfər əhalinin yaşadığı beş kəndi əhatə edən Şin-Baş Layısqı avtomobil yolunun tikintisi artıq başa çatmaq üzrədir. 8 min nəfərdən çox əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun tikintisi davam etdirilir. Xüsusi minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, Sizin tapşırığınızla Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd kəndlərarası yolun tikintisi ilə bağlı hazırlıq işlərinə başlanılmışdır.

Möhtərəm cənab Prezident!

Şəkinin hər bir sakini dövlət başçısının onlara olan səmimi münasibətini, qayğısını duyur və yüksək qiymətləndirir. İcazə verin, Şəkiyə göstərdiyiniz sonsuz diqqət və qayğıya görə Sizə bütün şəkililərin dərin minnətdarlığını çatdırım və əmin edim ki, bundan sonra da qarşımıza qoyduğunuz vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün var qüvvəmizi sərf edəcəyik.

Diqqətinizə görə minnətdaram.    

 

*   *   *

 

Ağdam heyvandarlıq kompleksinin təsisçisi Fuad ƏYYUBZADƏ sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün rayonun düşmən mövqeyi ilə üzbəüz olan Əfətli kəndi ərazisində dövlət tərəfindən verilən imkanlardan istifadə edərək yaradılmış müasir heyvandarlıq kompleksinin fəaliyyəti barədə məlumat verərək dedi:

- Ümumi dəyəri 2 milyon 800 min manat olan kompleksin yaradılmasına Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon 100 min manat güzəştli kredit ayrılmışdır.

Dövlətin maliyyə dəstəyi və şəxsi imkanlarımız hesabına yaradılmış kompleks fermalardan, sağım sexindən, laboratoriya və digər zəruri tikililərdən ibarətdir. Heyvandarlıq kompleksi Almaniyanın "GEA" şirkətinin bir mərkəzdən idarə olunan müasir avadanlığı ilə təchiz edilmişdir.

İnşa olunmuş sağım sexində birdəfəyə 40 baş inək olmaqla "Paralel" tipli sağım avadanlığı, soyutma sistemləri və digər köməkçi avadanlıq quraşdırılmışdır. Bu avadanlıq südün ətraf mühitlə təması olmadan sağılması, toplanması, soyudulması və saxlanmasını təmin edir və hər bir inək üzrə ayrı-ayrılıqda sağılan südün həcminin,  sağlamlıq və digər keyfiyyət göstəricilərinin qeydiyyatının aparılmasına imkan verir.

Kompleksin tikintisinə və avadanlığın alınmasına ayrılmış güzəştli kreditlə yanaşı, "Aqrolizinq" ASC-dən lizinq yolu ilə "Holstin-Friz" və "Aberdin Anqus" cinsindən olan inəklər alınmışdır. Alınmış inəklərin cins tərkibinin saxlanılması məqsədi ilə yalnız süni mayalanmadan istifadə olunur. Yerli iqlimə uyğunlaşdırılmış cins inəklərin sayı artırılaraq hazırda 600 başa çatdırılmışdır. Kompleksdə ən son texnologiyaların tətbiqi və məhsuldarlığı yüksək olan südlük cins inəklərin alınması gözləniləndən daha çox mənfəətin əldə olunmasına imkan yaratmışdır. Belə ki, gündəlik 25 litrədək yüksək yağlılıq göstəricilərinə malik süd verən bu inəklərin hər birindən ildə orta hesabla 7500 litr süd alınır. İstehsal olunan süd regionda fəaliyyət göstərən süd emalı zavodlarına satılır.

Heyvandarlıq kompleksinin Ağdam rayonu ərazisində yerləşməsi 24 məcburi köçkün və yerli sakinin işlə təmin olunmasına, bölgədə yaşayan insanların maddi rifahının artırılmasına şərait yaratmışdır.

İlkin mərhələdə kompleksdə yeni fermaların tikintisinin, cins heyvanların sayının 1000 başa çatdırılmasının, əlavə əkin sahələri və yeni kənd təsərrüfatı texnikaları almaqla, yem təsərrüfatının yaradılmasının, növbəti mərhələdə isə kiçik süd emalı zavodunun inşasının nəzərdə tutulduğunu bildirən Fuad Əyyubzadə dedi:

- Möhtərəm cənab Prezident!

Sizin davamlı olaraq regionlara səfərlərinizi diqqətlə izləyir və hər səfər çərçivəsində sahibkarlara verdiyiniz mənəvi dəstəkdən qürur hissi duyuruq. Əmin etmək istəyirik ki, iqtisadiyyatımızın inkişafı və xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində olan fəaliyyətinizdə həmişə Sizinlə olacağıq.

Ağdam rayonunun sahibkarları və bütün ağdamlılar adından bizə göstərdiyiniz böyük diqqət və qayğıya, verdiyiniz hərtərəfli dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk.

 

Diqqətinizə görə sağ olun.

 

*   *   *

 

Dövlət proqramının ölkənin cənub bölgəsinin hər bir rayonunda olduğu kimi, Masallıda da nəhəng infrastruktur layihələrinin icrasına geniş imkanlar açdığını diqqətə çatdıran Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil HÜSEYNOV dedi:

- Qeyri-neft sektorunun inkişafına, regionlara göstərilən qayğının nəticəsidir ki, təkcə 2012-2013-cü illərdə Masallı rayonunda həyata keçirilən və icrası gözlənilən 50-dən çox infrastruktur və sosial layihənin, tikinti, abadlıq və digər işlərin maliyyələşdirilməsinə bütün mənbələr hesabına 300 milyon manat vəsait yönəldilmişdir.

Bu, Azərbaycanın bugünkü reallığıdır. Bu, ümummilli liderimiz Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu müstəqil Azərbaycanın Sizin rəhbərliyinizlə qazandığı nəticələrin bariz nümunəsidir.

Möhtərəm cənab Prezident, rayonumuzun iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. 210 min nəfər sakini olan Masallı respublikanın əhalisinin sıx yaşayan və aztorpaqlı rayonları sırasındadır. Ailələrin 95 faizinin gəliri torpaqla bağlıdır. Sizin verdiyiniz tapşırığa əsasən, bu gün bizim ən ümdə vəzifəmiz kənd əhalisinin pay torpaqlarında məşğulluğunu və müvafiq gəlirlərini təmin etməkdir. Ötən il təsdiq etdiyiniz "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə uyğun olaraq, rayon icra hakimiyyəti torpaq mülkiyyətçilərini əkin strukturuna yenidən baxmağa, ənənəvi sahələrlə yanaşı, təbii-iqlim şəraitinə uyğun olan daha gəlirli, bazarda daha çox tələbat duyulan məhsul istehsalına istiqamətləndirməyə çalışır.

Rayon üçün ənənəvi olan çayçılığın inkişafı, kənd təsərrüfatı məhsullarının saxlanması üçün yeni anbar kompleksinin tikintisi və həyata keçirilən digər layihələr barədə Prezident İlham Əliyevə məlumat verən Rafil Hüseynov bildirdi:

- Cənab Prezident, kənd əhalisi və mütəxəssislərlə müntəzəm görüşlər keçirilir və məsləhətləşmələr aparılır. Təhlillər göstərir ki, rayonda əkinə yararlı sahələrin 82 faizi dəniz səviyyəsindən aşağıda yerləşməklə şoran və qələvi torpaqlardır. On min hektara yaxın sahə isə bilavasitə Xəzər dənizi sahilindədir və onun bir hissəsi daim subasmalara məruz qalır. Odur ki, aqrar sahənin inkişafına göstərdiyiniz diqqət, torpaq mülkiyyətçilərinə verdiyiniz böyük imtiyazlar yeni tələblərə uyğun daha çox əmək tutumlu və çox gəlir götürmək mümkün olan istixana təsərrüfatlarının təşkilinə şərait yaratmışdır. Keçən il rayona səfəriniz zamanı fəaliyyəti ilə tanış olduğunuz iki hektarlıq müasir istixana təsərrüfatı genişləndirilərək cari ildə 11 hektara çatdırılmışdır. Qış aylarında istixananın hər hektarından mövcud bazar qiymətləri ilə 500 min manat ümumi gəlir götürmək mümkündür. Hazırda bu sahənin daha da genişləndirilməsi üçün tədbirlər görülür.

Möhtərəm cənab Prezident!

Bu gün rayonumuzda əhalinin sosial əhəmiyyətli sifarişlərinə aid olan bütün problemlər artıq öz həllini tapır. Rayonun aqrar və turizm potensialından daha səmərəli istifadə etmək məqsədilə 69 mindən çox əhalinin istifadə etdiyi və yararsız vəziyyətə düşmüş Ərkivan-Boradigah-Rüdəkənar avtomobil yolu ayırdığınız vəsait hesabına qısa müddətdə yenidən qurulmuşdur.

Bu gün böyük fəxrlə bu yoldan rahatlıqla istifadə edən Masallı sakinlərinin hədsiz minnətdarlığını, cənab Prezident, Sizə çatdırıram.

Cari ildə də 31 ucqar kəndi rayon mərkəzi ilə birləşdirən yolların çəkilməsinə hazırlıq görülür.

Bununla yanaşı, rayonda əlil və şəhid ailələri üçün 76 mənzilli 3 yaşayış binası, 32 yeni orta məktəb binası istifadəyə verilmiş, 5 məktəb, 2 uşaq bağçası əsaslı təmir edilmişdir. Turizmin inkişaf etdirilməsi ilə bağlı rayonda dördulduzlu "Viləş" hoteli tikilmiş, 30-a yaxın turizm istirahət mərkəzi fəaliyyət göstərir.

Rayonun mövcud infrastrukturu hazırda müasir tələblərə uyğunlaşdırılır. Masallı şəhərinin su-kanalizasiya sistemi yenidən qurulur, tarixən içməli suyu nəqliyyatla kənardan daşımış 38 kəndin 100 min nəfərə yaxın əhalisinin tələbatının ödənilməsi üçün tapşırığınızla yeni qrup su kəmərlərinin çəkilişinə hazırlıq işləri aparılır. Şəhərdə yeni parklar, prospektlər və küçələr salınır, fəvvarələr quraşdırılır, müasir işıqlandırma şəbəkəsi yaradılır. Yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir.

Gənc nəslin dövlətçilik ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyəti olan Heydər Əliyev mərkəzinin, 5 ümumtəhsil məktəbinin, Boradigah İdman Kompleksinin, boks və taekvondo idman məktəblərinin tikintisi, rayon mədəniyyət  evinin, 2 orta məktəbin əsaslı təmir işləri bu il başa çatdırılacaqdır.

Sizin dediyiniz kimi, möhtərəm cənab Prezident, Azərbaycan çox çətin və mürəkkəb, ancaq şərəfli bir keçid dövrünü başa vuraraq özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Respublikanı tərəqqiyə və xoşbəxt gələcəyə aparan bu yeni mərhələdə biz masallılılar da Vətənimizin çiçəklənməsi yolunda qüvvə və bacarığımızı əsirgəməyəcəyik. Diqqətinizə görə minnətdaram.

 

*   *   *

 

Oğuz qarğıdalı emalı zavodunun baş direktoru Vaqif HÜSEYNOV  rəhbərlik etdiyi müəssisənin dövlətin maliyyə dəstəyi sayəsində yaradıldığını və zavodun bu rayonun iqtisadiyyatında mühüm yer tutduğunu diqqətə çatdıraraq dedi:

- Möhtərəm cənab Prezident!

Ölkəmizdə yeni texnologiyalar əsasında müasir standartlara uyğun rəqabətqabiliyyətli məhsul istehsal edən qarğıdalı emalı zavodunun yaradılması bizim əsas hədəfimiz idi. Belə bir zavod yaratmaq üçün böyük maliyyə vəsaiti tələb olunduğundan, dövlətin güzəştli kreditlərindən istifadə etmək qərarına gəldik. Ümumi dəyəri 18 milyon manat olan layihəyə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 3 milyon manat güzəştli kredit ayrılmışdır.

2008-ci  ilin  iyunundan zavodun tikintisinə başladıq və həmin il  sentyabrın 20-də Siz Oğuz rayonuna səfəriniz çərçivəsində zavodda aparılan tikinti işləri ilə tanış oldunuz və işlərin vaxtında, yüksək səviyyədə və keyfiyyətlə başa çatdırılması ilə bağlı tövsiyələr verdiniz. Sizin tərəfinizdən hərtərəfli dəstəyi hiss etdiyimizdən, işlərimizə daha da məsuliyyətlə yanaşdıq.

Layihədə əsasən İtaliyanın "Podovan", İsveçrənin "Alfa Laval", eləcə də ABŞ, Almaniya və digər inkişaf etmiş ölkələrin aparıcı şirkətlərinin avadanlığından istifadə olunmuşdur. Zavod gündəlik 80 ton qarğıdalı emal etməklə, 55 ton yüksək keyfiyyətli qida qlükozası və 20 tona qədər müxtəlif növ yem məhsulları istehsal etmək gücünə malikdir. Layihənin icrası nəticəsində 64 nəfər iş yeri ilə təmin edilmişdir.

Qafqazda ilk olan belə bir zavod 2011-ci il sentyabrın 16-da Sizin  xeyir-duanızla  fəaliyyətə başlamışdır. Hazırda zavodda  istehsal edilən qlükoza ölkədə bu məhsula olan tələbatın tamamilə ödənilməsinə, qlükoza idxalına ehtiyacın qalmamasına və  həmçinin məhsulun qonşu ölkələrə ixracına imkan yaratmışdır. Qlükozadan əsasən şirniyyat, konserv, süd məhsulları, dondurma və limonad istehsalında istifadə edilir. Eyni zamanda, istehsal prosesi zamanı yaranan digər məhsullar isə  quşçuluq və heyvandarlıqda istifadə olunan yemlərə qüvvəli əlavələr kimi satılır.

Zavodun açılışı zamanı Prezident İlham Əliyevin verdiyi  tövsiyələrə əsasən, müəssisənin istehsal gücünün artırılması ilə əlaqədar hazırlanan yeni layihə barədə də məlumat verən Vaqif Hüseynov dedi:

- Möhtərəm cənab Prezident!

Sizin sahibkarlığın inkişaf etdirilməsi və bu inkişafın sürətləndirilməsi məqsədilə apardığınız siyasət nəticəsində, sahibkarlara həm maddi, həm mənəvi baxımdan göstərdiyiniz diqqət hər bir bölgədə, rayonda, kənddə hiss olunur. Bu diqqətə görə Sizə bütün sahibkarlar və kollektivimiz adından dərin minnətdarlığımı bildirir və Sizi əmin edirik ki, ölkəmizin inkişafı üçün bundan sonra da bütün gücümüzü səfərbər edəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

 

*   *   *

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın  yeni tarixinə intibah illəri kimi düşən ötən dövrün qədimliklə müasirliyi özündə ehtiva edən Bərdə üçün də əsl yüksəliş mərhələsi olduğunu  konkret faktlarla əsaslandıran Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İSAYEV dedi:

- Möhtərəm cənab Prezident!

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının, verdiyiniz sərəncam və tapşırıqların icrası nəticəsində Bərdə rayonunun davamlı inkişafı təmin edilmiş, insanların rahat yaşaması, iqtisadi, sosial və mədəni tələbatın təmin edilməsi üçün lazımi baza yaradılmış və nəticə etibarilə Bərdə Azərbaycanın sürətlə inkişaf edən gözəl rayonlarından birinə çevrilmişdir.

Sizin keçən il oktyabr ayının 7-də Bərdəyə səfəriniz zamanı "Bərdə doğrudan da, gözəldir, gülüstana çevrilir" fikriniz hər bir bərdəlinin qürur mənbəyinə çevrilmişdir.

Möhtərəm cənab Prezident!

Sizin tapşırığınızla Bərdənin tarixini qoruyub saxlamaqla rayonda genişmiqyaslı abadlıq və quruculuq işləri aparılmış, Bərdənin siması dəyişmiş, üç min il yaşı olan qədim şəhər yeni, müasir görkəm almışdır.

Şəhərin yolları, küçələri və prospektləri milli memarlıq üslubunda yenidən qurulmuş, müasir işıqlandırma sistemi quraşdırılmış, ticarət və iaşə obyektləri, çoxmərtəbəli yaşayış və inzibati binalar əsaslı təmir olunmuş, yeni salınmış istirahət parkları, nümunəvi məhəllələr, Bayraq meydanı, Mərkəzi meydan, bulaq kompleksləri, fəvvarələr sakinlərin istifadəsinə verilmişdir.

Rayonda irihəcmli infrastruktur layihələri həyata keçirilmiş, Sizin sərəncamınıza əsasən, 24 min nəfərdən çox əhalinin yaşadığı 14 kəndi birləşdirən 22 kilometr uzunluğunda Alpoud-Nazırlı kəndlərarası yol tikərək istifadəyə verilmişdir.

Dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində rayonda iqtisadiyyatın sürətli inkişafına, yeni istehsal sahələrinin yaranmasına nail olunmuş, 2003-cü illə müqayisədə rayona qoyulmuş investisiyaların həcmi 6,4 dəfə artmışdır. Müasir texnologiyalar əsasında yeni iri müəssisələr olan ət kəsimi müəssisəsi, broyler fabriki, çörək zavodları, cins heyvandarlıq kompleksləri, taxıl terminalları, soyuducu anbarlar və gübrə bazası inşa edilərək istifadəyə verilmişdir. Burada və digər yeni müəssisələrdə doqquz minə yaxın insan daimi iş yeri əldə etmişdir.

2003-cü ildən bəri Bərdədə 18 minə yaxın yeni iş yerləri açılmışdır. Həmin dövrlə müqayisədə sahibkarlıq subyektlərinin sayı altı dəfə artaraq 6 min 700-ə çatmışdır.

Aqrar sahədə görülmüş işlər, torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, müasir texnologiyalardan istifadə edilməsi, iri ixtisaslaşmış təsərrüfatların yaradılması nəticəsində 2012-ci ildə hər hektardan 4,2 sentner çox buğda götürülmüş, heyvandarlıq və quşçuluq məhsulları istehsalı orta hesabla 3,2 faiz artmışdır. Bununla da, bu sahədə çalışan insanların rifahının yaxşılaşması üçün zəmin yaradılmışdır.

Rayonun iqtisadi inkişafının sosial sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkanlar yaratdığını da vurğulayan Vidadi İsayev dedi:

 

- Möhtərəm cənab Prezident!

Əhalinin içməli su, qaz və elektrik enerjisi ilə təminatının yaxşılaşması istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Şəhərdə 30 kilometr yeni su xətləri çəkilmiş, su anbarı əsaslı bərpa olunmuş, kənd ərazilərində yeni subartezian quyuları qazılmışdır. Rayon mərkəzi və 11 kəndin elektrik şəbəkəsi yenidən qurulmuş, hava xətləri kabelləşmiş, rayonda qazlaşdırmanın səviyyəsi 78 faizə çatdırılmışdır. 2013-cü ildə rayonun 110 kəndinin əksəriyyəti demək olar ki, qazlaşdırılıb başa çatdırılacaqdır.

Əhalini təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə narahat edən məsələlərin həlli daim diqqət mərkəzində olmuş, təkcə 2012-ci ildə yeni 6 ümumtəhsil və musiqi-incəsənət məktəbi, iki tibb məntəqəsi tikilmiş, 4 ümumtəhsil məktəbi, iki uşaq bağçası, mərkəzi xəstəxana və 16 çoxmərtəbəli yaşayış binası əsaslı təmir edilmişdir.

Möhtərəm cənab Prezident!

Sizin sərəncam və tapşırıqlarınıza əsasən, bu gün Bərdədə yeni məktəblər, gənclər mərkəzi, mədəniyyət sarayı, inzibati binalar, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası tikilir, şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur, yeni parklar salınır. XIV əsrə aid Bərdə türbəsi, VI əsrə aid Torpaqqala kompleksində bərpa işlərinə başlanılmış, şəhərin ərazisindən keçən Tərtər çayında sahilbərkitmə işləri aparılır.

Rayonumuzda dövlət proqramlarının uğurla yerinə yetirilməsi və Sizin sayənizdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində əldə edilmiş iqtisadi inkişaf əhalinin həyat səviyyəsi və güzəranının yaxşılaşmasını, adambaşına düşən məhsul istehsalının artmasını, mənzil tikintisinin sürətlənməsini, insanlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmişdir. Belə dayanıqlı inkişaf cəmiyyətimizin əsasını təşkil edən yeni ailələrin, nikahların ilbəil artmasına, boşanmaların sayının isə azalmasına səbəb olmuşdur. Təsadüfi deyil ki, son iki ildə vaxtı ilə Bakıya köçmüş 37 ailə rayona qayıtmışdır və bu tendensiya davam edir.

Möhtərəm cənab Prezident!

Bu, Azərbaycan insanının bu gününə, sabahkı rifahına, xoş gələcəyinə yönəldilmiş Sizin uğurlu iqtisadi siyasətinizin, 2003-cü ildən bəri aparılan iqtisadi islahatların və dövlət proqramlarının uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir.

Zati-aliləri!

Ulu öndər Heydər Əliyevin siyasi irsinə və Sizə daim sədaqətli olan bərdəlilər adından rayonumuza göstərdiyiniz sonsuz diqqətə görə Sizə dərin minnətdarlığımızı bildirir, qarşımıza qoyduğunuz vəzifələri, tövsiyə və tapşırıqları bundan sonra da uğurla yerinə yetirəcəyimizə Sizi əmin edirik.

Diqqətinizə görə minnətdaram.

 

*   *   *

 

Ağsu rayonundakı "Az-Granata" MMC-nin şirə və şərab emalı zavodunun icraçı direktoru Rövşən FƏRHADOV tikintisinə 2008-ci ildə başlanmış və 2011-ci ilin oktyabrında Prezident İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış müəssisənin iqtisadi göstəricilərindən və bölgə üçün əhəmiyyətindən danışaraq dedi:

- Zavodda şirə və şərab emalı sahəsində böyük təcrübələrə malik Fransa, Almaniya, İsveçrə, İtaliya, Türkiyə kimi  ölkələrin ən müasir avadanlığı quraşdırılmış və mütəxəssislərinin təcrübələrindən faydalanılmışdır. Müəssisəmiz 1 saatda 20 ton meyvə emalı, 12 ton şirə, 4 ton kompot və 3 ton şərab istehsal etmək gücündədir. Müəssisəmizdə ümumilikdə 500-dək insan işlə təmin edilmişdir və orta aylıq əməkhaqqı 350 manatdır.

İstehsalat sahəmizi genişləndirərək meyvə emalından son məhsul istehsalatına qədər bütün prosesləri əhatə etmişik. Müəssisəmiz Azərbaycanımızın bütün regionlarından meyvə qəbul edərək, yüksək keyfiyyətli məhsullar istehsal etməyə başlamış və qısa zamanda  regionda nümunəvi istehsal müəssisəsinə çevrilmişdir. Bu uğurun nəticəsi olaraq məhsullarımız keyfiyyəti ilə daxili və xarici bazarda istehlakçıların rəğbətini qazanmışdır.

Belə ki, müəssisəmiz TetraPak və şüşə qablaşdırmalarda 60-dan çox məhsul çeşidi ilə  Amerika Birləşmiş Ştatları, Almaniya, Rusiya, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Slovakiya, Avstriya, Polşa və Macarıstana hazır və yarımfabrikat məhsul ixrac etməklə doğma Azərbaycanımızın da bu sahədə rəqabət gücünü sübut etməkdədir.

Məhsullarımız  dünyanın bir çox  ölkələrində təşkil olunmuş qida və kənd təsərrüfatı sərgilərində yüksək səviyyədə ölkəmizi təmsil etmiş və sərgi iştirakçılarının böyük marağını cəlb etmişdir. Onun nəticəsidir ki, əməkdaşlıq etdiyimiz xarici firmalara hər zaman yeniləri əlavə olunur və xarici bazarlarda məhsulumuza olan tələbat artmaqda davam edir. İnanırıq ki, vaxt keçdikcə ixracatımız daha da artacaq və məhsullarımız dünya bazarında məşhur brendə çevriləcəkdir.

Möhtərəm cənab Prezident!

Şirkətimiz daha keyfiyyətli məhsullar istehsal etmək, daxili və xarici bazarda rəqabət gücünü  artırmaq, keyfiyyətli xammal əldə etmək üçün 700 hektar üzüm və nar bağları salmışdır. Hazırda bağların 1000 hektara çatdırılması üçün işlər davam edir. Bağçılıqda da dövrün tələbatına uyğun olaraq modernləşməyə üstünlük verilmişdir. Damcı suvarma sistemi ilə təmin edilmiş sahələrimizə yüksək aqrotexniki qulluq olunur.

İstehsal etdiyimiz nar şirəsi zəngin tarixi olan meyvəmizin dünya bazarında yeni pillələrə yüksəlməsinə təkan vermişdir. Azərbaycan narı məşhurluğunu bir daha isbatlamış və yüksək səviyyəli brendə çevrilmişdir. Hazır məhsul növlərini  artıraraq, daxili və xarici müştərilərimizin rəğbətini qazanmaq və qeyri-neft sektoru olan qida və kənd təsərrüfatı sahəsində də ölkəmizin güclü potensiala sahib olduğunu dünyaya çatdırmağa hər zaman çalışırıq.

Möhtərəm cənab Prezident!

Özəl sektorun və sahibkarlığın inkişafı üçün yaratdığınız bütün imkanlara görə Sizə bütün sahibkarlar və kollektivimiz adından minnətdarlığımızı bildirir və əmin edirik ki, respublikamızın daha da inkişafı və tərəqqisi üçün bundan sonra da əzmlə çalışacaq, Sizin sahibkarlara olan diqqətinizi hər zaman doğruldacağıq.

Diqqətinizə görə təşəkkür edirəm.

 

*   *   *

 

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm QULİYEV regionların sosial-iqtisadi inkişafı dövlət proqramının ölkənin bütün bölgələri kimi, Ağstafanın inkişafında yaratdığı əsaslı dönüşdən danışaraq dedi:

 

- Möhtərəm cənab Prezident!

2012-ci ilin aprel ayında rayonumuza səfəriniz zamanı Heydər Əliyev parkının, ulu öndərin möhtəşəm abidə kompleksinin, bayraq meydanının, gənclər mərkəzinin, Səməd Vurğun adına Parkın, "Kitab" abidə kompleksinin, yazıçılar evinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasının açılışında iştirak etdiniz. Sizin bu tədbirlərdə iştirakınız ağstafalıların yaxşı yadındadır.

Rayonumuza səfəriniz zamanı yazıçılar evində bölgə ziyalıları ilə görüşünüz bu gün də bütün toplantılarımızda böyük rəğbət və məhəbbət hissi ilə xatırlanır. Bölgənin ziyalıları, yazıçı və şairləri ilə görüşünüz zamanı gənc nəslin milli ruhda tərbiyə olunması, Azərbaycan tarixinin öyrənilməsi, dilimizin saflığının qorunması barədə tövsiyələr verərək bildirdiniz ki, xüsusilə, mətbuata çıxışı olan insanlar daha diqqətli olmalı, ziyalılar öz sözünü deməlidirlər. Əminliklə deyə bilərəm ki, sərəncamınızla Qazax rayonunda inşa olunan ədəbiyyat muzeyi bu tövsiyələrin icra olunmasında ziyalılarımızın imkanlarını qat-qat artıracaqdır.

Möhtərəm cənab Prezident!

Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncamınız Ağstafa şəhərində aparılan abadlıq-quruculuq işlərini daha da genişləndirmişdir. Şəhərin Heydər Əliyev prospekti də daxil olmaqla dörd küçə əsaslı şəkildə yenidən qurulmuş, küçə və meydanlarda müasir işıqlandırma sistemi quraşdırılmış, 63 min kvadratmetr asfalt örtüyü döşənmiş, 25 min kvadratmetrdən çox səki daşları düzülmüş, park və küçələrə 21 min kvadratmetr mərmər və üzlük plitə döşənmişdir. 462 fərdi və 24 çoxmənzilli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 89 mənzilli iki yaşayış binası tikilərək istifadəyə verilmişdir.

Möhtərəm cənab Prezident!

Sizin diqqət və qayğınız nəticəsində Ağstafa rayonunda geniş abadlıq işləri bu gün də davam etdirilir. Hazırda Ağstafa şəhərində içməli su və kanalizasiya sistemi yenidən qurulur.

Sizin tapşırığınızla Ağstafa şəhərində qəzalı və kommunal şəraiti olmayan binalarda yaşayan sakinlər üçün 129 mənzildən ibarət yeni yaşayış kompleksi inşa olunur.

 

Sərəncamınızla tikintisinə vəsait ayrılan ümumi uzunluğu 7,5 kilometr olan, 5 yaşayış məntəqəsini birləşdirən Poylu-Xətai-Aşağı Göyçəli avtomobil yolunun inşası yüksək keyfiyyətlə başa çatdırılmış, rayon mərkəzini Gürcüstan dövlət sərhədi ilə birləşdirən, 14 yaşayış məntəqəsi və 20 min əhalinin istifadə etdiyi uzunluğu 54 kilometr olan strateji əhəmiyyətli Ağstafa-Poylu-Böyük Kəsik avtomobil yolunun tikintisi davam edir.

Hazırda Ağstafa şəhərində tarixi və müasir abidələr parkının - Azərbaycan parkının inşasına başlanılmışdır. Azərbaycanın keçmişini və bu gününü özündə əks etdirən bu park Azərbaycanın tarixini və milli memarlıq ənənələrini daha yaxından tanıtmağa imkan verəcəkdir.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin rayonda aqrar sahədə mühüm nailiyyətlərin əldə olunmasına imkan verdiyini vurğulayan Məhərrəm Quliyev dedi:

 

- Möhtərəm cənab Prezident!

 

Dövlət proqramına uyğun olaraq aqrar sahənin inkişafına diqqət və qayğı, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi rayonda bir sıra mühüm nailiyyətlərin əldə olunmasına imkan vermişdir.

Sizin xeyir-duanızla rayonda Azərbaycan İnvestisiya Şirkətinin Almaniya şirkətləri ilə birgə vəsaitləri hesabına yaradılmış "Ağstafa Aqroservis" müəssisəsinin fəaliyyətə başlaması Ağstafada və qonşu rayonlarda aqrar sektorun inkişafına ciddi təkan vermişdir.

Bu müəssisə rayonda aqrotexniki xidmətlərin müasir standartlara uyğun qurulmasına, məhsuldarlığın artırılmasına və torpaq ehtiyatlarından daha da səmərəli istifadə edilməsinə imkan yaratmışdır. Bu layihənin davamı olaraq "Ağstafasüd" kompleksinin tikintisi uğurla həyata keçirilir. 6500 hektar ərazini əhatə edəcək "Ağstafasüd" kompleksində yem və heyvandarlıq təsərrüfatı, süd emalı zavodu fəaliyyət göstərməklə, 6600 baş iribuynuzlu mal-qara saxlanılacaqdır. Bu layihənin tərkib hissəsi kimi, Ağstafa rayonunda 30 min tonluq taxıl anbarı, saatda 30 ton istehsal gücünə malik un istehsalı müəssisəsi, çörək və qənnadı məmulatları zavodlarının tikintisinə də yaxın günlərdə başlanılacaqdır. Ümumilikdə bu müəssisələrin fəaliyyətə başlaması rayonumuzda əlavə 300-ə yaxın yeni iş yerinin açılmasına şərait yaradacaqdır.

 

Möhtərəm cənab Prezident!

Sizi əmin etmək istəyirəm ki, biz ağstafalılar həmişə olduğu kimi, bundan sonra da həyata keçirdiyiniz möhtəşəm quruculuq işlərində daha da fəal iştirak edəcək, böyük diqqət və qayğınıza əməli işimizlə cavab verəcək, müstəqil Azərbaycanımızın inkişafı naminə üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəyik.

 

Diqqətinizə görə çox sağ olun. 

 

 

Azərbaycan.-2013.- 13 fevral.- S.1-3.